Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:40

Nuridə Atəşi həyat hekayətini danışır: Yalançı toy...


Azeri author Nuride Ateshi
Azeri author Nuride Ateshi
Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşinin "Gəl günaha bataq" kitabından

Əvvəli burda


SEVGİ, YOXSA MƏRHƏMƏT?


Qəlbimdə gizli bir məhəbbət yaşadırdım. Yalnız gözlərimlə sevdim onu.

Düz 4 il. Nə dilə gətirdim, nə də bir kimsəyə söyləyə bildim. "Yaş əl yaylığı" şeirimin qəhrəmanını...

Qrupumuzda sarışın, göygöz bir oğlan məni sevirdi. Çox təmiz, saf qəlbi vardı.

Lakin mən ailə qurmağı heç ağlıma belə gətirmirdim. Ucalmaq, məşhur olmaq istəyirdim.

Buna istedadım, yetərincə gücüm olduğuna artıq əmindim. Amma kim idi mənim istedadıma qiymət verən?

Bir dəfə Azərbaycan Dövlət Dram Teatrında Füzulinin yubileyi keçirilirdi.

Məşhur aktyorlarla birlikdə mən də çıxış edəcəkdim. Mərhum Ə.Qədirovla bərabər səhnəyə çıxdım.

"Bu gecə" qəzəlini söylədim. Tamaşaçılar məni hərarətlı alqışladılar. Çıxışım onları sanki əfsunlamışdı.

Gecədən sonra rejissor M.Məmmədov, Ə.Qədirov və başqaları səhnə arxasında: - Sizdə böyük bir istedad var, inanın, parlaq gələcək gözləyir sizi, - demişdilər.

Çox məşhur, özünü səhnənin kraliçası sayan bir aktrisa isə mənə istehza ilə baxaraq yanımdan .ötüb keçmişdi.

Onun o zaman məni özünə böyük bir rəqib sandığını indi anlayıram.

Ancaq əsl söz sahibləri əlbəttə ki, kişilər idi. Onlardan da çirkin təkliflər alırdım. Mən öz təmiz adımla ucalmaq istəyirdim.

Bir gün birisi mənə açıqca soylədi: - "Sən gərək bakirəliyini bu qoca rejissorların, əbləhlərin birinə verəsən ki, səni məşhur etsinlər".

Hətta bir gün o qoca rejissorun təklifi qarşısında "Siz mənim babam yaşındasınız" deyəndə "Niyə, qoca at arpa yemir?" sualını vermiş və bir daha məni televiziyaya dəvət etməmişdi.

Qrup yoldaşım Elçinlə bu barədə tez-tez danışırdıq.

O mənim heç bir zaman öz gücümlə, düz yolla ucalacağıma inanmırdı. "Ac həriflərə" alət ola biləcəyimi isə heç ağlına belə gətirə bilmirdi.

Nəhayət bu şöhrət, sənət dünyasından iyrəndim. Heç olmasa təmiz, namuslu bir ərim, saf ailəm olsun deyə ata-anasının qəti etirazlarından qorxmayaraq qəfıldən Elçinə söz verdim.

Bu addımı atmağıma ikinci bir səbəb, bəlkə də əsl səbəb isə, institutu qurtardıqdan sonra bir daha geriyə - kəndə qayıtmaq qorxusu oldu.

Ora qayıtsam, o bataqlığa düşsəm, məni heç kimsə dartıb çıxara bilməyəcəkdi.

Batacaqdım, məhv olacaqdım. Bakıda isə yalnız adamı-dayısı və bir də pul-parası olanlar - yəni şəhər uşaqları qalırdılar. Yeganə yol ailə qurmaq idi.

Bəlkə də bunun üçün özümü eləcə oda atdım.

Düşünürəm ki, İlahi, gör nə qədər mənim kimi kimsəsiz adamlar itib-batır, istedadlar məhv olur.

Onun anası Maştağadan, atası isə Qaladan idi. Biz nə qədər müasir dövrdə yaşasaq, zamanla ayaqlaşsaq da, ata-anası bir o qədər köhnə fıkirli insanlar idi.

Və bizim saf, təmiz məhəbbətimizi heç cür anlamaq istəmirdilər.

Anası Elçini öz qohumlarından biri ilə evləndirmək istəyirdi ki, var-dövlətləri yad qızına qismət olmasın.

Hələ rayon qızı olmağım da bir tərəfdən arvadı cin atına mindirirdi. "Bir kəndçi qızı mənə gəlin ola bilməz", - deyə daş atıb başını tuturdu.

Hələ incəsənət adamı olmağım da işləri lap korlayırdı.

