Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:39

Aqşinin “Göləqarğısancan” romanı "Oxu zalı"nın müzakirəsində


(romandan parça)

...Leş Əli görkəmindən hədə-qorxu, zəhrimar tökülən çatmaqaş darbalağın altından keçib qapını döydü.

Səsə sir-sifətindən əsəb xəstəliyi yağan, ayaq üstə qırxı çıxmış arıq, uzun bir qadın çıxdı.

Əlləri yaş və unlu idi. Deyəsən xəmir yoğururmuş. Çox çənə-boğaz etmədi, unlu əlləri ilə kirayə verilən otağı gələn adama göstərib dedi:

- Ərim oğraşın, alkaşın biridir. Gecədən gecəyə evdə olur, çalış ona baş qoşmayasan. Xoşun gəlməsə, qapı üzünə açıqdır.

Aqşin Yeniseyin bu romanı onun bir müddət qabaq çapdan çıxan “Cənnətdə terror aksiyası” kitabında yer alıb. “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasında çap etdiyi bu romanı da Azadlıq Radiosunun “Oxu zalı”nda ədəbiyyatşünasların iştirakı ilə müzakirəyə çıxarmaq qərarına gəldik. (İlk müzakirəni Elxan Qaraqanın “A” romanı ilə bağlı keçirmişdik). Romandan bir parça müəllifin və naşirin icazəsi ilə çap edilir.
Leş Əlinin qalacağı otaq, hətta otaqdakı tozlu qab-qacaqlar da ağzına kimi küləklə doluydu.

Otağın az qala belində saxladığı tavanına baxanda, o bayaq ilk dəfə yaxından gördüyü uca binaları xatırlayıb “gör insanlar necə dərinliklərdə yaşayır, - düşündü. - əlim ələ çatana kimi bu otaqda yaşamaq olar”.

Əsəbi sahibə o biri otaqdan ona yemək bişirmək üçün tava, boşqab və bir qaşıq gətirdi, tapşırdı ki, özünə istikan alsın, evdə azdı, “yetimçələr sındırıb”, özlərinə güclə çatır.

Sonra ona həyətdəki qaz peçini göstərdi, yandırmaq qaydasını öyrətdi.

Leş Əli bir aylıq kirayə haqqını ödəyib evdən çıxdı. Şəhərlə ev arasındakı yolu əzbərləmək lazım idi.

Ona elə gəlirdi ki, bu ilanvari küçələrdə, uçuq dalanlarda ancaq quldurluq etmək, cib soymaq, adam öldürmək, nəşə çəkmək olar və elə birinci gün qət etdi: əlinə düşən ilk fürsətdəcə burdan köçəcək.

Küçələrin birində bir sürü sakin çığır-bağırla evləri uçuran yerqazan traktoru daşa basmışdılar.

Leş Əli hələ sonralar biləcəkdi ki, şəhər camaatı nəyə görə bu yastı-yapalaq daxmaların sökülüb yerində uca binaların tikilməsini istəmir.

Sonralar biləcəkdi ki, yerli əhalinin doğrudan da, öz məhlələrində qonaq-qara bıçaqlamaq, cib soymaq, nəşə çəkmək kimi dədə-baba adətləri var.

Onlar bu qoca daxmalarla birlikdə minillik dədə-baba adətlərinin də sökülüb dağılacağından, yox olacağından qorxurdular.

Qəribə-qəribə adamları vardı bu şəhərin, hamı yanından ötənin əvvəlcə üzünə, sonra isə çevrilib dalına baxırdı.

Kimi axtarırıdı bu insan kütləsi? Doğmalarınımı, düşmənlərinimi?

Leş Əlinin hələ şəhər həyatındakı kütləvi doğmalıqdan, eyni zamanda həm də gizli kütləvi düşmənçilikdən, hətta kütləvi təklikdən, tənhalıqdan xəbəri yox idi.

Guya xəbəri olsaydı nə qələt edəcəkdi? Köhnə bazara təzə nırxmı vuracaqdı bu kimsəsiz kəndli balası?

Gicəllənə-gicəllənə gəlib girişinə “Nəsimi bazarı” yazılan yerə çıxmışdı.

Bazar yolun iki tərəfində dar səkilər boyunca uzanırdı.

