Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:36

Rövşən Yerfi. "Şanssız..." (Hekayə)


Kənd məktəbində rəsm müəllimi işləyən Davud uzun illərdi müəllimliklə yanaşı yazı-pozuyla, belə desək bədii yaradıcılıqla məşğul idi.

Hələ orta məktəbin aşağı siniflərində oxuduğu vaxt qonşu kənddən olan bir gəncin “Ulduz” jurnalında şəklini görmüş, şeirlərini oxumuşdu.

Bu onun şair olmaq istəyinə səbəb olmuşdu.

Sonralar da ədəbiyyat dərslərində şairləri öyrəndikcə ona elə gəlirdi ki, dünyanın ən namuslu, qeyrətli, xalqını, vətənini sevən, ən ülvi hisslərin yolunda canından keçməyə hazır olan, dünya varında tamahı olmayan, pak, müqəddəs insanı şairlərdir.

Bax buna görə də, o da şair olmaq, haqq adamı kimi hörmət qazanmaq arzusu ona daxilən xüsusi güc, ilham verirdi.

Onsuz da özünə də məlum idi ki, o, nə vaxtsa maddi var-dövlət sahibi ola bilməyəcəkdi.

Çünki, bacarmırdı dil tökmək, özünü gözə soxmaq, vəziyyətə uyğun dəyişmək, başqasının tikəsini əlindən almaq – onun işi deyildi.

Tələbəlikdən bəri qalaq-qalaq qaraladığı qalın dəftərlərin əksəriyyətini sevgi şeirləri və poemalarıyla doldurmuşdu.

Evində hər şeydən qiymətli hesab etdiyi, balaları qədər sevdiyi şeir dəftərlərini Davud tələf olmaması üçün iri, bəzəkli, taxta sandıqda əzizləyib saxlayır, ildə bir dəfə yaydan-yaya varaqlayıb nəmini qurudurdu.

Şeirlərindən bir çoxunu növbə ilə, hərəsini bir yolla xeyli qəzetlərdə çap etdirmişdi. Artıq tanış-biliş hamı bilirdi ki, Davud şairlik edir.Bu şeirləri bəyənənlər də vardı, ağız əyib lağa qoyanlar da.

Təzə-təzə hər sözə görə narahat olan Davud sonralar atmacalara vərdiş etdi, danışılanlara əhəmiyyət vermədi.

Üstəlik onu bəyənməyən elinə məhəbbətinin ifadəsi kimi, kimsədə olmayan yeni təxəllüs götürdü: Davud EL-OBA.

Davud EL-OBAnın şeirlərində insana məxsus bütün hisslərin tərənnümü əks olunmuşdu: sevgi, iztirab, kədər, ayrılıq, nifrət...

Saysız-hesabsız qəzetlərdə dərc edildikdən sonra, daha qəzetlər nəzərindən düşdüyündən

Davud jurnallara yol aldı. Az çəkmədi rayonda fəaliyyət göstərən ədəbi dərnəklərin birinə üzv olub şeir məclislərində görsənməyə başladı.

Bir gün də kollektiv vəsait hesabına çap olunan dərnəyin almanaxında da şəkli və bir neçə şeri ilə ədəbiyyat aləminə pənah gətirdi.

Şairlər cərgəsinə qatılandan Davudun müəllimlik işinə diqqəti azalmışdı.

Məktəbin direktorunun fağır, dinməz işçisinin işinə marağını artırmaq üçün rəsmxət və əmək təlimi dərslərinin də ona verməsinin faydası olmamışdı.

Şəkil çəkməkdən bezdiyindən, gününü məktəbdə “şəkil çəkdirməklə” başa vururdu.

Ona elə gəlirdi ki, o, yalnız ədəbiyyat naminə dünyaya gəlmişdi.Bunu sübut etməyə isə zamana ehtiyac vardı.

Düşünürdü ki, gələcəkdə müsahibə verərkən müxbirin: “Əgər dünyaya bir də gələrsizsə hansı sənəti seçərsiz? “ sualına fikirləşmədən “Şair olardım” cavabını verəcək.

O, ədəbiyyat müəllimi olmaq əvəzinə rəsm müəllimi işləməyi bir uğurssuzluq hesab edirdi.

Məhz şanssızlıq, qəbul imtahanı zamanı topladığı balın uyğunsuzluğu ucbatından rəsm müəllimi olmağa məcbur olmuşdu.

Heç rəssamlığı da ürəkaçan deyildi.

Şanssızlıq bir bəlaya dönüb daim onu qarabaqara izləyirdi.İşdə, ailədə, yaşadığı kəndin insanları arasında.

