Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:19

Mübariz Cəfərli "Güzgü" (Hekayə)


Qəfil səksəkə içində oyanmaq istədi, gözü qaranlığa alışmadığından otaqdakı əşyaları ayırd eləyə bilmədi, tamam ayılmamışdı, fəhmən çalışırdı ki, ayağa dursun, çünki vahimələnmişdi, ancaq yadına sala bilmirdi gördüyü yuxunu.

Nə o yanlıq idi, nə bu yanlıq. Ölümün qardaşı onu ağuşundan buraxmırdı, o isə var gücü ilə müqavimət göstərməyində idi, lakin get-gedə qüvvəsi tükənirdi, nəhayət, bədəni sustaldı, gözləri təzədən yumuldu.

Yenə baş vurdu üzü o tərəfə. Bəriyə dönmək üçün kənar köməyə ehtiyac vardı.

Ya saatın zəngi çalınmalıydı, ya telefonun səsi aləmi başına götürməliydi, ya da Allah eləməmiş zəlzələ-filan olmalıydı.

Amma zaman sakit axmağında idi. Qismət beləymiş, o, yarımçıq yuxusunu başa vurmalı, tamamlamalı, upuzun, sonu görünməyən yolu axıracan getməliymiş.

Əvvəlcə maşında, bozumtul asfaltla, sonra pay-piyada otsuz-qanqalsız qupquru çöllüklə...

O, hara yol almışdı, niyə gedirdi, mənzil başında onu nə gözləyirdi? Yuxu özü də açılacaq sabahlar kimi sirri-xudadı. Yuxu, vaqeə öyrəşdiyimiz həyat tərzindən həm qəlizdi, həm də dərin...

Hər səhər oyanıb eyni qadını yanında görmək çox yorucudu. Üstəgəl eyni iş-güc, institutun auditoriyalarında oxuduğu mühazirələr. Eyni müəllim yoldaşları, illər ötdükcə təzələnməyən, köhnə kitablardan əzbərlədiyi təkrarlama... Çevir tatı, vur tatı...

"Nələr arzuladım, nələr qazandım..."

Elə günahın, səhvin, müəmmanın ən böyüyü burda gizlənib; dünyaya qazanc dalınca gəlmək istəyində...

Guya, doğrudan-doğruya nə isə qazanmaq olarmış. Kim qoyub bu mənasız alış-verişin əsasını? Qumluqda imarət, cah-cəlal qurmaq eşqinə birinci kim düşüb? Dünya malı ilə əbədiyyət qazanmaq xülyası kimin ağlına gəlib?

Firondan da o yana gedib çıxır... Adəm-Həvva dövrünə... Habillə Qabilin ölüm-dirim savaşına...

Qarğanın öldürülmüş ilk Adəm övladını torpağa basdırmağın yolunu göstərməsinə.

Şeytan öz işini nə tez görmüşdü, xudaya! Bu davada, bu oyunda Tanrı özünəbənzər yaratdığına tərəfkeşlik eləsəydi, mizan-tərəzi pozulardı.

Amma qovulmuşları özbaşına buraxmaq da olmazdı. Beləcə, peyğəmbərlərə ehtiyac yarandı. Yerə müqəddəs kitablar göndərildi.

Əsrlər ötüşdü, gəlib çatdıq son mərhələyə, tənəzzül dövrünə, çevrə qapanmağa yaxınlaşır, yenidən daş dövrünə qayıtmaq üçün milyon illər keçməliydi.

Oyunun, böyük mərcin axıraxırıydı, ağıl ölçüsü ilə dərk eləmək müşkül olan oyunun sonu. Qalib-məğlub məsələsi bizlik deyildi, şərt kəsiləndə də bizim rəyimizi soruşan olmamışdı.

Zəncirvari olaraq biz də öhdəmizə düşəni başa vurub estafeti özümüzdən sonrakılara ötürməliydik.

Əlbəttə, bacardığımız qədər. Boyumuzdan yuxarı tullana bilməzdik ki! Bəxtimizə yazılanı yerinə yetirib dünya adlı güzgüdən anicə boylanaraq yolumuza davam elədik.

Yuxu ilə ayıqlığın arasında var-gəl eləyib axırda taleyi ilə barışan institut müəllimi, başını girləyən saysız- hesabsız ortabab elm adamlarından biri hələ də güzgüyə baxırdı.

Həmin güzgüdə təkcə özünü görmürdü, bütün nəsil-nəcabətinin surəti ardıcıllıqla gözünün qaba-ğında canlanırdı. Qəribə burasıydı kı, özündən sonra heç kimi görmürdü güzgüdə.

O, sonuncu idi. Bəs oğlu? Məntiqlə sonra oğlunun əksi görünməliydi.

Qəfil ağlına gələn fikirdən yuxudamı, ayıqlıqdamı tükləri biz-biz oldu, bir anlığa nəfəsi kəsildi, az qala canını tapşıracaqdı. "İlahi, ip qırılıb, o, mənim oğlum deyil. Mənim övladım yoxdu..."