Satıcılar kəndlilərdən, alıcılar şəhərlilərdən ibarət idi.

Başqa vaxt ilanla yarpız kimi bir-birilərindən zəhləsi gedən şəhərlilər və kəndlilər burda, piştaxta, tərəzi arxasında çox mehriban görünürdülər, qarın naminə hamı əl-ələ verib qardaş olmuşdu.

Çəkməsi palçıqlı, sifəti tüklü-müklü kəndlilər cəhənnəmdən, şalvarı ütülü, üzü təmiz qırxılmış, ətirlənmiş şəhərlilər isə cənnətdən gələnlərə oxşayırdı.

Bu səs-küylü bazar cənnətlə cəhənnəmin sərhədi idi, elə bil yekə və qabarlı əlləri olan cəhənnəm əhli min bir zəhmətlə, əzabla topladıqları əti, qatığı, meyvəni gətirib bu sərhəddə cənnətlilərə satırdılar.

Axşam yenə kəndlilər qatarla özlərinin əzablı cəhənnəmlərinə, şəhərlilər isə doğma cənnətlərinə dönəcəkdilər.

Adamlar bu bazara, cənnətlə cəhənnəmin sərhədinə diri-diri dərisi soyulan şair Nəsiminin adını vermişdilər.

Əqidəsinə görə dərisi soyulan şairin adı altında bir-birilərinə motal pendiri, quzu əti, kənd yumurtası sırıyırdılar.

Bu bazar doğrudan da Nəsimi bazarı, Nəsiminin bazarı idi.

Onun laməkan ruhu kimi bazarına da iki cahan və bu cahanların sakinləri sığınmışdılar.

Cənnətlilər və cəhənnəmlilər. Şəhərlilər və kəndlilər.

Bir də onların arasnda heç kimi olmayan, kədərli türk müğənniləri demiş, yapayalnız adam var idi, cənnətlə cəhənnəmin arasında avaralanan, allahın da, şeytanın da unutduğu kimsəsiz Leş Əli.

Kirələdiyi otaq axşam ağcaqanadla dolu idi.

Şəhər həyatına bələd olmayan kirayənişinin masaya sərilmiş qəzeti yumrulayıb bu qaniçən həşəratları qonduqları hər şeyin üstünə yapışdırmaqdan başqa əlacı yox idi.

Masanın üstündə qurumuş para çörəkdə belə qanlı ağcaqanad şəkilləri çəkmişdi.

Ağcaqanadlar bütün gecəni vızıldayaraq Leş Əlinin də qanına bakılı qanı qatdılar.

Bu sırtıq həşəratlar Bakıda hamını bir-birinə qan qardaşı, qan düşməni etmişdilər.

Bu şəhərdə hamının əl-ayağını bir-birinin qanına batırmışdılar.

Qonşu otaqda ev sahibəsi ortalığı yığışdıra-yığışdıra deyinir, alkaş ərinin acığını ora-bura tulladığı qab-qacaqdan və uşaqlarından çıxırdı; divar nazik olduğundan səs-küy aydın eşidilirdi: “...bütün günü sovxa yu, pox bişir, bu da onun-bunun xarabasında tuluğunu doldursun.

Araq çıxardanın dədəsinin goruna itin poxu, qəhbənin qarnından çıxan...”

Uşaqlar analarının hirsləndiyini görüb, deyəsən, adət etdikləri qorxuyla küncün birinə qısılmışdılar.

Qadın hərdən allahı da ərinin gözünə qatıb lənətləyirdi.

Elə bil ərini gecə allah içirdib evə göndərirdi. Birdən uşaqlardan biri arı sancmış kimi qəfildən çığırıb ağlamağa başladı, arxasınca qapaz səsi və qadının danlağı eşidildi:

“min dəfə demişəm çolağını ağzına soxma, min dəfə demişəm”.

Uşaq bir az hıçqırıb kiridi.

Gecənin bir aləmi “Alkaşın, oğraşın biri” gəlib çıxdı.

Leş Əli danqıltılardan bildi ki, o, eyvanda qaz peçinin üstündəki dəmir çaydanı götürüb başına çəkdi.

Otaqdan qadının asta, ancaq qəzəbli səsi gəldi: “Yetimlərini güclə yatırmışam, o mirəti az danqıldat”.

