Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:57

Samirə Əşrəf "Qumarbazın tövbəsi"



.Qadın ikiadamlıq çarpayıda uzanıb gözünü bənövşəyi şüşələri olan çilçırağa zilləyərək o biri otaqdan gələn səslərə qulaq asırdı.

Səslər ucaldıqca o diksinir, yerində o tərəf bu tərəfə qurcalanırdı.

Yanındakı qızının oyanacağından ehtiyat edərək ehmalca ayağa qalxdı, xalatının cibindən çıxardığı açarı bayaqdan bağlamış olduğu qapının açarlıq yerinə keçirtdi, təzədən qayıdıb yatağına girdi.

Otaq isti olsa da qızı soyuqdan büzüşmüş kimi, üstündəki örtüyü boğazına qədər çəkib yatmışdı.

Qadın adyalı qızının sinəsinə qədər çırmalayıb əllərini örtüyün altından çıxardı.

O gecə lampasının zəif işığında pəncərənin kənarında qoyulmuş yapon gülünə nəzər saldı. Gülü bu gün əkmışdı.

Nəm torpağın qoxusu açıq pəncərədən otağa dolan payız havasına qarışıb otağa yayılmışdı. Otağın solğun divar kağızının açıq qəhvəyi rənginə çalan gülləri gecə lampasının zəif işığında daha da solğun və cansıxıcı görsənirdı.

Qadın gözlərini yumub mürgülədi. Bir iki dəqiqə keçmişdi ki, o biri otağın qapısı şaqqıltı ilə açıldı dəhlizdən əvvəl Şakirin sonra isə dostlarının səsi eşidildi. Yenə də növbə ilə ayaqyoluna, hamama doluşdular.

Onlar otağa qayıtdıqan sonra otağın qapısını açıq qoydular. Şakiri gözləyirdilər. Şakir mətbəxdə eşələnir, kibrit olan siyirmənin ağzını tez-tez açıb örtürdü.

Sonra o mətbəxin işığını keçirib qonaqları olan otağa girib arxasınca qapını bağladı. Həmişəki kimi çəkdikləri zəhrimarın iyi bütün evə yayıldı.

Əvvəllər bu iy gələndə qadının ürəyi bulanırdı, zaman keçdikcə o bu iyə və Şakirin başqa pis vərdişlərinə zəif işıqlı otağı ilə birgə öyrəşdi.

Səhər saat on idi. Mətbəxdən kərə yağının qızdırılmış iyi gəlirdi. Qadın qızını məktəbə qoyub, bazarlıq etdikdən sonra evə indi gəlib çıxmışdı.

Boyat çörəkləri faı-fal doğrayıb ikisini-üçünü üst-üstə qoyub xırda tikələrə ayırdı. Sonra onları isti sobanın içindəki dəmir qaba yığıb sobanın ağzını kip örtdü.

Yerdə qalan dörd fal çörəyi boşqabda çaldığı yumurtaya bulaşdırıb tavada qızdırmış olduğu kərə yağının içərisinə düzdü.

Şakirin öskürəyi gəlirdi. Səhərlər həmişə belə acı və xışıltılı öskürürdü. O əl-üzünü yuyub mətbəxə keçdi. Qadın mətbəxdə heç kəs yoxmuş kimi öz işində idi.

Qızartmış olduğu yumurtalı çörək dilimlərindən üçünü boşqaba yığıb Şakirin qarşısına qoydu. Sonra qabları yudu, sobanı söndürüb o biri otağa keçdi.

Şakir xörəyini yeyib bitirdikdən sonra özünə çay süzüb içdi. Sonra o qadının oturduğu balaca otağa keçdi. Əlini cibinə salıb 300 manat pul çıxarıb stolun üstünə qoyub dedi:

- Bu gün özünə və uşağa nə lazımdırsa al.

Qadın çox quru və soyuq tərzdə dilləndi.

- Lazım deyil.

Şakir stolun üstünə qoymuş olduğu pula baxıb tərəddüdlə dedi:

- Niyə lazım deyil. İkinizdə cır-cındırın içində itib-batırsınız. Adam kimi geyinmək istəmirsiniz?

Qadın hirslə ayağa qalxıb ərinin gözlərinin içinə baxdı.

- Dedim ki, lazım deyil, get özünə nə istəyirsən al.

Qadın otaqdan çıxanda Şakir onun arxasınca ürəyindən tikan çıxardan bir söyüş söyüb, pulu götürüb cibinə qoydu.

O çöl qapını zərblə çırpıb evdən çıxdı.

Şakir neçə illərin peşəkar qumarbazı idi. Onu bu yola pulsuzluq və işsizlikdən yaranan məhrumiyyətlər salmışdı.

Ailə qurduğu bu qadını o böyük məhəbbətlə sevib almışdı. Bu qadına görə o öz doğma dayısı qızının nişanını qaytarmış və toya bir həftə qalmış bu qadınla evlənmişdi.

Bütün qohum-əqraba ondan üz döndəri və illərlə heç kəs onun qapısını açmadı. Şakirin arvadı hamilə olanda onu işdən çıxartdılar.

