Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:08

İşgəncədən qorunmaq hüququ təmin edilirmi?


Elçin Behbudov
Bu il yanvarın 13-də Bakıda Elvin Əsgərov adlı vətəndaşın Nizami rayon Polis İdarəsində üzləşdiyi işgəncələr ucbatından dünyasını dəyişdiyi barədə xəbərlər yayıldı. Bu hadisə Azərbaycanda işgəncələr mövzusunun yenidən gündəmə gəlməsinə səbəb oldu.

Beynəlxalq və yerli qanunvericilikdə insanın işgəncədən qorunmaq hüququ necə təsbit olunub? Bu hüquq təmin olunurmu? Reallıqda saxlanma yerlərində işgəncə halları çoxmu baş verir? Necə etmək olar ki, işgəncəyə məruz qalandan sonra onu sübut etmək mümkün olsun? Bu və digər sualların cavabı «Azadlıq» radiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə hazırladığı «Hər kəsin haqqı var» verilişində axtarılıb.

OLA BİLƏR Kİ, ELVİN ƏSGƏROVA QARŞI İŞGƏNCƏ YER ALIB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov son hadisə - Elvin Əsgərovla bağlı halda işgəncə faktının yer aldığını istisna etmir:

«Ortada ölüm faktı var. Şəkillərə də baxanda, hiss olunur ki, yıxılmaqdan insanın sifəti bu günə düşə bilməz, ona qarşı haradasa zor tətbiq olunub. Zərblə insanın başına dəyənək vurulsa, onda kəllə-beyin sümüyü dağıla bilər. Onu da kəllə-beyin travması ilə xəstəxanaya aparıblar. Bu işdə hər kimin əli varsa, qanun qarşısında cavab verməlidir».

Elçin Behbudov hesab edir ki, Azərbaycan dövləti işgəncə faktlarının araşdırılmasında maraqlı deyil. Çünki işgəncə faktları heç bir dövlətə başucalığı gətirməyən bir mövzudur:

«Ona görə də çalışırlar ki, faktlar açıqlanmasın. 2010-cu ildə bizim komitəyə 169 nəfər işgəncə və qeyri-insani rəftara qarşı münasibətlə üzləşdiklərinə dair müraciətlər edib. Biz də biganə qalmırıq, söhbət hansı orqandan gedirsə, onlara müraciət edirik. Adətən də cavab belə olur ki, fakt təsdiqini tapmadı. Təəssüflər ki, haradasa işgəncə faktlarına göz yumulur, haradasa bu faktlar ört-basdır edilir».

İŞGƏNCƏ HƏR YERDƏ VAR, AMMA BİZDƏ BU FAKTLAR ARAŞDIRILMIR


Müzəffər Baxışov
Vəkil Müzəffər Baxışov deyir ki, işgəncələr haqqında danışanda, yüksək eşelon nümayəndələri qıcıqlanırlar. Halbuki, belə faktlara digər ölkələrdə də rast gəlinir:

«Amma fərq ondadır ki, bizdə bu faktlar araşdırılmır və onlara obyektiv hüquq qiymət verilmir. Dərhal deyirlər ki, belə bir hal baş verməyib Sonradan işgəncə alan şəxslərin yaxınlarının təzyiqi ilə faktlar açıqlanır. Ona görə də ictimaiyyət zərərçəkmiş şəxslərin qohumlarının versiyalarına daha çox inanır».

BİR ORQAN ÖZ İŞÇİSİNİN VERDİYİ İŞGƏNCƏ FAKTINI NECƏ ARAŞDIRA BİLƏR?

M.Baxışov deyir ki, işgəncə hallarının araşdırılmasında ciddi nöqsanlar mövcuddur. Məsələn, Cinayət Prosessual Məcəllənin tələblərinə görə, zorakılıq əlamətləri ilə insan meyiti aşkar edilsə, ən azından fakta görə cinayət işi başlanmalıdır. Amma adətən bu tələb pozulur:

«Digər tərəfdən, əgər işgəncə hüquq-mühafizə orqanları tərəfindən verilisə, onun istintaqı prokurorluq tərəfindən aparılmalıdır. Hansısa orqan öz işçiləri tərəfindən törədilən işgəncə hallarını araşdıra bilməz. Adətən bu hadisələri qabartmamaq üçün istintaq zamanı Cinayət Məcəlləsinin işgəncə ilə bağlı yox, digər maddələrini tətbiq edirlər. Hətta ibtidai istintaq təhqiqat zamanı işgəncələr araşdırılmasa da, məhkəmədə təqsirləndirilən, zərərçəkmiş, şahidlər tərəfindən işgəncə faktları səsləndirilsə, hakim bu faktları araşdırmalıdır. Hakim dərhal məhkəmə-tibbi ekspertiza təyin etməlidir, digər şahidlərin dindirilməsinin təmin etməlidir. Baş prokurora cinayət işinin başlanması ilə bağlı müraciət etməlidir».

Müzəffər Baxışov deyir ki, ən böyük problem – Azərbaycanda hüquqi dövlətin olmamasındadır. Əsas da işgəncəni tətbiq edən şəxsləri daha çox maarifləndirmək lazımdır ki, belə hərəkətlərdən çəkinsinlər, qanunun tələblərinə riayət etsinlər.
XS
SM
MD
LG