Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:43

İlqar İbrahimoğlu: «Nazir heç yerdə deməyib ki, hicab qadağan edilir»


İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu
“Nazir heç yerdə deməyib ki, hicab qadağan edilir”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu deyib. Onun sözlərinə görə, hicabla bağlı oxşar məsələlər təhsil müəssisələrində hər il yaşanır.

İ.İbrahimoğlu deyir ki, Təhsil naziri həmin açıqlamasında konkret olaraq məktəbli formalarını nəzərdə tutub:

NAZİR DEYİR Kİ, LAZIM GƏLƏRSƏ BELƏ EDƏRİK

“Nazir heç yerdə deməyib ki, hicab bundan sonra olmayacaq. Biz onun dediklərinə diqqət yetirsək, Misir Mərdanov deyib ki, məktəbli formasına keçilməlidir. Hicabla bağlı suala yenidən qayıdanda aydın olur ki, bu günə heç bir qərar yoxdur. Nazir cavab verir ki, lazım gələrsə, biz belə edə bilərik”.

DEVAMM rəhbəri inkişaf etmiş ölkələrdə geyim məsələlərinə sərbəst yanaşıldığını bildirib:

CAMAAT ORDA SƏRBƏSTDİR

“Bu mövzu ümumiyyətlə gülməlidir. Bugünlərdə Almaniyadan gəlmişəm. Camaat orda tam sərbəstdir. Dünyanın hər yerində məktəb də universitet də bu məsələdə sərbəstdir. Hesab etmirəm ki, Azərbaycan belə bir repressiv addım ata”.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, təhsil hüququna qoyulan məhdudiyyətlər hökmən qanuni əsaslarda və konstitusion çərçivədə olmalıdır:

BELƏ BİR NORMA YOXDUR

Ələsgər Məmmədli
“Yəni Konstitusiyanın yol verdiyi ölçüdə olmalıdır. Bunu məhdudlaşdırarkən də demokratik cəmiyyətin zərurilik testindən keçirilməlidir ki, həqiqətən bu demokratiyanın yaşaması üçün vacib addımdır. Bizim mövcud qanunvericilikdə belə bir norma yoxdur”.

Ələsgər Məmmədlinin sözlərinə görə, orta məktəblərdə bunun dini azadlıqlara müdaxilə olduğunu demək mümkün olmasa da, ali məktəblərdə təhsil alan tələbələr üçün bu hüquq pozuntusudur:

18 YAŞ VƏ ONDAN AŞAĞI


“Orta məktəblərdə yaşı 18-dən aşağı olan insanlar təhsil alır və onların hələ öz dinini və ya dini inanclarını sərbəst şəkildə ifadəsini iddia etmək doğru olmaz. Çünki onlar nəticə etibarı ilə valideyn himayəsində olan insanlardır. Bu baxımdan orta məktəblərdə vahid formanın tətbiqi bu və digər hallarda dini azadlıqlara müdaxilə kimi təsbit oluna bilməz. Amma ali məktəblərdə bu və ya digər formada baş örtüyü olan insanların təhsil hüququna müdaxilə etmək birbaşa təhsil hüququnun pozuntusudur”.

Hüquqşünas deyir ki, əgər belə bir qərar verilsə, Azərbaycanda bu qərarın söykənə biləcəyi qanun və konstitusion norma yoxdur.

“HİCAB SƏRƏNCAMDA NƏZƏRDƏ TUTULMUR”

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü isə deyir ki, hər şey qanuni şəkildə, insan hüquqları tapdalanmadan olmalıdır:

“Məktəbli formasına keçidlə bağlı sərəncam var. Bu sənəddə məktəbyaşlı qız uşaqlarının hicabla məktəbə gəlməsi nəzərdə tutulmur. Bu gün istər məktəb rəhbərlərinin, istərsə də Təhsil Nazirliyinin istinad etdikləri həmin sərəncamdır. O sərəncamda göstərilir ki, məktəbli forması hansı olmalıdır. Hicab orada nəzərdə tutulmur. Bunlar ondan irəli gəlir ki, “Təhsil haqqında” qanunda bunlar öz əksini tapmadı”.

XS
SM
MD
LG