Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:22

Çingiz Abdullayev "Bir toy əhvalatı" (Hekayə)


Keçən əsrin ortalarında heç Bakıda olmusunuz?

Demək, siz bu cənub şəhərində daimi karnaval mühitinin hökm sürdüyünü hiss edə bilməmisiniz.

Şəhərin ən gözəl xanımları ad ilə tanınardı, onların şəhərdə hər gəzintisi yerli əhalinin diqqətini cəlb edər, böyük heyrətə və vəcdə səbəb olardı.

Bakı evlərində baş tutan hər hansı məclisdə Bakı ləhcəsi və Azərbaycan sözləri qarışdırılmış rus diliylə danışan müxtəlif xalqların nümayəndələri ilə tez-tez qarşılaşmaq mümkün idi.

Belə ki, azərbaycanlılar, gürcülər, ruslar, yəhudilər, ləzgilər, tatarlar, ermənilər eyni dilə və eyni tələffüz tərzinə malik idilər, buna görə də çox vaxt onları bir-birindən ayırmaq xeyli çətin idi.

Pəncərələr açılarkən qadınların gur,uca səslərinin sədası hər tərəfə yayılırdı.

Bakının “Torqovıy” adlanan küçəsində isə təsəvvür edilməz “pijonlar” yürüyürdülər.

Avropanın digər iri şəhərləri ilə müqayisədə Bakıda ən yaxşı neylon köynək və uzunboğazların, rəngbərəng jaket və ağlasığmaz çantaların peyda olması heç də uzun çəkməzdi.

Burda həyatı hədsiz sevir, ondan həzz almağı da bacarırdılar.

Sanki təbiət özü dəniz kənarında yerləşən bu son dərəcə gözəl şəhərin sakinlərinə iltifat etmişdi. Bakı dəniz kənarında yerləşən yeganə paytaxt şəhər idi.

Riqa Baltik körfəzinə çıxırdı, digər şəhərlərin isə yalnız çayları var idi.

Bəlkə dəniz insanların xasiyyətinə də nəcəsə təsir eləmişdi? İnsanları daha təmkinli və sakit edən böyük su kütləsi və yod qoxusu.

Qurunun altıda bir hissəsini təşkil edən bu böyük ölkədə sadəcə iki bənzər cənub şəhəri vardı: qızmar günəş, dəniz, gülüş, xoşbəxtlik, çaxır, gözəl musiqi, füsunkar, cazibəli qadınlar və yaraşıqlı kişilər bir-biri ilə qarışıb təkrar olunmaz ahəng yaradaraq fövqəladə çoxsəslilik yaratmışdı.

Bu hadisə Bakıda 40-cı illərin axırlarında baş vermişdi. Bəşəriyyət tarixində baş vermiş ən dəhşətli müharibə başa çatmışdı. Göz önündə vahiməli bir səhnə canlanırdı.

Minlərlə kimsəsiz, yalqız, valideyinlərindən məcburən məhrum olunmuş yetim uşaqlar, minlərlə əlil, bir də əksər qapılarda keçirilən saysız dəfn mərasimi.

Görünür, amansızlaşmağın, xudbinləşməyin tam zamanıydı.

Amma insanlar qəribə metamorfozlar yaşayır, bir haldan digər hala keçid alırlar. Qonşular bir-birinə yardım əli uzadırdılar.

Yad insanlar tanımadıqları, lakin hamı kimi müharibə dəhşətini, o faciəni, doğma insanların itgisini, acısını dadan, sadəcə yoldan keçən birini belə ürəkləndirməyə çalışırdılar.

Uşaqlardan çörək kartoçkalarının oğurlanması, hətta cinayətkarların öz aralarıda belə ən ayıb əməl hesab olunurdu.

Camaat uzun sürən üzücü müharibədən sonra yenicə özünə gəlməyə başlamışdı.

Bəli, hazırda dörd il davam edən müharibə, bəlkə də, bir o qədər uzun müddətli hesab edilməyə bilər, lakin dörd il-bu heç də az müddət deyil, həmçinin bu dörd il son dərəcə dəhşətli və qorxunc keçmişdi.

