Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:21

Onlar debata niyə gəlmirlər?


Lalə Abbasova
Lalə Abbasova
Oqtay Əsədov, Lalə Abbasova, Madər Musayev, Əli Kərimli, Arif Hacılı... Sadalayıb vaxtınızı almayaq. Bu deputatlığa namizədlər İctimai Televiziyada debatlara gəlməyənlərdir. Görəsən, səbəb nədir?

LALƏ ABBASOVA YASDA İMİŞ

Bitərəf namizəd Lalə Abbasova qardaşı vəfat etdiyi üçün debata qatılmayıb. O deyir ki, seçicilərindən və rəqiblərindən qaçmır. Əksinə beş ildə normal fəaliyyət göstərdiyi üçün seçicilərinə deyəcək sözü də çoxdur.

XAÇMAZDA DÜNYANIN İŞİNİ GÖRMÜŞƏM

Lalə Abbasova: “Xaçmazlılar üçün dünyanın işini görmüşəm. Su, körpü, telefon çəkdirmişəm. Fərdi qaydada köməklər etmişəm. Mənim çox sözüm var. Sadəcə, təbliğat zamanı bəzi insanlar düz təşviqat aparmırlar. Bilmirəm savadsızlıqdandır, ya nədəndir? YAP-ın üzvləri deyirlər ki, bu siyahını prezident təsdiqləyib və adamları çaşdırırlar. Prezidentin adından istifadə edirlər ki, bizi prezident seçib, biz də deputat olacağıq”.

OQTAY ƏSƏDOV SAYĞISIZLIQ ETDİ


Debata gəlməyənlərdən biri də Milli Məclisin sədri, hakim partiyanın 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Oqtay Əsədovdur.

Oqtay Əsədov
Həmin dairədən seçkilərə qatılan “AXCP-Müsavat” seçki blokunun namizədi Arzu Səmədbəylinin qənaətincə, Oqtay Əsədov debata gəlməməsi ilə rəqiblərinə sayğısızlıq edir:

“Eyni zamanda, seçicilərinə sayğısızlıq etdi. Əslində, o debata gəlməli və seçicilərinə sözünü deməliydi. Gəlmədi. Deməyə sözü də yox idi. Beş ildə bir dəfə haqq-hüquqlarını müdafiə edən bircə cümləsinə rast gəlmisizmi? Parlamentin ən susqun, ən passiv deputatı olub. Ora gəlib nə deyəsidir ki? Ona görə də gəlməyib”.

OQTAY ƏSƏDOVUN KÖMƏKÇİSİ DƏ...

Oqtay Əsədov o siyasətçilərdəndir ki, mətbuata çox nadir hallarda çıxır. İctimaiyyətlə əlaqələri demək olar ki, zəifdir. Elə seçki kampaniyası zamanı da onun fəallığı nəzərə çarpmır. Onun səlahiyyətli nümayəndəsi Nəbi Xəlilovu axtardıq. Oqtay Əsədovun seçki qərargahına gün ərzində dönə-dönə zəng vurduq, köməkçi onun gah yarım saata, gah 15 dəqiqəyə, gah iki dəqiqəyə gələcəyini desə də, sonda Əsədovun görüşdə olduğunu bildirdi. Belə başa düşdük ki, Oqtay Əsədovun səlahiyyətli nümayəndəsi Nəbi Xəlilov da mətbuata danışmaq istəmir.

NAMİZƏDLƏR ÇƏKİNİRLƏR

Azər Rəşidoğlu
“Ayna-Zerokalo” qəzetlərinin yazarı Azər Rəşidoğlu bəzi namizədlərin debatlardan qaçmasını yaranmış qeyri-müəyyən vəziyyətlə izah edir. Onun sözlərinə görə, bəzi deputatlığa namizədlərin seçilib-seçilməyəcəyi bəlli deyil:

“Onların hansısa sözü yerində deməməsi əlavə problem yarada bilər. Odur ki, çəkinirlər. Çünki vəziyyət fərqlidir. Müxalifət tamamilə sıradan çıxarılıb deyə hakimiyyətdaxili qruplaşmalar arasında döyüş gedir. Qruplaşmanın təmsilçilərinin problemi yarana bilər deyə debatdan qaçırlar”.

ƏLİ KƏRİMLİ: “MƏN DEBATIN GÖZDƏN SALINMASINA İMKAN VERMƏDİM...”

Amma debata qatılmayan təkcə YAP-çılar və ya bitərəflər deyil. AXCP sədri Əli Kərimli də debatda iştirak etməyib. O deyir ki, debata ölkənin birinci şəxsini, YAP-ın başqa rəhbərlərini çağırıb:

“Amma onlar normal, sivil debat aparmaq iqtidarında olmadıqlarına görə, debatları pozmaq üçün özlərinin əxlaqına, dünyagörüşünə uyğun bəzi adamları mənim dairəmdə qeydə alıblar. Məqsəd də debatları siyasi müstəvidən başqa müstəviyə keçirməkdir. Mən də imkan vermədim ki, siyasi mükamilə əvəzinə Azərbaycan insanı əxlaqa, mənəviyyata uyğun gəlməyən debatların şahidi olsun. Debatların gözdən salınmasından imtina etdim”.

Yada salaq ki, Əli Kərimlinin qeydə alındığı 31 saylı Suraxanı ikinci seçki dairəsindən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və YAP-çı Əhəd Abıyev də seçkilərə qatılıb. Hər iki namizəd Əli Kərimlini mətbuatda və parlamentdə dəfələrlə təhqir edib, onun özünün və ailəsinin ünvanına təhqiramiz ifadələr işlədiblər.

“O MƏNDƏN QAÇIR”

Amma bəzi müşahidəçilər hesab edirlər ki, AXCP sədri debata qatılmalıydı. Rəqibi Hafiz Hacıyevsə onu cəsarətsizlikdə ittiham edir:

“Mən çox cəhd göstərdim ki, normal debat olsun. Qorxusundan gəlmədi. Mən istənilən halda dediyim sözə görə, məhkəmədə cavab verməyə hazıram. O məndən qaçır...”.

Əli Kərimli
ƏLİ KƏRİMLİ: “ONLARLA ƏLBƏYAXA OLMALIYDIM?”


AXCP sədri isə bu qınaqlara belə cavab verir:

“Əli Kərimli o adamlarla üzbəüz oturub nə danışsın? Onları daha artıq söyüm, yoxsa onlarla əlbəyaxa olum? Bu, artıq siyasi debat deyil, əxlaqsızlıq yarışıdır...”.

Namizədlərin debatları isə davam edir. Hələ Mehriban Əliyeva, Cəlal Əliyev, Ziyafət Əsgərov, Abel Məhərrəmov, Rövnəq Abullayev kimi namizədlərin çıxışları qalır.

Maraqlıdır, görən onlar da debata qatılacaqmı?
XS
SM
MD
LG