Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:08

Saakaşvili porno, çeynədiyi qalstuk və başqa şeylər haqqında...


"GQ" jurnalının köşə yazarları müsahibəyə hazırlaşanda geyimlərinə xüsusi diqqət yetirirlər. Paltar onların yaradıcılıq uğurunun bir hissəsidir.

Gürcüstan prezident sarayının süşə günbəzi altında bir-neçə dəfə təzimlər edəndən sonra Kseniya Sobçak paltarının ətəyini düzəldib, özündən məmnun tərzdə deyir:

- Biz səninlə, Sokolova, əcəb gözəlik! Başdan-ayağa ağ paltarda – elə bil Çarlinin mələkləriyik (“Charlies Angels” hollywood filmini nəzərdə tutur – red.).

- Bəlkə Uskovun ifritələriyik? (Nikolay Uskov GQ-nin baş redaktorudur – red.) – deyirəm, amma bir gözümü prezident fotoqrafından çəkmirəm ki, aşağıdan, şəffaf döşəmədən bizim şəklimizi çəkməsin.

- Necə bilirsən, biz onun xoşuna gələcəyik?

- Bilmirəm, - deyərək “Merlin Monro prezident Kennedi üçün oxuyur” duruşunu alan rəfiqəmi şübhə ilə təpədən dırnağa süzürəm. – İstənilən halda, nə yaxşı bu dünyada hələ də elə prezidentlər qalıb ki, bu libasda onların hüzurunda peyda ola bilərsən.

Bilmirəm, əsl döyüş jurnaslitləri necə, amma bizim Kseniya Sobçak ilə çətin işimizdə geyimin rolu çox böyükdür. Müstəqil Gürcüstan dövlətinin prezidenti son iki ildə birinci dəfə Rusiya KİV-inə eksklüziv müsahibə vermək üçün bizi seçəndə rəfiqəmlə götür-qoy edirdik: əynimizə nə geyək? Hansı qiyafədə onun hüzuruna gedək ki, yaradıcılıq uğuru bizi tərk etməsin?

Adətən belə hallarda qlobal İnternet şəbəkəsi koməyimizə gəlir, növbəti qəhrəmanımızın şəxsiyyəti haqda orada lazımınca məlumat əldə edə bilirk. Amma bu nömrə Gürcüstan prezidenti ilə keçmirdi: tərcümeyi-halından başqa Rusiyanın kütləvi informasiya vasitələrinin bizə təqdim etdikləri təxminən bunlar idi: Saakaşvili – faşistdir, manyakdır, imperializmin muzdlusudur, meyitdir, qalstukunu yeyəndir, başdan xarabdır. Putin söz verib ki, Gürcüstan prezidentini xayalarından asacaq.

Mən bizim bu siyasi texnologiya cəhdlərimizi Boris Zaxoderə (Məşhur sovet uşaq yazarı – red.) məxsus sözlərlə yekunlaşdırdim: “Biz tülkü haqqında nəyi bilirik? Heç nəyi. Amma bu “heçnə”ni də tam bilmirik”

Elə bunu demişdim ki, rəfiqəm burnunun ucundan eynəyini qoparıb nida çəkdi: “Tapdım!”

Onun qarşısındakı ekranda Rusiya İctimai palatasının üzvü, Tinatin Qiviyevna Kandelakinin müsahibəsinin mətni sayrışırdı. Müsahibədə Kandelaki eyham vururdu ki, şəhvət hisslərini cavabsız qoyduğuna görə Gürcüstan prezidenti illərdi onu təqib edir. Biz ac rotveyler itləri kimi müsahibəyə şığıyıb onun məzmununu parçalamağa girişdik.

Havayı deyildi: “Saakaşvili pornofilmin qəhrəmanıdır! Saakaşvilinin özü də pornofilm çəkib! Saakaşvili seksual terrorçudur!”

- Belə, - deyə Sobçak razı-razı dedi, - Hər şey yerinə düşür! Bizim köşənin “Seks” başlığı da. Yeri gəlmişkən, Gürcüstan prezidenti mənimlə də işvələnib.

- Nə vaxt?

- Anamla getmişdik Tbilisidə atamın heykəlinin açılışına, o vaxt (K.Sobçak məşhur sovet-Rusiya siyasətçisi Anatoliy Sobçakın qızıdır – red.)

Belə geniş təfərrüatlara görə hörmətli oxucular da bizi bağışlasınlar, amma başqa əlacımız da yox idi. Axı necə izah edəsən ki, geyimi fahişələr haqqında mahnının sözlərini xatırladan 2 şübhəli xanımın gecəyarısı Gürcüstan prezidentinin sarayında nə iti azıb?

- Xoş gəlmisiz! Prezident sizi gözləyir, - deyə prezidentin mətbuat xidmətinin rəhbəri, gözəgəlimli bir qadın bizi içəri dəvət edir.

Təbəssümdən alışaraq quş kimi otağa daxil oluruq. Ucaboylu, yaraşıqlı prezident bizi qarşılamaq üçün cəld ayağa qalxır. Onun əynində yaxasının bir neçə düyməsi demokratik şəkildə açıq qalan köynək var. Bizim mini-paltarlarımız kimi dümmağ rəngdədir. “Aaa? Bu ovcunun içinin iyləyibmiş ki...” – təəccüblənərək təntənəli nitqə başlayırıq.

- Cənab prezident, “GQ Rossiya” jurnalı üçün böyük şərəfdir ki, ölkələrimiz arasındakı hərbi münaqişədən bəri ilk dəfə olaraq eksklüziv müsahibə vermək üçün məhz bizim nəşri seçmisiz.

- Mən də çox şadam ki, gəlmisiz. Artıq gecdir, rəsmi müsahibə sabah olacaq. İndi isə gəlin sarayı sizə göstərim, sonra Batumiyə uçacağıq.

- Aman allah, bu lampalardan mənim evimdə də var, - deyə Sobçak Frosya Burlakova (“Sabah gəlin” adlı sovet filminin qəhrəmanı - red.) sadəlöhvlüyü ilə otaqdakı aypara formalı lampalara yaxınlaşır.

- Mən bunlardan Almaniyada olanda, mehmanxanada gördüm və sərəncam verdim ki, kabinetim üçün də eynisini hazırlasınlar, - deyə Gürcüstan prezidenti gülümsəyir.

Yaraşıqlı lampalardan başqa onun otağını İlya Çavçavadzenin portreti, Ronald Reyqanın büstü, müqəddəs Georginin, buddistlərdə şadyanaqlıq və qayğısızlıq simvolu sayılan Qaneşa filinin heykəlləri bəzəyirdi.

Həyat yoldaşı və iki uşağı ilə çəkdirdiyi fotonu göstərib prezident Saakaşvili bizim üçün yüngülvari ekskursiya keçirir. Sarayın hədiyyələr muzeyində o xüsusi fəxrlə ərəb şeyxinin hədiyyə etdiyi qını qızıldan düzəldilən qılıncı nümayiş etdirir. Sonra isə prezient Corc Buşun ona bağışladığı idman ayaqqabılarını göstərir.

- Ayağıma gəlmədi, - Saakaşvili bir çüt “new balance”ın eksponat kimi şüşə altında saxlanılmasının səbəbini izah edir.

Prezident sarayı rəsmi dəbdəbədən azad, kifayət qədər zövqlü bir bina idi. Əsas girişdən Tbilisinin əzəmətli mənzərəsi açılırdı.

- Orada görünən nədir elə? - deyə barmağımı işıqları ilə gecə qaranlığını yaran şüşə tikiliyə uzadıram.

- Piyadalar üçün körpüdür. Avropada ən uzunudur.

- Bu gürcülərdən nəyi soruşursan, deyirlər dünyada ən böyük və ən uzundur. – deyə Sobçak deyinir. Görünür bu yaxınlarda qonağı olduğumuz Zurab Seretelini nəzərdə tutur.

