Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:41

Mövsüm Səmədovun qaynının evində axtarış aparılıb


Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayevin də Qubadakı evində axtarış aparılıb və evdən silah tapıldığı barədə məlumat yayılıb.

Firdovsi Məmmədrzayev AzadlıqRadiosuna bildirib ki, övladının səhhəti ilə əlaqədar Bakıdadır, elə evində axtarış aparılması və silah-sursat tapılması barədə məlumatı da paytaxtda olarkən ailəsindən eşidib:

“Oğlum zəng elədi, dedi ki, “Cip”də mülki geyimdə 20 nəfərə yaxın adam gəlib, doluşublar evə, uşağa deyiblər get bibini çağır, uşağın başını belə qatıblar ki, istədiklərini yığıblar yorğan-döşəyin altına. 10 ədəd əl qumbarası, 40 ədəd avtomat patronu, 1 ədəd də maqazin. Sonra da qardaşımı, qonşuları məcburi gətiriblər evə şahid kimi. Mən rəislə danışmışam ki, uşağım xəstədir, Bakıdayam, səhər gələcəyəm”.

Firdovsi Məmmədrzayev silah-sursatın mənzilinə axtarışa gələnlər tərəfindən atıldığını deyir:

“Mən bu qədər düşüncəsiz adamam ki, belə bir hadisə ola-ola gətirim yorğan-döşəyin içərisində nə isə gizlədim?”.

Firdovsi Məmmədrzayevin sözlərinə görə, İslam Patriyasının sədri Mövsüm Səmədovun qohumlarının eyni metodla həbs olunmaları hazırda həbsdə olan partiya sədrinə qarşı yönəlib.

Quba rayon Polis İdarəsindən Firdovsi Məmmədrzayevin evində keçirilmiş axtarış əməliyyatı barədə məlumat vermək istəmədilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirdi ki, keçirilmiş axtarış əməliyyatı ilə bağlı Nazirliyin mətbuat xidmətinə hələlik məlumat daxil olmayıb:

“Ola bilsin ki, sabah, ya birigün bu barədə məlumat daxil olsun və biz o məlumatı yayaq”.
XS
SM
MD
LG