Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:28

Sevinc Arzulu. Sən yağışı ilk damlası


SƏN YAĞIŞIN İLK DAMLASI


Harda bitir buludlarla səyahətin ən son ucu,
Sən yağışın ilk damlası, mən sonuncu.
Yol yoldaşı olsaq da biz,
gor yoldaşı olammadıq.
Bir yerdəcə ömür sürüb,
birgə yaşa dolammadıq.
Sən hovuzun içinəcə,
Mən ovucun içinəcə sığışmadıq,
Özümüzə yığışmadıq.

Gah yubandın, gah tələsdim,
Göy üzündən boylananda görünərdi:
Sən çinardın,mən vələsdim.
Bir deyildi nə kökümüz,nə soyumuz.
Olmadı ki son baharda səma altda
yarpaq tək yaşıl toyumuz.
Birləşmədik,
Arazlaşıb Kürləşmədik çoxu kimi.
Vaxtın olsa bu şeiri də oxu, kimin.
Bumudur eşqin sonucu?
Sən yağışın ilk damlası,
Mən sonuncu...


MƏN QORXAĞAM

Səni sənsizliyin əlindən almaq istəmək - igidlikdir.
Səni sənzizliyin əlindən almaq - qəhrəmanlıqdır.
Səni sənsizliyin əlində qoymaq - qorxaqlıqdır.
Mən qorxağam.


QAR ÇİÇƏYİ

Qar çiçəyi dedilər mənə.
Üşüdüm o anda.
Arxaya boylandım, gəncliyimə sarı.
Sarışın qızcığazın uşaqlıq illəri keçdi
gözümün önündən kino-lent kimi.
O zaman mən bahar çiçəyi idim
gülüşlərimlə,görüşlərimlə.
Indi isə qar çiçəyi.
Ömrün payızında buna da şükür.
Nə qalıb ki qışa.....


BU GECƏ

Bu gecə üstümə gəlir dalğalar,
Islandım altundan soyuq baxışın.
Bu gecə tüstümə gülür qovğalar,
Paslandım altında qarın,yağışın.

Çatmışam dörd yolun ayrıcına mən,
Özüm də bilmirəm hayana gedim.
Qoşulum daş qolun ayrısına mən,
Bəlkə bu gecədən o yana gedim.

Bəlkə üz döndərib gündüz nurundan,
Gecənin qanını içim,nə dersən?
Ayrılım sevginin yaş qürurundan,
Azadlıq zəmisin bicim,nə dersən.

Bəlkə daha bəsdir bunca dərd çəkib,
Bunca əzab yemək,bunca qəm udmaq.
Bəxt rəssam tablomu belə sərt çəkib,
Tək bircə yolum var:Səni unutmaq.

Bu gecə göz yaşı tökməyəcəyəm,
Bu gecə səbrimi basacağam mən.
Bu gecə diz üstə çökməyəcəyəm,
Bu gecə özümü asacağam mən.


ÜMİDLƏR

Görürsən.qudurmuş qəbirqazanı,
Ümidim ölmüşə qəbir də qazmır.
Üstünü örtəcək payız xəzanı,
Gümanlar,bəlkələr qəlbimdə azmır.

Özümcə çiynimə götürəcəyəm,
Bir çinar yarpağı tabut olacaq.
Yoxluğun beynimə ötürəcəyəm,
Məhəbbət əbədi tabu olacaq.

Daha anmayacam canı yanmışı,
Sözünü yadıma salmayacağam.
Məni gecələrin danı sanmışın,
Közünü ocağa almayacayam.

Kölgəsi qalacaq ayağım altda,
Elə oradaca can verəcəkdir.
Fələyin yazdığı qara saatda,
Bozaran torpağa qan verəcəkdir.

Əlimlə dəfn edib geri dönəcəm,
Kiçicik ehsan da qıymayacağam.
Masmavi səmadan yerə enəcəm,
Kimsənin baxışın duymayacağam.