Qapının ağzında zirehli “mersedes” dayanır. Prezident Saakaşvili bizi arxa oturacaqlara mindirib özü qabaqda əyləşir. Kortej yaxşı işıqlandırılmış Corc Buş prospekti ilə aeroporta tərəf sürət alır. Yaxşı tərbiyə almış xanımlar kimi biz kübar söhbət qaydalrına riayət etməyə çalışırıq.

- Maraqlıdır, birdən bax elə indi, bu dəqiqə ruslar qərara gəldi ki, sizə qarşı sui-qəsd həyata keçirsinlər, biz də burda... Onda necə olacaq?

Saakaşvili bizi sakitləşdirir:

- Heç qorxmayın, qızlar! Sizinkilər Google Maps-dan da istifadə edə bilmirlər.

Biz Rusiyanın hərbi rəhbərliyi əvəzinə təhqir olunuruq:

- Elə niyə?

- Onlar müharibə vaxtı Tbilisidə aviasiya zavodunu bombalayanda, hədəfin koordinatlarının bizim televiziyanın reportajlarından götürürdülər. Hər dəfə bizimkilər xəbər verirdilər ki, ruslar nişandan yayınıblar, zavoda zərər dəyməyib. Onlar da yenidən bombalayır və yenidən hədəfi vura bilmirdilər. Axırda TV kanala zəng edib sərəncam verdim ki, zavod haqqında heç nə deməsinlər. Beləcə onu qoruya bildik.

Kortej sürətini azaltmadan aeroportun uçuş zolağına girir və prezident təyyarəsinin düz trapı qarşısında dayanır. Pilləkənlə qalxıb çox da böyük olmayan yeni “Challenger”in qaymaq rəngli dəri kreslolarında özümüzə yer edirik.

- Viski! – deyə prezident əmr edir və həmin dəqiqə büllur stəkanda buzla qarışıq içkini ona verirlər.

Uçuş qısa və yaddaqalan olsa da, dağların üstü ilə keçdiyindən salon tez-tez sirkələnir. Odur ki, prezidentin içkisindən mənim də ürəyimdən keçir, amma istəməyə utanıram.

Sobçak da özünə yer tapa bilmir, yerində qurdalanır. Nəhayət Saakaşvili şəxsən onun kəmərini bağlayıb oturacağa pərçimləyir. 3-cü stəkanı qurudandan sonra prezident nəhayət bizi mədəni proqramla sevindirmək qərarına gəlir.

Əvvəl ekranda həyatla uzun haqq-hesabı olan Crise de Burg peyda olur, o Tbilisinin əsas meydanında bütün dövlərin ən populyar mahnısı olan “Lady in Red”i oxuyur. Onu hansısa hərbi rep əvəz edir, sonra da opera ariyaları, gürcü müxalifətinin etiraz marşları səslənir.

Mahnı çələngi Nice Kewinin ifasında "Wild Roses" kompozisiyası ilə başa çatır. Məlum olur ki, Nice Kewin prezidentin sevimli müğənnisidir. Onun məşhur “Beaty Must Die” sədaları altında təyyarə silkələnib üzüaşağı, buludların içinə şığıyır və heç qorxmağa da macal tapmırıq ki, təkərləri asfalta toxunur.

Trap qarşısında prezidenti və onun qonaqlarını yerli administrasiyanın rəhbəri qarşılayır. Bizi “Jeep”ə mindirib kələ-kötür yolla harasa aparırlar. Prezident xaraba yolu izah edir:

- Burada yeni yol salınır.

Bizi təşviş bürüyür. Rəfiqəmlə pəncərəki zülmət içindən nəyisə görməyə çalışırıq. Sobçak qorxu dolu pıçıltı ilə məndən soruşur:

- Necə bilirsən, bizi hara aparırlar?

- Kim bilir?

- Bəlkə bizi girov götürüblər və kiminləsə dəyişmək fikrindədirlər?

- Nəyə dəyişəcəklər? Arağa?

- Cənubi Osetiyaya! Səndə pul var?


- Yox. Çantalarımız prezident sarayında qaldı.

- Heç olmasa bir 500 avro götürüb üstündə gizlədə bilməzdin?

- Ustümdə, harda?


Sual təsadüfi deyildi. Xüsusilə məsələyə Tina Kandelakinin etirafları prizmasından baxanda.

Biz gözümüzü Saakaşvilinin peysərinə zilləyərək hipnozla onun fikirlərini oxumağa çalışırdıq ki, görəsən bizdən hansımızı birinci çəkəcək kol dibinə. Məlum olur ki, botanik gözlənti sarıdan bir qədər yanılırıq.

- Palmaları görürsüz?

Prezident göstərən tərəfə baxanda heyrətə gəlirik. Çala-çuxur yol, vahimə dolu qaraltılar, zülmət - hamısı geridə qalmışdı. Qarşımızda reklam filmlərindəki kimi bərq vuran hotellərin və palmaların sıralandığı sahil mənzərəsi açılır. Gördüklərimiz daha çox bahalı ərəb kurortlarını xatırladır.

- Palmaları mənə bir şeyx dostum var, o bağışlayıb. Gəmi ilə gətirdilər bura. – Deyə bizi heyrətləndirməkdən məmnun qalan Saakaşvili izah edir.

Maşınımız çəmənlik yanında dayanır. Bir dəqiqə sonra seçdiyimiz qiyafəyə görə dərin peşimançılıq hissi keçiririk. Geyimimizdəki səhv bizə baha başa gəlir, 12 santimetr nazik dabanlar üstündə az qala qaça-qaça gedən prezidentin ardınca Batumi kurortunun bütün strateji obyektlərini firlanmalı oluruq.

Əvvəlcə diskotekaya baş çəkirik. Rəqs meydanında bizi sevinclə qarşılayırlar – gürcü qızları prezidentlə birgə foto çəkməyə can atır, Sobçakda peşəkar qısqanclıq hissi doğururlar.

- Sizin antirusiya siyasətiniz nəticəsində mənim Tbilisidə bir nəfər də olsun tərəfdaşım yoxdur. – Deyə o prezidentə gileylənir.

Batumi şəhəri bizi heyrətə gətirir. Bu qədər bina tikintisini sonuncu dəfə Şanxayda müşahidə etmişdim.

Sahil boyu bütün məşhur hotel şəbəkələri təmsil olunub. Böyük sürətlə tikilən Four Seasons, Mandarin Oriental hotelləri sırasında bilsəniz daha hansı var idi? BvLgari! (BvLgari həm də məşhur zinət əşyaları hazırlayan İtaliya şirkətidir - red.)

Büllur işıqlara və diskoteka musiqisinə qərq olan Batumidəki miqyas bizim kurortları kölgədə qoyar, Ramzan Kadırovu paxıllıqdan tüstüləndirməyə vadar edərdi.

- Pulu hardan alırsız? – deyə prezidentdən soruşuram. – Axı müharibə və qlobal maliyyə böhranı sizin iqtisadıyyatı böyrü ustə qoymalıydı? Yəqin Amerikanın sədəqələrini xərcləyirsiz...

- Hotellər özəl investisiyalar hesabına tikilir. Biz turizmi Gürcüstan iqtisadiyyatının əsas gəlir mənbəyinə çevirmək istəyirik.

- Maraqlıdır, axı kimdir sizə pul verən, heç Rusiya ilə müharibə vəziyyətində olan ölkəyə də sərmayə qoyarlar?

- Kim, kim, beynəlxalq kilimçi! Eşidirsiz, qurbağalar quruldayır? Biz onları fransızlara satırıq, puluna evlər tikirik. Şirləri qızıl suyuna çəkdiniz?

Sonuncu sual Batumi administrasiyasının rəhbərinə ünvanlanır.

Biz yaxşı işıqlandırılmış meydana gəlirik. Burada, iki şir heykəli var və həqiqətən də başdan ayağa qızılı rəngdə. Prezident razılıqla onların belini sığallayır.

