Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Gülər Miryəhya "İlk cinayət" (Hekayə)


İnsanın həyatında hadisələr çox olur.

Komada olan və ya kliniki ölüm keçirən insanlar danışarlar həmişə, “gözlərimin önündən həyatım kino lenti kimi keçdi”-deyə.

Bax hadisələr məhz elə xırda kino lentləri kimi baş verir.

Bir-birinə birləşir və sonda ömür, ya nə bilim həyat adlanan nəsnəni yaradırlar.

Amma onların arasında bir hadisə, məhz bir hadisə olur ki, həyatının həmin kino lentində əsas sujetlərdən olur.

Çünki həmin o bircə lent, bircə sujet o qədər çox şeyi dəyişə bilir ki, istədin istəmədin bütün ömürünü həmin o bir, balaca sujetin təsirilə yaşaya bilirsən.

Ana xətt o sujetdən ibarət olur və bütün digər sujetlər o xəttin üzərində qurulur.

Fəlsəfə açmayacam, mənim də həyatımda o ana xətt baş verdi. Çox uzun illər mən o ana xəttin təsirilə yaşadım.

Həmin hadisə həyatımı dəyişdi deyə bilmərəm, o mənim həyatımı məhv etdi. O zaman mənim 12 yaşım olardı.

Mən onun arxasında dayanmışdım.

Gülümsəyirdim, amma bu sevinc və ya xoş gülüş deyildi, dodaqlarım əsəbi şəkildə səyriyirdi, əllərim əsirdi.

O isə ağlayırdı, ağlamaqdan çox ulayırdı, yadımdadır ki, onun səsi məni qıcıqlandırırdı. Əllərində atasının köhnə ülgücü var idi, ucundan qan damırdı.

Tərdən islanan köynəyi kürəyinə yapışmışdı. Bizdən bir az kənarda yaşayan Davud həkimin mənimlə yaşıd qızı Leyla idi.

Sovet hökuməti təzə dağılmışdı və mənim ailəm Qobustanda yaşayırdı.

İndi tanınmaz hala gələn, az qala hər məhəlləsində kanalizasiya problemi olan bu balaca qəsəbə onda sakit idi, səliqəli idi.

Davud həkim də qəsəbədə ən yaxşı həkim sayılırdı. İki mərtəbə evləri var idi. Mən həkimin qızı Leyla ilə dostluq edirdim, çox vaxt birlikdə oynayırdıq.

Xoşlamırdım oğlanlarla oynamağı, ailəm çox vaxt buna görə danlayardı, atam isə uzun-uzun məsləhət verərdi ki, yekə oğlansan artıq, qızlarla oynamaq vaxtın deyil.

Amma Leylanı çox sevirdim.

Qəsəbənin bir az kənarında qapalı məhəllə var idi. “Qaçqın məhəlləsi” deyirdik ora- Qarabağdan qaçqın düşən ailələr yaşayırdılar.

Çirkli, geniş həyət və uzun, iki mərtəbə binadan ibarət idi bu məhəllə. Bizə icazə vermirdilər orada oynamağa.

Amma hər ikimiz gözdən oğurlanıb, məhəllədəki uşaqlarla oynamağı xoşlayırdıq.

Bəzən başımız oyuna qarışdığı belə zamanlarda anam əlində çubuqla gəlib, qulağımdan tutub evə aparırdı. Həmin qaçqın məhəlləsində bir qız var idi, Arzu idi adı.

Ailədə üç uşaq idilər üçü də qız idi. Valideynləri indi başa düşdüyüm, xəstə təfəkkürlə oğlan uşağı istədiklərindən Arzunu oğlan kimi böyüdürdülər.

Qısa saçları, oğlan geyimi və hərəkətləri onu elə formalaşdırmışdı ki, mən az qala ondan məni döyər deyə qorxurdum.

Həmin hadisəni də bax onun təklifi ilə törətdik.

Səhər yenə də gözdən oğurlanıb, qaçqın məhəlləsində oynayanda Arzu dedi ki, iki gündür onların həyətinə hamilə pişik gəlir.

Mən heyrətlənmişdim ki, pişiklər necə hamilə qalır, Arzu isə geniş- geniş hər şeyi izah edəndən sonra təklif etdi ki, pişiyin balalarını “doğmasına” kömək edək.

Leyla dedi ki, atasının iti ülgücü var, bir dəfə o xəstələrdən birini müalicə edəndə görüb ki, atası ondan necə istifadə edir.

Biz onu təhrik etdik ki ülgücü gətirsin. Leyla qaça-qaça evlərinə gedib, atasının stolundan oğurladığı ülgücü gətirdi.

Leyla gələnə qədər Arzu artıq pişiyi tutmuşdu. Leyla əlində ülgüc gəlib çatanda Arzu hələ uzaqdan ona bağırdı ki, tez olsun.

