Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:00

Nərmin Kamalın "Aç, mənəm" romanından bir parçanı oxu


Gənc yazar Nərmin Kamalın yenicə çapdan çıxmış "Aç, mənəm" romanından bir parça eksklüziv olaraq "Oxu zalı"nda.


Atmaq

Bir axşam Səbayel rayonunun polisləri Neftçilər prospektində kəndirlə boğulmuş qarı ölüsü gördülər.

Meyit bir neçə saat qalmış, iyi sanki “burda ölü var” xəbərini yaymaq üçün ətrafı basmışdı.

Onun kim olduğunu araşdırmaq, cinayətkarı tapmaq üçün günlərlə, bəlkə də həftələrlə işləmək lazım olacaqdı.

Səhər bu qətlə görə gərgin bir gün yaşayacaqları qaçılmazdır.

Keçən ay tapılmış ölü hələ də boyunlarında idi, üstəlik, onun cinayətini araşdıran müstəntiqi də öldürmüşdülər.

Səbayel rayonunun rəhbərləri müstəntiqin simasında yaxşı bir dost itirmiş, ölüyə hələ də lənət oxuyurdular.

İndi də təzə ölü.

Səbayel polisləri cəld tərpəndilər, qarını maşına qoyub Qaradağ rayonunun ərazisinə sürdülər, orada cəsədi kimsəsiz bir küçədə düşürüb getdilər.

Bu qarışıq vaxtda rayonda bir qətl hadisəsi çatmır – Qaradağ polisi boğazıkəndirli arzuolunmaz cəsəddən xəbər tutan kimi qərar çıxartdı: Qaradağda qətl indi bizə lazım deyil.

Çox müzakirə açmadan onu maşına qoydular, qoyanda cəsədin qarnına yığılmış qaz gurultuyla bayıra çıxdı, sürücünü gülmək tutdu.

Binəqədiyə sürdülər. Binəqədi - Bakının ən böyük rayonu. Dərdi, cinayəti də hamısından çox.

Binəqədi polis idarəsinin üç sıravisi indiyəcən artıq dörd dəfə etdikləri işi gördülər.

Bu qarını da qaranlıqda Nizami rayonunun əl-ayaq dəyməyən bir küçəsində qarın yüngülcə ağartdığı asfaltın üstünə qoyub sürətlə uzaqlaşdılar.

Sabahısı gün Nizami rayonunda icra hakimiyyətinin və polis bayramına görə, polisin bəzi işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi, ondan sonra isə ziyafət olacaqdı.

İndi qətllə məşğul olmaq əhvalı heç kəsdə yox idi, hamı şənliyə hazırlaşırdı.

Keçən rübün cinayət araşdırmalarını tamamilə yerinə yetirmiş, rayon ərazisində törədilmiş bütün cinayətlərin səbəbkarlarını tapmış Nizami polisi özünü çox yaxşı hiss edirdi.

Bəlkə də bu ölü bir həftə əvvəl tapılsaydı, onu da planlarına salar, “bəlkə” yox, doğrudan da salardılar, araşdırıb kəndiri qarının boğazına, qarını küçələrə salanı tapardılar.

İndi təhfil verilən hesabatda onun da adı olardı. Ancaq bu gün heç uyğun vaxt deyildi.

Nizami polisləri gecəylə cəsədi qonşu Xətai rayonunun ərazisində - Əhmədlidə, bir sahə müvəkkilinin həyətinin arxasında qoyub getdilər.

Sahə müvəkkilinin oğlu evə qayıdanda ölünü gördü, atasına dedi.

Atası Xətai baş polis idarəsinə zəng etdi. İdarədən köməkçi gəldi. Bir insan kimi bu zavallıya acıdı, ancaq o, bir neçə saat qalıb isti izlərini itirmişdi.

Bu qətlin müəllifini tapmaq indi “Kəlilə və Dimnə”-nin ən birinci, Bəydəba yazan nüsxəsini tapmaq qədər müşkül idi.

Gecəyarıdan keçmiş ölü Əzizbəyov rayonunun ərazisində idi.

Bu gözlənilməz başağrı Əzizbəyov polislərinin başına indimi gəlməliydi? İlin sonu, hesabat vaxtında.

Onsuz da yüz qovluq sənəd yoxlanıb imzalanmalıydı, onsuz da qatı açılmamış altı qətl yaxalarında idi, bir də bu yeddinci onların harasına yaraşardı?!