- Bunlar Kolxidada, arxeoloji qazıntılar zamanı tapılan şirlərin eynidir. Göstəriş verdim ki, onları qızılı rəngə boyayıb burada yerləşdirsunlər. Gözəldilər, düz demirəm?

- Olduqca!

- İndi isə sizə bir bina göstərəcəm, onun layihəsini şəxsən özüm çəkmişəm.

Biz qəribə bir tikilinin qarşısına gəlirik. Onun görünüşünü daha dəqiq Çukovskinin şerinin misraları ilə ifadə etmək olar: “İlan kimi qıvrılan çayın sahilində, əyri-üyrü daxmada, yaz-yay, qış-bahar...”

- Mən sadəcə olaraq ürəyimə yatan bütün dizayn elementlərindən istifadə etdim və hər pəncərəyə, hər eyvana ayrıca bir görkəm verdim.

Prezidentin dediyi kimi idi, naxışlı taxta eyvanlar totuş mələk heykəllər ilə, fransızsayağı pəncərələr isə tağ aynabəndlərlə yanaşı idi. Axirət gününü xatırladan bu dizaynın son nöqtəsi Şərq nağıllarından olan qızılı günbəz idi.

Bütün dünya harmoniyasının əvəzinə mən dillənib ciddi tonda soruşdum:

- Xəbəriniz varmı ki, Sizin çox axmaq zövqünüz var?

- Əlbəttə! – Saakaşvili sevincək cavab verdi. – Amma, neynəyirsən zövqü, şəhər meriyası bu binadakı bütün mənzilləri artıq satıb qurtarıb. Gedək restorana!

Yeni balıq restoranı bizə xidmət etmək üçün bütün gecəni açıqdır. Kiyevdən keçən üzücü təyyarə reysindən və enerji dolu prezindentin ardınca qaçaqaçdan sonra elə yormuşuq ki, gürcü mətbəxini sınaqdan keçirmək imkanı bizə əsl səadət kimi gəlir.

Balığı gözümüzə təpib hansısa məsələnin həlli üçün aralanan prezidentin dalınca danışırıq. Sobçak pıçıltı ilə soruşur:

- Qulaq as, sənə elə gəmir ki, o nəsə bitəhərdir... belə, qəribədir?

- Niyə?

- Hərəkətləri qeyri-adidir. Həmişə harasa qaçır. Bir dəqiqə də olsun yerində dinc durmur.

- Sən heç plyajda olanda kişilərə fikir vermisən, görmüsən ki, onlardan kimsə 10 dəqiqədən artıq sakitcə yerində uzansın?

- Ümumiyyətlə yox. Amma, yenə də mənə elə gəlir ki, o nəsə birtəhərdir... Belə də prezident olar?


- Necə?

- Nəsə ciddi adam deyil, elə bil saxtadır. Hanı bəs sənin pafosun, niyə özünü dartmırsan? Dövlət miqyaslı adamsan axı...


- Nə boydadı ki, onların dövləti ki, özünü də dartasan. Burda hamı bir-birini tanıyır da...

- Bəs yadına sal, Beriya, Şevardnadze?..

- Yaxşı ki, hələ Stalini demədin! Amma mən indi baş nazir Putini yaxşı başa düşürəm. Onun yerinə olsaydım, mən də Saakaşviliyə nifrət edərdim. Axı bizimkilər üçün kimdir o? Heç kim! Hansısa vilayət partiya komitəsinin rəhbəri səviyyəsində bir adamdır. Əvvəllər belələrini bir telefon zəngi ilə işdən çıxarardılar. Onlar da öz yerlərini yaxşı bilərdilər, sakitcə oturar, rəhərliyin ağzından çıxanı qapar, cavab verəndə də ancaq yaltaqlanmaq üçün ağız açardılar. Bu isə, nəinki yekəbaşdı, yerini bilmir, üstəlik hələ boyca da ondan iki dəfə uzundur. Üslub fərqi o qədər aydındır ki, onların nəinki keçmiş imperiyanın ərazisində, heç bütün Yer kürəsində birgə mövcudluğunun qeyri-mümkünlüyünü az qala gözə soxur.

- Elədir! Məhz buna görə təəcüblüdür ki, niyə Saakaşvili özünü belə ehtiyyatsız aparır. Məsələn bizimlə. Axı biz şübhəli adamlarıq, onun ayaqqabılarına civə tökə bilərik...

- Düz deyirsən. - Rəqfiqəmlə razılaşanda prezident özünəməxsus cəld yerişlə yenidən yemək masasına qayıdır.


- Necədir, qızlar, dadlıdır? Ürəyinizdən başqa nə keçir?

- Günaha batmaq istəyirik.

Prezident diqqətlə bizə baxıb əlindəki çəngəli yerə qoyur. Onu müşahidə edən şəxslər duruxurlar.

- Gürcü çaxırı və borjomi!

Preizdentdin bu əmrindən sonra yenidən səmimi atmosfer bərpa olunur. Vəziyyətdən istifadə edib biz suallarımızı yağdırmağa başlayırıq.

- Saatınız hansındandı?

- Burberry Sport.

- Modanın son sözü. Bəs maaşınız nə qədərdi?

- 8 min lari – təqribən 4 min dollar. Məndən əvvəlki prezident ümumiyyətlə 20 dollar maaş alırdı. Amma o vaxtlar məmurlardan heç kim maaşla dolanmırdı. İndi isə dolanırlar.

- Bəs harda qalırsız?

- Tbilisidə, evdə. Burada isə mənim prezident iqamətgahım var, Batuminin yaxınlığında. Amma orada darıxıram, ona görə də burada hoteldə qalıram.

- Həmişə gecə saat 3-ə qədər oyaqsız?

- Demək olar ki, həmişə.

- Bəs gündüzlər necə işləyirsiz?

- Mən az yatıram. Bir qayda olaraq səhər saat 10-da yuxudan oyanıram.

- Bəs Sizin kostyumları kim seçir?

- Özüm

- Doğrudan?

- Təkcə kostyumları yox, mən harasa səfər edəndə həmişə baxıram ki, orada yaxşı nə var. Sonra da alıb bizə gətirirəm.

- Bəs harasa səfər edəndə, məsələn, Amerikaya gedəndə? Sizin “Challenger” gedib ora çatmaz axı?

- Adi sərnişin təyyarsəində uçuram, birinci dərəcəli salonda.

- Bəs özünüz təyyarə sürə bilirsiz?

- Öyrənirəm. Elə burada, Batumidə, “Cesna” təlim təyyarəsində uçuruq. Yeri gəlmişkən, sabah növbəti dərsim var. İndi isə, qizlar, bəsdi hər şeylə maraqlandığınız, artıq gecdir. Gedin, yatın. Sabah müsahibənin rəsmi hissəsi olacaq. İndi hər şeyi məndən öyrənsəniz, sabah soruşmağa heç nə qalmayacaq.

Gürcüstan prezident dostcasına bizim əlimizi sıxıb, “Sheraton” hotelinə, yatmağa göndərir. Baxmayaraq ki, ayaq üstə güclə dayanırıq, bizi narahat edən tamam başqa hisslərdir, kəskin paxıllıq hissləri. Sobçak və Sokolova – Tina Kandelakiyə qibtə edirlər. Çünki açıq-saçıq geyimimizə baxmayaraq, Gürcüstan prezidenti bizə yox, İctimai palatının üzvünə mehr salir.

- Yəqin ona görədir ki, biz iki nəfərik və olduqca təhlükəliyik, – deyə özümüzə təskinlik verib daş kimi yuxuya gedirik.

Batuminin səhəri olduqca gözəldir. Qara dənizin mavi səthi üzərində günəş parlayır. İstirahətə gələn insan kütlələri palma bağlarında gəzişir. Musiqi səsi gəlir, şəhərin əsas meydanında isə qatil Medeanın qızıl suyuna çəkilən heykəli parıldayır.

