Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:50

Qələm əhli və qəlb əhli


Elif ŞAFAK

Illər əvvəliydi. Qələm əhlindən olmağa niyyət etdim içimdə.

Kitabları və hekayələri dost bildiyim, xəyal qurmağı çox sevdiyim üçün...

Sonsuz səyahətlər aləmidir kitablar. Zamanda və məkanda bir quş qədər azad edər insanı.

Alırsan kəlmələri tək-tək, bir araya yığırsan topa-topa... Yumşaq, amma dayanıqlı. Uçarsan uça bildikcə...

Əli qələm tutanlardan olmağı niyyət elədim. Niyyət eləmək «oldu» demək deyil əslində. Bir şey “oldu”, və ya elədik-bacardıq” demək deyil qəti. Türkcənin bəlkə də ən gözəl kəlmələrindən biridir “niyyət etmək”.

Başqa dillərə elə də asan çevirə bilməzsən. Oruc tutan insan, məsələn, “orucluyam” yox, “niyyətliyəm” deyər.

Sən niyyət edərsən səmimiyyətlə; əlindən gəldikcə yüyürərsən öz yolunda. “Öyrənənlər”dən olmaq istərsən, bilənlərdən deyil. Niyyətin sənə rəhbərlik edər. Addım-addım, qarış-qarış…

Bu məmləkətdə əli qələm tutanların əksəriyyəti kişidir. Qadınlar şifahi mədəniyyətin qoruqçusudursa, kişilər yazılı mədəniyyətə hakimdir. Jurnalistlər, yazarlar, redaktorlar, şairlər, tənqidçilər…

Onların yazdığı kitabları oxuyanlara baxıram. Bu oxucuların nə qədəri qadındır, fərqindəsizmi? Adətən, qadınlar oxuyur, kişilər yazır.

Elə sahələr var ki, qadınlar kişilərdən daha yaxşı və maraqlı olurlar. Üstəlik, sevdikləri əsərləri yaxınlarına da oxuyurlar.

Yaxşı, qadınlar kişilərdən daha çox və daha ehtirasla oxuduğu halda niyə kişilərdən daha az yazırlar? Cəsarətlərini qıran nədir?

Bütün ilham pərilərinin ancaq qadın kimi təsvir edilməsi təsadüf deyil; qadın dediyin ilham verir, kişi isə o ilhamla əsərlər yaradırdı.

Qadın yazının obyekti, kişi isə mübtədası idi. Bütün bunlar keşmişdə idi. Tablonu kökündən dəyişdirmək vaxtıdır indi.

Daha çox qadının yazılı mədəniyyətə gəlməsi, burda duruş gətirməsi, daha çox qadının “qələm əhli” olması cəmiyyətin də, fərdlərin də inkişafı üçün önəmli.

Dedim ki, qələm əhlindən olmaq niyyətimdir. Bu yöndədir arzum, sevgim və ehtirasım. Lakin zehnimin bir küncü başqa bir yerə bənd olub. Onun gözü başqa bir aləmdə. Qələm əhlində deyil, qəlb əhlindədir. Könül əhli başqa bir hal.

Onlar bambaşqa insanlar. Ah, kaş ki, kaş ki, sayları çox olaydı. Yenə də az deyillər. Nə də cılız, nə lal-dinməz, nə görünməzdilər. Eləcə, yerüzünə səpiliblər.

Mən könül əhlini niyə sevirəm? Onlarda zərrə qədər pislik yoxur, bu üzdən sevirəm. Hər kəsin bir-biri haqqında yalan-yanlış yazdığı, beldən aşağı zərbə vurduğu hallarda belə onlar dedi-qodu yaymazlar, danışmazlar.

Xoşagəlməz söz söyləməzlər. Kəm baxmazlar. Çünkü bilirlər ki, kəm sözün, kəm baxışın enerjisi insana yapışır. Daima bəd danışan adamlar çiyinlərində ağır bir yüklə dolaşırlar.

Mən könül əhlini niyə sevirəm? Onlar insanı insana qırdırmazlar, bu üzdən sevirəm. Heç bir məsələdə dərinə getməzlər.

Kimsəyə kin güdməzlər. Qəlb əhli olanlar bu gün Qırğızıstanda olduğu kimi qonşularının evlərinin üzərinə “bu qırğız, bu özbək” deyə işarə qoyub ayrı-seçkilik etməzlər. Nifrətə, qana çağırmazlar. Mən könül əhlini niyə sevirəm?

Çünkü onlar xoş, sevgiylə baxarlar cümlə aləmə. Və həm də özlərinə. Gözəl baxar və gözəl görərlər. Əhvalları fərqlidir, o dəqiqə duymaq olar. Təlaşsız, dava-şavasız, böhtansız yaşayarlar.

Getdikləri hər yerdə hər zaman sevgi, işıq saçarlar.

Qələm və kəlam dünyası daha davalı, hirsli, tündxasiyyətdir. Bu da mənim xüsusiyyətim…

Mən ruhən ərafdayam. Qələm əhlini sevirəm, amma qəlb əhli başqa dostlar, onlar bambaşqa…

"Haber türk" on-line qəzeti
Çevirəni Səadət Akifqızı

Həmçinin oxu
Amerikada yazarlar necə yaşayır?
Siyasi liderlərimiz roman oxuyurmu?
XS
SM
MD
LG