Dünyagörmüş atam isə məni qarşısında oturdaraq dedi: - "Qızım, onun valideynləri səni istəmirlər, sən o evdə xoşbəxt ola bilməzsən. İnan, sabah iki uşaqla ağlaya-ağlaya üstümə qayıdacaqsan".

Mənimsə ən çılğın gənclik çağım, "beynimin qan olan" vaxtı idi, gozümə Elçindən başqa kimsə görünmürdü:

Elə bilirdim ki, yaşım keçir, qocalıb evdə qalaram, məni kimsə almaz, daha heç kim sevməz və dünyada Elçindən yaxşı oğlan yoxdur.

"Sən mənim xoşbəxt olmağımı istəmirsənmi? Elçinsiz yaşaya bilmərəm!" - deyəndə, artıq atam məni heç cür yolumdan döndərə bilməyəcəyini anlayaraq; - "Get, Allah xeyir versin", - dedi.

Bütün maneələrə sinə gərdik, heç kim bizi yolumuzdan dondərə bilmədi. Bir-birimizə sevgiı inamımız o qədər güclü idi ki, dağları yerindən oynada biləcəyimizi zənn edirdik.

Nəhayət, evləndik və nə evləndik. Qoy ata-anamın ruhu məni bağışlasın. Onları o qədər sevirdim ki!..

Elçindən ötrü dəli-divanə idim. Ancaq bir şeyə söz vermişdim:

Mən el içində atamın papağını yerə soxmayacağam. Mən ata evindən zurna-qavalla, gəlin paltarında çıxacağam. Amma necə?

Onun ata-anası dünya dağılsaydı da, bizim qapıya elçi gəlməzdilər. Çox düşündük, uzun məşvərətlərdən sonra, nəhayət, bir toy səhnəsi düzəldə bildik...

YALANÇI TOY
və ya TƏLƏBƏLƏRİN TOY SƏHNƏSİ


Yataqxanadakı tələbələr dadımıza çatdılar. Birinin böyük qardaşını qaynatam, birinin anasını da yalvar-yapış edərək qaynanam adı ilə elçi getməyə razı saldıq.

Bir qızıl üzük də iki günlük borc götürərək Oğuza - Xaçmaza, utanıb-qızarmadan ata-anamın üstünə yola saldım.

Özüm də xəbər göndərdim ki, əgər atam məni verməsə, özümü öldürəcəyəm, amma bir də kəndə üz çevirməyəcəyəm.

Kaş ki, verməyəydi məni atam yalançı elçilərə. Elçilər sevinə-sevinə geri qayıtdılar və bütün yataqxana toy tədarükünə başladı.

Bir tələbə dostumuz hansısa Mədəniyyət evində işləyirdi.

Bütün musiqi alətlərini tədarük etdi. Qrupumuzun və başqa qrupun musiqi qabiliyyətli uşaqlarını yalvararaq toyda çalmağa razı saldıq.

Beləliklə, bir ansambl düzəltdik və Bakının ən məşhur ansamblı kimi kənd camaatına təqdim etdik.

Yazıq camaat hardan biləydi ki, onlarıın hamısı tələbədirlər. Avam camaatı aldatmağa nə var ki?..

O gün indiki kimİ yadımdadır, mən gəlin paltarında aynabənddəyəm.

Bütün qonum-qonşu başıma toplaşıb və cəvahiratımı seyr edirlər. (Hərəsini bir adamdan borc götürmüşdük. Atam molla və bir neçə ağsaqqalla içəri girdi.

Nigahı harda kəsək? - deyə soruşanda, - Ah, ata, gəl bura; - deyə irəli cumarkən böyük bacım qolumdan tutub çəkdi: - Allah səni biabır eləsin, gəlinsən, ağır taxtalı ol.

Səhnədə olduğumu bir anlıq unutmuşdum. Həyalı gəlin roluna girdim və guya utanaraq başımı aşağı saldım.

Qonum-qonşular həyətdə oynayır, hər kəs şənlənir, sevinirdi. Qoyunlar kəsilmiş, dadlı toy yeməkləri bişirilmişdi. Bir cah-cəlal vardı ki, gəl görəsən!

Təzə bəy - Elçinin özü də gəlmişdi. Pəncərədən ona baxır, ürəyimdə deyirdim:

"Dostunun kostyumu sənə əcəb yaraşır, yerinə olsam, heç qaytarmaram". Nəhayət, qolumdan tutub məni "Vağzalı" sədaları altında pilləkənlərlə həyətə düşürdülər.

Başımıza noğul səpən kim, arxamızca su çiləyən kim.