Hətta adətən çürük dişlərə bənzəyən sovet dövrünün xruşşovka binaları ümumi mənzərərənin nikbin ovqatını qətiyyən pozmur.

Gürcüstan prezidentinin də səhəri kifayət qədər maraqlı olmalıdır. Bunu təmin etmək üçün rəqfiqəm əyninə üstündə Vladimir Putinin şəkli olan köynək geyib.

Təəssüf ki, onun bu nömrəsi də keçmir, gözlənilmədən senzuraya məruz qalırıq. Prezident administrasiyasında işləyən mehriban qadınlar ondan xahiş edirlər ki, çiyninə pencək atsın.

- Nə danışırsız?! – Deyə Sobçak etiraz edir. - Siz ki, hər addımda ağız dolusu elan edirsiz ki, Gürcüstan demokratik ölkədir! Mən də sizin prezidentlə müsahibəyə özümüzün baş-nazirinin köynəyində gəlmişəm! Burda nə var ki?!

- Əslində heç nə... Amma, başa düşürsüz... Mətbuatda bizim prezidentin fotosu sizin baş nazirlə yanaşı peyda olsa, etikaya o qədər də uyğun görünməz...

- Axı bu sadəcə köynəkdir!

- Başa düşün, bizdə adamlar Putini qətiyyən sevmirlər. Bu adam bizi bombalamaq haqda əmr verib... İndi prezident sakitcə bu adamın... bu köynəyin yanında sakitcə otursa, onu başa düşməzlər.

- Hələ bilmək olmaz ki, kim kimə əmr verib! Avropa Şurası rəsmi olaraq qəbul edir ki, müharibəni Gürcüstan başlayib. – Deyə Sobçak vətənpətvərlik cəsarəti nümayiş etdirir.

- Avropa İttifaqı işğal faktını qəbul edib. – Mətbuat xidmətinin rəhbəri sakitcə etiraz edir.

- Dayanın! Axı bizim müsahibə də elə bu suallara aydınlıq gətirmək üçündür. – Deyə mübahisələrə son qoymaq istəyirəm və vaxtında.


Gümrah Gürcüstan prezidenti elektrik süpürgə sürətilə kabinetə daxil olur. Ondan “Thierry Mugler” ətirinin iyi gəlir, əynində “Mavi elektrik” rəngində kostyum və “Armani” qalstuku var. Sonuncunu görən kimi rəfiqəmlə mənalı şəkildə baxışırıq, müsahibənin ilk sualı artıq məlumdur.

Sokolova: Cənab Saakaşvili, məlumdur ki, Gürcüstanla bağlı bizim ölkəmizdə əsl informasiya blokadası mövcuddur. Odur ki, Sizə çoxlu ciddi suallarımız var. Amma bütün bunlardan əvvəl, rica edirik, bizim ən adi qadın marağımıza cavab verin. Nəhayət aydınlıq gətirin bu məsələyə, görək, axı qalstukunuzu niyə yeyirdiz?!

Saakaşvili: Bilsəydiniz bu qalstuk məsələsi məni necə təngə gətirirb!

Sobçak: Gəlin, əvvəlcə bir şeyi aydınlaşdıraq. Biz bu sualı ona görə vermirik ki, Sizin səhər yeməyi menüsündə hansı parçaların olması ilə maraqlanırıq. Məsələ burasındadır ki, bizim ölkədə medianın Sizin haqda yaratdığı “qəribə insan”, “gözlənilməz və təhlükəli hərəkətlər edən siyasətçi” obrazının əsasında məhz bu hadisə durur.

Saakaşvili: Başa düşdüm. Deməli, məsələ belə olub. Müharibənin ən ağır günləri idi, mən kabinetimdə idim. Orada kamera quraşdırılmışdı, cünki gün ərzində bir-neçə dəfə canlı efirdə müsahibə verirdim. Birbaşa efir olmadığı bir vaxtda nədənsə kamera çəkməyə davam edirdi. Sonra da bu kadrlar YouTube-a düşdü. Vəssəlam. Bir də demək istəyirəm ki, həmin günlər həqiqətən də çox həyəcanlanırdım. Mənim yerimə kim olsaydı, həyəcanlanardı. Hər saatdanbir qurbanlar və dağıntılar haqda məlumat alırsan. Mən öz kabinetimdə, öz ölkəmdə idim, kameranın işlədiyini bilmirdim. Odur ki, öz hərəkətlərimdə qeyri-adi heç nə görmürəm!

Sobçak: Amma nə qədər olmasa, “Saakaşvili” axtarışı verəndə Google-da dərhal “qalstuk çeynəyir” yazısı peyda olur.

Saakaşvili: Bura baxın, bu ki, cəfəngiyyatdır! Adicə vərdişdir. Pioner olanda, biz hamımız qalstukumuzun ucunu çeynəmişik.

Sobçak: Biz çeynəməmişik.

Saakaşvili: Deməli bizim kulinar zövqlərimiz fərqlidir. Ümumiyyətlə isə, hər hansı siyasətçinin temperamenti və sabitliyi onun öz qalstukuna olan münasibəti ilə yox, onun siyasi qərarları və bəyanatları ilə ölçülür.

Sobçak: Madam ki, söz bəyanatlardan düşdü, doğrudurmu ki, Siz televiziya müsahibələrinin birində Rusiyanın baş naziri Vladimir Putini “lilliputun biri” adlandırmız?

Saakaşvili: Belə şey heç vaxt olmayıb! Qoy mənə kadrları göstərsinlər.

Sokolova: Çox adam hesab edir ki, bizim ölkələr arasındakı münaqişəni doğuran səbəblərdən biri də Sizinlə Rusiya baş-naziri arasında olan şəxsi-qərəzlikdir.

Saakaşvili: Mənim Putinə qarşı heç bir xüsusi qərəzim yoxdur. Baxmayaraq məhz onun əmri ilə onun ordusu mənim ölkəmin torpaqlarını zəbt edib.

Sobçak: Mən Sizin yanınıza, azad Gürcüstana gəlmişəm və burada olmağımı böyük şərəf sayıram. Sizin kimi tərəqqipərvər və gənc prezidentlə müsahibəyə gələndə əynimə bizim baş nazirin şəkli olan dizayn köynəyi geydim, bax bunu (pencəyini açıb köynəyi göstərir). Lakin Sizin mətbuat xidmətindən təkid etdilər ki, əynimi dəyişim. Buna necə baxırsız?

Saakaşvili: Heç necə. Hansı köynəyi seçmək, tamamilə zövq məsələsidir. Azad ölkədə belə məsələləri özünüz həll edə bilərsiz.

Sokolova: Baş nazir Putin Sizin yaxın tanışınızdır. Onun haqqında təəssüratlarınız necədir?

Saakaşvili: O heç vaxt mənim yaxın tanışlarım sırasında olmayıb. Bizim münasibətlərimiz kəskin olsa da, heç vaxt ədəb qaydalarını aşmayıb. Məlumdur ki, o bir sıra dünya siyasətçiləri haqda xoşagəlməz ifadələr işlədib. Həqiqətən də, Putin bəzən çox kobud ola bilər. Amma şəxsən mənə qarşı heç vaxt kobudluq göstərməyib. Aramızda həmişə ədəb pərdəsi olub.

Sokolova: Elə isə, bizim ölkələr arasında olan münasibətlər niyə belə fəlakətlə nəticələnib?

