Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:47

Gürcüstan ABŞ-la münasibətləri İranla əməkdaşlığa dəyişə bilər?


Qriqol Vaşadze və Manuçöhr Mottaki mətbuat konfransında
Qriqol Vaşadze və Manuçöhr Mottaki mətbuat konfransında
“Gürcüstan və İran arasında münasibətlər mehriban qonşuluq prinsiplərinə söykənməlidir” - gürcü ekspertlər bu fikirdədir. Bu münasibətlərdə hər iki ölkəyə fayda gətirəcək potensial mövcuddur.

Xarici İşlər naziri Qriqol Vaşadzenin İrana səfəri və həmkarı Manuçöhr Mottaki ilə görüşü Gürcüstanda məhz bu aspektdən nəzərdən keçirilib. Sentyabr ayında isə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində Gürcüstan və İran diplomatları arasında görüş olub, iki ölkə arasında vizasız gediş-gəliş məsələləri müzakirə edilib. Noyabr ayında isə Manuçöhr Mottakinin Gürcüstana səfəri planlaşdırılır.

İki ölkənin siyasi münasibətlərində hər hansı dəyişikliyin olacağı barədə məlumat verilmir. Gürcüstanın Xarici İşlər Nazirliyi şərh verməkdən imtina edir. Ekspertlər isə hesab edirlər ki, Gürcüstan və İran arasında münasibətlər mehriban qonşuluq prinsipi əsasında inkişaf edə bilər.

“ENERJİ BAXIMINDAN İRAN BİZİM ÜÇÜN ÇOX VACİBDİR”


Politoloq, Gürcüstan və xarici əlaqələrin araşdırılması strateji fondunun prezidenti Aleksandr Rondeliyə görə, Gürcüstanın xarici oriyentiri, baxışları nə qədər fərqli olsa da, iki ölkənin eyni coğrafi məkanda yerləşməsi bu münasibətlərin vacibliyini sübut edir:

- Biz İranla normal, bərabər münasibətlər qurmağa çalışırıq. Xüsusən ona görə ki, İran energetika sahəsində dünya nəhənglərindəndir, neft ölkələri beşliyinə daxildir, qaz ehtiyatına gəlincə, ikinci yerdədir. Birinci Rusiya, ikinci İran gəlir. Dünya qaz ehtiyatının 14 faizi İranda cəmləşib. Enerji baxımından İran bizim üçün çox vacibdir. Ona görə də biz onunla normal, bərabər münasibətlər qurmağa çalışırıq. Çünki münasibətlərin potensialı hələ tükənməyib.

Aleksandr Rondeli
İki ölkə arasında münasibətlərdə İran-Rusiya əməkdaşlığı ilə paralel, İranın Gürcüstanın ərazi bütövlüyünü tanıması az əhəmiyyətli sayılmır. İranşünas, Gürcüstanın İran İslam Respublikasındakı keçmiş səfiri Cemşid Qiunaşvili deyir ki, bu baxımdan İranın mövqeyi aydındır: çoxmillətli İranın Gürcüstanla bənzər problemləri var.

“İRANIN ƏSAS SİYASİ XƏTTİ ONUN MİLLİ MARAQLARIDIR”


Ancaq Cemşid Qiunaşvili vurğulayır ki, sərt siyasi yol tutan İran Gürcüstanla münasibətləri müvəqqəti hal kimi nəzərdən keçirmir:

- İranın əsas siyasi xətti onun milli maraqlarıdır. Bu maraqlar regionda mehriban qonşuluq və əməkdaşlığı nəzərdə tutur - təbii ki, bunun üçün ilkin şərt olan yerdə. İranın Gürcüstan və ya bir başqasının tərəfində olub-olmayacağını deyə bilmərəm, ancaq bu münasibətlərimizə xələl gətirməyəcək.

Gürcüstanla İran arasında münasibətlərin genişlənməsi beynəlxalq siyasətdə müəyyən diversifikasiya - yəni yaxın coğrafi məkanda güclü əməkdaşlıq axtarmaq cəhdi sayıla bilərmi?

Politoloq Aleksandr Rondeli bunu inkar etmir, ancaq Gürcüstanın ABŞ-la münasibətləri İranla əməkdaşlığa dəyişməsi ilə bağlı iddiaları tamamilə qəbuledilməz adlandırır. Onun fikrincə, iki ölkə arasında iqtisadi əlaqə yaratmaq təşəbbüsü göz qabağındadır.

Bir tərəfdən, Gürcüstana yeni investisiya axını gəlir, digər tərəfdənsə İrandan Gürcüstan məhsullarının satış bazarı kimi istifadə olunur.

“İRANLA HESABLAŞMALIYIQ”

“Gürcüstanın Qərbə meylli olmasına baxmayaraq, İranla da müstəqil əlaqə qurmaq hüququ olmalıdır”
İlk dəfə “Quran”ı gürcü dilinə tərcümə edən iranşünas, professor Qeorqi Lobjanidze isə deyir ki, Gürcüstanın Qərbə meylli olmasına baxmayaraq, İranla da müstəqil əlaqə qurmaq hüququ olmalıdır. Bu zaman İranın münasibətlərin davamlılığında marağı nəzərə alınmalıdır:

- Fikrimcə, biz istənilən halda regionun böyük ölkəsi olaraq İranla hesablaşmalıyıq, o da bizimlə hesablaşır. Bu, Rusiya deyil. İran bizə tamamilə fərqli münasibətlər təklif edir. Və biz də bu təklifi qəbul etməyə bilmərik.

Qərb ölkələrinin İrandan nüvə və terror təhlükəsi gözlədiyi zaman, Gürcüstanla İran arasında siyasi əlaqələrə görə, Qərbin Gürcüstana münasibəti dəyişə bilərmi? Bəzi ekspertlər belə bir ehtimalı ağlabatan saymır. Əksinə, hesab edirlər ki, əgər Gürcüstan İranla Qərb arasında müəyyən pozitiv rol oynasa, bu, ancaq ölkənin xeyrinə ola bilər.
XS
SM
MD
LG