Səhərəyaxın, qaranlıqla işıq əllərini bir-birindən üzməyə başlayan vaxt Abşeron rayonu ərazisində boğazına kəndir keçirilib öldürülmüş və çöllüyə atılmış qarı meyidi tapıldı.

Hava işıq olduğuna görə, meyidi bir neçə adam görmüş, polis çağırmışdı.

Başqa rayonlarda da indi bayır-bacaq adamla dolu idi. Heç nə etmək olmazdı. Görənlər deyinirdi:

- Polis oğlum, siz olmasaz, qan dizə çıxar, sizin qorxunuzdadı çoxusu dinc oturub.

- Ağbirçək arvadla necə belə eləmək olar!? O başı əzilməli alçağı tapın, o qansız həşəratı tapdaq-tapdaq eləyim, - görünüşündən yerdə ölüsü uzanmış qarıya bənzəyən bir qarı çox hirslənmişdi.

Ölü Abşeron rayonunun boynuna qalmışdı. Rəis xəbəri eşidib kədərləndi.

Bir neçə telefon zəngi edəndən sonra bir ucaboy gəmi kapitanı rəisin otağına girdi.

İçəridə bir az söhbət edəndən sonra kapitan qapını açıb dəhlizə boylandı, söhbətlərini heç kəsin dinləmədiyinə əmin olandan sonra ölünü anbarda gizlədib rayonun ərazisindən çıxaracağına söz verdi. Razılığa gəldilər.

Səhər saat 9-da ölü açıq dənizdə ağır-ağır üzən gəminin anbarında Bakıdan uzaqlaşırdı...

Cəsəd növbəti dəfə Gürcüstanın Poti limanı yaxınlığında suyun üzündə tapıldı.

Gürcülər baxan kimi dedilər: Bu, bizim deyil! Ölünü tonluq kilkə balıq üçün bir qutuya qoyub gizlincə limandan ayrılmağa hazırlaşan “Nelson” gəmisinin anbarına atdılar.

“Nelson” Amerika-Rusiya birgə gəmisi idi. Gürcülər cəsədi onun anbarına atmazdan əvvəl rus heyət üzvləri həmişə etdikləri kimi, gəminin dənizə çıxmamış yükünü artıq ölçmüşdülər, ona görə də yükün ağırlaşdığından bir də okeanın ortasında xəbər tutdular.

Yük 70 kilo ağırlaşmışdı! Bunu görən heyət təşvişə düşdü, anbara su dolur! Bir nəfər aşağı düşüb yoxladı, anbar təmiz idi.

Bəs bu nə yetmiş kilo idi?! Bu dəfə kapitan özü aşağı endi, qutunu da o görüb açdı...

Gəmi yük gəmisi olduğundan bu, sərnişinlərdən biri ola bilməzdi, gəminin işçilərindən isə heç kəs bu qadını tanımırdı.

Poti yaxınlığında su qarının dərisinin qırışlarına dolub onları tarım açmışdı, ona görə də qarı elə bil iyirmi il cavanlaşmışdı.

İndi o, gəmi işçilərindən neçəsinin xəyalındakı qadın gözəlliyinə uyğun da gəlirdi.

Ölü haqqında sahilə təcili xəbər verilməliydi. Ancaq elədə quruya çatan kimi onları dindirəcəkdilər, bir müddət şübhəli suallarla vaxt alacaqdılar, araşdırma aparacaqdılar. Heyətin ən qoca üzvləri dedilər:

- Nuu...

Heyətin ən gənc üzvləri dedilər:

- Ee... 19-u imtahanımız var, cənab komandir. Quruda bir dəqiqə vaxtımız olmayacaq, hazırlaşmalıyq.

Bir-birini otuz ildir tanıyan qoca gəmiçilər öz aralarında razılığa gəldilər, cəsədi qaldırıb dənizə atdılar.

Beş dəqiqədən sonra durbini götürüb baxdılar; görəsən aşağıda gövdəyə ilişib onlarla gəlmir ki. Yox, o suyun səthində idi, özü üçün yırğalanırdı...

Cəsəd kilometrlərlə ərazidə dəniz heyvanlarına yem payladı, ancaq yenə də ona baxanda bir adam ölüsü olduğu bilinən qədər qalmışdı.

Hansı dövlətin sularına yaxınlaşırdısa, dərhal xüsusi təyinatlı gəmi göndərilir, qarı sulardan uzaqlaşdırılırdı: Bu bizim deyil!

(Romandan parça müəllifin və naşirin icazəsi ilə çap edilir).
XS
SM
MD
LG