Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:56

Kənan Hacı. “Göləqarğısancan” və Allahın yanından qayıtmayan Musa


Kənan Hacı
Kənan Hacı
Kənan Hacı bu yazısı ilə Azadlıq Radiosunun "Oxu zalı"nda gənc yazar Aqşin Yeniseyin "Göləqarğısancan" romanı ilə bağlı keçirilən müzakirəyə qoşulur.


“GÖLƏQARĞISANCAN” VƏ ALLAHIN YANINDAN QAYITMAYAN MUSA

Yaradıcılıqda belə bir prinsip var: “Hamı yazır, deməli, mən də yaza bilərəm”.

Bu, istedad faktorunun üstündən adlayıb qrafomanlığa qurşanmaq deməkdir.

Elələri də var ki, yazmaq onlar üçün nəyisə dəyişmək, köhnəni dağıtmaq, yenisini qurmaq deməkdir, yazmaq onların plan və xəritəsidir.

Yazmaq onların sağlamlığını təmin edir, ruhunu qoruyur, yazmaq onların yeganə xilas yoludur.

Uzun müddətdən bəri yaradıclıq trayektoriyasını izlədiyim Aqşin Yenisey ikinci qismə aid yazarlardandır.

O da çoxları kimi ədəbiyyat sarayına şeirin kiçik qapısından adlayıb və tez bir zamanda gənc nəsil pleyadasının ərköyün sonbeşiyi statusuna yiyələnib.

Onun bir neçə il bundan əvvəl yazdığı “Qadınlar haqqında mühazirə” şeirinin rüşeymləri ideya qatlarında inkişaf edərək roman arenasına gəib yetişdi.

Buna qədər o artıq bir sıra hekayələr yazmışdı ki, onlardan ikisi gənc şairin yazıçı potensialının mövcudluğuna işarə vururdu.

Bunlardan biri “Taqqulbabdan sonra lello”, digəri isə “Maqa Dumba” hekayələri idi.

Güclü yumor hissinə malik olan Aqşin bu yumor baqaşını hekayələrinə də daşıyır və hər cümlədə müəllifin üzünün ifadəsi də ilişib qalır.

Bir ara ədəbi qəzetlərdə “N saylı həyat”, az sonra “Küçə” adlı romanından parçalar da nəşr olundu.

Bütün bu mətnlər gənc yazıçının hazırlıq mərhələsi dövrünün məhsulu olsa da heç də bədii məziyyətlərdən xali deyildi. Onun yazıçılığa ərizəsi ədəbiyyat tərəfindən beləcə qəbul olundu.

Və nəhayət “Göləqarğısancan”! Bu romanın meydana gəlməsilə gənc yazarların içindəki roman xofu sanki dağıldı(əlbəttə, Elçin Hüseynbəyli və İlqar Fəhmi istisna olmaqla).

İndi hamı bir ucdan roman yazır, ədəbi arenada bir roman epidemiyası dolaşır.

Allah axırını xeyir eləsin! Əlbəttə, keyfiyyət göstəricisi aşağı olan mətnlər yaşam hüququ qazana bilməyərək tezliklə sıradan çıxacaq. Aqşinin romanı haqqında bu sözləri demək insafsızlıq olardı.

Onun təhkiyə üslubu orijinaldır və canlı xalq dilinə olduqca yaxındır, yeni nəslin davranış paradiqmasına uyğundur. Bu romanda postmodern elementlər axtarmaq da lazım deyil.

Yaşadığımız şəhərdə o qədər Leş Əlilər var ki... Aqşin sadəcə, birinin qulağından tutub öz roman-kamerasına salıb.

Düşüncə də, yazı dili də əyalət adamını təqdim edir, müəllif saxtakarlıqdan imtina edərək elitar boyalara əl atmırsa bu o demək deyil ki, düşüncəsi kasaddır.

Azərbaycan nəsrində kənd dili (Ə.Əylislinin, İsa Hüseynovun, Sabir Əhmədlinin, Mövlud Süleymanlının əsərləri) və şəhər dili (Anarın, Rüstəm və Maqsud İbrahimbəyovların, Afaq Məsudun, Saday Budaqlının əsərləri) yeni formalar qazanmadı.

Yazıçı kənddən gətirdiyi dili dəyişmədi, onu ictimailəşdirə bilmədi.

Aqşinin nəsrində isə kənd və şəhər dilinin sintezindən doğan mozaik və həm də çox doğma, şirin, rahat, oxunaqlı bir dil hakimdir.

Əsərdə yumoristik çalarların bolluğu oxucunun işini asanlaşdırır, mütaliə nəticəsində itirilən enerji bir andaca bərpa olur. Məsələn:

“Bizim muğam sənətinə küçük qonaqlığı verən qonaqpərvər vyetnamlı pərt olur və xalqımızın it-pişik yemədyini ilk dəfə eşitdiyini söyləyib üzr istəyir.”(səh.25),

“Qulam kişi, Tanrı sənə yazı yazmayıb e, sənin alnında qələminin yazıb-yazmadığını yoxlayıb.” (səh.42)

“...onların analığı ilə fahişəliklərini o vaxtlar dəmir yolu xəttindən başqa heç nə ayıra bilməyib.(səh.157)

Hər əhvalata məzəli don biçilsə də hadisələrin kökündə insan faciəsi dayanır, hər səhnənin gözəgörünməz daxili faciəsi var.

