Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:07

Prezidentin qızı banka necə sahib oldu?


Arzu və Leyla Əliyevalar

Bakıya təyyarə ilə gələnləri hava limanındakı posterlərdə “SW” şirkətinin reklamları qarşılayır. İlk baxışda bu adi reklamdır, məsələnin dərinliyinə gedəndə isə məlum olur ki, bu reklamın altında çoxlu qaranlıq məsələlər, dövlət əmlakının məmurlar tərəfindən qanunsuz mənimsənilməsi barədə şübhələrə yol açan məqamlar var.

“Silkway Holding”in tərkibini nəzərdən keçirəndə ilk növbədə holdinqə daxil olan “Silkwaybank”ın təsisçiləri diqqətimizi cəlb etdi.

YENİ TƏSİSÇİ: PREZİDENTİN QIZI

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiya prospektində Silkwaybank”ın 3 təsisçi tərəfindən yaradıldığı göstərilir.

Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkətidir.

Bankın digər 2 sahibinin adları isə belədir: Əliyeva Arzu İlham qızıHəmzəyeva Zərifə Kamil qızı.

Bunlar prezident İlham Əliyevin qızı və AZAL-ın rəhbəri Cahangir Əsgərovun həyat yoldaşı olmaya?

Bu və digər suallara cavab tapmaq üçün iyulun 5-də AZAL dövlət konserninə, iyulun 22-də isə Prezident Aparatına məktublar göndərib, paralel araşdırmaya başladıq.

Zərifə Həmzəyeva


Arzu Əliyeva və Zərifə Həmzəyevanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin emissiya prospektində göstərilən ünvanlarını Mərkəzi Seçki komissiyasının seçicilər siyahısı ilə tutuşdurduq.

Məlum oldu ki, birinci ilə eyni ünvanda Əliyeva Leyla İlham qızı (prezidentin seçici yaşında olan digər qızının adı), ikinci təsisçinin ünvanında isə Əsgərov Cahangir Cəlal oğlu (AZAL prezidenti) qeydə alınıb.

Üst-üstə düşən təkcə adlar yox, həm də doğum illəridir.

Əlbəttə rəsmi dairələrin və ya adı hallanan şəxslərin münasibəti olmadan iddia etmək ki, söhbət məhz AZAL rəhbərinin həyat yoldaşı və prezidentin qızından gedir, düzgün olmazdı. Amma bu qədər təsadüfün belə bir dar çərçivədə cəmlənməsinin hətta ehtimal nəzəriyyəsində izahı yoxdur.

Arzu Əliyeva və Zərifə Həmzəyevanın ünvanlarını Mərkəzi Seçki komissiyasının seçicilər siyahısı ilə tutuşdurduq

Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov nəhayət ki, yazılı sorğumuza şifahi cavab verməyə razılaşdı, amma səsinin yazılmasına icazə vermədi. Azər Qasımov bildirdi ki, Silkway Bank emissiyası barədə adı keçən Arzu Əliyeva həqiqətən də prezident İlham Əliyevin qızıdır:

"Prezidentin qızı Azərbaycan vətəndaşıdır, yaşı imkan verir ki, o da digər Azərbaycan vətəndaşları kimi bizneslə məşğul olsun".

Azərbaycan qanunları həqiqətən də Arzu Əliyeva və Zərifə Həmzəyevaya biznes qurmaq, o cümlədən, özəl bank təsis etməyi qadağan etmir. Amma əgər həmin biznesin əldə olunmasında qeyri-qanuni yollardan istifadə edilməyibsə.

Gəlin AZAL ilə “Silkway” Holdinqin münasibətlərinə nəzər salaq.

DÖVLƏT BANKINI KİM NECƏ ƏLƏ KEÇİRDİ?

“Silkway Holding”ın internet saytında deyilir ki, holdinqə daxil olan “Silkwaybank” “Azalbank”ın hüquqi varisidir. 25 yanvar 2008 ildən «AZAL» Səhmdar Kommersiya bankının adı «Bank Silk Way» ASC kimi dəyişdirilib. Bankın strukturu da dəyişdirilib.

