Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:14

"Ən yeni ədəbiyyat" seriyasında daha 3 kitab


"Qanun" nəşriyyatına məxsus "Ən yeni ədəbiyyat" seriyasında daha 3 kitab işıq üzü görüb.

Bunlar Sevinc Çılğının "Alaçarpa" şeirlər toplusu, Kənan Hacının "Yağ kimi" romanı və Xalid Kazımlının "İks günü" romanıdır.

Xalid Kazımlı kitabını Samir Sarı imzası ilə çap etdirib.

Əsərin leytmotivi belədir: demokratiyaya keçid dövrü yaşayan ölkənin rəhbəri xəstələnərək qonşu ölkəyə müalicəyə gedir və ölkədə olduqca qəribə, həm də məzəli, sarkastik situasiya yaranır.

Ölkə, siyasi qüvvələr, insanlar bir-birinə dəyir.

Sevinc Çılğının “Alaçarpa” şeirlər kitabındakı şeirlər "ağlın qeybə çəkildiyi" anlarda doğulub.

Adına sayıqlamalar da demək olar. Bu şeirlər bəzən pırpız, bəzən isə hamardır – qadın saçları kimi. Ağ divara çırpılmış boyalar kimi nizamsız, ərsiz bir qadının evi kimi dağınıq, qadınsız bir kişinin köynəyi kimi ütüsüzdür.

Amma bir yavrunun baxışları kimi duru, əlləri kimi yeməli, ayaqları kimi mübarəkdir.

Kənan Hacının realist üslubda yazdığı “Yağ kimi” romanında cəmiyyətdə yeri səhv düşmüş bir insanın faciəsindən, düşdüyü melodramatik situasiyalardan bəhs edilir.

Özünün uydurduğu yalanın qurbanına çevrilmiş “şair” nə həyatla ayaqlaşa bilir, nə də həyat onunla hesablaşır.

Öz taleyini yaxşıya doğru dəyişmək və ya yenidən yazmaq istəyi son nəticədə illüziyaya çevrilir.

"Mediaforum"
XS
SM
MD
LG