Saakaşvili: Obrazlı ifadə etsəm belə deyərdim, bizim aramızda baş verənlər dünyagörüşülərinin toqquşmasıdır. Putin, müəyyən mənada, küçə avtoritetinin mentalitetinə malikdir, mən isə əlaçı məktəb şagirdiyəm, həmişə yaxşı oxumuşam. Yadıma gəlir, məktəbi qızıl medalla bitirəndə tez-tez küçə uşaqları ilə davalarım olurdu. Mən özümü onlardan müdafiə edir, məni incitməyə qoymurdum. Hazırda postsovet məkanında da buna bənzər münasibətlər yaranıb. Küçə uşağı yoldan keçən əlaçı şagirdə bir qapaz vurdu, əlaçı şagird də qapazdan yayınıb, küçə uşağına təpik atdı. Əraziyə özünü çatdıran polis də gəlib tərəfləri araladı.

Sokolova: Belə başa düşdüm ki, polis - yəni ABŞ və Avropa Birliyi?

Saakaşvili: Mən deyərdim “beynəlxalq ictimaiyyət”. Deməli həmin avtoritet artıq o biri uşaqlar qarşısında and içib ki, əlaçını xayasından asacaq! Amma vaxt keçir, əlaçı məktəbə gedir, heç nə olmamış kimi əla qiymətlər alır. Avtoritetin verdiyi vədlər isə havadan asılı qalıb, onun vəziyyəti getdikcə pisləşir. Məhlədəki başqa uşaqlar da görürlər ki, əlisarıqlı olsa da əlaçı şagirdin işləri yaxşı gedir, deməli avtoritet elə də qorxunc deyilmiş. Bu zaman küçədə başqa uşaqlar baş qaldırır, hərəsinin öz fikri var.

Sobçak: Siz necə də uğurlu bənzətmə secdiniz, cənab prezident! Həqiqətən də Sizinlə Putin küçədə dalaşan uşaqları xatırladırsız, nəyisə bölüşə bilmədiyinizdən başlamısız sapandlardan bir-birinizə daş atmağa. Amma məsələ də burasındadır ki, həqiqətdə sizdə sapand yox, uzaqvuran toplar, “Qrad” qurğularıdır. Nəticədə minlərlə adam həlak olur.

O ki qaldı “məhlədəki başqa uşaqlara”, necə olur ki siz – demokratik ölkənin başcısı, dünyanın ən avtoritar ölkəsi sayılan bir dövlətin diktatoru ilə mütəffiq olursuz?

Saakaşvili: Biz nəinki Lukaşenko ilə, Rusiya ilə də dil tapmağa hazır idik. Amma sabah Lukaşenko Batumini zəbt etmək fikrinə düşsə, biz onunla da dil tapa bilməyəcəyik.

Sobçak: Amma Rusiyaya qarşı birləşməkdə Belorusla deyəsən dil tapa bilirsiz?

Saakaşvili: Düşünmürəm ki, Rusiyanın Berlorusla müqayisədə hansısa üstünlüyü var. Bəlkə ərazisi böyükdür, hə. Eşitdiyimə görə, ruslar Lukaşenkonu ittiham edirlər ki, hansısa şübhəli işlərə baş qoşur. Amma biz Belorusla bağlı mövqeyimizi həmişə aydın bəyan etmişik. Nə qədər acı olsa da, Rusiya belə bir faktla barışmalıdır ki, biz istər Belorusla, istər Çinlə, Vyetnamla, Moldova ilə dostluq edə bilərik. Bu bizim seçimimizdir. Necə ki, Belorus özü müstəqil şəkildə seçimini edir. Və bu ölkələrin xalqlarına öz müqəddaratlırını sərbəst şəkildə həll etməyə imlan verilməlidir. Sizin baş nazir də məhz bununla barışmaq istəmir.

Sokolova: Bəs Siz sonuncu dəfə Putinlə nə vaxt ünsiyyətdə olmusuz?

Saakaşvili: 2008-ci ildə. İki dəfə Medvedyevə zəng etdim. Hər dəfə də dəstəyi Putin qaldırdı.

Sokolova: Elə niyə?

Saakaşvili: Çünki əslində qərarları o verir.

Sokolova: Yaxşı. Madam ki, söhbət müharibə ərəfəsindəki hadisələrdən düşdü, onun necə başladığından da danışın. Bizim ölkələr arasında bu məsələyə tam fərqli münasibət var.

Saakaşvili: Müharibəni Rusiya başladı. Bu, klassik ərazi işğalı idi. Hərbi əməliyyata hazırlıq hardasa 3 il idi ki, gedirdi. Bunu heç gizlətmirdilər də. 2008-ci ilin avqustunda baş verənlər yaxşı planlaşdırılmış hərbi əməliyyat idi. Bizimlə düz sərhəddə, nümayişkarcasına Rusiya ordusunun hərbi təlimləri keçirilirdi. Getdikcə biz sayıqlığımızı itirib aylarla davam edən bu təlimlərə əhəmiyyət verməməyə başladıq. Haradasa iyul ayının sonunda plana uyğun olaraq biz zabitlərimizin məzuniyyətə göndərilməsi haqda qərar qəbul etdik. Bizim hökumətin böyük hissəsi məzuniyətə çıxmışdı. Mən özüm də məzuniyyətdə idim.

Sokolova: Harada?

Saakaşvili: İtaliyada. Meranoda sanatoriyada.

Sokolova: Gör ha, mən də həmin ərəfədə orda olmuşam, aramızda cəmi bir həftə fərq olub!

Saakaşvili: Sizin orda nə işiniz var idi ki? Mən ora arıqlamağa getmişdim, azərbaycanlı dostlarım, Mixail Solomonoviç Qusman məsləhət görmüşdülər. Meranoda rus televiziyasında, səhv etmirəmsə, Rus ordusunun quru qoşunlarının komandanı deyirdi ki, Olimpiadanın açılışı günü olimpiya prinsiplərini pozan Gürcüstan müharibəyə başlamaq niyyətindədir. Bu, haradasa iyulun sonu idi.

Sokolova: Başqa sözlə Siz – ölkənin prezidenti özünüzün müharibə planlarınız haqqında İtaliyada Rusiya televiziyasından xəbər tutmusuz?

Saakaşvili: Həmin vaxt bizim xarici işlər nazirinin birinci müavini Sardiniya adasında idi, ona zəng edib soruşdum ki, bu nə məsələdir? Dedi, heç nə, sakitçilikdir. Sonra Gürcüstan daxili işlər nazirinə zəng etdim, o Gürcüstanda idi. O da deyir ki, heç nə baş vermir. Amma nəsə bir narahatçılığım var idi. İstirahətimi yarımçıq qoyub Gürcüstana qayıtdım. Sonra Rusiya tərəfinin növbəti təxribatlar silsiləsi baş verdi və yenidən hər şey sakitləşdi. Qərara gəldim ki, Çindəki Olimpiadaya gedirəm. Avqustun 7-də səhər təyyarə aeroportda hazır vəziyyətdə idi, ailəliklə getmək fikrində idim. Lakin gecə vəziyyət yenidən kəskinləşdi. Əmr verdim ki, hər ehtimala qarşı ordumuzun bir briqadasını hazır vəziyyətə gətirsinlər. O zaman bizim ən yaxşı briqadamız sülhməramlılar kimi İraqa göndərilmişdi...

Sokolova: Sizin orduda cəmi neçə briqada var?

Saakaşvili: Beş.

Sobçak: Axı deyən gərək, Siz niyə müharibə ərəfəsi ən yaxşı briqadanızı İraqa göndərirsiz?

Saakaşvili: Biz amerikalılarla razılaşmışdıq ki, bir hadisə baş versə briqadanı çıxara bilək. Hələ may ayında az qala çıxaracaqdım, amma bir qədər tərəddüddən, amerika konsulu ilə məsləhətləşmələrdən sonra briqadanı saxladım İraqda. Avqustun 7-si günduz saat 4-də protokol şöbəsinin rəhbəri mənə zəng edib dedi ki, əgər indi ucmasaq, qrafikdən düşəcəyik, Olimpiadanın açılışına görə Çinin hava məkanında əsl növbə yaranmışdı. Bütün bunları ona görə danışıram ki, müharibənin bizim üçün nə qədər gözlənilməz olduğu haqda sizdə təsəvvür yaransın. Əlbəttə, biz daimi təxribatları nəzərə alırdıq, bilirdik ki, həmin vaxt Rusiya Abxaziya və Cənubi Osetiyanın ərazisindən kütləvi şəkildə rusdilli əhalini çıxarırdı. Lakin vəziyyət elə idi ki, ondan çıxış yolu görünmürdü.