Di gəl ki, bu prosesin necə baş verməsi haqda heç bir məlumat yoxdur.

“Turan” xəbər agentliyinin maliyyə eksperti Anar Xanbəyli deyir ki, İkinci Özəlləşdirmə Proqramına əsasən, bu cür özəlləşdirmə ilə bağlı elan verilməli, müddət və şərtlər göstərilməli, burada iştirak üçün bütün investorlar dəvət olunmalı idi.

Lakin Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov AzadlıqRadiosuna deyir ki, bu bankın özəlləşdirilməsi ilə bağlı Komitədə heç bir məlumat yoxdur.

"Silkway Holding"ın internet saytı

Ekspert Anar Xanbəyli bu halı “korrupsiya” kimi qiymətləndirir:

“Birdən birə bankın adını dəyişirlər və məlum olur ki, bu artıq “Azalbank” deyil, “Silkwaybank”dır. Burada korrupsiya halı baş verib, dövlət dura –dura bankı ələ keçiriblər. Bu özəlləşdirmədən dövlət büdcəsinə pul ödəyiblər, ya ödəməyiblər - məlum deyil. Adətən hökumət belə özəlləşdirmənin nəticəsi haqda da məlumat yayır, amma biz nəticə barədə də məlumata rast gəlməmişik”.

Ekspertlər deyir ki, bankın özəlləşdirilməsi tenderlə olsaydı, onu nominal dəyərindən baha qiymətə də sata bilərdilər.

"Azalbank"ın nizamnamə kapitalı son emissiyaya qədər 22 milyon 200 min manat idi. Səhmlərin bölgüsü isə belə idi:
Silkway Holdinq - 41.83 faiz,
Zərifə Həmzəyeva - 29,08 faiz
Arzu Əliyeva - 29,08 faiz

İyulun sonunda növbəti, 10 milyon manatlıq emissiya paketinin çıxarılması ilə nizamnamə kapitalı artaraq 32 milyon manatdan artıq olub. Yeni emissiya Turan agentliyinin məlumatına görə, Arzu Əliyeva və Zərifə Həmzəyevaya hər biri 4,5 milyon dəyərində səhm əldə etməklə, əllərindəki səhmlərin həcmini hər biri 11,5 milyon manat dəyərində 35,6 faizlik paya çatdırmaq imkanı verir. Bu, həm də biznes ledilərə bloklaşdırıcı (veto hüququna sahib) səhmdar statusu verir.


AZAL TƏDRİCƏN “YOXA ÇIXIR”

“Silkway Holding”ə daxil olan “AZAL SIĞORTA” da əvvəllər AZAL-a məxsus olub. İndi əsas payçı "Silkway Holding"dir.

"AZALSığorta"nın təsisçiləri arasında da Əsgərovlar ailəsinin üzvləri var.

Səhm.az portalındakı məlumata əsasən AZAL prezidenti Cahangir Əsgərovun qızları Cəmilə və Məlahətin hər birinin AZALSığorta ASC-də 10,58 faizlik payı var. Silkway eyni şirkətin 66,68 %-nə sahibdir. Cahangir Əsgərovun rəhbərlik etdiyi dövlətə məxsus Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti isə 12,16 faizə sahibdir.


Bu sığorta şirkətinin "Silkway Holding"in tərkibinə necə keçməsi barədə də məlumat verilmir. “Turan” agentliyinin özəlləşdirmə üzrə eksperti Hafiz Babalı bildirir ki, o, mütəmadi tenderlər haqda məlumatları izləyir, amma “AzalSığorta”nın özəlləşdirilməyə çıxarılması haqda məlumata rast gəlməyib.

Holdinqə daxil olan “Turan air” aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin təsisçiləri «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İTİ Trading İnternational» amerikan şirkəti olib. 1997-ci ilin yanvar ayında «AZAL» DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət “Turan Air” Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.