Xəbər alın oğlunu müharibəyə yollayan o anadan, yoldaşı cəbhəyə göndərilən qadından,hər bir insandan, hər bir vətəndaşdan kim ki, səbirsizliklə həsrət dolu dörd ilin başa çatmasını arzulayıb.

Soruşun, onlar sizə bir qaydada müharibə illərinin nə qədər üzücü olduğunu hökmən söyləyəcəklər, bu illəri ən uzun müddətli illər kimi xatırlayacaqlar.

Əslində, müharibə 1939-cu ildə başlamışdı, rus qoşunları Monqolustanda yaponların hücumunu dəf etməkdə idi. Ardınca minlərlə kişilər Sovet-Fin müharibəsinə səfərbər oldular. Sonra Böyük Vətən Müharibəsi.

Bu müharibə yenicə bitmişdi ki, qoşun hissələrinin böyük bir qismini yenidən Yaponiyaya qarşı döyüşlərə, uzaq şərqə göndərdilər. Məhz 1947,1948 və 1949-cu illərdə veteranlar artıq öz doğma yurdlarına qayıtmağa başladı.

Uşaqlar atalarını tanımadan artıq yaşa dolmuşdular. Amma yenə də ,onlar dünyanın ən xoşbəxt uşaqları idilər. Bir çoxlarının gözü yolda qaldı.

Doğmaları cəbhədən geri qayıtmadı. Bəziləri isə atasız, onun varlığını hiss etmədən böyüdülər.

Məğrur Bakı qadınları başlarına kəlağayı örtərək yollara çıxıb hər yoldan ötənə maraq və diqqətlə baxır, gözləri ilə hər birində öz əzizini, qohum-qardaşını arayırdı.

Minlərlə insan doğmalarının, yaxınlarının itgin düşmə xəbərini alırdı.

Buna baxmayaraq ümidlərini bir an belə itirmədən onlar yenə də inadla gözləyirdilər. Sağlam mühakiməyə rəğmən möcüzələrə inanırdılar və belə xariqələr hərdən baş verirdi.

Bəlkə də o illərdə insanların bir-birinə bağlılığı, özgənin dərdinə şərik çıxıb özününkü kimi qəbul edərək kədərlənməsi, sevincinə sevinməsi məhz elə bununla bağlı idi.

Bunlar təkrarolunmaz, özünəməxsus daxili məkana malik xüsusi Bakı məhəllələri idi. “Diviçinskiy” adlanan küçədə bir neçə Bakı ailəsi yaşayırdı.

Bu ev Kəbleyi Dəmirin təşəbbüsü ilə XX əsrin əvvəllərində inşa edilmişdi.

Kəbleyi Dəmir çox hörmətli insan idi. Kəbleyi adını da Kərbəlanı ziyarətdən sonra almışdı. Amma ehtiram, izzət sahibini təkcə buna görə dəyərləndirmirdilər.

Bu zabitəli, ciddi insan həm də böyük bir ailənin başçısı idi. İnqilabdan sonra ailədə bəzi dəyişikliklər baş verdi. Evinin bir neçə otağını ona saxlayaraq digərlərini dövlət müsadirə etdi.

Kəbleyi Dəmirin ailəsi böyük olduğundan dövlət ona üç otaq ayırdı.

O, heç vaxt quruluşa qarşı çıxmazdı, yeni hakimiyyətin də özünə xas olmayan tədbirli nəticə çıxarma təşəbbüsü məhz elə bundan irəli gəlirdi.

Digər otaqlarda yeni sakinlər yerləşdi. Buralara ən birinci köçənlərdən biri isə həyat yoldaşı ilə Bakıya Voronejdən gələn Berta xala idi.

Onun həyat yoldaşı nə vaxtsa Fridrix Engels adına təşviqat qatarının siyasi rəhbəri olmuşdu.

Evin digər hissəsində beş uşaqlı və daim hamilə olan həyat yoldaşı ilə birgə Mustafa adlı ləzgi yaşayırdı. 20-ci illərdə yenidən qurulmuş, vaxtı ilə qonaq otağı hesab olunan əlavə tikilidə Kazandan Bakıya gəlmiş Həbibulla adlı tatar məskunlaşmışdı.

