Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Günel Eminli "Dondurma" (Hekayə)


Özümü mətbəxdə guya iş görürmüş kimi göstərməkdən bezdim. Kimə göstərirdim axı özümü? Evdə heç kim yox idi.

Amma beləcə başımı qatırdım, özümü aldadırdım: çünki yata bilmirdim.

Fincanların bir neçəsini yudum. Soyuducunu açıb, içini səliqəyə salmaq istədim. Göyərtini təmizləyib suyun altına qoydum.

Qəhvədanı yuyucu tozla sürtdüm.

Sonra gözüm dəsmallara sataşdı- onları səliqəylə qatlamaq istədim.

Ancaq birdən-birə bütün işləri yarımçıq qoyub, qonaq otağına keçdim. Kitab rəfindən əlimə keçən ilk kitabı götürüb, özümü divana atdım.

Vərəqləməyə başladım, xoşuma gəlmədi. Qalxıb kitabı dəyişdim, sonra başqasını aldım, sonra onu da dəyişdim: heç birini bəyənmədim.

Telefonu götürüb, nömrələrə baxdım. Çoxdan zəng etmək istədiyim, amma vaxt və həvəs azlığından zəng etmədiyim adamlardan birini yığdım.

Dəstəyi qaldıran olmadı. Bir başqasına zəng vurdum - telefon məşğul idi. Hirsləndim.

Hamı iş adamı olub- gedib. Ən yaxşısı internetdi, yaxşı ki o var.

Notebook-u açdım, elə divandaca dizimin üstünə qoyub, skype-da onlayn, ofline olan dostlarımın siyahısına baxdım. Cəmi ikisi online idi, onlarla da çərənləmək istəmədim.

Onu divanda açıq qoyub ayağa qalxdım. Həvəssiz-həvəssiz otağı süzdüm- iş stolumun üstündə qızımın şəkli diqqətimi çəkdi, sanki indi görürdüm: Leylanın gözləri necə də atasının gözlərinə oxşayırdı, rəhmətlik ərimin.

Birdən-birə darıxdım. Bütün günü işdə olduğumdan, yetərincə maraqlana bilmədiyimdən qızımı anamın yanına qoymuşdum. Düşünürdüm ki, anam uşağa daha yaxşı baxacaq.

Hələ də bir ana kimi səhv etdiyimi hiss edir, özümü qınayıram, amma bir qadın kimi mənim buna haqqım var: içimdəki yaşanmamış qadınlıq analıq hissinə həmişə qalib gəlir.

Onda da elə belə olmuşdu. Hələ gözümü qızımdan çəkməmişdim. Telefonuma zəng gəldi. O idi. Nə olub görəsən? Niyə məhz bu vaxt?

Onda hər şey neçə ay qabaqcadan olub-bitmişdi. O cümlə hələ də qulaqlarımdadı: “Sən mənə lazım deyilsən, get həyatını yaşa.”

Telefon durmadan çalır, dayanmaq bilmirdi. Mənimsə qanım donmuşdu: nə cavab verim?

Telefonu götürdüm:

- Necəsən?

- Yaxşı.

- Neynirdin?

- Heç.

Elə danışırdıq, elə bil günorta ayrılmışdıq.

- Sən necəsən?- özümü toplayıb mən də bir söz soruşa bildim.

- Belə də- dedi, azacıq pauzadan sonra əlavə etdi- sənsiz elə-belə...

Anlamadım, nəyə nail olmaq istəyir. O yaxşı bilirdi ki, onu unutmamışam, unutmayacam. Amma nə görüşməyimiz mümkün idi, nə də bir yerdə olmağımız.

Xəstə qızı var, arvadı var.

Daha günah qazanmaq istəmirdim.

- Nə tez düşdüm yadına?- Onu acılamaq istədim. O isə özünü o yerə qoymadı.

- Sən mənim yadımdan heç çıxmamısan.-dedi -Hə, içmişdim, başım dumanlıydı, qızım xəstə.. İşdə problemlər... əsəbiydim... Bağışla, incitdim səni.

Bilirdim, bilirdim ki, hər şey yenidən başlayır, yenə eyni ssenari davam edəcək.

Eyni xəttlə başlamaq, eyniliklə də bitirmək, filmin son səhnəsini bilə-bilə bu filmə yenidən baxmaq və hətta eyni heyətlə yenidən və yenidən eyni filmdə oynamaq: risk etməyə dəyərdimi?

And olsun müqəddəslərə, nə soruşacağını da bilirdim.

- Ürəyin nə istəyir?

Cavabım müttəhimin 15 il gözlədiyi halda 8 ilə ümid etməsi, hakimin isə bütün dəlillərə baxmayaraq cinayətkarı zaldan azadlığa buraxması kimi oldu.

Ağlıma gələn ilk şeyi istədim.

- Dondurma, mənə dondurma al.

Dəqiq yadımdadı, gözlükdən dəqiqələri saya –saya baxırdım. 46 dəqiqə keçdi. Altı dondurma almışdı. Qapımda, boynunu büküb dayanmışdı.

Qapımı döymədi də. Hər şey yenidən başladı.

Sonra işə düzəldim. İş yoldaşlarıma uyğunlaşmağa çalışdım. Hamı dul bir qadın kimi hörmətimi saxlayırdı.

Bədbəxtlərə həmişə münasibət mülayim olur. Amma bir dəfə dilim dinc durmadı. Bütün bunları iş yoldaşıma danışdım- bölüşmək istədim, paylaşmaq istədim, o da qadındı, mən də qadınam.

Bilirsiz, yaşadığım iki illik sevgi həyatını ona gözəl bir dildə danışandan sonra qızın ilk sualı nə oldu?

- Sən altı dondurmaya görə onunla təzədən sevişdin?

Səhvimi anladım. Ancaq artıq gec idi. İstərdim onu başa salam...

Əzizim, nə dondurma, nə yataq... Hər şey daha qəlizdir... Sən təklik nədir bilirsənmi?

Gecələr evdə təklikdən, içini didib-parçalayan tənhalıqdan canavar kimi ulamağın gəlibmi?

Sən heç yataqda balışı ağzına basıb ulamısanmı? Sən heç gözünü açanda yatağında Günəşi görüb sevinmisənmi? Sən heç sabahları dirigözlü açmısanmı?

Lənətlənmiş kimi, hər gecə gəncliyini itirdiyini hiss etmisənmi? Və bütün bunlarla barışmışkən, həyatına, bir sevgi- həyatının sevgisi gəlsə, üz çevirərsənmi?

Ehh, bunları o qıza başa salmaq olardımı ki? Çətin. Mən onu belə bilməzdim. Qayğısızdı. Özünə macəra axtaranlara oxşar siması vardı.

Sən demə özünü ideal hesab edən, hamıda səhv axtaran insan tipli biri imiş. Nə qədər ki, sirrimi bölüşməmişdim, onu belə tanımırdım.

Monitora baxan gözləri hələ də gözlərimin önündədi: o mənim haqda düşünürdü.

Üzündəki ifadə bunları deyirdi: “Hey, millət, bu qadına baxın, bu qadın 6 dondurmaya görə öz yatağına kişi buraxır. İstəyirsiniz, siz də şansınızı yoxlayın, bəlkə 4-nə razı oldu”.

Neyləyə bilərdim axı?

İşdən çıxdım, qıza başqa heç nə demədim- mən ona ancaq tənhalıq, sevgi və sonra dondurma arzulaya bilərdim. Bəlkə bundan sonra məni anladı.
XS
SM
MD
LG