Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:00

60 ailənin «Qış bulvarı» problemi


Rövşən Həsənov
«Bizə qəflətən xəbərdarlıq gəldi ki, bir həftə ərzində evlərinizi tərk etməlisiniz. Əks halda, mənzilinizin dəyəri-- kvadratı 1500 manatdan bank hesabınıza köçürüləcəkdir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «Qış bulvarı» salınacaq ərazinin sakini Rövşən Həsənov söyləyib.

Onun sözlərinə görə, sakinlər danışıq üçün gələcək nümayəndə heyətinin yolunu gözləyirmiş: «Qəflətən bu bildiriş daxil oldu».

CAMAATI «KAMAZ»LARA DOLDURUB APARIRLAR

R.Həsənov bu ərazidə insanların hüquqlarının kütləvi şəkildə tapdandığına diqqət çəkdi:

«Bəzilərinin avadanlıqlarını çıxarıb «Kamaz»lar vasitəsilə kirayə adı ilə hara isə aparırlar».

Qonağımız əvvəllər Heydər Əliyev Sarayının arxasındakı evlərin sakinlərinə 3.500-5000 manat ödəndiyini, onlara gələndə isə bu məbləğin 1500 manata düşdüyünü bildirdi:

«Vəziyyət pisləşməyə doğru gedir. Bildiriş alan sakinlər psixoloji gərginlik keçirirlər. Hər kəs öz yükünün hayındadır. Artıq qaz, su, işığımız da qəflətən kəsilib. Hazırda 60-a yaxın ailə bu durumdadır».

CİBİMDƏ 7-8 CÜR DƏRMAN GƏZDİRİRƏM

Bu müddət ərzində vəfat edənlərin, infarkt olanların olduğunu deyən Rövşən Həsənov öz vəziyyətinin də yaxşı olmadığını söylədi: «Cibimdə 7-8 cür dərman gəzdirirəm».

PREZİDENTƏ İNANIRIQ...

Rövşən Həsənov bütün bunlara baxmayaraq ölkə prezidentinə inandığını da dedi: «Keçən dəfə qeyd etdi ki, bürokratik əngəllər var. Amma hazırda məmur özbaşınalığı baş alıb gedir. İnsanların mülkiyyət, konstitusion hüquqları tapdalanır. Odur ki, prezidentimizə müraciət edirik, ona güvənir, ondan kömək istəyirik».

AZƏRBAYCAN DAXİLİ MÜHARİBƏ ŞƏRAİTİNDƏDİR?

Tarix, Mədəni və Təbii İrsi Qoruma Komitəsinin əlaqələndiricisi Aytəkin İmranovanın fikrincə isə, ölkə sanki xarici yox, daxili müharibə şəraitindədir. «Biz davamlı olaraq kimi isə xilas etmək, hara isə müraciət etmək məcburiyyətində qalırıq. Hətta səlahiyyətimizi aşıb beynəlxalq qurumlardan tələb edirik ki, yazdıqlarımıza həmən reaksiya versinlər. Onlar da deyirlər ki, axı, prosedur qaydaları var».

DEMOKRATİK DÖVLƏTDƏ TAM HÜQUQLU VƏTƏNDAŞ?

Aytəkin İmranova
Aytəkin xanımın fikrincə, demokratik dövlətdə tam hüquqlu vətəndaş heç kimin ayağına düşməməlidir: «Ölkənin sahibi odur. Onun haqları, hüquqları var. Hətta Sovetlər dönəmində heç kəs düşünməzdi ki, kimisə evindən sürüyüb ata bilərlər».

SÖKÜLƏN EVLƏR DÖVLƏT SİYAHISINDA OLAN ABİDƏLƏRDİR


A. İmranova sökülən binaların tarixi abidə olduğunu vurğuladı: «Nazirlər Kabinetinin razılığı olmadan bu binalar sökülə bilməz. Heç Bakı Şəhər İcra Hakimiyyətinin də göstərişi yoxdur. Bizi olanları fiksasiya etməyə də qoymurlar. QHT kimi ictimai nəzarətə, foto çəkməyə də imkan vermirlər».

JURNALİSTLƏRİ DƏ ŞƏKİL ÇƏKMƏYƏ QOYMURLAR

Rövşən Həsənov hazırda o əraziyə jurnalistlər buraxılsa da, ora polis dəstələrinin töküldüyünü və foto çəkməyin belə yasaqlandığını bildirdi: «Haqqını tələb edənləri isə polisə aparıb 10 -15 saat saxlayıblar».

ƏLAVƏ SAHƏLƏRİN HAQQINI ÖDƏMƏK İSTƏMİRLƏR


Rövşən Həsənov əlavə sahələri sənədləşdirmək istədiklərini, ancaq Bakı Şəhər İH-nin göstərişi ilə üç ay əvvəl bu işin dayandırıldığını qeyd etdi: «Bu üzdən vətəndaşlar xeyli sahə itirirlər».

MERİYA NƏ DEYİR?

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov isə bir müddət əvvəl AzadlıqRadiosuna demişdi ki, hər kvadratmetr üçün alternativ variant kimi əhaliyə yaxın ərazilərdə evlər təklif olunur, ancaq onlar razılaşmırlar:

«1500 dollardan başqa həmin ailələrə alternativ variant kimi ətraf ərazilərdə mənzillər təklif olunub, ancaq getmirlər. Bu adamlar Şəmsi Bədəlbəyl, Füzuli və başqa küçələrdə yaşayırlar. Həmin küçələrin alternativi kimi onlar Vidadi, Mirzəağa Əliyev küçələrində evlər təklif olunur. Ancaq istəmirlər. Onda biz nə etməliyik?».

Bakının Şəmsi Bədəlbəyli, Füzuli və Topçubaşov küçələrində 2010-cu ilin fevralından başlanan söküntü işləri artıq yekunlaşmaq üzrədir. Ərazidə «Qış bulvarı» salınması nəzərdə tutulur. Ancaq bu evlərdə yaşayan sakinlərin bəziləri verilən kompensasiyanın azlığını əsas gətirərək mənzilləri boşaltmaq istəmir. Sakinlərin dəfələrlə AzadlıqRadiosuna bildirdiyinə görə, verilən kompensasiyanın miqdarı (hər kvm-ə 1500 manat) artırılmasa, onlar evlərini tərk etməyəcəklər.
XS
SM
MD
LG