Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:01

Cabbar Savalanlının apellyasiya şikayəti təmin olunmadı


Cabbar Savalan
Cabbar Savalan
Martın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Cabbar Savalanın apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna Cabbar Savalanlının vəkili Anar Qasımov məlumat verib.

Apellyasiya şikayəti Sumqayıt şəhər Məhkəməsinin Cabbar Savalan barəsində həbs-qətimkan tədbirinin qüvvədə saxlanılmasına dair qərarından verilib.

Vəkil bildirib ki, iclas başlayan kimi hakimlərə etiraz edib:

«Hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının üzvləri olduğundan, mən işə həmin tərkibdə baxılmasına etirazımı bildirdim. Çünki işə cinayət işləri üzrə məhkəmə kollegiyası baxmalıdır. Etiraz qəbul olunmadı».

Vəkil vəsatət qaldırıb ki, Cabbar Savalanın apellyasiya şikayətinə öz iştirakı ilə baxılsın. Vəsatət təmin olunmayıb.

1 saatdan artıq çəkən prosesdə hakim Azər Hüseynov Cabbar Savalanın apellyasiya şikayətini təmin etməyib.

Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sumqayıt şəhər Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.

CABBAR SAVALANIN ANASI DİN-DƏ İZAHAT YAZIB

Martın 2-də Cabbar Savalanın anası Təravət Əliyeva Daxili İşlər Nazirliyinə çağırılıb və ondan izahat alınıb.

Bu barədə AzadlıqRadiosuna Təravət Əliyeva məlumat verib.

«Mən oğlumun şərlənərək həbs olunması ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət ərizəsi göndərmişdim. Həmin ərizəyə görə çağırmışdılar, ərizədə yazılanlarla bağlı izahat aldılar».

Təravət Əliyeva deyir ki, ondan 2 saata yaxın izahat alınıb. İzahatında oğlunun şərlənərək həbs olunduğunu göstərib:

«İzahatı yazıb bitirəndən sonra müstəntiq izahatımla birlikdə rəisin yanına getdi. Az sonra geri qayıdaraq dedi ki, rəis soruşur oğlun siqaret çəkirdi? Mən də dedim yox. Müstəntiq dedi, get, işlə tanış olarıq, sonra sənə hə-yoxunu deyərik».

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, Təravət Əliyeva müraciətinin araşdırılması üçün DİN Baş İstintaq və Təhqiqat İdarəsinə dəvət olunub. Onu idarənin rəhbərliyi dinləyib.
XS
SM
MD
LG