O milliyətcə ukraynalı olan Qalina ilə evlənmişdi. Qalina da Bakı xörəklərini bişirmək qabiliyyətinə görə heç də yerli xanımlarından geri qalmırdı.

Bax, beləcə, hamı bir həyətdə yaşayırdı. Hərdən mübahisə edər, hərdən küsüşər, amma heç biri ciddi incikliklə nəticələnməzdi.

Bu həyətdə hər bir bayram birlikdə qeyd edilərdi- Novruz bayramı, Qurban bayramı,Pravoslav pasxası, yəhudilərin pasxa bayramı .Eyni zamanda “ 1 May”, “7 Noyabr”, Yeni il ,hətta Lenin şənbələrində hamı bir nəfər kimi tərtəmiz həyəti təmizləməyə çıxardı.

Qadınlar isə nədənsə məhz bu gün xalça-palazlarını çırpıb təmizəlmək qərarına gəlirdilər.

Tez-tez hamı köhnə çinar ağacının kölgəsinə yığışaraq birgə çay içərdi.

Kişilər nərd oynayar, qadınlar isə uşaqlarından, bazardakı qiymətlərdən gileylənib Almaniyadan yenicə qayıtmış və müharibədə əlil olub, sonralar isə iki ayağının olmadığına baxmayaraq yenidən evlənən Hüseynbala haqqında qeybət edərdilər.

Hüseynbala qonşusu Mustafadan otaq kirayələmişdi. Eyni zamanda o çox bacarıqlı təkənəçi idi.

Onun kimi sənətkar heç vaxt işsiz qalmazdı.Bununla o nəinki iki uşaq anası olan təzə arvadını, hətta keçmiş həyat yoldaşı ilə doğma oğlunu belə təmin edirdi.

O zaman iki ayağından məhrum olan təkənəçi əminamanlıq, rifah rəmzi olmaqla yanaşı həm də iki ailəni bütövlüklə dolandırmaq iqtidarında olan bir insan idi.

Onun xanımı Fatimə tez bir zamanda qonşuların könlünə yol tapmışdı,hamı onu çox sevirdi, bilirdilər ki, onun əkizləri atalarını tanımadan böyüyür.

Cümə günü 1941-ci ilin 20 iyun tarixində onların toyu oldu, iki gün ötdü müharibə başladı və Fatimənin həyat yoldaşını cəbhəyə apardılar.1941-ci ilin sentyabr ayında onun ölüm xəbəri gəldi.1942-ci ilin mart ayında isə Fatimənin iki oğlan övladı dünyaya gəldi.

Ətrafdakılar Fatiməyə çox böyük hörmətlə yanaşırdılar,həm acı taleyinə, həm də səssiz itaətkarlığına görə.

O, bütün qonşulara əl tutar, yardım edərdi, öz övladları isə həmişə səliqə-səhmanlı və təmiz geyinərdi. Lakin onun üzünün gülməsini heç vaxt və heç kim görməmişdi.

Deyirdilər birinci həyat yoldaşını çox sevirmiş.

Berta xalanın həyat yoldaşı 1935-ci ildə dünyasını dəyişdi.

Onun cəmi 42 yaşı var idi,lakin dəhşətli inqilabi keçmiş ona böyük təsir göstərərək ağır xəstəliyinə səbəb olmuşdu.

Çox keçmədi ki,açılmış mədə yarası onun axrına çıxdı.

Bəlkə onunku qismən gətirdi də, ən azından onu son mənzilə orkestrın müşayəti ilə yola salıb qəbrinin üstünə isə qırmızı ulduz ilə xatirə nişanı qoydular və haqqında çoxlu dəyərli sözlər söyləndi.

Kim deyə bilər ki, bir neçə il də ömür sürsəydi şərait necə dəyişə bilərdi.

Ola bilsin, onu hansısa bir ziyankarlıqda günahlandırar,yaxud vaxtilə eyni zamanda koreya,alman və yapon casusu olduğunu sübut edərdilər .

