Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:18

«Yolumuz Məmməd Əmin, Əbülfəz Elçibəy, Heydər Əliyev yoludur...»


DADP sədri Məmməd Əlizadə
DADP sədri Məmməd Əlizadə
“Prezident kürsüsü - dövlətin simvoludur”. Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. Seçkiyə hazırlıqdan danışan partiya sədri bir çox mətləblərə də aydınlıq gətirib.

Məmməd Əlizadə DADP-yə ikinci iqtidar partiyası deyilməsinin tərəfdarı olmadığını bildirb:

BİZ İKİNCİ İQTİDAR PARTİYASI DEYİL, İQTİDARYÖNLÜ PARTİYAYIQ

“Biz iqtidaryönlü partiyayıq. Amma cəmiyyətdə, mətbuatda bəzi insanlar bizim iqtidaryönlü olmağımız faktorundan istifadə edib bizi ikinci iqtidar partiyası adlandırırlar. Mən əksinə o fikrin əleyhinəyəm ki, birinci iqtidar partiyası, ikinci iqtidar partiyası, belə bir şey yoxdur. Hər zaman da dilə gətirmişik ki, iqtidarın apardığı siyasəti, ulu öndərimizin apardığı siyasəti, qoyduğu ideyaları davam etdirmək, onun ideyalarını əsas amil kimi götürməkdə şərəf və qürur duymaydayıq. Biz ikinci iqtidar partiyası deyil, iqtidaryönlü partiyayıq”.

“76 rayon təşkilatımız, 130 min üzvümüz var”- deyən DADP sədri üzvlük haqqları ilə deyil partiyanın bir çox təşəbbüskar üzvləri vasitəsi ilə maliyyələşdiklərini bildirib. Onun sözlərinə görə, partiyanın potensialı onlara bu seçkiyə 76 namizədlə qatılmağa imkan verib:

“Biz artıq bu məsələ ilə bağlı Böyük Məclisin iclasını keçirmişik. 76 namizədlə seçkilərə qatılmışıq. Və namizədlərimiz, səlahiyyətli nümayəndələrimiz MSK tərəfindən təsdiq olunub. Artıq mətbuatda da bu gedir.”

“İndiki millət vəkillərindən, parlament təcrübəsi olanlardan siyahımızda yoxdur” deyən partiya sədri iqtidaryönlü partiya olaraq bu seçkidə YAP-ı nədən dəstəkləmədiklərinə də aydınlıq gətirib:

O PARTİYANIN NAMİZƏDLƏRİNİN HƏR BİRİ XOŞUMA GƏLİR

“Yeni Azərbaycan Partiyası kifayət qədər sosial bazaya malik olan, kifayət qədər intelektual səviyyəyə malik olan ziyalıları öz ətrafına toplayıb. Amma Azərbaycan demokratik bir cəmiyyətdir. Azərbaycanda demokratik cəmiyyət quruculuğunda biz doğru addımlar atmalıyıq. Ona görə də bir partiyanın namizədləri ilə əgər fikir, düşüncəni yürütsək biz çox geri qalarıq. O partiyanın namizədlərinin hər biri xoşuma gəlir. Dəfələrlə dilə gətirmişəm, ola bilsin ki, bizim namizədlər YAP və digər partiyaların, ümumiyyətlə bitərəf də olar, bu siyahıda hansısa birinin bizim namizəddən yüksək keyfiyyətləri olacaqsa, biz o dairədən namizədimizi geri çəkib, onun xeyrinə təbliğat, təşviqat işlərini quracağıq”.

“Yolumuz haqq yolu, Məmməd Əmin, Əbülfəz Elçibəy, Heydər Əliyev yoludur” deyən Məmməd Əlizadə əsas məqsədlərinin ölkədə korrupsiya ilə mübarizə aparmaq olduğunu deyib. Onun sözlərinə görə, Heydər Əliyevin qoyduğu ideyaları davam etdirmək onların başlıca məqsədidir. Partiya sədri prezident İlham Əliyevin Dubaydakı mülkləri barədə mətbuatda yazılanları nağıl adlandırıb:

“Biz İlham Əliyevi özümüzə lider kimi qəbul edirik. Və onun apardığı işləri bəyənirik”
“Mən də razıyam, əgər belə şey varsa, bunların aydınlaşması, bunların açıqlanması ilə. Amma əldə bir ciddi fakt olmayandan sonra bu deyilən söz boş şeydir”.

MƏN İSTƏMƏZDİM Kİ, BU MƏSƏLƏLƏRƏ MÜNASİBƏTİMİ BİLDİRİM

O deyib ki, onun əlində fakt, hüquqi əsas olmadığına görə belə məsələlərə münasibət bildirmək istəmir:

“Mən istəməzdim ki, bu məsələlərə münasibətimi bildirim. Ona görə ki, gərək hər bir insan kimliyindən asılı olmayaraq birinci şəkildə öz əxlaqını ortalığa qoysun. Və öz düşüncəsini, çəkisini, tutumunu qoysun ortalığa. Bu sahələri hansı dərəcədə bilirsən. Mənim bununla bağlı dəqiq məlumatım olmadığına görə deyəcəyim şey də mücərrəd ola bilər”.

Dinləyicinin Məmməd Əlizadənin təmsil etdiyi partiyada 130 min üzvün olmasına inanmamasına partiya sədri efirdə həmin dinləyici ilə mərcə hazır olduğunu deyib:

“Mərcə razıyam. Əgər bu gün o əlaqə saxlayırsa, həmin dəqiqə əlaqəni qurun mənimlə mən ona deyim ki, partiyanın təşkilatı harada yerləşir, sədri kimdir”.

BİZ SİYASİ HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏ APARMIRIQ

Məmməd Əlizadə heç vaxt partiyasının hakimiyyətə gəlmək uğrunda mübarizə aparmayacağını deyib:

“Biz siyasi hakimiyyət uğrunda mübarizə aparmırıq. Biz İlham Əliyevi özümüzə lider kimi qəbul edirik. Və onun apardığı işləri bəyənirik”.

Məmməd Əlizadənin fikrincə, dövlət simvolu olan prezident kürsüsünə digər simvollar kimi hörmətlə yanaşılmalıdır:

“Dövlətin üç əsas simvolu var. Bu dövlətin bayrağıdır, konstitusiyasıdır, prezident kürsüsüdür. Kimin orada oturmasından asılı olmayaraq bu kürsüyə sayğıyla, sevgi ilə yanaşmaq lazımdır”.

Ölkənin birinci xanımı Mehriban Əliyevanın DADP-yə sədrlik etməsi barədə partiyanın indiki sədrinin ona bu təklifi etməsi barədə yazılanları Məmməd Əlizadə uydurma adlandırıb:

“Bu, müəyyən adamların uydurmalarıdır. Belə bir şey heç vaxt olmayıb. Dəfələrlə mən bununla bağlı bəyanat vermişəm”.

XS
SM
MD
LG