Sokolova: Demək istəyirsiz ki, Sizin seçim imkanınız qalmamışdı?

Saakaşvili: Elədir. Bu, genişmiqyaslı işğal idi.

Sobçak: Bu hadisələrə fərqli baxışlar var. Amma istənilən halda, başa düşürsüz ki, hadisələr nəticəsində siz Abxaziyanı həmişəlik itirdiniz?

Saakaşvili: Qətiyyən razı deyiləm! Çünki tamamilə başını itirmiş Çavesdən başqa dünyada heç kim Abxaziya və Cənubi Osetiyanın müstəqiliiyini tanımır! Rəsmi olaraq bu ərazilər işğal olunmuş sayılır. Rusiya imperiyası məharətli qəsbkar olsa da, heç vaxt zəbt etdiyi əraziləri saxlamaqda xüsusi səriştə göstərməyib. Biz həmin əraziləri itirməmişik və siz düşündüyünüzdən də tez geri qaytaracağıq.

Sokolova: Təxmini də olsa deyin görək, hansı yolla?

Saalaşvili: Bizim Abxaziya və Cənubi Osetiyadan müxtəlif millətlərdən olan təqribən 500 min qaçqınımız var. Onlar heç vaxt öz evlərindən, öz hüquqlarından imtina etməyəcəklər. Rusiyanın həmin ərazilərdəki statusu Avropa ölkələri parlamentlərinin əksəriyyətinin, ABŞ-ın fikrincə - qanunsuz işğaldır. Tezliklə ümid edirəm bu mövqe Avropa Birliyi səviyyəsində də öz əksini tapacaq. Bəzi avropa parlamentləri və hökumətləri artıq bunu qəbul edir. Bəzi Avropa dövlətləri xarici işlər nazirliyi səviyyəsində rəsmi olaraq “işğal” sözündən istifadə edirlər. Avropa Parlamenti hələ qəbul etməsə də, Avropa Şurası qəbul edib. Məncə, Avropa Birliyinin rəsmi bəyanatı artıq bu il qəbul oluna bilər. Tarix hələ belə bir hal bilmir ki, qanunsuz torpaq işğalının sonu olmasın, bunu istisna etmək lazımdır. Bax, əgər Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini haradasa 70-80 dövlət tanısaydı, xüsusilə samballı ölkələr, o zaman bizim böyük problemlərimiz yarana bilərdi...

Sobçak: Rusiya kifayət qədər samballı ölkədir...

Saakaşvili: Rusiyanın nəhəng torpaqları və ərazi problemləri onu olduqca zəif edir. Özü də mən hansısa Uzaq Şərqdən danışmıram, baxmayaraq ki, orda da problemlər var. Mən bizim regionu nəzərdə tuturam. Rusiya rəhbərliyinə məsləhətlər vermək mənlik deyil, amma onların yerinə olsaydım, Rusiya ərazilərini əldə saxlamaq haqda fikirləşərdim, başqalarını tutmaq haqda yox.

Sobçak: Medvedyev-Sarkozinin tənzimləmə planı haqda nə fikirləşirsiz?

Saakaşvili: Bu, atəşkəs planı idi və Rusiya qoşunlarının çıxarılmasını nəzərdə tuturdu. Rusiya onu yerinə yetirmədi və bir daha Çörçill və Bismarkın belə bir fikrini təsdiq etdi ki, Rusiya ilə bağlanan sazişlər onun mətni yazılan kağızdan da qiymətsizdir.

Sobçak: Amma məsələyə belə yanaşmağın sonu yoxdur! Ümumiyyətlə vəziyyətdən çıxış yolunu Siz necə görürsüz?

Saakaşvili: Ancaq bir yol var: Rusiya tez ya gec bu ərazilərdən çıxacaq.

Sokolova: Aydındır. Necə deyərlər “Carthago delenda est” (Lat. - Karfaqen məhv edilməlidir - red.) Gəlin mövzunu dəyişib, şəxsən mənə daha maraqlı olan məsələlərdən danışaq. Müasir Gürcüstan son vaxtlar bütün dünyada onunla tanınır ki, qısa müddət ərzində cəmiyyətin həyat tərzinin dəyişməyə, korrupsiya, “qara iqtisadiyyat” və rüşvətxorluq üzərində qələbə qazanmağa nail olub. Bunlar tarixən Rusiya siyasi sisteminin üzvi hissəsi kimi qəbul olunur və hesab edilir ki, bunların dəyişilməsi mümkün olan şey deyil. Misal üçün, prezident Medvedyevin bu istiqamətdə atdığı və büsbütün uğursuzluiqla nəticələnən addımlarını göstərmək olar. Siz buna necə nail oldunuz?

Saakaşvili: Biznesin qurulmasının sadəliyi üzrə dünya reytinqində Gürcüstan bu il 11-ci yer tutub. Bundan başqa, Danimarka və Sloveniyadan sonra biz Avropanın korrupsiyadan azad 3-cü ölkəsiyik. Amma fikirləşirəm ki, Gürcüstanda baş verən ən radikal dəyişiklik milli mentalitetdə baş verib. Vaxtilə Gürcüstan korrupsiyanın həcminə görə MDB ərazisində birinci yerdə idi. Mənim sələfim Şevardnadze də bunu rəsmən etiraf etmişdi, öz hakimiyyəti dövründə korrupsiyanın mövcudluğunu onunla izah edirdi ki, yuxarıdan aşağıyadək – nazirlər, hakimlər, müəllimlər, polis və sair – hamı korrupsiyaya qurşanıb.

Sobçak: Ah, necə də tanış səslənir...

Saakaşvili: Gürcüstan iqtisadiyyatı tamamilə qanunsuz elementlərdən ibarət idi. İndi kölgə iqtisadiyyatının xüsusi çəkisi 3%-dən də azdır. Sorğular göstərir ki, əgər 2004-2005-ci illərdə gürcülərin 98% deyirdi ki, bu və ya digər formada korrupsiya ilə əlaqələri var, indi rəyi soruşulanların ancaq 0,5% bunu deyir. Sən demə gürcü müntaliteti elə də cinayətkar və rüşvətxor deyil. Ciayəkarlığın səviyyəsi təqribən 5 dəfə azalıb.

Sobçak: Təəccüblüdür. Bizdə, məsələn, hesab edirlər ki, rus mentaliteti nəsə sabit bir göstəricidir, onu dəyişmək qeyri-mümkündür.

Saakaşvili: Məncə rus mentalitetində qanuna itaət meylləri bizdə olduğundan da güclüdür. Gürcüstanın problemi ikiqat idi: əvvəla, dövlətdən oğurlamaq şərəfli sayılırdı, rusdan oğurlamaq isə ikiqat şərəfli idi. Bunun tarixi kökləri var idi. Bizdəki qaçaqçılıq ənənələri buna əsaslanırdı. Çünki qaçaqlar ruslardan oğurlayırdı. Amma insanlara özlərini bu dövlətin, bu ölkənin, bu şəhərin, bu hökumətin sahibi kimi hiss etmək imkanı verəndə, məlum oldu ki, guya dəyişməz olan həmin cinaytəkar mentaliteti tamamilə yox ola bilərmiş!

Axı adamlar görürlər ki, hökumət rüşvət almağa son qoyub. Hərdən eşidirəm, deyirlər: küçədə korrupsiya yoxdur, korrupsiya hökumətdədir. Cəfəngiyyatdır! Əgər hökumət rüşvətxordursa, rüşvətxorluq hər yerdə olacaq.