Amma indi isə Berta xala yüksək təqaüd alırdı, hətta onu dəfələrlə yerli məktəblərdə qəhrəman həyat yoldaşı haqqında hekayələr ilə çıxış etməyə dəvət edirdilər.

Yaşlı anası 1939-cu ildə sanki müharibənin yaxınlaşdığını duyub Voronejdan Bakıya köçmüşdü.

Rahil xalanın yetmişə yaxın yaşı vardı, buna baxmayaraq,ağıllı qadın olduğuna görə “Diviçinskiy” küçəsində yerləşən bu Bakı məhəlləsinin mehriban kollektivinə qısa zamanda qaynayıb qarışa bilmişdi.

Qeyd etməliyəm ki, bu küçə “28 Aprel” adına kinoteatrın yaxınlığında yerləşirdi.

Bu kinoteatr isə müharibədən dərhal sonra- əsrin əvvəlində qurulmuşdu.

Əslində bu küçənin adı “Dəvəçinskiy” olubmuş, lakin sonralar vaxt ötdükcə küçəni “Diviçinskiy”adlandırmışdılar

Rahil xalanı digərlərindən fərqləndirən çox əhəmiyyətli xüsusiyyəti var idi.O , mütəmadi olaraq yəhudi məbədinə baş çəkirdi. İnqilabın 25-ci ilində bu ağlasığmaz hərəkət, doğru sayılmırdı və mümkün deyildi.

Berta xala hər zaman onu fikrindən daşındırmağa çalışırdı, amma, təəssüf ki, onu inandırmaq heç cür mümkün olmurdu.

Rahil xala yəhudilərin fətir bayramında yedikləri fətirə-matsaya bütün məhəlləni qonaq edərdi.

O, özünün dindar,mömin qadın olduğunu heç vaxt gizlətməzdi və xristian olan Qalinaya, şiə Hüseynbala ilə Kəbleyi Dəmirə, sünni Mustafa ilə Həbibullaya böyük hörmət və ehtiramla yanaşırdı, halbuki onların heç birində dindarlıq hiss olunmurdu.

Lakin 1942-ci ildə bu ailəyə faciəvi bir xəbər gəldi. Rahil xalanın oğlu yəni, Berta xalanın qardaşı Boris cənub qərb cəbhəsində itgin düşmüşdü.

Həmin vaxt orada qızğın döyüşlər davam edirdi. Son dərəcə gülərüz, çalışqan Rahil xala bir anda, göz önündə elə bil yaşa doldu.

Belə bir fəlakətin hər bir insanın başına gələ biləcəyini anlayaraq bütün həyət Rahil xalaya təskinlik verir, onu ovundurmağa çalışırdı.

Mustafanın iki oğlunu birdən 1941-ci ildə cəbhəyə apardılar.

O zaman Hüseynbala hələ bu həyətə köçməmişdi. 1943-cü ildə isə bədbəxt valideyn böyük oğlunun ölüm xəbərini aldı.Rahil xala oğlunun xəbəri ilə barışmaq istəmir, buna inana bilmirdi.

İndi o sinaqoqa həmişəkindən də sıx baş çəkirdi, sanki oğlunun canının sağ olmasını Allahdan yalvararaq diləyirdi. Artıq qızı da onun bu mütəmadi səfərlərinə etiraz etmirdi.

Qəribə idi, hakimiyyət özü belə dəyişmişdi. Müharibə illərində əzab çəkən insanlara daha məscidlərə, kilsələrə, sinaqoqlara baş çəkməyə icazə verilirdi.

Hətta ən rəhmsiz hökumət belə bir ağır gündə insanlara dayaq, təsəlli tapmaqda yardımçı olmalı olduğunu anlayırdı.1945-ci il 9 may tarixində qələbə haqqında xəbər gəldi. Bu günü hamı ağlayırdı, kimi sevincdən,kimisə kədərdən.

Kim ki, keçən əsrin ortalarında Bakıda yaşayıbsa belə bir hadisənin bu şəhərdə iki dəfə baş verdiyini təsdiq edə bilər.

