Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:22

Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda


Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun “Mənzərədən parçalar : həyat, küçələr, ədəbiyyat” adlı yeni kitabı 26 avqustda kitab bazarına çıxacaq.

"İletişim yayınları"nın 25 min nüsxə planlaşdırdığı ilk nəşr, hələ kitab çıxmadan verilən sifarişlərlə bitdi. İndi 10 min nüsxə olan ikinci nəşr hazırlanır.

Pamuk 1999 və 2003-cü illərdə buna oxşar iki kitab çap etdirmişdi.

Bu kitab yazarın Türkiyənin və əcnəbi medianın qəzet və jurnallarına yazdığı məqalələrdən ibarət olan “O biri rənglər” ilə həm 22 yaşına qədərki xatirələrini, həm də şəxsi həyatından yola çıxaraq İstanbulu təsvir etdiyi “İstanbul” kitabının sintezidir.

Kitabın həcmi 600 səhifədən çoxdur, onun böyük hissəsi əvvəllər yayınlanmış olsa da, tam şəkildə oxunduqda "Mənzərədən parçalar" yeni bir əsər təəssüratı yarada bilir.

Xüsusən Pamukun yaşlandıqca düşündükləri, ölüm haqda fikirləri belə bir təəssüratı gücləndirir.

“Mənzərədən parçalar”dan bəzi maraqlı bölmələr

“Tənhalaşdıqca şöhrətim artır”

“Yaşlandıqca tənhalaşdığımı və tənhalaşdıqca, tühəf bir şəkildə şöhrət qazandığımı görmək bəzən məni üşəndirir.

Hər axşam yuxuya getməzdən əvvəl yataqda iki büküm qıvrılıb yorğanı üstümə çəkincə, tənhalıq və yuxular, həyatın gözəlliyi ilə rəhmsizliyi arasında gəzişən şirin və qorxuducu bir hiss məni sarır və uşaqlığımda dinlədiyim, oxuduğum nağılların, qorxunc əfsanələrin üşəntisini hiss edirəm”.

“Hələ çox vaxt var”

“Mən kitablarımı “Belə bir kitab yazılsaydı, mən də oxusaydım”- duyğusu ilə yazıram.

Və bəzən “Demək, hər kəs mənimlə eyni duyğuları bölüşür”- deyə düşünürəm.

Gələcəkdə kitablarımın həyatımdan daha önəmli və maraqlı olacağını zənn edirəm. İnsanın ölüm vaxtının gəlməsi - onun buna, yəni təvəkkül-Allaha inanması deməkdir.

Mənə elə gəlir ki, buna hələ çox vaxt var...”

“Atamın öldüyünü dedilər”

“Gecə yarısından sonra evə gəldim. Atamın öldüyünü dedilər. Uşaqlığımdan qalan bir görünüş, onu evdə uzun tumanda görməyim, namnazik qıçları içimə acı ilə girərək hafizəmə həkk oldu..

Gecə saat 2-də onu axırıncı dəfə görmək üçün evinə getdim.

Çox sonra geri qayıdanda, səhərə yaxın, əlli ildir ki, yaşadığım Nişantaşının küçələri boş və soyuq idi, vitrinlərin işıqları uzaq və yad idi...”

“Galatasaray tərəfdarı əmim dolça qoyardı”

“Pamuk” binasındakı evdə bu gün “fanatik” dediyimiz azarkeş davranışı vardı.

Aydın əmim Qalatasaryın tərəfdarı idi. Bibimin əri İlhan yeznəm Beşiktaş tərəfdarı.. Atam da Fenerbahçeli.

Təbii ki, biz də atama görə Fenerbahçenin azarkeşi idik.

Böyük qardaşım və mən. Mənzillərdə, pilləkənlərdə futboldan çox söhbət gedirdi.

Çox tez-tez istifadə edilən və bu gün unudulan bir söz – “dolça” idi.

“Dolça qapıçı”- çox qol buraxan qapıçı, “dolça etmək”-çox qol vurub oyunu udmaq mənasını daşıyırdı.

Fənər-Qalatasaray matçından əvvəl əmim deyərdi ki, qapınıza dolça qoyacam. Udsalar, həqiqətən dolçanı qapımıza qoyardı”.

“Dörd il naşir axtardım”

“Kitablarımı diqqətlə, səbrlə, xoş niyyətlə və həmişə onlara inanaraq yazdım. Müvəffəqiyyət, şöhrət və peşə xoşbəxtliyi. Bunlar asan başa gəlmədi.

İndi kitablarım 55 dilə tərcümə edilir, ancaq kitablarımı çap etdirmək üçün ən çox ciddi-cəhdi Türkiyədə göstərdim.

İlk kitabım olan “Cevdet bəy ve oğulları”nı çap etdirmək üçün Türkiyədə dörd il naşir axtardım. Baxmayaraq ki, bu əsərim “Çap edilməmiş romanlara verilən” bir mükafatı almışdı”.

“Mənim adım qırmızı” ilə bağlı

“Mənim adım qırmızı”- böyük zəhmətlərlə, bağlılıqla, həyatımdan çox şey verərək və bütün bir millətə müraciət edən “klassik bir kitab olsun”- düşüncəsi ilə yazıldı.

Məğrur şəkildə bunu bacaracağıma əmin olduğumu desəm, özümə çox güvənmiş olarammı?

Mənim nərmə-nazikliyim, “xarab adamlığım”, pisliyim və zavallılığım- kitabın özündə, dilində və strukturunda deyil, qəhrəmanlarımın həyatlarında və rəvayətlərində görülə bilər...”

Türk mediasının materialları əsasında hazırladı Mais Əlizadə
XS
SM
MD
LG