O uzun müddət iş axtardı, çox az maaşlı ağır işlərdə çalışdı. Çətinliklərə dözdü. Qızı doğularkən özü ilə birgə müalicəsi üçün çoxlu pul lazım olan xəstəliklər gətirdi.

Dolanışıq və qızının sağalması üçün çox adama borclanmışdı. Və nəticədə o nəşə, qumar, içki kimi pis vərdişləri olan insanlarla tanış olub özü də onlardan birinə çevrildi.

Şakirin evdən getiyi gündən üç gün keçmişdi. Qadın bilirdi ki, indi o qumarda udduğu pulların üstünü artırmaq üçün dəridən qabıqdan çıxır.

Həmişə belə olurdu Şakir qumarda yüz manat udurdusa nəfsi və acgözlüyü ucbatından 1000 manat uduzurdu.

Bu yolda qadının qızılları, cer-cehizi gözə görünən bahalı hər şeyı satılmışdı.

Daha iki gün keçdi, Şakir yenə evə gəlmədi, Qadın narahat idi. Belə yoxa çıxmalar yaxşı əlamət deyildi və bunun nəticələri pis olacaqdı.

Həftənin 1-ci günü qadın qızını məktəbə qoyub evə gəldikən sonra məktəbin müdürü zəng çalıb onun təcili məktəbə gəlməsini istədi.

Qadın məktəbə çatıb müdürün otağına girəndə stula əyləşmiş qızının içini çəkə-çəkə ağladığını gördü.

Şakir qumarda pul uduzmuşdu. Pul uduzduğu adamlar məktəbə gəlib uşağı qorxutmuşdular. Qızın əlinin içindən bir santı uzunluğunda bıçaqla çərtib, qulağına da Şakir haqqında pis sözlər fısıldayıb getmişdilər.

Qadın Şakiri çox axtardı, bütün dostlarına zəng vurdu, heç bir yerdə onu tapa bilmədi.

Aradan iki gün də keçdi. Uşaq gecələr yuxuda qışqırır ağlayırdı. Qadın buna görə düz-əməlli yuxu da yata bilmirdi.

Gecə saat dörd idi, qadın qapının açıldığını eşitdi. Bütün evə vahiməli sakitlik çökdü. Qorxudan qadının ürəyi çırpınırdı.

Sonra onlar yatan otağın qapısı ağır-ağır açıldı. Qadın qaranlıqa Şakirin siluetini tanıdı. Şakir ehtiyatla onun yanından ötüb qızının yatdığı tərəfə addımladı.

O qızının öz ucbatından çərtilmiş əlindən tutub, diz üstə çökmüşdü. Şakirin hıçqırıqları eşidilirdi. Sonra ayağa qalxıb qadına yaxınlaşdı.

O Şakirin əlinin soyuqluğunu alnında ,başında hiss edirdi. Şakir otaqdan çıxıqdan sonra təxminən on dəqiqə evə ləngii. Sonra o çöl qapını da örtüb evdən getdi.

Nədənsə qadın Şakirin bu gedişinin son gediş olduğunu kədərli bir öncəgörümlüklə hiss etdi.

Qadın qızının çayına 2 qaşıq şəkər töküb qarışdırıb qızına içizdiri. Sonra paltaryuyan maşından paltarların yarısını çıxarıb vedrəyə yığıb sərmək üçün eyvana çıxdı.

Onların eyvanı dənizə baxırdı, dənizin kənarında 5-6 nəfər kişi yığışıb nə barədəsə möhkəmdən danışırdılar.

Qadın vedrədəki paltarları sərib qurtardıqdan sonra otağa qayıtdı, soymuş olduğu kartofları boşqaba qoyduğu suyun içərisindən çıxarıb, doğrayıb qaynamaqda olan xörəyə tökdü.

Yuyulmuş paltarların qalanını da vedrəyə yığıb sərməyə apardı. Dənizkənarındakı adamların sayı iki dəfə çoxalmışdı. Kişilər əl-qollarını ölçə-ölçə hündürdən danışır və qadıngilin yaşadıqları binanı göstərirdilər.

Qadın paltarları sərəndə çöl qapının döyüldüyünü eşitdi. O qapını açarkən qonşu uşaqlarından eşitdiyi şözlər bu oldu. Xala sizin ərinizi, Şakiri əmini öldürüblər.

Qadın dəniz kənarına çatanda polis maşını da gəlmişdi. Şakir sol böyrü üstə düşüb qalmışdı. Sağ gicgahından açılmış dəlikdən axan qan qulağının yanında laxtalanıb quruyurdu. Sağ əlinin yanında Şakirin öz tapançası görsənirdi. Qadın arxadan insan axının səslərini eşidirdi.

- Görəsən niyə öldürüblər?

- Kim ölürüb?

- Deyirlər borclu olduğu adamlar edib.

Qadın isə Şakiri heç kəsin öldürmədiyini yaxşı bilirdi.

Oktyabr 2010
XS
SM
MD
LG