Leylanın üzündə böyük tərəddüd vardı. Amma Arzunun güclü, kişi səsli bağırtılarından sonra o ülgücü mənə uzatdı.

Mən isə sadəcə baxmaq istədiyimi deyib, Arzuya ötürdüm. İki dəqiqə sonra üçümüz də dayanıb, can verən pişiyə baxırdıq.

Pişiyin cırılmış qarnı yanında, qan içində balaca, sürüşkən dərili, çəhrayı rəngli ət parçaları çırpınırdı. Leyla dayanmadan ulayırdı, mən əsəbi idim.

Arzu isə sakit-sakit olanları izləyib, bizə tapşırdı ki, bu barədə heç kimə danışmayaq. Uşaq idik, bilirdik ki, nəsə çox böyük və dəhşətli iş tutmuşuq, bu barədə susmaq lazımdır.

Sonra Arzu ilə köməkləşib, artıq ölmüş pişiyi və onun tərpənməyən balalarını həyətin arxasında basdırdıq. Leyla dayanmadan ağlayırdı deyə biz onu özümüzə qoşmadıq.

Sonra isə lal, sakit dayanıb, hərəmiz öz evimizə aralandıq.

Həmin hadisənin səhəri Leylagil qəsəbədən şəhərə köçdülər. Davud həkim üçün şəhərdə yaxşı iş demişdilər.

Onlar köçəndə mən eyvanda dayanmışdım. Leyla bərk-bərk atasının əlindən yapışmışdı.

O, bir anlıq geri boylandı, bizim eyvana baxdı və tez də üzünü çevirdi.

Bilmədim məni gördü yoxsa yox. Arzu ilə daha dostluq etmədim. Biz özümüz də iki ay sonra şəhərə köçdük.

Mən əvvəldə də yazmışdım, həmin hadisə mənim həyatımın film lentində əsas sujet xətti oldu. Mən heç vaxt unuda bilmədim, o ilk cinayəti.

Hamilə qadınlara və pişiklərə nifrət edirdim. Hamilə qadın görəndə həmin hadisəni xatırlayırdım.

Çox sonralar bir dəfə Leyla ilə qarşılaşdım. Ayaqüstü salamlaşdıq, ikimiz də başımızı aşağı salıb dayandıq.

O vaxtdan 20 il keçmişdi. Leyla gözəl qadın olmuşdu.

Biz susduq və sonra o dedi ki, evə getməlidir.

Mən özüm də xilas olmaq istəyirdim bu görüşdən, tez sağollaşdım və sevindim ki, o hadisəni xatırlamadıq. Amma o iki addım atıb, geri döndü. Tələsə-tələsə dedi:

- Bilirsən mən o vaxt etdiyimizi heç vaxt yaddan çıxarmadım. Lənətə düşdük biz. Mənim uşağım olmur. Hamilə qala bilmirəm, nifrət edirəm hamilə qadınlara.

Məni lənətə saldız siz. Sizi heç vaxt bağışlamayacam.

Elə bunları demək istədim. Ürəyinə pis heç nə gətirmə, olan oldu keçən getdi, amma xahiş edirəm bir də məni görsən uzaq keç. Elə bil ki, tanımamısan.

Mən dilxor oldum, cavab vermədim, üzümü çevirib getdim.

Yadımda qalan bircə o oldu ki, Leyla daha əvvəlki kimi ucadan, ulaya-ulaya ağlamırdı. O səssiz ağlayırdı.

Mən də evləndim. Həm də iki dəfə. Hər iki arvadım əsla uşaq istəmədiyimdən məndən ayrıldı. Onlar anlamadılar, başa düşmədilər ki, o hadisəni mən də lənət kimi qəbul edirdim.

Nə vaxtsa uşağım olsa onların da bu lənətə düşəcəyindən qorxurdum.

Hər iki arvadımla evli olduğum zamanlarda çox gecələr qan tər içində yuxudan oyanmışdım. Yuxuda həmişə eyni şeyi görərdim.

Həyat yoldaşımın kəsilmiş qarnı və elə həmin həyətdə, həmin torpağın üstündə körpəmin titrəməsini. Mən Arzu haqqında da eşitdim.

Arzu oğlan kimi böyüyəndən sonra həmin xəstə təfəkkürlü ailəsi onu ərə veribmiş. Arzu dözməyib qadın olmağa elə toyundan bir ay keçmiş özünü asıb, intihar edib.

Biz, üç cinayətkar haqqında heç yerdə heç nə yazmadılar.

Bizim cinayətimizdən heç kim xəbər tutmadı. Amma biz cinayətkar idik. Əsl cinayətkar.

Cinayətin böyük-kiçiyi olmur.
XS
SM
MD
LG