Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:58

Bayraq niyə yoxa çıxdı?


Sentyabrın 1-də Bakının Bayıl qəsəbəsindəki Dövlət Bayrağı Meydanında qaldırılan bayraq sentyabrın 3-də götürülüb.

Ərazidə işləyən fəhlələrin və mühafizəçilərin sözlərinə görə, bayraq səhər saat 8-9 arasında götürülüb. Səbəbi havanın küləkli olması ilə izah edənlər də oldu, nəyə görə götürüldüyünü bilmədiklərini deyənlər də:

HAVA KÜLƏKLİDİR, ONA GÖRƏ

- Bayraq səhər tezdən çıxarılıb, hava küləklidir, ona görə.

- Bizim heç bir məlumatımız yoxdur.

Dövlət Bayrağı Meydanının özlərini təqdim etməyən mühafizəçiləri isə dedilər ki, nə müdiriyyət, nə də başqa adamlar bayrağın nəyə görə götürülməsi sualına cavab verə bilməyəcəklər. Suala ancaq Prezident Administrasiyasından cavab verə bilərlər:

BU, YUXARILIQ İŞDİR

- Heç nə bilmirik, bu, yuxarılıq işdir, yəni Prezident Aparatından göstəriş olmalıdır.

Ətrafda yaşayan sakinlər də dedilər ki, bu səhər bayrağı yerində görməyəndə xeyli təəccübləniblər. Sakinlərdən bəziləri bayrağın havanın küləkli olmasına görə, bəziləri isə cırıldığına görə götürüldüyünü güman edir:

KÜLƏK CIRMIŞDI, ÜSTÜNDƏ YIRTIQ VARDI

- Bir də baxdım gördüm ki, bayraq yoxdur, çox istəyərdim ki, olsun...
- Dünən axşam cırılıb, ona görə götürüblər...
- Gördük ki, aparırlar, dünən burdaydı.
- Bu nə işdir e, gah qaldırırlar, gah endirirlər, belə də şey olar?
- Elə biz də onu müzakirə edirdik ki, görəsən, niyə götürüblər.
- Küləyə qalsa, onsuz da Bakıda həmişə külək olur.
- Külək onu cırmışdı, üstündə yırtıq vardı, ona görə götürüblər.
- O qədər pul sərf elədilər, indi də yoxdur.
- Mən Günəşlidən gəlmişəm ki, bayrağa baxım, ancaq götürüblər, külək olanda nə olar ki...


RƏSMİLƏR SUSUR

Bayrağın niyə götürülməsi, nə vaxt yerinə qaytarılması ilə bağlı sualımıza Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən cavab verən olmadı. Dövlət Bayrağı Meydanının yerləşdiyi Səbail rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, bu haqda heç bir məlumatları yoxdur.

Prezident Administrasiyasının mətbuat xidmətindən isə dedilər ki, özləri bizimlə əlaqə saxlayacaqlar. Ancaq ordan da soraq çıxmadı. Günün axırında yenə zəng edəndə təkrar eyni cavabı verdilər.

Bakının küləkli havası bayrağın götürülməsinə səbəb ola bilərmi, hansı hava şəraiti eni 35 metr, uzunluğu 70 metr olan bayraq üçün təhlükə yarada bilər? Bu sualımıza cavabında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bunları dedi:

ONU LAYİHƏÇİLƏR BİLƏR

- Külək hansı sürətdə ona təsir edib-etməyə bilər, onu neçə metr külək üçün hesablayıblar, onu layihəçilər bilər, biz deyə bilmərik.

Dövlət Bayrağı Meydanının tikintisini həyata keçirən «Azenko» şirkətindən də sualımıza heç kim cavab vermədi.

Hazırda Dövlət Bayrağı Meydanındakı dirək boşdur. Meydanın rəsmi açılışı sentyabrın 1-də olsa da, sentyabrın 3-də meydan bağlı idi, ərazidə tikinti işləri davam edirdi. Rəsmi məlumatda adı çəkilən bayraq muzeyi də fəaliyyət göstərmir.

Təməli 2007-ci il dekabrın 30-da qoyulmuş meydanın layihəsini ABŞ-ın «Trident Support» şirkəti hazırlayıb, tikintini Azərbaycanın «Azenko» şirkəti aparıb.

İnşa olunmuş dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.

Sentyabrın 1-də prezident İlham Əliyevin iştirakı ilə dövlət bayrağının səmaya qaldırılması zamanı möhtəşəm lazer şousu nümayiş etdirilmişdi, atəşfəşanlıq olmuşdu.

Bundan sonra hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı kimi qeyd olunacaq.




XS
SM
MD
LG