Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:50

Bakıda 200 min avroya avtomobil


Bakı mərkəzi Azərbaycanda avtomobillərin satışından xeyli razıdır
Bakı mərkəzi Azərbaycanda avtomobillərin satışından xeyli razıdır
Onlar ötən il cəmi 20 maşın satsalar da, nəticədən xeyli razıdırlar. Çünki fərdi qaydada, yəni müştərinin sifarişindən sonra hazırlanan bu avtomobillərə pulu çatan adamları barmaqla saymaq olar.

«Bentley Baku» mərkəzinin satış meneceri Həmid Hacıyev deyir ki, bir il əvvəl salonu açanda il ərzində ancaq 17 maşın satmağa ümid edirdilər.

Bu salonda satılan ən ucuz avtomobilin qiyməti 200 min avrodur. Ən bahalısının qiymətini soruşmağın mənası yox idi.

Belə çıxırdı ki, müştərinin ürəyindən 4 təkər üstündə zinət əşyası keçsəydi, «avtomobilin» qiyməti sonsuzluğa qədər arta bilərdi.

Müştəri salona gəlib maşını necə görmək istədiyini izah edir, bundan sonra da İngiltərədəki zavodda qollarını çırmayıb başlayırlar həmin avtomobili hazırlamağa. Bir qayda olaraq buna 4-6 ay vaxt sərf edirlər. Amma Həmid Hacıyev deyir ki, bəzi qeyri-adi sifarişlərə bundan da artıq vaxt sərf edilir.

Bizim belə qeyri-adi sifarişlər haqqında əlavə məlumat almaq cəhdlərimiz nəticəsiz qaldı. Varlı müştərilərin şıltaqlığını ancaq təxmin etmək olar.

Ostap Benderin məşhur «Avtomobil dəbdəbə deyil, nəqliyyat vasitəsidir» kəlamı yadımıza düşdü. Yaxşı, bəs infrastruktura? Fərz edək ki, «Bentley» sahibinin ürəyinə düşdü ki, Bakıdan vurub, Horadizdən çıxsın. Yaxud da, bir ilxı at gücünə malik olan bu maşınlar Azərbaycan benzinindən dadanda «iştahaları» qaçmır ki…

Həmid Hacıyev şübhələrimizi dağıtmağa çalışır.

«Mərkəzdə satdığımız avtomobillər həm Azərbaycan yollarına, həm də yanacağına tam uyğundur. «Bentley Baku» avtomobillərə texniki xidmət də göstərilir» - deyir. Və əlavə edir ki, indiyə qədər müştərilərindən heç bir ciddi şikayət eşitməyiblər.

Sona qədər başa düşmədik - Azərbaycan yolları hamardır, yoxsa «Bentley» şirkəti maşınları Azərbaycan üçün hazırlayanda, daha dözümlü materiallardan istifadə edir?

Amma nə fərqi? Adama gəl-gəl deyən bu avtomobillərin bərqində bütün bu jurnalist suallarının əhəmiyyəti qatı kölgəyə düşürdü.

Bircə onu qalırdı demək ki, «Bentley» şirkəti İngiltərədə 18 yanvar 1919-cu ildə Uolter Ouen Bentli (Walter Owen Bentley) tərəfindən qurulub.

Keçən il «Bentley Baku» Şərqi Avropanın aparıcı dillerlərindən birinə çevrilib. Başqa sözlə, bu maşına pulu çatan adamların sayına görə Bakı Şərqi Avropada birinci yerdə durur.

XS
SM
MD
LG