Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Partiya namizədləri necə müəyyənləşir?


Siyavuş Novruzov
Hakim YAP noyabrda keçiriləcək parlament seçkiləri üçün namizədlərinin siyahısını hazırlayıb. Namizədlərin adları seçkilərə rəsmi start veriləndən sonra açıqlanacaq.

Bunu YAP icra katibinin köməkçisi Siyavuş Novruzov «Trend» informasiya agentliyinə deyib. Siyavuş Novruzov deyir ki, YAP-ın 500 mindən çox üzvü var, hamısı da ləyaqətli insanlardır, ancaq onlardan yalnız 125 nəfəri deputat seçiləcək:

«Buna görə də YAP təmsilçilərinin namizədlikləri diqqətlə təhlil olunub».

Bəs YAP və digər partiyalar seçkiyə namizədlərini necə müəyyənləşdirirlər?

ƏKSƏR YAP-ÇILAR YERLƏRİNDƏ QALA BİLƏRLƏR

YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyir ki, hansısa dairədən namizədliyi verilən partiya üzvü ilə fərqi qaydada məsləhətləşmələr aparılır. Kim hansı dairədə seçkiyə getmək istəyir, hansı dairədə elektoratı güclüdür - siyahı bu faktorlara əsasən
Musa Quliyev
müəyyənləşir:

«Mən düşünürəm ki, YAP-çı deputatların əksəriyyəti öz dairələrində qalacaqlar. Ola bilsin bəzi dairələrdə dəyişiklik olsun. Amma əksəriyyəti qalacaq, çünki hamısı normal fəaliyyət göstərib».

SON QƏRARI AXCP ALİ MƏCLİSİ VERİR

AXCP funksioneri Nurəddin Məmmədli isə deyir ki, ilkin olaraq ya partiyanın hər hansı üzvü namizədliyini irəli sürür, ya da partiya kiminsə namizədliyini verir. Namizədin partiyadakı xidməti, ictimai nüfuzu nəzərə alınır. Daha sonra onun imkanlarına, işlədiyi yerə, böyüdüyü rayona baxılır. Bir neçə namizəd olanda partiyadaxili müzakirələr gedir, kompromislər müəyyənləşir, daha sonra partiya siyahısı təqdim olunur. Nurəddin Məmmədlinin dediyinə görə, partiyada tam rəqabət şəraiti yaranır:

«AXCP-də bu cür problemlərin həlli üçün tam səlahiyyət Ali Məclisə verilib. Ali Məclis gizli səsvermə yolu ilə tərəflərdən hansına
Nurəddin Məmmədli
üstünlük verdiyini müəyyənləşdirə bilər. Bu, ideal demokratik bir mexanizmdir. Başqa variant zorakılıq, yersiz ittiham və iddialarla zəngin ola bilər».

Nurəddin Məmmədli deyir ki, söhbət bloklardan gedirsə, tərəflər kompromislə daha imkanlı, daha nüfuzlu namizədlərə üstünlük verirlər.

Hələlik Müsavat Partiyası AXCP-yə 35 dairədə, AXCP isə Müsavata 35 dairədə güzəştə gedib, yəni həmin dairələrdə qarşı tərəfin daha nüfuzlu namizədinin olmasını nəzərə alıb, geri çəkilib. Qalan dairələr müzakirə olunur.

ƏN GÜCLÜ NAMİZƏDİ SEÇİRİK

Müsavat Partiyasının Divan üzvü Gülağa Aslan isə deyir ki, ilin əvvəlindən partiya rayon təşkilatlarının mövqeyini öyrənir, namizədləri qeydə alır.
Gülağa Aslan
Bəzən bir dairədən bir neçə namizəd olub, partiya onları bir-birilə görüşdürüb, imkanlarının müzakirəsinə şərait yaradıb. Sonda rayon təşkilatının hansı namizədi dəstəkləməsini nəzərə alıblar. Gülağa Aslan deyir ki, yekun siyahı üzrə iş davam edir:

«Çalışırıq hər bir dairədə ən güclü namizədi müəyyənləşdirək. Bütün dairələr üzrə bu mümkün olmayacaq. Ancaq 70-dən artıq dairədə bu iş yekunlaşıb. Qalanları ayın axırına qurtaracaq».

MAJORİTAR SİSTEMİN PROBLEMLƏRİ

Seçki məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə demokratik ölkələrin təcrübəsini misal gətirərək deyir ki, əslində partiyalar daxilində mini seçkilər keçirilməlidir. Məsələn, Azərbaycan təcrübəsində ideal variant budur ki, rayon təşkilatları namizədləri müəyyənləşdirib yuxarı instansiyaya yollayırlar.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli namizədlərlə fərdi qaydada müzakirələr aparılmasını majoritar sistemin problemi kimi izah edir:

«Partiyanın dəstək verdiyindən çox, cəmiyyətin o zonada daha çox etibarı, imkanı olan adamın namizədliyi üzərində durula bilər. Bu partiyanın planları ilə üst-üstə düşməyə bilər. Ancaq effektiv mübarizə aparıb rəqiblərini uda bilər».

Hazırda Azərbaycanda parlamentə seçkilər majoritar sistemlə keçirilir, hər dairədən bir nəfərə səs verilir. Proporsional sistemdə isə dairələr üzrə partiyalara səs verilir, partiya siyahılarında ilk yerləri tutanlar (partiyanın müəyyənləşdirdiyi sayda) parlamentə keçir.
XS
SM
MD
LG