Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Avropa Məhkəməsi Azərbaycanın şikayətini rədd etdi


Eynulla Fətullayev
Eynulla Fətullayev
Avropa İnsan Haqları Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Azərbaycana qarşı iddiası ilə bağlı qərarını dəyişməyib. Bu barədə AzadlıqRadiosuna həbsdə olan jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, bugünlər Avropa Məhkəməsi bu iş üzrə yekun qərarını elan edib. Yəni bu qərarı ilə Avropa Məhkəməsi həbsdə olan jurnalist barəsində bu il aprelin 22-də çıxardığı əvvəlki qərarı qüvvəsində saxlayıb. Birinci qərara görə isə, Eynulla Fətullayev dərhal azadlığa buraxılmalı və ona Azərbaycan hökuməti tərəfindən 28 min avro təzminat ödənilməlidir.

Azərbaycan bununla razılaşmayaraq qərardan Məhkəmənin Yuxarı Palatasına şikayət vermişdi.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq səkkiz il yarım azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında isə 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və həbsxana işçiləri jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin tapıldığını deyiblər. Jurnalist isə bu iddianı rədd edərək, narkotik maddənin onun paltarına qəsdən qoyulduğunu bildirib.

Amma Qaradağ rayon Məhkəməsi bu il iyulun 6-da jurnalisti iki il yarım azadlıqdan məhrum etmək barədə qərar çıxarıb. Eynulla Fətullayev həmin hökmdən apellyasiya şikayəti verib. Bu şikayətlə bağlı Bakı Apellyasiya Məhkəməsində bir neçə dəfə iclas keçirilib. Eynulla Fətullayev Qaradağ rayon Məhkəməsinin protokolları ilə tanış olduqdan sonra protokollarda əlavə qeydlərini aparıb, burdan sonra protokollarla bağlı izah alınması üçün protokollar Qaradağ Rayon Məhkəməsinə qaytarılıb.
XS
SM
MD
LG