AZAL-ın “Silkway Holding”ə güzəştləri yalnız bunlardan ibarət deyil.

Dövlət şirkətinin bir çox xidmətlərini də bu holdinqə daxil olan şirkətlər reallaşdırır.

Şirkətin reallaşdırdığı ən böyük sifarişlər ölkə ərazisindəki hava limanlarının tikintisidir.

150 MİLYON DOLLARLIQ SİFARİŞ

“ ...Biz aeroportun tikintisinə hazırlaşanda qərara gəldik ki, Gəncədə geniş müşavirə keçirək. Çünki Gəncə ictimaiyyətinin bu işlərdə iştirakını çox vacib sayırdıq. Ötən ilin may ayında burada keçirilmiş geniş iclasda aeroportun tikintisi məsələləri həll olundu və eyni zamanda, aeroportun xarici görünüşü haqqında geniş fikir mübadiləsi aparıldı. Mən məsələni belə qoymuşdum ki, Gəncəyə xas olan üslubda aeroport tikilsin və ictimaiyyətin nümayəndələri də bu fikirlə razılaşmışdılar. Beləliklə, bu aeroportun yaradılması bizim hamımızın zəhmətidir, hamımızın xidmətidir. Bu gözəl aeroport uzun illər - onilliklər ərzində Gəncə şəhərinə və gəncəlilərə xidmət edəcəkdir”.

Şirkətin reallaşdırdığı ən böyük sifarişlər ölkə ərazisindəki hava limanlarının tikintisidir

Bu sözləri prezident İlham Əliyev Gəncədə yeni hava limanının açılış mərasimində söyləyib. Prezident aeroporta xərclənən büdcə vəsaitinin neçə ilə doğrulacağını deməyib. Bunun nə vaxtsa baş verəcəyi və Gəncədə, Lənkəranda, Zaqatalada tikilən aeroportların nə vaxtsa sərnişinlərlə dolu olacağı və büdcəyə gəlir gətirəcəyi barədə iqtisadçılar da bir söz deməyiblər. Amma 150 milyon büdcə dollarına başa gələn bu üç aeroport "SilkWay Holding" şirkətinin bir hissəsi olan "Silkway Construction" şirkətinin uğur portfelinə əlavə edilib.

Şirkətin bu sifarişləri podratçı, yaxud sub-podratçı qismində icra etdiyi aydın olmasa da, Silkway Construction şirkətinin internet səhifəsində bu üç aeroport, eləcə də Binə hava limanındakı Aeroport hotel mehmanxanası uğurlu layihələr kimi sərgilənir. Amma başqa layihələr barədə məlumatın olmaması belə təəssürat yaradır ki, Silkway Construction məhz AZAL-la çalışmaq üçün yaradılıb.

Xatırladaq ki, Lənkəran aeroportunun tikintisinə 51,5 milyon manat, Gəncə aeroportuna 39.5 milyon manat, Zaqatala aeoportuna isə 27,1 milyon manat büdcə vəsaiti xərclənib.

MARAQLIDIR

Hava limanları ilə bağlı kontraktları Silkway tenderdə udub, ya qeyri-şəffaf şəkildə əldə edib, bu məlum deyil. Çünki KİV-də və internetdə nə tenderin elanı, nə də kimin qalib gəldiyi barədə məlumat var. Amma bütün bilinməzlərə baxmayaraq, bu layihə Gəncə aeroportunun uçuşların təhlükəsizliyi üzrə müfəttişi Bayram Qədirovu şeir deməyə ilhamlandırıb. Bu şeir Azərbaycan qəzetində nəşr olunmuşdu.

Gəncədə beynəlxalq hava limanı,
Sevindirdi xalqı, eli-obanı,
Otuz bir oktyabr, andiçmə anı,
Sözünün üstündə durdu Prezident,
Üç ilə nələri qurdu Prezident!