Sobçak: Təbii.

Saakaşvili: Bir vacib məsələni də deyim. Kolektiv qürur hissi yaranıb. Məsələn, indi bizdə polis əməkdaşı 500-600 dollar maaş alır, müasir və yaraşıqlı maşında gəzir, rahat ofisdə oturur. Nəticədə bu adamda qürur hissi yaranır: ona hörmət edirlər, dəstəkləyirlər. Polis də öz növbəsində başa düşür ki, bu hörmətin səbəbi onun təmiz, rüşvətsiz işləməsidir. Eyni hissləri vergi müfəttişliyinin, gömrüyün və digər qurumların əməkdaşları keçirir, başa düşürlər ki, onların formasına olan hörməti heç-bir pulla almaq mümkün deyil. Əhalinin hörməti hökumətin verdiyi kifayət qədər maaşla birlikdə öz nəticəsini verir. Bu məsələdə xırda detallar belə nəzərə alınır, qışda soyuq olmasın, yayda isti, forma - gözəl, ofisin mebeli yaraşıqlı olsun, o zaman səni ciddi qəbul edəcəklər.

Sokolova: Siz prezident vəzifəsinə gələndə vəziyyət necə idi?

Saakaşvili: Dövlət aparatının böyük hissəsi ümumiyyətlə maaş almırdı. Feodal sistemi idi. Rayonu kiməsə pay verirdilər, o da feodal mülkiyyəti kimi oranı idarə edirdi. Polisin ərazisi onun xanlığı kimi bir şey idi. Beləcə şaquli tabeçilik sistemi idi, yuxarıdakı aşağıya ərazini pay verirdi və heç kimin haqqı yox idi ki, ora burnunu soxsun. Gürcüstandakı kriminal mafiya qüdrətli sayılırdı, çoxlu kriminal avtoritetlər var idi. Onların hamısı Gürcüstanı tərk etdilər, çoxu da Rusiyaya getdi. Qorxaq çıxdılar. Hakimiyyətdəki dayaqlarını itirən kimi onların sonu çatdı. Kriminal dünyanı vaxtilə Stalin yaratmışdı ki, QULAQ-lara nəzarət edə bilsin. Odur ki, onlar həmişə hakimiyyətin əlində bir vasitə olublar.

Sokolova: Deməli Siz hökumətin və polisin tərkibini tamamilə yenilədiz, elədir?

Saakaşvili: Hökumətdə, demək olar ki, sovet dövründə çalışanlardan bir nəfər də olsun qalmayıb. Hazırda bizim məmurları iki yerə bölmək olar: mənim kimi sovet dövrünü xatırlayanalar, amma o zaman hələ vəzifədə olmayanlar (Sovetlər dağılanda mən 5-ci kursda oxuyurdum) və ümumiyyətlə Sovet İttifaqını xatırlamayanlar. Məsələn, bizim kənd təsərrüfatı naziri var, 28 yaşındadır. O, orta məktəbdə pioner olmayıb. O, Vladimir Leninin kim olduğunu belə bilmir. Bu, tamam başqa mentaletitli adamlardı.

Sobçak: Siz gənclərə istinad edirsiz?

Saakaşvili: Yeni oyun qaydalarına desək daha dəqiq olardı. Bizim prinsipimiz meritokratiyadır, yəni ən bacarıqlı və istetdadlı adamların hakimiyyəti. İstənilən sahədə uğurlu karyera qurmağın yeganə yolu ancaq bir prinsipə əsaslanır: “kim daha yaxşı işləyir, kim daha istedadlıdır”. Yeri gəlmişkən, bizdə təhsil polis sistemindən də artıq korrupsiyalaşmış vəziyyətdə idi. Ali məktəblərə qəbulun oturuşmuş qiymətləri var idi, hüquq fakultəsi – 100 min dollar, tibb instisutu – 17-18 min dollar.

Sobçak: Siz ona görə Kiyevə oxumağa getmişdiz?

Saakaşvili: Qismən. Biz mərkəzləşdirilmiş qəbul imtahanlarını tətbiq edəndən sonra kənddən gələn uşaqlar daha çox ball topladı, nəinki elitanın övladları. Bu, yeni oyun qaydaları idi və ona alışmaq tələb olunurdu. Məsələn, polis əməkdaşları həm rüşvət alırdılar, həm də özlərinin dükanları olurdu. Biz onu seçim qarşısında qoyduq, ya rüşvətlə topladıqlarını bizə qaytarıb, polisdə qalsın. Ya da ki, polisi tərk edib öz dükanı ilə məşğul olsun. Əksəriyyət bu oyun qaydalarını qəbul etdi.

Sokolova: İslahatlar zamanı repressiv metodlara tez-tez əl atmaq lazım gəlirdi? Kimisə həbs etmək, hansısa peşəni yasaqlamaq, və ya ölkədən sürgünə yollamaq?

Saakaşvili: Sürgün və peşə yasaqı olmasa da, cox adam həbs edildi. Məsələn, məhkəmə sisteminin 40 hakimi rüşvət aldığı yerdə həbs olundu, bu, bütün hakimlərin 10%-ni təşkil edir. Həbslər videolentə alınırdı. Hakim partiyadan parlamentin üzvü olan 4 nəfər fırıldağa görə həbs edilib korrupsiya maddəsi ilə məhkum olundular, onlardan biri mənim yaxln dostum idi. Müdafiə naziri korrupsiyaya görə həbs edildi. Digər həbslər də oldu.

Sokolova: Hazırki məqamda Sizin prioritet məsələləriniz hansıdır?

Saakaşvili: Təhsil sisteminin modernləşdirilməsi. Bizim qəbul etdiyimiz xüsusi proqram çərçivəsində növbəti 3 il ərzində (mənim prezidentlik dövrümün sonuna qədər) 10 min nəfər amerikalı, kanadalı, ingilis və avstraliyalı ölkəyə dəvət olunacaq və hər bir kənddə, hər bir məktəbdə uşaqlara ingilis dili öyrədəcəklər. Bizdə orta məktəblərin sayı 3000 dir, odur ki, bəzi məktəblərə 2 və 3 xarici müəllim düşür. Bundan başqa, indi biz hər bir məktəbliyə pulsuz kompyuter veririk. İnanın ki, həmin uşağın ailəsində bu bir hadisəyə çevrilir! Biz tamamilə kompüterləşdirilmiş və ingilis dilində danışan bir nəsil yetişdirmək istəyirik. Əlbəttə, çin, türk, ərəb, rus dilləri də öyrənilməlidir. Biz rus dilini itirməməliyik!

Biz iqtisadi sistemin liberallaşdırılmasını nəzərədə tuturuq. Bizim məqsədimiz Avropanın demokratik Sinqapurunu yaratmaqdır. Demokratiyasız sabitlik ola bilməz, lakin Qərb dəyərlərinə keçmək üçün islahatlar tələb olunur. İslahatları isə demokratiyasız həyata keçirmək mümkün deyil.

Sobçak: Hazırda Sizin reytinqiniz necədir? Bəllidir ki, onun qaldırılmasının ən yaxşı yolu – zəfərlə nəticələnən qısamüddətli müharibə aparmaqdır.

Saakaşvili: Hazırda mənim reytinqim yüksəkdir. Amma, inanın ki, onu müharibə ilə qazanmamışam. Reytinq də pul və ya valyuta kimidir, gərək islahatlara xərcləyəsən. Pul alırsan, xərcləyirsən islahatlara, reytinq aşağı düşür. Əsas odur ki, növbəti seçkilərə qədər reytinqi yenidən qaldıra biləsən ki, adamlar sənin ardınca getsinlər. Həmişə də gərək öz addımlarını izah edəsən, özü də ancaq seçkilər ərəfəsində yox. Axı populyarlıq məqsəd deyil ki, özündən razı tərzdə deyəsən: “bir baxın, mən necə də populyaram”! Əgər sən siyasətçi kimi fəaliyyətsiz dursan, dərhal reytinqin də duman kimi yox olacaq. Axı sən hansısa məşhur yazıçı və ya müğənni deyilsən. Siyasətçinin uğuru onun reytinqi ilə olçülmür, onun işinin nəticələri ilə ölçülür. Siyasətdə isə nəticə 30 ildən sonra gəlir. Əsl reytinq odur ki, 30 ildən sonra (və ya Atatürk kimi 100 ildən sonra), vaxtilə görülən işlərə yüksək qiymət versinlər.