Deməli, xəyanət... Əsrlər boyu təkrar-təkrar baş verən, bir-birini əvəzləyən qadın xəyanəti. Tarix həqiqətən təkrar olunurmuş. Görəsən arvadı ona kiminlə xəyanət eləyirmiş?

Düzdü, o özü də az aşın duzu deyildi, intəhası, iş övlad, uşaq məsələsinə gedib çıxmırdı. Heç vaxt imkan verməzdı buna. Elə bir şey olsaydı özündən sonra güzgüdə ayrı sima görərdi.

Öz davamçısını, öz oxşarını... Amma böyüdüb yekə kişi elədiyi ona qətiyyən bənzəmirdi. Bu da belə! Qadınlara inanmaq səfehlikdi. Arvadın pisi pisdi, yaxşısının zatına lənət!

İllər boyu çalış-vuruş, qazan, axırda da qal quru yurdda.

Demə, özgə törəməsini böyüdürsənmiş, nəslinin sonuncususanmış. Vəssalam, səndən sonra nöqtə qoyulur. Görəsən, bərkə dursaydı arvadı nə deyə-cəkdi? Yəqin boynuna almayacaqdı.

Necə sübut eləyə bilərdi? Yuxuda filan məsələ mənə əyan olub...

Bəlkə arvadı qızıl-qırmızı onun üzünə dayanacaqdı ki, yaxşı eləmişəm, lap belə əlimin içindən gəlib, sən yüzü ilə yaxınlıq eləmisən, mən də biri ilə başbir olmuşam?!

Biri ilə?.. Kim sayıb siyahılamışdı zinakarları? Bir, ya yüz fərqi yoxdu, arvadı onu barmağına dolamışdı.

Kişi ilə qadını eyniləşdirib bir tərəziyə qoymaq düzgün deyil axı...Kişi arıdı, güldən-gülə qonub şirə çəkməsi qəbahət deyil. Qadınsa öz "arısını" gözləməlidi, "arısına" sadiq qalmalıdı.

Adam yuxuda ya tamaşaçıdı, ya aktyor. Həmişə gözəgörünməz rejissorun əmrini yerinə yetirir. Həyatda belə səbrli deyildi. Onu aldatmışdılar, o isə sakitcə olub keçənləri götür-qoy eləyirdi.

Oğlunun, daha doğrusu, böyütdüyü oğlanın təvəllüdünü nəzərə alıb bu xəyanətin təxmini vaxtını bilmək mümkündü. Lakin noolsun?

Sonra? Görəsən, arvadı hansı Yusifcamala bənd olmuşdu? Arvadına inanmışdı həmişə, onu aydan arı, sudan duru sanmışdı.

Amma şübhəyə səbəb göz qabağındaydı. Sadəcə, bir az diqqətli olmaq lazım idi. Böyütdüyü oğlan ona zərrəcə bənzəmirdi. Sarışındı, gözləri də gömgöy.

İndiyəcən fikir vermədiyi bu detallar uzaqdan adama "gəl-gəl" deyirdi. Bəs onun, elmlər namizədinin boş başı hardaydı? Tələbələrdən rüşvət yığmağa qarışmışdı?

Hərdənbir başını qaldırıb ətrafa baxsaydı anlayardı məsələni. Buna şəkk-şübhə yoxdu. Oğurluqla ayağısürüşkənliyin qırx gün ömrü var. İndisə qatar gedib...

Görəsən o, böyütdüyü oğlanın atasını tanıyırdımı? Çox güman ki... O adam Aydan-zaddan gəlməmişdi.

Ən azı böyütdüyü oğlanın atası onu görmüşdü. İndi dərdini kimə deyəsən, çıxış yolunu harda axtarasan? Böyütdüyü oğlan nişanlı idi.

Beş-on günə toyu olacaqdı. Bəlkə oğlanın atası toya gəlib bir küncdə oturacaqdı, yavaş-yavaş araq vurub keflənəcəkdi, qol götürüb oynayacaqdı və ürəyində ona, "toy yi-yəsinə" güləcəkdi?

Bəlkə lap dəmləşib onun yaxasından yapışaraq qəhqəhə çəkəcəkdi, dəli, vəhşi qəhqəhə ilə deyilən kəlmələr toydakıları donduracaqdı:

"Bu toy sənin oğlunun deyil, mənim oğlumundu..."

Ağlına gələnlərdən elə röyadaca əti ürpəşdi. Oyaq olsaydı, bəlkə də ürəyi dayanardı.

Yuxuda ölmək ona görə xoşdu ki, onsuz da az qala ölümün içindəsən, daha irəli-geri var-gəl eləməyə lüzum yoxdu, təkcə Əzrayıl gəlmir, yatan da sövq-təbii ona doğru addım atır.

Aldadılanla aldadan bir çarpayıda yatmışdı, aldadılan oyananda xəyanətkarı yatağında, yanında görəcəkdi.

