Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:57

Mübariz Qurbanlı: «Səfir təyinatının yubadılması ABŞ-ın maraqlarına ziddir»


YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı
«ABŞ və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Hər iki dövlət arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur. Lakin bəzi dairələr Birləşmiş Ştatların bölgədəki siyasəti xüsusilə, Azərbaycanla bağlı siyasəti ilə əlaqədar Senatda müəyyən addımlar atırlar». Bu fikirləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, ABŞ-da erməni lobbisi Amerikanın Azərbaycan siyasətinə təsir göstərmək istəyir:

«ABŞ-ın Azərbaycanda səfirliyi var. Səfirin təyin olunması isə həmin ölkənin daxili işidir. Azərbaycan da müstəqil dövlət kimi bu ölkə ilə səfirlik vasitəsilə əməkdaşlıq edir. Belə hallar mövcuddur ki, ABŞ başqa ölkələrə də səfir təyinatını gecikdirib. Burada senatorların təsir altında olması, siyasi maraqlarla çıxış etmələri də rol oynayır. Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının ləngidilməsində də erməni lobbisinin rolu var. Həmçinin, bu məsələni yubatmaqla ermənilər hansısa niyyətlərinə nail olmağa çalışırlar. Amma bir məsələni yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan bölgədə lider ölkədir. Bu gün bölgədə müxtəlif layihələrin həyata keçirilməsi Azərbaycansız mümkün deyil. Azərbaycanın strateji əhəmiyyəti, Ermənistandan, o cümlədən digər region dövlətlərindən qat-qat üstündür. Ona görə də, ölkəmizə ABŞ-ın səfirinin təyinatının yubadılması Amerikanın maraqlarına zidd ola bilər, amma bu amil Azərbaycanın maraqlarına hansısa formada təsir göstərmir. Çünki Azərbaycan ABŞ üçün nə dərəcədə əhəmiyyət kəsb edirsə, Amerika da o qədər ölkəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycan ABŞ-la diplomatik əlaqələrini səfir olmadan da həyata keçirir. Yəni bu əlaqələr ölkəmizin ABŞ-dakı səfirliyi vasitəsilə, eləcə də bu dövlətin Bakıdakı səfirliyi vasitəsilə həyata keçirilir. Yenə də deyirəm ki, səfir təyinatının yubadılması ABŞ-ın maraqlarına ziddir. Senatda bəzi şəxslər erməni lobbisinin təsirinə düşərək ABŞ-ın səfirinin təyinatını yubadırsa, deməli onların daxili problemidir. Onlar öz dövlətlərinin maraqlarına toxunan hərəkətə yol veriblər».

YAP İcra katibinin müavini qeyd edib ki, keçmiş prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ABŞ-la Azərbaycan arasında münasibətlər inkişaf etməyə başlayıb:

«Hazırda isə Prezident İlham Əliyevin çevik və praqmatik xarici siyasət xətti erməni lobbisinin Azərbaycana yönəlik fəaliyyətinin qarşısının alınmasına müsbət təsir göstərir. Buna sübut kimi göstərmək olar ki, ötən illərdə ABŞ Konqresi separatçı Dağlıq Qarabağ rejiminə birbaşa yardım ayırırdısa bu il bundan imtina olunub. Çünki Azərbaycanın Konqresdəki dostlarının sayı artıb».
XS
SM
MD
LG