Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:36

Gömrük rüsumu, yoxsa rüşvət?


Ənnağı Ənnağıyev
Ənnağı Ənnağıyev
Gürcüstandan özünə avtomobil alıb Bakıya gətirən Ənnağı Ənnağıyev AzadlıqRadiosunun “Qaynar xətti”nə gömrükçülərdən şikayət edib. O deyir ki, 3 min dollara aldığı “Mercedes-240” avtomobilinə 3800 manat rüsum istənilir:

“DEDİLƏR 100 MANATDAN AŞAĞI GÜZƏŞT YOXDUR”

“Bələdiyyədə və kənd sovetində qaynaqçı işləmişəm. İşlədiyim müddət ərzində qırıq-qırıq pul yığdım, ailəm üçün maşın aldım. Gürcüstana getdim, Rustavi şəhərindən 3 min dollara “Mercedes-240” avtomobili aldım. Gürcüstanın gömrüyündən məndən pul almadan buraxdılar, ancaq öz gömrüyümüzdə 50 manat alıb buraxdılar. Orda yazılmışdı ki, 72 saat ərzində maşın gömrüyün avtodayanacağına qoyulmalıdır, gömrük rüsumu ödənilməlidir. Maşını dayanacağa qoyub kassirə yaxınlaşdım, dedim maşın alıb gətirmişəm, onun gömrük rüsumunu ödəmək istəyirəm. Dedi gömrük xərci 3800 manatdır. Mən etirazımı bildirdim ki, maşını 3000 dollara almışam, onun gömrük rüsumu qiymətindən baha ola bilməz axı. Dedilər 100 manatdan aşağı güzəşt yoxdur.

“PREZİDENTƏ TELEQRAM VURDUM”


Fikirləşdim ki, neyləyim, hara müraciət eləyim, axı qırıq-qırıq yığdığım pulla maşın almışam, nəyə görə bu qədər rüşvət verməliyəm. Prezidentə teleqram vurdum. 3-4 gün keçdi, teleqramın cavabı üçün Prezident Administrasiyasına getdim, dedilər ki, Gömrük Komitəsinə müraciət edin, şikayətiniz araşdırılması üçün ora göndərilib. Gömrük Komitəsinə gəldim, ordasa heç qapıdan içəri buraxmadılar, maşının markasını, qiymətini soruşdular, dedilər düzgün ediblər, həmin rüsumu almalıdılar”.

Dövlət Gömrük Komitəsindən isə AzadlıqRadiosuna bildirdilər ki, Ənnağı Ənnağıyev bir daha Komitənin maliyyə şöbəsinə müraciət etsin və avtomobilin sənədlərini təqdim etsin. Nə şikayəti varsa həmin şöbəyə bildirsin. Maliyyə şöbəsi hesablama aparacaq və maşın sahibinin ödəyəcəyi rüsum üçün qəbz verəcək.

VƏKİL REAL QİYMƏTLƏRDƏN DANIŞIR

Anar Qasımov
Vəkil Anar Qasımov isə deyir ki, ölkəyə gətirilən avtomobillərə görə vergilər və gömrük rüsumları, ölkədə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ölkəyə gətirilən avtomobillərə görə, aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur.

Bu vergilərin və idxal rüsumunun tutulması, onun dərəcəsi bir çox hallardan asılıdır. Belə ki, birinci növbədə maşının istehsal olunduğu il nəzərə alınır, maşının mühərrikinin həcmi nəzərə alınır və maşının gətirildiyi ölkədən alındığı qiymət nəzərə alınmaqla bu rüsumlar və vergilər hesablanır.

Vəkil deyir ki, aksiz vergisinin hesablanmasında maşının mühərrikinin həcmi əhəmiyyət kəsb edir. Əgər mühərrikin həcmi 2000 kubmetrə qədərdirsə, bu zaman hər kub santimetr üçün 15 qəpik, 2000 kubmetrdən 3000 kubmetrədəkdirsə, 300 manat və hər kubsantimetr üçün 1 manat, 3000 kubmetrdən 4000 kubmetrə qədərdirsə, 1300 manat və hər kub santimetr üçün 2 manat, 4000 kub santimetrdən yuxarıdırsa, bu zaman 3300 manat və hər kub santimetr üçün 4 manat aksiz vergisi tutulur.

Əlavə dəyər vergisi isə maşının alındığı qiymətin 18 faizi həcmində hesablanır. İdxal rüsumuna gəlincə, bunda maşının istehsal-buraxılış tarixi və mühərrikinin həcmi əhəmiyyət kəsb edir. Əgər maşının istehsal buraxılış tarixindən 1 il ötməyibsə, bu zaman hər kub santimetr üçün 40 qəpik, istehsal-buraxılış tarixindən 1 ildən artıq vaxt keçibsə, hər kub santimetr üçün 70 qəpik hesablanmaqla idxal rüsumu müəyyən olunur.

“1000 MANAT ARTIQ HESABLANIB”

O ki qaldı konkret Ənnağı Ənnağıyevin alıb ölkəyə gətirdiyi avtomobilə, vəkil həmin avtomobilin vergi və rüsumunu da hesabladı:

“Konkret bu avtomobillə bağlı rəqəmləri hesablaya bilərik. Dediyiniz kimi, avtomobil 1998-ci il istehsallıdır, 3000 ABŞ dollarına alınıb, mühərrikinin həcmi 2400 kub santimetrdir. Əgər mühərrikin həcmi 2400 kubsantimetrdirsə, bunun aksiz vergisi 700 manat təşkil edir, əlavə dəyər vergisi alınmış qiymətin 18 faizi olanda bu da təqribən 430 manat təşkil edir, idxal rüsumuna gəlincə isə, bəlli olduğu kimi, avtomobilin istehsal tarixindən 1 ildən artıq vaxt keçib, bu isə o deməkdir ki, burada hər kub santimetr üçün 70 qəpik hesabı ilə idxal rüsumu hesablanmalıdır. Avtomobilin mühərrikinin həcmi 2400 kub santimetr olduğu üçün 2400 kub santimetri 70 qəpiyə vurmaqla bunun həcmini müəyyən edə bilərik. Bu da 1680 manat təşkil edir. Beləliklə, müraciət olunan maşına görə 700 manat aksiz vergisi, 430 manat əlavə dəyər vergisi, 1680 manat idxal rüsumu edir. Bu rəqəmləri topladıqda, təqribən 2700 manata yaxın bir məbləğ edir. Burdan da göründüyü kimi, müraciət edən şəxsdən 3800 manat tələb olunubsa, bunun 1000 manatı artıq hesablanmaqla tələb olunub”.

DİNLƏYİN:

XS
SM
MD
LG