BƏNÖVŞƏNİ

Həyat davam edir, azalmır gücüm,
Düşməndən gec ya tez alınar öcüm.
Hərə bir tərəfdən eyləyir hücum,
Deyəsən görüblər tək bənövşəni.

Qalxdığı zirvədən xar düşürtməsin,
Gileyin-güzarın yar eşitməsin.
Şaxta dondurmasın,qar üşütməsin,
Sinəmin üstündə ək bənövşəni.

Yenə də zəmanə oynunu qurub,
Dolu təbiətin qoynunu vurub.
Durub yol üstündə boynunu burub,
Şair,olduğu tək çək bənövşəni.


DÜNYA

Zirvədə alaçıq salan mən idim,
Kasıba əlaçıq, talan mən idim.
Dərsində əlaçı olan mən idim,
De,niyə verdin bəs ikini,dünya.

Kədəri odana çıraq eylədin,
Fərəhi gözündən qıraq eylədin.
Məni də özündən iraq eylədin,
Indi kim çəkəcək yükünü,dünya.

Bir yerdə dayanıb durmusan daha,
Çal-çağır məclisi qurmusan daha.
O qədər içmisən, vurmusan daha
Itirdin deyəsən çəkini.dünya.


KƏNDİMİ

Camaatı göstərsə də dəyanət,
Sağlığına verən yox ki zəmanət.
Ulu Tanrım, verrəm sənə əmanət,
Qoyma ki apara sellər kəndimi.

Əvvəlki yarı yox, yaraşığı yox,
Gecənin bəzəyi ay işığı yox.
Dərdini deməyə haqq aşiqi yox,
Aşikar ağlayar ellər kəndimi.

Daha mən köçümü çəkib gedirəm,
Baxaraq içimi çəkib gedirəm.
Ağ kəfən biçimi çəkib gedirəm,
Deyən uçuracaq yellər kəndimi.

Qanla əkiz olan qadaya bənzər,
Sakinsiz,buz kimi odaya bənzər.
Uzaqdan baxanda adaya bənzər,
Əhatə eyləmiş göllər kəndimi.

Qalmayıb xoş günü, nə xoş sənəsi ,
Nə əvvəlki səbri,nə hövsələsi.
Hanı qəlb açmağa bir kimsənəsi,
Bürüyüb tikanlı çollər kəndimi.


DEYİMLƏR

Insan ağlayanda dünyanı ağ-qara görür,
Güləndə rəngli.

Torpağın gözünü yarpaq doydurar,
Insanın gözünü torpaq.

Gecənin gözünü açdım,gözüm qamaşdı.

Sənin könlün kömür mədənidir:
Bəyaz daxil olan,qaralıb çıxar.

Xəyanət sənin üçün əyləncədirsə,
Mənim üçün işgəncədir.

Qulağıma laylan gəldi,
Qəm üstümə lay-lay gəldi,
Ana.

Qələm mənim çörək ağacımdır.
Ona görə də aclıqdır.

Vaxtımın qulağından çəkdim,
Baxtımın gözündən öpdüm.

Küçələr təngnəfəs olub.

Özümü ümidin ayağından asdım.

Hıçqıran ümidin göz yaşını güman silər.

Mənliyini ayaq altda sərib gedən
O dünyaya qərib gedər.

Bulaq şaxtadan buzlayar,rək laxtadan.

Ay üzlü göy hər gecə gümüşü qızılca çıxarır.

Gözünə göynək,
Sözünə eynək taxıb danışan adam..

Vüsalın qulpundan tutmaq istədim,
Ayrılıq qoluma girdi.

Sevgi var boşluqdan yaranır,
Sevgi var xoşluqdan.

Xatirələrin gözümdən yuxu kimi töküldü.
Yuxularım xatirəndən keçib getdi.
XS
SM
MD
LG