Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:26

Xocasəndə dindarları niyə tutublar?


Dürdanə Həşimova
«Həyat yoldaşım Hacı Hacıqulu Həşimovu və qardaşım Məşədi Yusif Əlikram oğlunu həbs ediblər. Aparıblar Binəqədi polis idarəsinin 40-cı bölməsinə, oradan da məhkəməyə. Məhkəmədə də deyiblər ki, onları Xocasən qəsəbəsindəki 103 saylı orta məktəbin direktor müavini Vaqıf Quluzadənin şikayəti əsasında saxlayıblar. Guya Vaqif müəllim şikayət yazıb ki, həmin şəxslər ona təcavüz ediblər, onu təhqir ediblər».

Binəqədi rayonu Xocasən qəsəbə sakini Dürdanə Həşimova belə deyir.

Dekabrın 25-də Binəqədi rayon Məhkəməsi Xocasən qəsəbəsindəki 103 saylı orta məktəbə hücum etdiyi bildirilən Hacı Hacıqulu Həşimov, Hacı Azər Sərcanov və Məşədi Yusif Əlikram oğlunun 10 gün müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar çıxarıb.

SAXLANAN DİNDARLARIN ADINI ÇƏKƏN OLMAYIB

Binəqədi rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildiriblər ki, həmin şəxslər məktəbin pəncərələrinə qız uşaqlarının hicabla dərsə buraxılmamalarına qarşı çıxan yazılar yapışdırdıqlarına görə saxlanılıblar. Barələrində məhkəmənin inzibati həbs qərarı çıxarması da məktəbdən daxil olan şikayət əsasında baş verib.

Vaqif Quluzadə
Dürdanə Həşimova isə deyir ki, məktəbdən polisə edilən müraciətdə saxlanılan şəxslərin heç birinin adı çəkilməyib. Polisə müraciət edən şəxs, yəni məktəb direktorunun müavini Vaqif Quluzadə onlara belə deyib.

103 saylı məktəbin tədris işləri üzrə direktor müavini Vaqif Quluzadə də deyiləni təsdiqləyir:

«O 3 nəfərlə bağlı heç bir şikayət olmayıb. Məktəbin şüşəsi sınıb və müəllimlər otağının qapısına yazılıb yapışdırılıb ki, bacımızı dərsə buraxmasanız məktəbi yandıracağıq. Biz də o haqda hüquq-mühafizə orqanlarına məlumat vermişik».

Dürdanə Həşimova isə deyir ki, nə onun həyat yoldaşı, nə qardaşı, nə də saxlanılan 3-cü səxs yazı yazıb harasa yapışdırası, yaxud pəncərə sındırası adamlar deyillər.

«CAMAATIN GÖZÜNÜ QORXUTMAQ İSTƏYİRLƏR»

Xocasən sakinləri də bu xanımın dediklərini təsdiqlədilər:

Sındırılmış pəncərə
«Bu, təxribatdır. Belə etməklə kənd camaatının gözünü qorxutmaq istəyirlər. Bizim hökumətlə, dövlətçiliklə heç bir işimiz yoxdur. Tutulanlar təmənnasız bizim hüzür mərasimlərimizi yola verirlər, dar günümüzdə kömək olurlar. Onlar hörmətli adamlardılar. Şüşə sındırıb qaçası adamlar deyillər. Belə şeyi onlara yaraşdırmaq olmaz. Polisin marağında olsaydı, o yazını kimin yazdığını araşdırıb tapardı. Hicab üstə adam tutmazlar. Əgər belədirsə, onda hicablılar üçün ayrıca məktəb tiksinlər».

Bu il noyabrın ortalarında Təhsil Nazirliyi hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı göstəriş verib. Nazirliyin mövqeyinə görə, orta məktəb şagirdlərinin geyimi qanunvericiliyin tələblərinə cavab verməlidir. Artıq onlarla hicablı məktəbli bir müddətdir ki, dərslərdə iştirak edə bilmir.

«CƏMİYYƏTİN HÜQUQ SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB»

Fuad Ağayev
Vəkil Fuad Ağayev isə hesab edir ki, Xocasəndə baş verənlər digər yerlərdə də təkrarlana bilər, çünki bu cür məsələlərdə dəqiq qanunvericilik nizamlaması yoxdur. Qanunvericilik nə qədər qeyri-müəyyən olursa, ondan sui-istifadə halları da o dərəcədə artır:

«Heç bir əsas olmadan şəxsin azadlıqdan məhrum edilməsi olduqca ciddi hüquq pozuntusudur. Məhz məhkəmə müəyyən etməlidir ki, bu və ya digər şəxsin azadlıqdan məhrum edilməsi, hansısa cinayətdə ondan şübhələnilməsi üçün, eləcə də bu ittihamı əsaslandıran dəlillər var ya yox».

Fuad Ağayev onu da deyir ki, son 20 ildə cəmiyyətdə hüquq səviyyəsi daha da aşağı düşüb. Belə ki, vətəndaşlar nədənsə hüquqları pozulanda ilk növbədə Prezident Adminstrasiyasına, Heydər Əliyev Fonduna və digər birbaşa aidiyyatı olmayan qurumlara müraciət edirlər. Halbuki, qanunsuz həbslə bağlı şikayətlər məhkəməyə verilməlidir.
XS
SM
MD
LG