CAHANGİR ƏSGƏROVUN QOHUMLARI

"Silkway Technics" şirkəti texniki yardım göstərir

"Silkway Construction"da "SilkwayBank" kimi "Silkway Holding"ə daxildir.

Mətbuatda Silkwayholdinqin sahibinin Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevanın yaxın qohumları olduğu barədə məlumatlar dəfələrlə dərc olunub və təkzib olunmayıb. Vergilər Nazirliyi bu barədə məlumat vermir.

AZAL-ın uçuşları vaxtı təyyarələrdə qida xidmətlərini "Sky Catering" şirkəti (Silkway Holdinqə daxildir) həyata keçirir.

AZAL-ın ərazisində taksi xidmətini Silkway Holdinqə daxil olan “Airport Gate” şirkətinə tapşırıblar.

AZAL-a məxsus «АТR-42-500»«АТR-72-500» tipli təyyarələrinə, həmçinin “AZALHELIKOPTER” Aviasiya Şirkətinin Hava Gəmilərinə Holdinqə daxil olan “Silkway Technics” şirkəti texniki yardım göstərir.

AZAL-ın internet səhifəsinin sol sütununda əlaqə telefonu yazılıb. Buradakı nömrəni yığanda xəttin o biri başında sizi xoş bir qadın səsi Silkway Travel şirkətində salamlayır. AZAL-ın satış agenti holdinqin üzvü “SW Travel" şirkətidir. AZAL-a da zəng etmək istəsəniz, Silkway Travelə düşəcəksiniz.

Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazində fəaliyyət göstərən altı mağaza Silkway Holdinqə daxil olan “DUTY FREE.AZ” şirkətinə məxsusdur.

Bütün bu xidmətlərin Holdinqə necə verilməsi sualı isə açıq qalır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini, iqtisadçı Rövşən Ağayev istisna etmir ki, AZAL-ın rentabelli xidmətlərinin məhz bu holdinqə verilməsində korrupsiya izi var. İqtisadçı bildirir ki, birincisi bu xidmətlərin bir çoxu AZAL-ın və deməli, dövlətin infrastrukturunda həyata keçirilir,

Rövşən Ağayev

halbuki, AZAL özü bu xidmətləri reallaşdıra bilərdi, ikincisi isə həmin rentabelli xidmətlərin niyə məhz "Silkway Holding"ə verilməsi də şübhəlidir:

“Bu, Azərbaycanda birinci hal deyil. Dövlətə məxsus müəssisələrin başında duranlar özlərinə yaxın özəl şirkətlər yaradıb, rentabelli xidmətləri bu şirkətlərə verirlər və gəlirlər dövlət büdcəsinə yox, öz büdcələrinə daxil olur”.

Prezidentin sözçüsü Azər Qasımov deyir ki, özəlləşdirənlərdən biri prezidentin qızı olsa da, bankın özəlləşdirilməsi proseduru ilə bağlı suallar prezident administrasiyasına deyil, tenderi keçirməli olan təşkilata ünvanlanmalıdır.

AZAL Dövlət Konsernindən yazılı sorğumuza cavab gəlməyib. "SilkwayBank"ın digər təsisçisinin AZAL prezidentinin həyat yoldaşı olub-olmaması, dövlət əmlakının tendersiz özəl əllərə verilməsi barədə və digər suallarımızı AZAL-ın sözçüsü Məhərrəm Səfərliyə ünvanladıq. O, bu barədə heç bir məlumata malik olmadığını dedi. Məsləhət gördü ki, "AZALbank"la bağlı bütün sualları "Silkway Holding"ə ünvanlayaq.

“SİLKWAY HOLDiNG” DEYIR KI,

Holdinqin internet saytında göstərilən telefon nömrələrinə zəng vurduq, bizə dedilər ki, bütün suallara AZAL-ın mətbuat xidməti cavab verməlidir.

Halbuki, "Silkway Holding" tamamilə özəl şirkətdir və AZAL-la bu mənada bağlılığı yoxdur, əlbəttə ehtimal olunan qohumluq əlaqələrindən başqa.