Sokolova: Məlumdur ki, Sizin Kremldəki həmkarınız korrupsiyaya qalib gəlməyi öz məqsədi elan edib. Bu sahədə ciddi uğurlar qazanmış ölkənin prezidenti kimi ona məsləhətiniz nə olardı?

Saakaşvili: Birincisi, əgər o uğur qazanmaq istəyirsə, gərək o və onun ətrafındakı qrup hakimiyyəti ələ alsın. Çünki təkbaşına lider olmur, oyun qaydalarını müəyyən edən siyasi sinif olur. İndiyədək heç bir avtoritar lider korrupsiyaya qalib gələ bilməyib. Korrupsiyaya ancaq o zaman qalib gəlmək olar ki, siyasi sinif, məmur aparatı və cəmiyyət arasında tam razılıq əldə edilsin. Amma əgər siyasətçi, hakim elita öz gələcəyini doğma ölkəsində görmürsə, Aralıq dənizi sahillərində evlər alır, arvadını - döğmağa, uşağını - oxutmağa İngiltərəyə göndərib, kapitallarını da ora köçürürsə, bununla öz ölkəsinin gələcəyi əleyhinə səs vermiş olur.

Sokolova: Bizdə hesab edirlər ki, rus mentaliteti Qərb dəyərlərini qəbul edə bilmir.

Saakaşvili: Niyə, elə yaxşı qəbul edir ki... Xüsusilə Aralıq Dənizi sahillərində malikanələr, İsveçrə bankları və İngilis yaxtaları formasındakı Qərb dəyərlərini ruslar çox sevirlər!

Sokolova: Bura baxın, axı Siz də sovet adamı olmusuz! Nə baş verdi ki, birdən-birə beyninizdə hər şey dəyişdi və dönüb oldunuz amerika arzusunun təcəssümü? Bizdə hesab edirlər ki, siz maaşı Mərkəzi Kəşfiyyat İdarəsindən alırsız...

Saakaşvili: Bəs mən elə bilirdim MKİ-də maaşlar yüksəkdir, mənə niyə belə az verirlər? Zarafatı kənara qoysaq isə, məni belə tərbiyə ediblər.

Sobçak: Deyilənlərə görə, Siz gənc vaxtlarınızda çox qalmaqallı adam olmusuz. Tələbə vaxtı hansısa pornofilm çəkmisiz...

Saakaşvili: Porno – çəkməmişəm. Amma Tbilisdə mafiya və ona qarşı mübarizə aparan təmiz polis haqqında film - bəli, olub elə bir şey. “Komissar Katani”yə çox baxmağımın nəticəsi idi.

Sobçak: Amma Sizin haqda pornofilm çəkilib! Mən Rusiyalı millət vəkilinin çəkdiyi “Yuliya” filmini nəzərdə tuturam. Sizin obraz orada kəndli qadının başına nələr gətirmir, baxmısız həmin filmə?

Saakaşvili: Baxmamışam. Amma ümid edirəm ki, mənim qəhrəmanım orada ləqyaqətlə təmsil olunub.

Sokolova: Kişi ləyaqəti demişkən, bir sutkadır ki, Gürcüstandayam və apardığım müşahidələr göstərir ki, burada çoxlu hündür və yaraşıqlı kişi var.

Saakaşvili: Yüksək qiymətinizə görə təşəkkürlər.

Sokolova: Belə bir fikir var ki, siyasətlə məşğul olan balacaboy kişilər çox təhlükəlidirlər. Çünki fiziki çatışmamazlıqlarını hakimiyyətin avtoritarizmi ilə kompensasiya edirlər. Bundan isə, sözün əsl mənsında, bütün dünya əzab çəkir. Razısız?

Saakaşvili: Bilmirəm. Mənim ən yaxın dostum var idi – Polşanın mərhum prezidenti Lex Kaçinskiy. Onun boyu balaca idi. Napoleon da olduqa balacaboy idi. Məncə insanın boyu heç nəyi həll etmir. Xüsusilə böyük ölkələrin liderlərindən söhbət gedəndə. Məncə siyasi uğurların səbəbi başqa şeydir. Uzağı görmək qabiliyyəti. Əgər kimsə uzağı görə bilmirsə, ona başqa heç nə kömək edə bilməz.

Sobçak: Cənab prezident, nə qədər utansaq da, amma elə bir sual var ki, onu soruşsaq bizi öldürərlər, soruşmasaq ölərik.

Saakaşvili: İstədiyiniz sualı verə bilərsiz.

Sokolova: Siz Tina Kandelaki adlı qızı tanıyırsız?

Saakaşvili: Tanıyıram. Nə vaxtsa Moskvada rastlaşmışam, yeri gəlmişkən, səhv etmirəmsə elə GQ barında. Necə bəyəm?

Sobçak: Mənə dəhşətli dərəcədə ağır olsa da deyəcəyəm, Rusiyada hamı bu haqda danışır... Zəhmət olmasa deyin görək, sizin aranızda nə baş verib? Siz onu Gürcüstana niyə buraxmırsız?

Saakaşvili: Necə yəni mən Tina Kandelakini Gürcüstana buraxmıram? Mən istəsəydim belə, texniki cəhətdən bunu həyata keçirmək qeyri-mümkündür!

Sobçak: Tina rus mətbuatında iddia edir ki, Siz onu təqib edirsiz, ona və ailəsinə hədə-qorxu gəlirsiz. O İctimai palatanın üzvüdür.

Saakaşvili: Hədə-qorxu gəlirəm?

Sokolova: Bu hələ harasıdır, Tina deyir ki, hər şeyin əsasında duran odur ki, o Sizi bir kişi kimi inkar edib.

Saakaşvili: Necə-necə?

Sokolova: Bizim günümüzə bax da...Gör prezidentlərə necə sual verməyə məcbursan! Əlqərəz, Tina Kandelaki iddia edir ki, Sizinlə yatmağa girməkdən imtina edib.

(Uzun fasilə)

Saakaşvili: Siz bayaq necə dediz, xanım Kandelaki Rusiya İctimai palatasının üzvüdür?

Sobçak və Sokolova: Hə!

Saakaşvili: Ola bilər ki, belə bəyanatlar ona siyasi karyerasında uğur qazanmaq üçün lazımdır. Amma, zənnimcə o ancaq özünə ziyan vurur. Hazırda Rusiyada millətin qızıl fondu sayılan çoxlu gürcü yaşayır – həkimlər, müalicə mərkəzlərinin rəhbərləri, Rusiya İncəsənət akademiyasının sədri, rəqqaslar, müğənnilər. Onlardan heç kim indiyə qədər Gürcüstana qarşı heç bir bəyanat verməyib. Onlar bizim siyasətlə razılaşır və ya bizi tənqid edirlər – amma heç vaxt bizə hücum etmirlər. Çünki hamı başa düşür ki, bizim ölkələr arasındakı problemlər tezi-geci, bir gün aradan qalxacaq və biz istəmirik ki, bizim xalqlar bir-birinə düşmən kimi baxsınlar.

Sobçak: Əsl siyasətçi cavabı.

Saakaşvili: Mən kişi kimi də cavan verə bilərəm, amma kobud səslənər.

Sokolova: Biz qulaqlarımızı tuta bilərik.

(davamı var)
XS
SM
MD
LG