Həmişə həvəslə başladığı iş, ürəyində tutduğu niyyət, nədənsə sonda yetərliliyini itirib cılız, dəyərsiz alınırdı.

Ona şeirlərinin çoxunun belə yazdığını deyənlər də çox idi.

Bu adamların fikrincə,o, boş və mənasız, qazancsız bir işlə məşğul olurdu.

Hətta belə fikir, deyəsən arvadına da sirayət etmişdi.

Çünki, ədəbi aləmdə yerini tapmaqdan ötrü kitabının çap olunmasının zəruriliyini arvadına anladıb onu necə sevindirmişdisə kitabın çapına xərcləyəcəyi pulun miqdarını deyəndə arvadını bir o qədər heyrətləndirmişdi:

-Bağın-bostanın hesabına zəhmətlə topladığın bir ətək pulu kitaba verməklə qazancın nə olacaq?

Camaat torpaq alır, ev alır, evinə mebel alır, sən də əlinə gələni şeirə sərf edirsən.

Təzəsini almırsan, heç olmasa barı, maşınını “kraska- lat”.

Qapısı, özü hərəsi bir rəngdədi, ayıbdı axı...

Davudun bir tökülüb-itən “Jiqulisi” vardı.Axşamların birində kənd yolunda qəfil qarşısına çıxan camış ağır bədəni ilə ləngər vurub arxadakı sol qapısını əzib pis günə qoymuşdu.

O da rəngi tökülən qapını əvvəlki rəngindən tapa bilmədiyindən çarəsiz qalıb oxşar rənglə rənglətmişdi.

Nəticədə tünd göy rəngli maşının mavi rəngli qapısı əmələ gəlmişdi.

Bu da bir şanssızlıq idi.Rənglərin eyni olmamasına özü əhəmiyyət verməsə də, yol polsləri buna görə ona bir neçə dəfə xəbərdarlıq etmişdilər.

Amma Davud üçün hər şeydən vacib kitab idi.Onun şairliyinin sübutu sayılacaq kitab.

Kitabsız da şair olarmı?

O, kitabını bütün dost-tanışına paylayacaqdı.

Dostları sevinəcək, düşməninin bağrı partlayacaqdı.Ağızlarını Allah yoluna qoyacaqdılar ki, “ indi kitab yazmağa, çap etdirməyə nə var ki...

İstəyirsən nənəndən, babandan başla ailəndəki hər kəsə, ta nəvənədək, hərəsinə bir şeir yaz, fotosunu çəkdir, olsun şeirlə bəzədilmiş ailə albomu kitabı...”

Di gəl ki, beş misralıq şeiri, ya da bir səhifəni yazmağa hünərləri çatan deyildilər.Yazıq idi bu insanlar, sözün yaşarlılığını anlamırdılar.

İllər keçəcək onların hamısı bir-bir ölüb unudulacaqdı.

Ancaq Davudun kitabı hələ yüz il bundan sonra da mərkəzi kitabxananın arxivində duracaqdı.

Ona gülənlərin hamısı yaddan çıxdığı zamanda gələcək nəslin gənc bir tədqiqatçı alimi onun kitabını vərəqləyib xatirəsini yad edəcəkdi.

Bu idi Davudun onlardan üstünlüyü və bu hiss ona ayrı ləzzət verirdi.

Kim bilir, bəlkə gələcəkdə yüksək vəzifəli övladı və ya nəvəsi işıqlı salonlarda onun geniş yubileylərini keçırəcək, adını dərsliyə saldıracaqdı...

Dünyanın işini bilmək olmazdı.Şanssızlıq elə əbədi qismətimi olacaq?

Düşünürdü ki, nə yaxşı ki, Allah sözü maddi yaratmamışdı, yoxsa sözün qədrini bilməyənlər sözləri də özəlləşdirib onun kimi fağır-füqəranın istifadəsinə imkan verməzdilər.

O, arzusunun qarşısını ala bilmədi, arvadının narazılığına baxmayaraq aylarla yığdığı əlində olanını mətbəəyə verib, kitabını sifariş etdi.

Nəhayət, günlərin bir günü Davud Eİ-OBAnın həsrətlə gözlədiyi kitabı çıxdı.

Həmin gün sevincinin həddi-hüdudu yox idi, elə bil dünyaya yeni övladı gəlmişdi.

Əksər ilk kitablar kimi onun da ilki balaca və çəlimsiz idi.Kitabını mətbəədən alıb bir taksinin yük yerinə daşıdı.

”Qoy kəndə çatsın, bütün tanışlar heyrətə gələcəkdi.

Hamı onun təzə çapdan çıxmış kitabından danışacaqdı”, - rayona çatanadək yol boyu düşündü.

