Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:51

Sakit Okeanın cənubunda əsl möcüzə


Hərbi hava qüvvələrinin təyyarələri də okeanda onları tapa bilməyib
Hərbi hava qüvvələrinin təyyarələri də okeanda onları tapa bilməyib
Noyabrın 26-ı Sakit Okeanın cənubunda əsl möcüzə baş verib. Oktyabr ayında matəm mərəasimi keçirilən 3 yeniyetmə sağ-salamat evlərinə qayıdıblar. Özü də Sakit Okeanda, kiçik bir qayıqda 50 gün ac-susuz dolanandan sonra.

14 yaşlı Edvard Nasau, 15 yaşlı Samuel Pelesa və Filo Filo oktyabrın 5-də qayıqla yaşadıqları Yeni Zelandiya arxipelaqının adalarından birindən yola çıxıblar. Yaxınlıqdakı adaya getmək üçün. Və o vaxtdan itkin düşüblər. Onların valideynləri bu haqda rəsmi orqanlara məlumat verib. Ancaq hərbi hava qüvvələrinin təyyarələri də okeanda onları tapa bilməyib.

MATƏM MƏRASİMİ


Odur ki, yaşadıqları Atafu adasında onlara matəm mərasimi təşkil edilib. Mərəsimə 500 nəfər qatılıb. Artıq evlərində ölmüş sayılan gəncləri bu çərşənbə günü öz adalarından 1300 kilometr uzaqda, dənizin ortasında, Fici sularında ordan təsadüfən keçən bir balıqçı gəmisi tapıb. Balıqçılar yeniyetmələri 2 gün sonra Fici Hərbi Dəniz Qüvvələrinə təhvil veriblər və katerlə onları yaşadıqları yerə gətiriblər.

Gəncləri aşkarlayan balıqçı gəmisindən Tay Fredriksen deyir ki, əslində onların yolları heç burdan keçmirmiş. Sadəcə, yollarını qısaltmaq üçün okeanın bu hissəsindən keçiblər. Yaxınlıqda ləngər vuran kiçik qayığı görüblər və gənclərdən yardıma ehtiyacları olub-olmadıqlarını soruşublar. Və eşitdikləri yeganə söz - “sağ olun ki, bizi görüb dayandınız” olub.

Fredriksenin sözlərinə görə, gənclər çox taqətsiz idilər, susuzluqdan dil-dodaqları qurumuşdu, üzülmüşdülər, amma sağ-salamat idilər. Onlardan nə ilə dolandıqlarını soruşanda deyiblər ki, yağış suyu içiblərmiş, amma son 5 gündə yağış da yağmadığından susuz qalıblar. Yeməyə cəmi iki kokosları olub. O qurtarandan sonra okeandakı uçan balıqlardan tutublar, hətta bir dəfə qayığa qonan qağayını da tutmağı bacarıblar.

ADADA HAMI BUNDAN DANIŞIR

Yeniyetmələrdən birinin atası – Tanu Filo Yeni Zenlandiya radiosuna deyib ki, bütün ada sakinləri uşaqların sağ olması xəbərindən dəlicəsinə sevinirlər. Kim-kimi görürsə qucaqlayıb, təbrik edir. Adada hamı bu yaxşı xəbərdən danışır.

Fici Hərbi Dəniz Donanmasının zabiti Frensis Kin deyir ki, gənclər uzun müddət ac qaldıqlarından indi ancaq maye halda qida qəbul edə bilirlər. Hələ ki xilas olanlara heç kimlə görüşməyə icazə verilmir, onlar həkim nəzarəti altındadırlar. Həkimlərsə deyir ki, özlərini tam sağlam hiss edənə qədər yeniyetmələr media qarşısına çıxmayacaq.
XS
SM
MD
LG