Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:44

Rusiyadan gələnlər nə danışır?


Akif Əliyev
Akif Əliyev
Yanvarın 20-də səhər saat 9-a 20 dəqiqə işləmiş Moskvadan gələn qatar Bakıya çatan kimi sükut çökmüş dəmiryolunda canlanma yarandı. Qatardakılar tez-tələsik düşməyə, yükdaşıyanlar, taksi sürücüləri onlara yaxınlaşmağa, gələnlər isə hay-küylə iri çantalarını, bağlamalarını endirməyə başladılar.

Bir həftə ərzində Moskvadan Bakıya üç dəfə qatar gəlir. Bələdçilərin sözlərinə görə, yeni ildən sonra adətən qışda Bakıya gələnlərin sayı çox olmur. Ancaq bu qış fərqlidir. Gələnlər çoxdur.

GƏLƏNLƏRİN SAYI ARTIB

Onlardan biri, 35 yaşlı Akif Əliyev deyir ki, son bir-iki ayda Moskvada qafqazlılara münasibət dəyişəndən sonra Bakıya gələnlərin, hətta birdəfəlik qayıdanların sayı artıb. Belələrindən biri olduğunu deyən Akif Əliyev bunun səbəbini Moskvada açıq ticarətə qoyulan qadağa ilə izah edir:

“Çox adam köşkünü bağlayıb gəlib. Başqa nə edə bilərik ki? Miqrasiya İdarəsi də çıxarır”.

45 yaşlı Kamil Kərimov isə deyir ki, 20 ildən çoxdur Moskvada ticarətlə məşğuldur. O da son bir neçə ayda yaranan problemlərə görə ticarətində geriləmələr olduğunu bildirir:

VƏZİYYƏT ÇOX PİSLƏŞİB


“Bu əsasən Lujkov çıxandan və təzə mer Sobyanin gələndən sonra başlandı. Nümayişlər başladı, skinhedlər qafqazlılara hücuma keçdi. Döyülənlər, qolu-qıçı sınanlar arasında azərbaycanlılar da oldu. Alverimizi də sıxışdırırlar. Vəziyyət çox pisləşib, əvvəlki kimi deyil”.

25 yaşlı Sahib Hüseynzadə isə bir müddət əvvəl iş tapmaq ümidi ilə Şəmkirdən Moskvada işləyən həmyerlilərinin yanına gedib. Ancaq sənədlərində yaranan problemə görə qayıtmalı olub:

“Məni pasporta görə incitdilər. Ona görə qayıtdım”.

BÖYÜK NARAZILIQLAR YOXDUR

Ancaq qatar rəisi Allahverdi İsrafilov deyir ki, gedib-gələnlər arasında elə də böyük narazılıqlar yoxdur. Rusiyadan birdəfəlik qayıdanlar da çox deyil:

“Görüşüb danışdığım adamlarda elə bir böyük narazılıq hiss eləməmişəm. Kiyev vağzalı ətrafında müəyyən hadisələr olub. Deyirdilər ki, o da dağıstanlılara qarşı olmuşdu, azərbaycanlılara qarşı yox”.

“YOLDAŞ PUTİN HADİSƏLƏRİ TEZ YATIRTDI”

Moskvadan gələn qatar Bakıya çatan kimi sükut çökmüş dəmiryolunda canlanma yarandı
Yanvarın 20-də Moskva-Bakı qatarının sərnişinləri arasında geri qayıdacaqlarını deyənlər də çox idi. Həmsöhbətlərim deyirlər ki, son hadisələr onların işinə təsir eləsə də qayıdacaqlar. Çünki Azərbaycandan işsiziliyə görə gediblər:

- Məcburiyyət qarşısındayıq. Gedib satmalıyıq də, neyləməliyik ki...
- Əlbəttə, baş verənlər hər şeyə təsir edir. Deyirlər ki, düzələcək. Görək sonra nə olacaq.
- Azərbaycanla Rusiya həmişə dost olub. Yəqin dostluq bundan sonra da davam edəcək.
- Orada vəziyyət o qədər də pis deyil.
- Bir ay əvvəl vəziyyət pis idi. İndi Allaha şükür, hər şey yaxşıdır. Problemlər böyük şəhərlərdə idi. Yoldaş Putin hadisələri tez yatırtdı.
- Hər şey qaydasındadır.

RUSİYADAN QAYIDANLAR ÇOX DEYİL

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev da deyir ki, Rusiyadan qayıdanlar çox deyil:

“Kim ki, bizneslə məşğuldursa, onlar yenə də məşğuldurlar, öz işlərindədirlər. Oradan çıxa bilər təkəmseyrək piştaxta arxasında oturanlar. Onlar başqa yerlərdə də özlərinə iş tapa bilərlər. Kənd təsərrüfatı sahəsində çoxlu iş yerləri var, tikinti sahəsində işləyə bilərlər. Düzdür, qışda tikinti xeyli dayanıb. Ancaq yazqabağı yenə başlayacaq. Moskva meriyasında da təzə qərar çıxıb ki, köşklər qurulacaq, ancaq standart formada. Yəni kim ki o işlərlə məşğul idi, yenə işləyə biləcəklər”.

Moskvada yaşayan azərbaycanlı jurnalist Tünzalə Vəliqızı isə AzadlıqRadiosuna deyir ki, küçələrdə ticarətlə məşğul olan azərbaycanlılar çətin vəziyyətə düşüblər. Onlardan yalnız qanuni sənədlərlə ticarət edənlərə başqa yerlər təklif olunur.

Qeyri-rəsmi rəqəmlərə görə, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. Onların çoxu alverlə məşğul olanlardır.

QLOBAL PROBLEMLƏR OLMAYACAQ

Nazim İbrahimov
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə Rusiyada yaşayan azərbaycanlıların problemləri haqqında keçən ay jurnalistlərə deyib ki, “qlobal problemlər olmayacaq, lokal çatışmazlıqları isə yerində həll etməyə çalışacağıq”.

Komitə sədri Rusiyada yaşayan azərbaycanlıların hüquqları ilə bağlı dövlət komissiyası tərəfindən Moskvada və Rusiyanın federal dairələrində yaradılan qərargahların fəaliyyətinin də qənaətbəxş olduğunu bildirib.
XS
SM
MD
LG