Birinci dəfə 1945-ci il 9 may tarixində qələbə hissini, sevincini yaşayanda, ikinci dəfə isə Stalin öləndə. O zaman insanlar belə düşünürdülər ki, Stalinsiz, rəhbərsiz həyat artıq davam edə bilməz və çoxları səmimi qəlbdən kədərlənirdi.

Berta xala dindar qadın deyildi o keçmiş partiya üzvünün həyat yoldaşı, əslində ateist idi.

Buna baxmayaraq qələbə günü anası Rahil xala ilə sinaqoqa birlikdə yollanmağa razılaşdı.

Həyatında ilk dəfə idi ki, Berta xala Allahdan sidq ürəklə qardaşının tapılmasını, sağ qalmasını xahiş etdi. Və möcüzədir: onun qardaşı tapıldı.

1946-cı ilin sonlarında onlar sanki mümkün olmayan xəbər aldılar- Boris evə qayıdır. Borisin sağ qalması həqiqətən də möcüzə idi, çünki Boris sünnət edilmiş yəhudi idi, bu isə əsirlikdə qaçılmaz ölüm demək idi. Sən demə Boris həqiqətən də əsir düşüb, lakin özünü yəhudi yox, müsəlman kimi qələmə veribmiş.

Artıq o zaman faşistlər yəhudiləri müsəlmanlardan çox yaxşı ayıra bilirmişlər. Sonralar Yuqoslaviyada partizanlara qoşularaq 1945-ci ilədək döyüşüb.

Ağır yaralı olduğundan may ayında özlərinki tərəfə qayıtmağa çalışsa da bu mümkün olmayıb və məhz 1946-cı ildə evə qayıtmaqda israr edib.

O gündən Berta sinaqoqa tez-tez getməyə başladı. Tezliklə Boris qayıtdı.

Bütün həyət Rahil xalanın yenidən cavanlaşmasına sevinirdi. 1949-cu ilin may ayında Kəbleyi Dəmirin böyük qızının toyu olmalı idi. Bakı ailələrinin adət ənənəsinə əsasən toya qabaqcadan hazırlıqlar görülürdü.

Əvvəlcə evə elçilər gəlib gələcək danışıqlar üçün icazə aldılar. Ardınca isə kişi xeylaqları gəldi.

Görüşün axrında qız ailəsi qızlarını ərə vermək razılıqlarını süfrəyə şirin çayın gəlməsi ilə bildirdilər. Sonra isə hədiyyələrin dəyış-düyüşü başladı.

1949-cu ildə bir tikə adi sabun və yaxud bir arşın parça böyük pay hesab olunurdu. Ailələr əllərindən gələni əsirgəmirdilər.

Toy may ayının 16-na təyin olunmuşdu. 1949-cu ildə cavan oğlan ilə ailə qurmaq böyük bir möcüzə idi.

Ölkədə on qıza üç-dörd cavan oğlan düşürdü.

Toy gəlinin məhəlləsində olmalı idi. Stolları hazırlayırdılar, qonşu Bakı kəndlərindən ət gətimişdilər. Hər kəs əlindən gələni edir, can yandırırdı.

Görünür, toy həddindən artıq şən və qonaqlar sarıdan bol olacaq.

Yüz nəfərə qədər qonağın iştirakı nəzərdə tutulmuşdu. İndi hamı böyük saraylarda 500-600 nəfərlik səs- küylü məclislərə alışıb. O zamanlar iyirmi nəfər qonaq belə çox hesab edilirdi, yüz nəfərlik qonaqlıq isə inanılmaz birşey idi.

Toy məclisinə bütün qonşular dəvət almışdı.

Hər kəs öz bildiyi, istədiyi kimi hazırlanırdı. Təkcə Bertanın əhval- ruhiyyəsi yerində deyildi. Axır zamanlar anası tez-tez xəstələnirdi. Rahil xalanın artıq səksənə yaxın yaşı var idi.

May ayının on üçü, on dördü Rahil xala üçün təcili yardım çağırmışdılar. O isə xəstəxanaya getmək istəmirdi. Belə bir təntənəli anda evi tərk etməyə haqqı olmadığını düşünürdü.

May ayının on beşi Rahil xalanın halı xeyli yaxşılaşdı. O hətta evdə yeriyərək qızını sakitləşdirməyə çalışırdı.