Qonşu otaqdasa mayası xə-yanətdən yoğrulanın xorultusu aləmi gö-türmüşdü. O, elə uşaqlıqdan " başından yekə" xoruldayırdı. Bir ara onu həkimə də aparmışdı.

Elə bilirdi uşağın burun-boğazında artıq ət var, ona görə rahat nəfəs almır. Həkimsə demişdi ki, hər şey, daha doğrusu, uşağın burun-boğazı qaydasındadı, xoruldamağına gəlincə, bunun ziyanı yoxdu. Ola bilsin irsidi... "Ola bilsin irsidi..."

O vaxt bu kəlmələri vecinə almamışdı, həkimin: "Bunun ziyanı yoxdu,"- deməsindən elə sevincək olmuşdu ki, daha dərinə getməmişdi. İndisə elə yuxudaca başı saat kimi işləyirdi; axı o da, arvadı da quzu kimi sakit yatırdı.

Deməli, uşaq əsl atasına oxşamışdı. Beləydisə, onu elə xoruldamağından tanımaq olardı.

Əlbəttə, bu dəryada balıq sevdasıydı. Suda boğulan saman çöpündən yapışar, aldadılan da nədənsə yapışıb qamətini düzəltmək, dikəltmək istəyirdi, amma başa düşürdü ki, bu dava çoxdan uduzulub, indi hara əl atsaydı, hansı yola üz tutsaydı heç nə dəyişməyəcəkdi, olan olmuşdu, torba dolmuşdu.

Kaş ölənəcən aldadıldığını anlamayaydı. Gözüyumulu yaşamaq can rahatlığıymış. Həqiqəti bilməyi nəyi dəyişdi ki?.. Ürək ağrısı və təlaşla bu fani dünyada tamam-kamal tək-tənha qaldığını hiss elədi.

Sonra? Kiminlə, necə mübarizə aparasan? Neçə illik nəzir- niyazdan, dava-dərmandan sonra arvadı uşağa qalmışdı. Ay-hay!

Bu Allah payı yox, Tanrının istehzası imiş. Niyə? Səbəbi? Yaradan gizlinləri məqamı yetişməmiş açmır.

Yaxındakı işarələri başa düşməyə hər kəsin kəraməti çatmır. Yalnız dayazdakıları anlaya-anlaya, oxuya-oxuya dərinə getmək mümkündü. Yoxsa batarsan! Necə ki, o, batırdı, o, boğulurdu.

Aldadılanın öz övladı olmayacaqdı. Buna nə yaşı, nə də güc-qüvvəsi imkan verirdi. Onun ölümü və son! Amma kim belə amiranə hökm verə bilər?

Hər şeyi yerli-yataqlı götür-qoy eləmək lazımdı. Bəlkə əsas məsələ həqiqəti tapmaq yox, daha dərində gizlətməkdi? İndi də özünü aldatmalıydı?

Özünü heç nədən xəbərsiz göstərməliydi? Elə həqiqət var ki, yalandan ziyanlıdı. O, adına " hörmət" deyilən çox haqq almışdı, deyəsən, indi də haqq vermə məqamı yetişirdi. Heç kəs bütün ömrü boyu yalnız və yalnız qələbə qazanmır. Qazancla itki əkizdi. Yoxsa tərəzi əyilər.

O, keçmişini itirmişdi, gələcəyi duman içindəydi. Ancaq bundan sonra hansı gələcəkdən söhbət gedə bilərdi? Gələcək özü də keçib getmişdi. Yuxuda zaman ölçüsü bir-birinə qarışır.

Yuxu görən yatdığını anlayıb istədiyi məqamda oyana bilsəydi, insan röyanı idarə eləmək gücünə malik olardı. Bu da insanların qanadlanması anlamına gələrdi.

Yuxu bir qırağa, adamlar ağlı başında olan dəmlərdə oyanışlarını düz-əməlli idarə eləyə bilmirlər. Nəyi isə tapmaq üçün arayıb-axtarmaqdan da əfzəl bircə şeyi unutmamaq lazımdı; göylərin iradəsi olmadan heç nə tapmayacaqsan. Tapıntı kimi görünən başaldadıcı ilğımdı. Necə ki, o, böyütdüyünün atasını tapa bilməyəcəkdi.

Nə yuxuda, nə də sonra. Elə özünü bilməməzliyə vurub axıracan ata rolunu oynamaq ən başağrısız, dava-şavasız, sakit çıxış yoluydu.

Ya da heç oyanmayıb hər şeyi fələyin ixtiyarına buraxmaq. Onsuz da ikiayaqlıların cidd-cəhdlə gizlətməyə çalışdığı sirlər göylərdə açılacaq.

Ən yaxşı çıxış yolu yuxudan üzü o tərəfə addamaqdı. Sonrasına, Allah kərimdi...

"Ulduz"
XS
SM
MD
LG