“Oğraş” sanki qadının acığına uşaqları oyatmaq üçün çaydanı peçin üstünə çırpdı və öz-özünə:

- Uşaqlar bizim gələcəyimizdir – dedi.

Bu sözlərin arxasınca Leş Əlinin uzandığı otağın qapısından içəri bir baş girdi.

Üzü tüklü, saçı dağılmış, gözləri kədərli, alnı qırışlı bədbəxt bir kişi başı.

Leş Əli tezbazar özünü bu kişi başına təqdim edib canını sorğu-sualsız qopacaq qırğın-qiyamatdan xilas etmək istədi.

Kişi başı onun demək istədiyi sözü ağzında yarımçıq qoydu:

- de görüm timsah nə üçün uzunömürlüdür?

Günahkarcasına – bilmirəm – dedi Leş Əli.

- ona görə ən ləng həyatı o yaşayır.

- içkiylə aran necədir?

Yenə qorxa-qorxa:

- Nə içki içirəm, nə də siqaret çəkirəm, seyid nəslindənik – yalan danışdığından Leş Əli pörtdü.

Qonşu otaqdan yenə qadının səsi eşidildi:

- Əl çək xalxın uşağından, zəhləmgetmiş...

Kədərli baş arvadın deyingənliyinə fikir vermədən güldü:

- Onda sənə daha bir sual! De görüm adamlar nə üçün araq içirlər?

Yenə utana-utana: “bilmirəm” dedi Leş Əli:

- Bilmirəm, oxumamışam.

- Belə şeylər kitabda yazılmır, ay bakirə oğlan! – kişi başı qapının arasında gülümsündü – dəftər-qələm götür yaz, əzbərlə.

Bu sirri sənə ancaq arağın özü aça bilər, sən də ondan uzaqsan, ata canı.

Biz insanlar araq içəndə, nəşə çəkəndə, sevdiyimiz qadına qurtaranda ruhən sakitləşir, bir anlıq da olsa, əbədi həzzə, əbədi rahatlığa qovuşuruq.

Bilirsən niyə? Çünki bir vaxtlar araq da, nəşə də, qadın da insanın özü olub.

Sonradan insanı alçaltmaq, öldürmək, aparıb torpağın altına quyulamaq üçün arağa, nəşəyə, qadına, kişiyə parçalayıblar.

İndi biz araq içəndə halal qanımızı içirik, nəşə çəkəndə təmiz nəfəsimizi uduruq, sevdiyimiz qadınla olanda əziz bədənimizi qucaqlayıb bağrımıza basırıq, iç-içə girmək, iç-içə yaşamaq istəiyirik.

Ancaq bizi qoymurlar, kim? niyə? hansı haqla? Biz bunu bilmirik, heç vaxt da bilməyəcəyik.

Ancaq mən insanın düşmənlərindən birini tapmışam.

- kimdir ki o? – Leş Əli özündən şübhələndi.

- Mənim həyat yoldaşım, ata canı – kədərli baş gülümsünüb qapıdan çəkildi.

Leş Əli rahat nəfəs alıb yerinə girmək istəyirdi ki, baş yenidən qapıda göründü.

Bu dəfə daha kədərli idi, astadan – səncə, qadınlar doğrudan kişinin həyat yoldaşıdır? – dedi.

Leş Əli qurcunub söz tapınca baş öz sualına özü cavab verib getdi:

- Kişinin həyat yoldaşı ancaq kişi ola bilər, qadın həyət yoldaşıdır, ata canı!

Səhər Leş Əli, kəndlilər demiş, qancıq it tayadan düşməmiş yuxudan qalxdı ki, ev sahiblərinin gözünə görünmədən evdən əkilsin, bir də gecə hamı yatandan sonra qayıtsın.

Heç əl-üzünü də yumadı, əyri ayaqqabılarını geyinib lal-dinməz qapını örtdü.

Ev yiyələri hələ yatırdı. O asta-asta “alkaş ərlə” əsəbi arvadın yatdığı otağın qabağından keçəndə qapının ağzında iki çuğun vedrə dolusu rəngbərəng orden, medal gördü.

Gözünü vedrələrdən ayırıb aradan çıxmaq istəyəndə axşamkı kədərli başına səsi eşidildi:

- Hansını istəyirsən, götür tax yaxana...