AZAL-ın sözçüsü Məhərrəm Səfərli də deyir ki, holdinq müstəqil təşkilatdır, özünə aid sualları özü cavablandırmalıdır.

BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm - qohumbazlıq korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur.

Azərbaycan qanunlarına görə, xüsusi ağırlaşdırıcı hallarda vəzifədən sui-istifadə hallarına görə 8 hətta 12 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur.

AZAL-la bağlı strukturların tendersiz özəlləşdirilməsi və yüksək vəzifəli məmurların yaxın qohumlarının əlinə keçməsi zamanı vəzifədən sui-istifadə halı məhkəmədə sübuta yetirilərsə, AZAL rəhbərliyini də belə bir cəza gözləyə bilər.

AzadlıqRAdiosu bundan öncə Nəqliyyat nazirinin oğlu Anar Məmmədovun başçılıq etdiyi ZQAN holdinqin atasının başçılıq etdiyi strukturun kontraktlarını qazanması barədə reportaj yaymışdı. Amma hüquq-mühafizə orqanları bu məsələyə reaksiya verməyiblər.

PUL HARDANDIR?

İzahı olmayan daha bir məqam dövlət qulluğunda olan İlham Əliyevin və Cahangir Əsgərovun ailə üzvlərinin nizamnamə kapitalı 32 milyon manatdan artıq olan bankın, milyonlarla manat gəlir gətirən sığorta şirkətinin sahiblərinə çevrilmək üçün ilkin kapitalı haradan almasıdır.

Cahangir Əsgərov da, İlham Əliyev də məmurdurlar, yəni rəsmən ancaq maaşa dolanmalıdırlar.

Hətta dövlət başçısının və AZAL prezidentinin ailə üzvləri üçün güzəştli olan səhmləri almağa da milyonlarla vəsait tələb olunurdu.

Cahangir Əsgərov da, İlham Əliyev də məmurdurlar, yəni rəsmən ancaq maaşa dolanmalıdırlar. Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva həm də kosmetik mallar istehsalçısı “Qazelli”nin sahibidir, yəni bizneslə məşğul olur. Lakin iqtisadçılar bu şirkətin gəlirlərinin də böyük biznesdə səhm paketlərinə sahib olmaq üçün yetərli olmadığını deyir. Prezidentin qızı Arzu Əliyevanın isə ilkin kapitalı haradan əldə etdiyi tamamilə qaranlıqdır. Prezident İlham Əliyev 2008-ci ildə seçkilərə qatılarkən ailəsinin böyük maliyyə imkanlarının olduğunu bəyan etməyib.

Xatırladaq ki, Dövlət başçısının ailəsinin mülkiyyəti ilə bağlı Vaşinqton Post qəzetinin qaldırdığı suallar da cavabsız qalıb.Qəzet prezident İlham Əliyevin övladlarının Dubayda ümumi dəyəri 75 milyon dollar olan mülklərə sahib olduğunu yazmışdı.

Bir daha qeyd edirik ki, AZAL-da da AzadlıqRadiosunun yazılı sorğusuna cavab verməyiblər. Mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə suallarımızı şifahi dinləyib onların istintaq suallarına bənzədiyini deyib, sonra əlavə edib ki, avqustun 9-da məzuniyyətdən qayıdandan sonra onların cavablandırılmasına çalışacaq. Bundan sonra da AZAL sözçüsü "AZALbank"ın "Silkwaybank"a necə çevrilməsi, Cahangir Əsgərovun həyat yoldaşının təsisçi olması ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

AZAL, "Silkway Holding" və Prezident Administrasiyasının mövzu ilə bağlı şərhlərini məmnuniyyətlə dərc etməyə hazırıq.

Həmçinin oxu
Dubayda 3 Əliyevin 75 milyonluq mülkü
Nazir Ziya Məmmədov, oğlu Anar Məmmədov və ZQAN Holdinq
K.Heydərovun oğulları böyük biznesdə

XS
SM
MD
LG