Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:02

Hərbi hissədəki qətliamın düyünü niyə açılmır?


Qətlə yetirilmiş əsgər Elxan Əzizov
Qətlə yetirilmiş əsgər Elxan Əzizov
Müdafiə Nazirliyinin Daşkəsəndəki hərbi hissəsində bu il yanvarın 28-də baş vermiş ölüm hadisəsinin düyünü hələ də açılmayıb. 4 hərbçini qətlə yetirdiyi, 2 hərbçini yaraladığı, sonradan bir-birlərini güllələdikləri bildirilən əsgərlər Elxan Əzizovla Sadiq Məmmədovun valideynləri deyirlər ki, istintaq hadisənin üstünü ört-basdır edib. Elxan Əzizovun atası Bəyalı Əzizovun sözlərinə görə, 6 nəfərin ölümü ilə nəticələnən mühüm hadisə qalıb kənarda, indi məhkəmə hərbi hissədə əsgərin zabitin telefonuna kontur yükləməsi kimi məsələləri araşdırır:

«Baxdıq ki, məhkəmənin gedişi bizi qane eləmir, məhkəmədə ancaq hərbi hissədə kim kimin üçün kontur yükləyib, hansısa zabit hansısa əsgəri döyüb, hansısa əsgər hansısa zabitə pul verib, ancaq bu məsələlər araşdırılır. Bunlar belə rəy yaradırlar ki, guya mənim oğlumu da incidiblər, ona görə əlinə avtomat alıb o hadisəni törədib. Mən elə ilk gündən etirazımı bildirdim, dedim ki, mənim oğlum döyülməyə görə heç kəsi öldürməzdi».

«ÖLÜM HADİSƏSİ QALIB BİR KƏNARA...»


Əsgər atası deyir ki, əslində bu məhkəmənin ortaya atılması diqqətin əsl mətləbdən uzaqlaşdırılması məqsədini güdür:
Öldürülən əsgərlərin ataları Bəyalı Əzizov və Etibar Məmmədov


«Mən dedim ki, ölüm hadisəsi qalıb bir kənara, siz burda kim kimə 5 manat verib, onu araşdırırsınız. Məhkəmə iclasına sədrlik edən Rəşid Hüseynov deyir ki, biz ölüm hadisəsini araşdırmırıq, o işə xitam verilib və nə sualınız var, gedin hərbi prokurorluqdan soruşun».

Bəyalı Əzizov oğlunun qətl törətdiyinə inanmır, düşünür ki, əksinə, bu qətli başqaları törədiblər, sonradan onun oğlunu və digər əsgər Sadiq Məmmədovu öldürüblər ki, qətli onların üzərinə yıxsınlar.

Əsgər Sadiq Məmmədovun atası Etibar Məmmədov da deyir ki, yanvarın 28-də hərbi hissədə baş vermiş hadisə dərindən araşdırılsa, ortaya çıxar ki, oğlu və digər əsgər Elxan Əzizov heç də bir-birlərini güllələməyiblər, onları üçüncü əl qətlə yetirib:

«Oğlum birinci dəfə silahı əlinə yanvarın 26-da götürüb, öldürülənlər isə alnından, ürəyindən vurulublar. Mənim oğlum hələ heç silah tutmağı öyrənməmişdi. Bundan başqa, məhkəmə tibbi ekspertizasının rəyində də göstərilib ki, nə silahda, nə patronda oğlumun əl izi yoxdur».

UŞAQLARIMIZA ƏVVƏL İŞGƏNCƏ VERİBLƏR, SONRA GÜLLƏLƏYİBLƏR


Etibar Məmmədov hesab edir ki, oğlu nəinki qətl törətməyib, əksinə onun özünü qətlə yetiriblər, həm də qətlə yetirməmişdən əvvəl işgəncə veriblər:

«Bu uşaqların hər ikisi işgəncəylə öldürülüb, diz üstə çökdürüblər, yuxarıdan aşağı vurublar. Oğlumun ürəyində bıçaq izi var idi, bədəni gömgöy idi, şəkillərini də çəkmişik».

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfraim Təhməzov deyir ki, Daşkəsəndəki hərbi hissədə baş vermiş hadisəylə bağlı tərəflər həyatda olmadıqlarına görə, cinayət işinə xitam verilib. Bu hadisə ilə bağlı hərbi hissədə aparılmış araşdırmalar nəticəsində həbs olunan zabitlərin məhkəməsi isə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə davam edir.

ÖLÜM İŞİNƏ XİTAM VERİLMƏSİ «ƏMMA»LARI ÇOXALDIB

Ələkbər Məmmədov

Əsgər ataları narazıdırlar ki, əsgər və zabitlərin ölümü ilə bağlı cinayət işinə xitam verilərkən bu barədə qərarın surəti onlara verilməyib. Çünki onlar bu qərardan şikayət etmək istəyirlər.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov deyir ki, əsgər atalarının sözlərində həqiqət var. Belə ki,
Daşkəsəndəki hərbi hissədə baş vermiş qanlı hadisə sıradan bir hadisə deyildi. Hələ hadisə baş verən gündən hərbi ekspertlər nəticəni necə proqnozlaşdırmışdılarsa, elə də oldu: «Necə demişdimsə ki, hadisəni o ölən uşaqların üstünə yıxacaqlar, elə də oldu».

Hərbi ekspert deyir ki, ölüm faktı ilə bağlı cinayət işinə xitam verilərkən də Cinayət Prosessual Məcəlləsi müstəntiq tərəfindən pozulub. Həmin Məcəlləyə görə, cinayət işinə xitam verilməmişdən əvvəl ölənlərin valideynlərini dəvət etməliydilər, bu barədə onlara bildirməliydilər, valideynlərə xitam qərarı təqdim olunmalıydı. Çünki onların bu qərardan şikayət etmək hüquqları var. Müstəntiq onları bu hüquqdan məhrum edib.

ZABİTLƏRİN MƏHKƏMƏSİ DAVAM EDİR


Bu il yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində qətliam baş verib. Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun hadisə ilə bağlı rəsmi məlumatı budur ki, əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov xidməti istifadələrində olan silahlarla hərbi hissənin divizion komandiri Yusif Gümayevi, qərargah rəisi Vasif Sadıxovu, baş leytenant Anar Quliyevi və baş gizir Elgün Səmədovu qətlə yetiriblər, zabitlər Vazeh Babayevi və Samir Abbasovu yaralayandan sonra üzbəüz dayanaraq bir- birlərini güllələyiblər.

Bu hadisədən sonra hərbi hissədə araşdırma aparılıb, çoxsaylı əsgərlərin incidilməsi faktlarına görə bir neçə zabit həbs olunub və hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə mühakimə olunurlar.
XS
SM
MD
LG