Ev yiyəsi artıq həyətdəki əlüzyuyanda yuyunub qurulanırdı.

O, var-gücüylə boyun-boğazına sürtdüyü dəsmalı həyətdə ağacdan yox, asılqan vəzifəsini yerinə yetirən - onun xırda budaqlarından beş-altı çömçə, qazangötürən, çirkli tava, üçtəkər uşaq arabası, arvad darbalağına oxşayan şəlpə parçası asımışdı, haçansa bir çəngə yuyulmuş toyuq tükü vardı – balacaboy – bəlkə də ondan bu qədər şey-şüy asıldığına görə ağacın böyüməyə gücü çatmamışdı, cır qalmışdı – gilas ağacından asıb Leş Əlinin yanına gəldi və soruşdu.

- Kişi kimi düzünü denən, ömründə bu qədər ordeni, medalı olan adam görmüsən?

O qədər çoxdur ki, ağırlığından pencəyimin yaxasında gəzdirə bilmirəm, vedrələrdə daşıyıram.

- Bu qədər medalı nəyə görə almısan? – kirayənişin kəkələdi.

- Dünyada nə qədər igidlik, qəhrəmanlıq olubsa, hamısını mən eləmişəm, ata canı, dəfələrlə qəhrəmancasına həlak olmuşam.

Şəhidlər Xiyabanını görmüsən? Bax orda nə qədər şəhid var hamısı mənəm... Bamsı Beyrək, İmam Hüseyn, Kutuzov, Jukov, Babək, Koroğlu, Bismark eşitmisən belə adlar? Onlar hamısı mənəm...

Bunu deyib ev yiyəsi acı-acı güldü .Sonra vedrədən bir medal götürüb dedi:

- Zarafat edirəm, - başıyla otağın qapısını göstərdi – mən heç kiməm, bu deyingənin ərindən başqa heç kim.

Bu lazımsız, köhnə medalların alveriylə məşğul oluram, çörəyim bu gərəksiz dəmir-dümürdən çıxır.

Hamısı sovet medallarıdır, müharibə, əmək qəhrəmanlarına, partiya fəallarına verilənlər.

Vaxtilə bu orden, medallara görə insanlar can veriblər, bir-birilərinin üzünə durub güllələtdiriblər, qarınlarına mina bağlayıb tankların altına sürünüblər, sinələrini plumyotun qabağına tutub aşsüzənə dönüblər.

İndi qara qəpik verməyə canları çıxır.

- Alan olur, heç olmasa, - Leş Əli soruşdu.

- Nə çoxdu başdanxarab turist, əhlikef əcnəbi.

SSRİ-nin quru poxu da maraqlıdır onlara, hərəsi birini alıb taxır yaxasına.

Allah Hitlerə rəhmət eləsin, ata canı, o vaxt müharibə etməsəydi, indi allah bilir, hansı qəbiristanlıqda çürüyürdüm.

Kim nə deyir desin müharibə kasıbın, yetimin xeyrinədir.

Al, bunu da sən tax yaxana, hansı üzütüpürcəkli əcnəbidən əskiksən?

O, əlinə götürdüyü medalı şalvarına silib Leş Əlinin yaxasına taxdı, çiyninə dalbadal bir neçə şapalaq ilişdirdi, medalın üstündəki xırda hərfləri oxuyub dedi:

- Oldun artileriya üzrə üçüncü dərəcəli atıcı. Gün o gün olsun sovet ittifaqı qəhrəmanı olasan. Gözlə, çaydanı qaynadıb çay içək.

- Yox mən tələsirəm – Leş Əli yaxasındakı medala baxa-baxa sağollaşdı.

- Özün bil, ata canı. – “Alkaşın, oğraşın biri” ona yol verdi. – zibilliyin yanından keçəndə özünü itlərdən gözlə, gündə birini tuturlar - arxadan tapşırdı...

Günortaya yaxın tanımadığı küçələr, döngələr Leş Əlini hərləyib fırlayıb başdan-ayağa qara geyimli, belibükük, ağzısöyüşlü bir dəstə adamın toplaşdığı meydana gətirib çıxardı. ARDINI BURDA OXU
XS
SM
MD
LG