Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:00

Xəzər sammiti ekspertlərin gözü ilə


Xəzəryanı ölkələrin Bakı sammiti
Xəzəryanı ölkələrin Bakı sammiti
«XƏZƏRİ DOSTLUQ DƏNİZİNƏ ÇEVİRMƏK MÜMKÜN OLACAQMI»

Noyabrın 18-də Bakı Xəzəryanı ölkələrin dövlət başçılarına ev sahibliyi etdi. Xəzərin sahilində yerləşən bu dövlətləri heç də mehriban qonşular adlandırmaq olmaz. Onların indiyədək bölə bilmədikləri şərikli malı var – Xəzər dənizi.

Sovetlər çökəndən sonra beş dövlət dənizdən bacara bildikcə daha çox pay qoparmağa çalışır. Elə mübahisələr də bunun üstündədir. Bəs Bakı sammiti bu mübahisələrə, on ildir ki, davam edən müzakirələrə son qoya bilərmi?

Noyabrın 18-də sammitdə açılış nitqi söyləyən prezident İlham Əliyev Xəzərin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyin vacibliyini bildirib. O bəyan edib ki, Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsində razılığa gəliblər:

«Bu gün Xəzəri dostluq dənizinə çevirmək üçün beş sahilyanı ölkənin iqtisadi əməkdaşlığını gücləndirmək lazımdır».

İran prezidenti Mahmud Əhmədinejad isə Bakıda jurnalistlərə deyib ki, Xəzərin bütün imkanlarından ədalətli əsaslarla istifadə olunmalıdır.

Daha bir məlumatı da deyək ki, dövlət başçılarının üçüncü zirvə görüşündə Xəzərin statusuna dair sənəd imzalanmayacaq.

Bu dəfə dövlət başçıları Dmitri Medvedev, Mahmud Əhmədinejad, İlham Əliyev, Nursultan Nazarbayev və Qurbanqulu Berdımuhəmmədov Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsi və birgə bəyannamə imzalayıblar. Sənəd terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah, narkotik, kütləvi qırğın silahları hissələrinin qaçaqmalçılığı və brakonyerliklə mübarizə, eləcə də birgə xilasetmə işləri üzrə əməkdaşlığı nəzərdə tutur.

Bəyanatda isə Xəzərin hüquqi statusu haqda konvensiya layihəsi üzərində işi sürətləndirmək niyyəti vurğulanır.

MÖCÜZƏ BAŞ VERMƏLİDİR

Vəfa Quluzadə
Xəzərin statusu ilə bağlı sənədin imzalanması isə yaxın 40-50 ildə də gözlənmir. Hər halda, Azərbaycandakı politoloqlar belə fikirdədirlər.

«Xəzər» Araşdırmalar Fondunun prezidenti Vəfa Quluzadə deyir ki, beş dövlətin, xüsusən də Rusiya ilə İranın iddiaları buna imkan vermir. Belə bir sənədin imzalanması üçün iki hadisə baş verməlidir: Rusiya dağılmalı və İran da Qərb tərəfindən neytrallaşdırılmalıdır.

DƏNİZDƏ DAMLA – TƏHLÜKƏSİZLİK MÜQAVİLƏSİ

Amma bəzi ekspertlərə görə, təhlükəsizlik müqaviləsinin imzalanması dənizdə damla da olsa irəliləyişdir.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu:

«Xəzəryanı dövlətlərin diplomatları təhlükəsizlik sənədi üzərində işləyirlər. Onların dediyinə görə, məhz həmin müqavilə daha sonra statusla bağlı yekun sənədin imzalanmasına şərait yarada bilər. Yəni, bu addımı irəliləyiş kimi qyimətləndirmək olar. Amma mən düşünmürəm ki, İran status məsələsində güzəştli addım atsın. İran prezidenti Bakıda yenə də ədalətli pay bölgüsündən danışır. Onların düşüncəsinə görəsə, ədalətli pay bölgüsü Xəzərin beş bərabər hissəyə bölünməsidir və bu da mümkün deyil. Görünən budur ki, Xəzərin statusu ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olmayacaq».

BELƏ SAMMİTLƏRİN FAYDASI NƏDİR?

Bəs dövlət başçılarının bir araya gəlməsinə, son səkkiz ildə üç dəfə toplanmalarına səbəb nədir? Vəfa Quluzadə:

«Hər sammitdə dövlət başçıları bundan istifadə edərək öz problemlərini həll edirlər. Məsələn, Azərbaycan Qarabağ məsələsini həm Dmitri Medvedevlə, həm Əhmədinejadla, həm də başqaları ilə gündəmə gətirməyə cəhd edəcək. Rusiya öz iradəsini sırımaq üçün Azərbaycanla, Qazaxıstanla danışıqlar apara bilər. İran bu cür görüşlərdə izolyasiyadan çıxır. Deməli, beynəlxalq məclisdə iştirak edir. Onun da xeyrinədir. Amma əslində, nəticə olmur. İran həmçinin sanksiyaları heçə çevirmək istəyir. Bu sammitdən istifadə edib, Xəzəryanı dövlətlərlə əlaqələrini gücləndirmək istəyir».

Noyabrın 18-də Rusiya və İran prezidentləri görüşüblər. Ekspertlərə görə, Dmitri Medvedev iranlı həmkarını mövqeyini dəyişməyə, nüvə silahının istehsalından daşınmağa çağıra bilər.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu deyir ki, İrana hər zaman dəstək verən Rusiya onun yanında deyil. Son zamanlar İran məsələsində Rusiya ilə ABŞ-ın mövqeyi artıq yaxınlaşıb:

«ABŞ XƏZƏRDƏ BİR NÖMRƏLİ OYUNÇUDUR»

«Obama prezident seçiləndən sonra Rusiyanın istəyinə uyğun olaraq Polşa və Çexiyada raketlərdən müdafiə sistemini yerləşdirməkdən imtina etdi. Bunun müqabilində Rusiyanın İran siyasətini dəyişməsini istədi. Rusiya da bu məsələdə ona dəstək verdi. Üstəlik də vaxtilə imzalanmış müqaviləni pozaraq S-300 raketlərinin satışından da imtina etdi. Bu da iki ölkə arasında soyuqluğa səbəb oldu. Yəni, Rusiya artıq mövqeyini bildirib».

Vəfa Quluzadə də düşünür ki, İran qonşularından dəstək ala bilməyəcək. Onun qənaətincə, İranın bütün qonşuları Amerika kimi superdövlətin mövqelərini nəzərə alır:

«Bu dövlətlərin hamısının Amerika ilə enerji əlaqələri var. Amerikasız Xəzərdə heç nə həll etmək olmaz. ABŞ Xəzərdə bir nömrəli oyunçudur. Bunu hamı da nəzərə alır».

Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə toplantısı 2002-ci ildə Aşqabadda, ikinci sammit isə 2007-ci ildə Tehranda keçirilib.
XS
SM
MD
LG