Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:57

Aslan Kərimovun son akkordları


Aslan Kərimov
Aslan Kərimov
«2 nömrəli oyunçu... 3 nömrəli oyunçu... 4 nömrəli oyunçu Aslan Kərimov....»

18 il bundan əvvəl Ağdamda son dəfə futbol meydanına çıxan Aslan Kərimov indi futbolda son akkordlarını vurur. Yanvarın 1-də 38 yaşı tamam olan futbolçu deyir ki, 35 yaşdan yuxarı futbol oynamaq çox çətinləşir. Aslan Kərimov 2011-ci ilin mayında «Qarabağ» futbol klubunu kapitan kimi tərk edəcək.

«FİNALDAN QABAQ BİLDİK Kİ, AĞDAM İŞĞAL OLUNUB»

Reportajın əvvəlində eşidilən səslər 1993-cü ildə Ağdam şəhərinin futbol meydançasındakı oyundan idi. O zaman Tovuzun «Turan» komandası ilə «Qarabağ» futbol klubunun görüşməsində Aslan Kərimov ən gənc oyunçu olub. İndiyədək Ağdamdakı sonuncu oyunu xatırlayır...

«Turana qarşı oynadıq və 1-0 hesabı ilə qələbə qazandıq. Yəni son oyunumuz o idi. Həmin dövrlərdə Ağdamın özündə qalmırdıq, sadəcə olaraq Mingəçevirdə qalırdıq, amma oyundan-oyuna gəlirdik imarətdə oynayırdıq, çünki bir az qorxulu idi. Qrad atırdılar deyə bir balaca təhlükəli idi. Final oyunu üçün Bakıya gəldik. Və final oyunundan qabaq bildik ki, Ağdam artıq işğal olunub. Ağdam gedəndən sonra heç kimi düşünə bilməzdi ki, biz bir daha Ağdama qayıtmayacağıq. Biz o zamanlar düşünürdük ki, müharibə zamanıdır. Yəni o vaxtlar bir kənd alınırdı, bir kənd qaytarılırdı. O dərəcədə də varmırdıq ki, biz bir daha bura qayıda bilmərik».

«Qarabağ» azarkeşləri
O, bir neçə il keçdikdən sonra anlayır ki, onun bir futbolçu kimi Ağdam stadionunda oynaması artıq mümkün deyil. Amma iki il əvvəl inşa edilmiş Quzanlı stadionu Aslan Kərimovu nostalji hisslərə bağlayır və 20 illik təcrübəsi olan futbolçu yeni tikilmiş stadionla vaxtilə oynadığını müqayisə edir.

«Bir balaca nostalji hisslərinə qayıda bildik. Amma tam olaraq deyildi. Amma istər-istəməz Ağdamın özündə rayondakı meydança ilə bir tutmaq olmazdı».

«SOVET DÖVRÜNÜN UŞAĞI»

Özünü «Sovet dövrünün uşağı» adlandırır Aslan Kərimov, deyir ki, oyuna Spartak futbol məktəbindən başlayıb. Professional futbolçu kimi oyunlara 17 yaşından Neftçinin əvəzedici heyətindən start verib. Azərbaycan müstəqillik qazandıqdan sonra Ağasəlim Mircavadovun məşqçiliyi altında Qarabağ futbol komandasında oynayıb.

«Futbolda peşəkar olmağıma, ustalıq səviyyəmin artmasına Qarabağ komandasında başlamışam. Vaxt keçdikcə, futbolun özü də dəyişilir. Keçmişin futboluna baxdıqda sürət az idi o vaxt. «Qarabağ» komandası həm milli komandaya, həm də ümumilikdə Azərbaycan futboluna çoxlu gənc futbolçular yetişdirib.
«Qarabağ» klubu 1970-ci illərdə
Elə götürsək Rauf var, Əfran İsmayılov var – hansı ki Avropa çempionatında 4-5 qol vurub. Yəni belə futbolçular çox nadir olur Azərbaycanın daxilində. 3-4 futbolçu var ki, onlar gəncdirlər və bunların Azərbaycan futboluna böyük uğur verəcəkləri gözlənilir».

ASLAN KƏRİMOVUN ARZULARI

Aslan Kərimov deyir ki, Azərbaycan səviyyəsində istədiyi uğura nail olub. Amma onu heyfsiləndirən ya Avropa, ya da ki Dünya çempionatlarının klub mərhələlərində iştirak edə bilməməkdir. O, nailiyyət qazana bilməməklərini belə əsaslandırır.

«Futbol kollektiv oyundur, yəni bu bir nəfərin tək mübarizliyi deyil. Bu, televiziyaya baxmaqla, internetdə oynamaqla öyrənilən bir şey deyil. Buna külli miqdarda vəsait və zaman tələb olunur. O da ki meydançalar tikilməlidir....bir az uzundur... dərdi böyükdür...»

Həmsöhbətim deyir ki, oyunlar zamanı aldığı zədələrə, ömür-gününü məşqlərdə keçirməyinə baxmayaraq, futbola gəlməyinə peşman deyil. Futboldan isə həmişəlik getmir.

«Mən istərdim ki, futbolun içində qalım – məşqçilik həyatı var, menecer olmaz olar, uşaq futbolu ilə məşğul olmaq olar. Bir çox şeylər var ki, futbol həyatında qalırsan, amma futbol oynamırsan».

Aslan Kərimov 18 il əvvəl oynadığı Ağdam şəhərindəki «İmarət» meydanına qayıdacağına da böyük ümid bəsləyir. Bu dəfə futboçu kimi yox – bəlkə məşqçi, bəlkə menecer, bəlkə də uşaq futbolunda treyner kimi...
XS
SM
MD
LG