Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:20

İran-Azərbaycan: təpəgözlərin döyüşü?


Səhər TV-dən bir kadr: «Misir Mərdanov jurnalistlərə müsahibəsində bildirib ki, valideynlər də dövlətin qoyduğu qanunlara əməl etməlidirlər. 2 aydır ki, məktəblilərin hicab geyinməsinə qadağa qoyulub».

İranın «Səhər» televiziyası bir müddətdir Azərbaycan iqtidarı ilə bəzi yerli təşkilatların diqqətini özünə cəmləyib. «Səhər» kanalı bu arada Azərbaycan məktəblərində hicab qadağasından tutmuş, İslam Partiyası sədri və fəallarının həbsinə dair müxtəlif reportaj və təhlilləri yayımlayır.

Fevralın əvvəlindən başlayaraq «Səhər» Televiziyasının «iftira və ideoloji təxribat kampaniyası» əleyhinə Bakıda İran səfirliyi qarşısında bir neçə dəfə aksiya keçirilib, İranın Azərbaycana qarşı «qeyri-dost münasibətlərinə son qoyması» tələb edilib. Eləcə də İranla Ermənistanın münasibətlərinin möhkəmlənməsinə etiraz edilib. Fevralın 1-də keçirilən aksiya iştirakçıları etirazlarını belə bildiriblər:

«Bu gün İran mətbuatında Azərbaycanın daxili işlərinə qarışırlar, Azərbaycanın dövlət atributları təhqir olunur, Azərbaycan xalqının mənəvi, mədəni dəyərləri gözdən salınır. Üstəlik bizim bütün mədəniyyətimiz İran adına çıxılır. 35 milyon xalqın hüquqları ayaqlar altındadır».

«İRANA QARŞI AKSİYALARA NORMAL BAXIRAM»


Bu aksiyadan bir gün əvvəl fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclasında da İran məsələsi diqqətdə olub. İranın Azərbaycanın konstitusiya quruluşuna təhdidlərinin artdığını deyən bəzi deputatlar Azərbaycan vətəndaşlarını İrana getməməyə çağırıb, digərləri bu istiqamətdə ideoloji iş aparılmalı olduğunu deyib.

Fevralın 9-da isə İran səfirliyi qarşısında keçirilən iki müxtəlif aksiyada 10-dək adam saxlanıb.

Fevralın 10-da Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov yerli mətbuata müsahibəsində də bildirib ki, son vaxtlar qonşu olmasına baxmayaraq, İranın bir sıra KİV-də Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri aydın hiss olunur. O, İranın Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiyalara normal yanaşdığını və bu aksiyaların İranın müvafiq dairələri tərəfindən etiraz mesajları kimi qəbul edilməli olduğunu deyib.

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami isə fevralın 9-da bildirib ki, hər iki ölkənin mətbuat nümayəndələri prezidentlərin sözləri əsasında işləsinlər. Onun sözlərinə görə, «hər ölkədə naşı jurnalistlər var. Yaxşı olar ki, onlar diqqətli olsunlar».

ƏLİYEVLƏRİN DƏ ADI ÇƏKİLMƏYƏ BAŞLAYIB

Azərbaycan rəsmiləri uzun illərdir «Səhər» televiziyasının Azərbaycana qarşı qərəzli mövqeyindən şikayətlənib. Elədirsə məhz indi aksiyaların, sərt bəyanatların verilməsi nə ilə əlaqədardır?

AzadlıqRadiosunun cənub bölgəsi üzrə müxbiri Müstəcab Məmmədov deyir ki, Səhər Televiziyası son 1 aydır prezident və ailəsi haqda da məlumatlar yaymağa başlayıb:

«Son 1 ayda həmin televiziya Ayətullahları, dini məsələlərlə bağlı alimləri dəvət edirlər, onlar Azərbaycanda hicab məsələsi və s. ilə bağlı öz fikirlərini söyləyirlər. Guya Azərbaycan İslam dininə qarşı mübarizə gedir. İrandan danışan dini adamlar tez-tez hakimiyyəti, prezident İlham Əliyevin adını çəkilər, əvvəl çəkməzdilər. Əvvəllər belə idi ki, bunlar Azərbaycana qarşı öz fikirlərini söyləyirdilər, ancaq Əliyevlər ailəsinə dəymirdilər. Amma indi onu da qatıblar, adını tez-tez çəkirlər».

İRANIN HƏRƏKƏTLƏRİ AZƏRBAYCANA SƏRF EDİR

Müsavat başqanı İsa Qəmbərə görə, Azərbaycana qarşı təbliğat İran rəhbərliyinin sifarişidir. Azərbaycan hakimiyyəti isə yalnız öz maraqlarına toxunulduğu zaman fəallaşır. İsa Qəmbər hesab edir ki, hazırda Azərbaycanda İrana qarşı aparılan kampaniya da məqsədli xarakter daşıyır:

«Azərbaycan hakimiyyəti nə qədər ki, hakimiyyətin öz maraqlarına toxunulmur, birbaşa özü tənqid olunmur, bu cür məsələlərə sakit yanaşır, söhbət özündən gedəndə bir qədər fəallaşır. Digər tərəfdən Azərbaycan hakimiyyətinə sərf edir ki, İran tərəfindən Azərbaycana müxtəlif səpkili təhlükə olduğunu, informasiya təzyiqlər olduğunu həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirsin. Ona görə, Azərbaycan hakimiyyəti də təbliğatı canlandırıb, gündən–günə bunu genişləndirir»

«TƏPƏGÖZLƏRİN DÖYÜŞÜ»

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid isə bildirir ki, indiyə kimi milli-demokratik qüvvələrin İran səfirliyi qarşısında keçirilən aksiyaları polis tərəfindən dağıdılıb, MTN İranın təqib etdiyi İran azərbaycanlılarını dəfələrlə təhvil verib. İndi baş verənləri isə Qənimət Zahid «rəhbər qüvvələrin toqquşması» adlandırır:

«İndi sadəcə İran mafiyası Azərbaycan mafiyasının xətrinə dəydiyinə görə, Azərbaycan mafiyası da öz əlaltılarını səfərbər edib İrana qarşı. İndi yadlarına düşüb ki, sən demə orda 25-30 milyon azərbaycanlı var, onların hüquqları pozulurmuş. Ona görə mən bunu «təpəgözlərin döyüşü» adlandırıram. Wikileaks birincisi eyiblərini açıb ki, bunlar qeyri-səmimi müttəfiqlərdir. İkincisi, İranın Azərbaycandakı ekspansiyası Azərbaycanın indiki hakimiyyətinin maraqlarına birbaşa toxunurdu. Bu vaxta qədər Azərbaycan məscidlərində, dini tədbirlərində Xomeyni ilə Heydər Əliyevin şəkilləri qoşa asılırdı. Bu ekspansiya təhlükəli deyildi, indi təhlükəli həddədir».

Qənimət Zahid İran prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevi Novruz bayramı ərəfəsində İrana dəvət etməsini də birmənalı qarşılamır. Onun fikrincə, bu səfər zamanı ideoloji müharibənin iqtisadi mənafelərə ziyan vurmaması müzakirə olunacaq. İki ölkə rəhbəri həmçinin göstərmək istəyir ki, əks-təbliğat hökumət səviyyəsində deyil, ictimaiyyət səviyyəsindədir.
XS
SM
MD
LG