Toy gününün səhəri idi, yəni may ayının onaltısı həyətdən artıq qadınların, qonum-qonşunun səs-küylərinin gəldiyi bir zaman Berta anasına yaxınlaşaraq dəhşət içində onun öldüyünü anladı.

Rahil xala yuxuda olarkən dünyasını dəyişdi. Bu, məhz pak, mürüvvətli, təmiz insanlara nəsib olan ən xoşbəxt ölüm idi.

Ölərkən belə Rahil xalanın dodaqlarında təbəssüm var idi.

Berta xala pərdələri çəkərək çarpayının başı tərəfində əyləşdi. Onun qarşısında çox çətin bir sual durmuşdu.

O qərar qəbul etməli idi. Yəhudilərin ciddi qayda-qanununa əsasən ölünü qürub çağınadək basdırmalı idilər.

Bir tərəfdən də anasının ölməsini Berta heç kəsə deyə bilməzdi. O zaman toy təxirə salınacaqdı, beləliklə də, camaatın bayramı yasa dönüb bütün həyatları pozulub puç ola bilərdi.

Onlar həmişəlik bu günü yaddaşlarında saxlayıb baş vermiş hadisənin öz toy günlərinə təsadüf etdiyini xatırlayıb heç vaxt dərindən xoşbəxt ola bilməyəcəkdilər.

Berta oturub ağlayırdı, vaxt isə amansızcasına gedirdi.

Həyətdən gələn qonaqların sevincli səsləri, fərəhli təbriklərinin sədası gəlirdi. Bir az keçmədi ki, məclisə bəylə gəlin təşrif buyurdu.

Bir neçə dəfə gəlinin anası Bertanın pəncərəsini döyərək onu toya dəvət etdi. Nəhayət ki, Berta qərara gəldi.

O, ayağa qalxdı anasının üzərinə təzə mələfə sərdi, yuyundu, əynini dəyişdi, əvvəlcədən hazırladığı hədiyyəni götürüb çıxdı həyətə.

Heç kəs baş verəndən xəbər tutmadı. Berta gülüb danışır, hətta cavanların sağlığına badə də qaldırdı. Hamıya isə anasının toyda iştirak etməməsini özünü pis hiss etməsi ilə izah etdi.

Axşam toy bitəndən sonra Berta evə qayıdaraq gəlib anasının ölüsünün yanında oturub toyun necə keçdiyini anlatdı, sanki anası onu duyurdu.

Səhəri günü Berta anasının gecə vaxtı dünyasını dəyişdiyini qonşulara xəbər verdi. Gəlinin anasından savayı heş kəs heçnə başa düşməmişdi, lakin o otağa daxil olanda xüsusi qoxunu hiss edib Bertanı qucaqlayaraq xeyli ağladı, beləcə, sanki öz minnətdarlığını bildirdi.

Bu əhvalat, həqiqətən də, “Diviçinskiy” küçəsində babam Kəbleyi Dəmirin evində baş vermişdi. Bunu mənə nənəm danışmışdı.

O biri dünyanın varlığına bir o qədər inanmasam da bir şeyi dəqiq bilirəm ki, Bertanın anası mömin Rahil xala cənnətdədi. Toyları olan cavanlar yarım əsrə yaxın uzun və çox xoşbəxt ömür sürdülər.

Onların beş uşağı,səkkiz nəvəsi oldu. İndi hətta nəticələri belə var.

Berta otuz il sonra dünyasını dəyişdi. Bütün həyət onun yasını tutmuşdu.

Bertanın yasına mən özüm də getmişdim, onun üzündəki təbəssümü hələ də xatırlayıram.

Bertanın doğru əməli , bəlkə də, Allah tərəfindən onların ailəsinin ateizminin bağışlanmasıma səbəb oldu.

Yəqin, heç kəsin geri qayıtmadığı o dünyada, Berta anası və həyat yoldaşı ilə görüşdü. Mən buna inanmaq istəyirəm.

Tərcümə: Nərgiz Məhərrəmzadə
“Kaspi"
XS
SM
MD
LG