Rayonda kitabları bir qohumunun həyətində saxladığı maşınına yığib, fəxrlə sükan arxasına əyləşdi.

Arzu və xəyallarla tez kəndə yetişmək istəyirdi.

Rayon mərkəzindən çıxan yolda yol polisləri maşını saxladılar.

Polislərdən onu tanıyanlar, şairliyini bilənlər var idi.Onlardan biri irişərək:

-Şair, sənədləri ver görək, - dedi.

Yəqin ilişmək istəyirdilər. Çoxdandı ona dəyib dolaşmırdılar. Davud bir beşlik çıxarıb sənədlərlə birgə uzatdı.

-Bu nədi, verirsən adına layiq əməlli hörmət elə...

-Vallah, rəis, xərcim çox çıxıb, kitabım yeni çap olunub, başqa vaxt...

Polis maşının dövrəsinə hərlənib:

-Yox, - dedi, - sən texniki baxışdan keçməmisən, maşınının qapısı da başqa rəngdədir.Bu gün sonuncu günüdür, sabaha qalsa əlavə cərimə ödəyəcəksən. Elə indi maşını sür texniki baxış yerinə.

Davudun kefinə soğan doğrandı.

Amma özünə ürək-dirək verdi: “Çavuşlar yolda duran uşaq-muşaqdılar.Rəis təhsili adamdır.

Yəqin ki, məni başa düşər.” Bu ümidlə Davud maşını polisin göstərdiyi istiqamətə döndərdi.

Onu burada hörmətlə qəbul edib, maşını yoxlama yerinə saldılar.

Hər şey qaydasında gedirdi, əgər təzə vəzifəyə qoyulmuş texniki baxışın rəisi işləri korlamasaydı.

Şişman, orta yaşlı rəis özgə rayondan idi, nəinki Davudu, heç kəsi tanımaq istəmirdi.

Tutduğunu buraxmırdı, elə deyirdi mən deyəndi, vəssalam.

Deyirlər vəzifəsi üçün verdiyi xərci toplamayınca belələri qanunu əllərində bayraq edib insaf nədi bilmirlər.

Rəis maşının sol qapısının rəngini görən kimi, dedi getsin qapısının rəngini dəyişib eyniləşdirsin.

Eyniləşməyənədək dünya dağıla, sənədə qol çəkməyəcəyəm.

Çarəsi kəsilən Davud rəisə yalvarmağa başladı:

-Ay rəis, özün bilirsən ki, bu günə düzələsi iş deyil.Xahiş edirəm, güzəşt eyləyin mənə, cəriməyə qalmayım.Bir-iki günə necə tələb edirsən, elə də edərəm.

-Mən günahkaram ki, sən yatıb bu gün ayılmısan.Neçə vaxtdı niyə elətmirdin, indi də gəlib başlamısan yalvarmağa.Dedim olmaz, qurtardı...

Davud bilmədi nə etsin, qaldı fikirləşə-fikirləşə.

Cibində əməlli pulu da yox idi rəisin köpünü alsın.Haradansa ağlına gəldi ki, kitabından birini rəisə bağışlasın, bəlkə rəis ona şairliyinə görə hörmət etdi:

-Rəis, yaxşı yadıma düşdü, sizə bir hədiyyəm var.İcazə verin gətirim, maşındadı.

Bayaqdan onun fikirləşməyinin nəticəsini gözləyən rəis gülümsündü:

-Get gətir, görüm nədi...

Davud bağlamadakı kitablardan ən xoşuna gələnini seçib, ön səhifəsində rəisə arzularını yazıb imza atdı.Sonra kitabını gətirib rəisin stolunun üstünə qoydu.

Rəis kitabı görən kimi üz-gözünü turşutdu, iyrənirmiş sayaq əlini də vurmadı:

-Nədi, ə, bu gətirmisən?

-Rəis ilk şeir kitabımdı, bu gün çıxıb.Onu sizə hədiyyə edirəm!..

-Budumu hədiyyən?! Ə, zalımoğlu, mən iyirmi beş ildi əlimə kitab almıram.

O boyda kişinin, - əli ilə divarda başının üstünə vurulan iri portretə və rəfə düzülmüş çoxlu cildlərə işarə etdi, - kitablarını vərəqləməyə hövsələm çatmır, indi sənin dılğır kitabını, şeirlərinimi oxuyacayam?

Götür kitabını xoş getdin, badbaxt oğlu badbaxt...

Davud suyu süzülə-süzülə rəisin otağından çıxdı.

Rəisin son sözlərindən heç də incimədi, düz sözə nə desin: o “badbaxt” idi, sanssız, bəxtigətirməyən şair, bədbəxt!..
XS
SM
MD
LG