Gözümün altından tələbə dostlarımı seyr edirdim, hər kəs öz rolunu elə məharətlə, böyük bir ciddiliklə yerinə yetirirdi ki... Birdən gəlinlik duvağımın arasından gözüm böyük bacıma sataşdı.

Bütün bunların bir oyun olduğunu yalnız o, bir də, əri bilirdi. Dodağım qaçdı, bacım mənə yaxınlaşıb yumşaq yerimdən bir çimdik qopartdı ki, ağrıdan az qaldım çığıram.

Yengəm qolumdan tutub maşına basdı. Qapıdan çıxanda isə məni yola salan atamı gördüm. Qürurla, fəxrlə, sevinclə əl eləyib: - Xoşbəxt ol, oğul, - dedi. (Mənə həmişə oğul deyərdi).

Gözlərimdən günah yaşları süzüldü, öldüm, yerə girdim.

Kənddən çıxan kimi, Qəbələyə çatar-çatmaz maşını saxlayıb meşənin içinə cumdum.

Bədənimi sıxan dar gəlinlik paltarını çıxarıb rahat idman formamı geyindim. Səsimiz, gülüşümüz Qəbələ meşələrini bürüdü.

Yengəmi də Göyçayda evinə düşürtdük. Sənsiz də, keçinərik, - dedik.

Qanuni nigah kəsdirməyi də yaddan çıxartmamışdıq. Elçin pasportunu evlərindən vaxtında oğurlaya bilmişdi.

Paytaxtın ən dəbdəbəli sarayında - Gülüstan sarayında nigahımız kəsildi. Yaxın rəfıqələrim Əntiqə Qonaqova və Gülbəniz Əhmədova da həvəslə nigahımıza şahidlik edərək evlilik sənədimizə imzalarını atdılar.

Sovetskidəki kirayə evimizə qayıtdıq. Nə gəlin otağımız oldu, nə də təmtəraqlı zifaf gecəmiz. Elçinin ata-anasının bu tamaşadan hələ xəbəri yox idi. Universitetin son kursunda oxuyurduq.

Səhərlər dərs adıyla evdən çıxırdı və bütün günü bərabər olurduq və axşam təzə bəy evinə dönürdü.

Bir gün Göyçaydan böyük bacım bizə qonaq gəldi. Bacım evimizin böyüyü, fransız dili müəlliməsi idi.

Böyüyən qarnımı görüb üzə vurmasa da, əri soruşdu: Elçinin ata-anası hələ də bilmir? Yox! - dedik.

"Belə qoymaq olmaz, sabah deyəcəklər uşaq Elçinin deyil", - dedi və güllə kimi evdən çıxdı.

Elçinin atasının o zaman durduğu yeri qulağına pıçıdamışdım. Əliylə qoymuş kimi gedib kişini tapar və deyər: - Gözün aydm, oğlun evlənib, arvadı da hamilədir.

Artıq heç atılıb düşmə, uduzdun oyunda, sən deyən olmadı.

Kişi cin atına minir. Elə oradaca and içir ki, onlann ikisini də tapıb bu maşınımın altında əzəcəyəm.

Elçin bir daha qorxusundan evə qayıtmadı və biz küçəyə də çıxmadıq. Kişi hər tərəfə adamlar göndərərək axtartdırırdı.

Atasının həm ürək çatışmazlığı, həm də şəkər xəstəliyi vardı. Buna gorə də, qorxurdum, düşünürdüm ki, kişiyə bir şey olar, qana-qarğışa düşərəm.

Nəhayət gecələrin birində aeroporta gedərək gizlincə Rostova - bacı yanına qaçdıq. Dörd-beş ay orada qaldıq, Ayanım dünyaya gəldi.

Xoşbəxt idimmi? Bilmirdim. Bakıya döndük. Bir gecə yarısı Elçinin bibisi oğlu onu aparmağa gəldi. Atası rəhmətə getmişdi.

Qırxı çıxdıqdan sonra qohum-qardaş anasının üstünə düşür ki, aman-zaman bir oğlun var, küçəyə salma, balası da var, icazə ver, evə gəlsinlər.

Bir gün Elçin məni aparmağa gəldi. Uzun tərəddüddən sonra, Elçinin Qala sarayına (qan qusmaq üçün) öz ayaqlarımla getdim. Qayınanam üzümə belə baxmadı, nəvəsini qucağına almadı, mənimlə kəlmə də kəsmədi.

Hələ yarası təzədir, zaman lazımdır,-deyə düşündüm. Daha bilmədim ki, mənə qənim kəsiləcək, əzrayıla çevrilərək dünyamı qaraldacaq...

(ardı var)
XS
SM
MD
LG