Yazar oxucunu həyatın üfunətli bucaqlarına çəkib aparır. “Sən demə, yerin altında şəhərin də adam kimi qarnı, bağırsaqları varmış...” Müəllif həyatı bütün sərt çılpaqlığı ilə amansızcasına təsvir edir.

Mətnin ortaya qoyduğu problemlərdən nədənsə heç kim danışmır, bəzilərinin əlbəttə, cəsarəti çatmır.

Romanın təhlilinə girişən tənqidçilər nədənsə mətnin informasiya mənbəyi haqqında danışmağı bilərəkdən “unudurlar.”

“Göləqarğısancan” Azərbaycan cəmiyyətinin güzgüsüdür, bu güzgünü qırmaq zəiflik əlamətidir.

Müəllifi təqlidçilikdə də ittiham etmək olar, təcrübəsizlikdə də, amma heç kim deyə bilməz ki, bu romanda gerçəklik təhrif olunub!

Bu konuda ən sərrast ifadəni müəllif özü işlədib: “Zədəsiz ədəbiyyat Hacı pivəsi kimi alkolsuz bir şeydir.

Bizim romanlara... başa salmaq olmur ki, sən insanları xilas etməməlisən, edə də bilməzsən.”(səh.161)

Müəllif Leş Əlini xilas etmək fikrində deyil, onun məqsədi qəhrəmanının ziqzaqlı və həm də palçıqlı, zığ-zımırığlı həyat yolunun bir neçə fraqmentini bu günkü gerçəkliklər fonunda təsvir etmək, nəql etməkdir.

Nəticə çıxarmaq, münasibət bildirmək isə onluq deyil, bu artıq oxucunun işidir. Rolan Bartın sözü yada düşür:

“Klassik tənqid heç vaxt oxucu ilə məşğul olmayıb.”

Aqşin Yenisey
Oxucu ilə məşğul olmağın zamanı çoxdan yetişib. Yazıçını təftiş etməkdən yorulmadınızmı, cənab tənqidçilər?

Aqşin həyatı qəzaya uğramış uğursuz tale yiyəsinin boyuna biçilmiş cod, daranmamış, yontalanmamış yaşamını göstərir.

Bu zaman isə Leş Əlinin həyatı və mühiti ədəbi fakta çevrilir.

Əsərdə tanış simalar da var ki, onların adları dəyişilsə də söhbətin kimdən getdiyi dərhal anlaşılır.

Yafəs Türksəs öz obrazına postmodernistcəsinə yanaşmağı bacarmadı və incikliyini büruzə verdi.

Aqşin bu sətirlərin müəllifinin də bostanına yüngülcə bir daş tolazlayıb, amma eşitdiyi yanlış informasiya əsasında gəldiyi səhv qənaətini ona bağışlamaq olar.

Çünki ortada istedadla yazılmış bir əsər var.

Sözsüz, təhkiyə tərzində Həmid Herisçi nəsrinin havası duyulur.

Məncə, yeniliyin ən yaxşı cəhəti köhnə niyyətlərə, məqsədlərə müvafiqliyidir. Belə bir deyim də var: “ən təzə şey yaxşıca unudlumuş köhnədir.”

Yazıçını təsirlənmədə suçlama “maddəsi” artıq ədəbiyyat məcəlləsindən çıxarılıb. Ədəbiyyat təsirlənmələrlə stimilyasiya olunur. Bu, aksiomadır.

Aqşinin romanı haqqında düşündüklərimi yazı halına salmaq istəyirəm, alınmır. Heç alınmayacaq da.

Çünki bu əsərin daşıdığı yük təhlilə gəlmir. Bu şəhərin adamları Leş Əliyə ötəri nəzər salaraq keçib gedəcəklər.

Leş Əlinin aqibəti total biganəlik fonunda heç kimi düşündürməyəcək, kimisə düşündürsə belə bu, heç nəyi dəyişməyəcək.

Bu yaxınlarda Bayıl tərəfdə ölü heyvan əti satan bir qəssabı tutmuşdular, Leş Əlini xatırladım, fikirləşdim ki, tutulan bəlkə onun oğlu Qozbeldir.

Leş Əlinin varisləri, xələfləri üçün münbit şərait hökm sürən məmləkətdə “Göləqarğısancan”ların sayı da ilbəil artır. Allahın yanına qayıdan Musa isə hələ də gəlib çıxmayıb...

Həmçinin oxu
Əsəd Cahangir. Sözəqələmsancan
Elnarə Tofiqqızı. Ədəbi dalğada «Göləqarğısancan»
Tehran Əlişanoğlu Aqşinin "Göləqarğısancan" romanını tənqid edir
XS
SM
MD
LG