Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:00

Beynəlxalq konfransda Eynulla Fətullayev qalmaqalı


Söhbət «Azərbaycan mediasında redaksiya azadlıgı, etika və şəffaflıq» mövzusuna həsr edilən beynəlxalq konfransdan gedir. Narazılığa səbəb olan məsələ isə konfransın yekun bəyannaməsinə həbsdə olan jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı məsələnin salınması olub.

«SƏS» QƏZETİNİN BAŞ REDAKTORU: EYNULLA JURNALİST FƏALİYYƏTİNƏ GÖRƏ HƏBS EDİLMƏYİB

İqtidaryönlü «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev Eynulla Fətullayevin adınını bəyannaməyə salınmasına qəti etirazını bildirb. O deyib ki, Eynulla Fətullayev jurnalist faliyyətinə görə həbs olunmadığı üçün onun adının yekun sənədə salınması düzgün deyil.

«Yazırsınızsa ümumi yazın, əgər həbsdə olan jurnalist varsa, onları yazın, amma konkret olaraq Eynullanın adını yazmayın. Mən bunu şəxsən istəmirəm. Məhkəmə qərarı var və faktdır ki, o jurnalist fəaliyyətinə görə deyil, konkret əmələ görə həbs edilib».

AYDIN QULİYEVİN KONSENSUS TƏKLİFİ...

Tədbirdə iştirak edən bir neçə jurnalist Bəhruz Quliyevin bu fikirlərinə etiraz edib. «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas deyib ki, cinayət məcəlləsinin hansı maddəsi ilə həbs olunmasına baxmayaraq Eynulla Fətullayevin adı yekun bəyannaməyə salınmalıdır.

«Bakı Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev isə konsesnsus əldə olunması üçün Eynulla Fətullayevin adının qarşısında jurnalist yazılmadan layihəyə salınmasını təklif edib.

«Bəlkə konsensus layihə kimi belə yazaq ki, cinayət məcəlləsinin filan maddəsi ilə həbsdə olan filankəsov filankəs».

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə yekun bəyannaməyə sonuncu gün düzəliş etməyin mümkün olmadığını bildirib. O, qeyd edib ki, iki gün ərzində edilən təkliflər əsasında hazırlanan yekun sənəddə qəti tələb qoyulmur, sadəcə bu istiqamətdə işlərin sürətləndirilməsi istənilir.

«AZƏRBAYCANIN DEMOKRATİK İMİCİ NAMİNƏ»

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, bütün dünya qurumları Eynulla Fətullayevi jurnalist kimi qəbul edirlər və Azərbaycanın beynəlxalq imici baxımından onun adının yekun qətnamədə qalması vacibdir. Elə bundan sonra o, əlavə müzakirələri kəsərək bəyannamənin qəbul olunduğunu bildirib.
«Azərbaycanın demokratik imici naminə onun adını bu sənədə salmışıq və bu bəyannamə qəbul olunmuş hesab edilir. Sağ olun!»

OLİVER MONEY- KYRLE: EYNULLA DƏRHAL AZADLIĞA BURAXILMALIDIR

Tədbirdən sonra AzadlıqRadiosuna müsahibəsində Beynəlxalq Jurnalistlər Federasiyasının Layihə departamentinin direktoru Oliver Money (Oliver Money-Kyrle) bildirib ki, bu məsələdə Federasiyanın vahid mövqeyi odur ki, Eynulla Fətullayev dərhal azadlığa buraxılsın.

«Beynəlxalq Jurnalistlər Federasiyasının bu barədə çox aydın mövqeyi var, Eynula Fətullayev dərhal azadlığa buraxılmalıdır. Tədbirdə jurnalistin başqa məddələrə görə həbs olunduğu bildirlsə də aydındır ki, Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə həbs edilib və o dərhal azad olunmalıdır».

370 MİN AVROLUQ LAYİHƏ

«Etik jurnalist təşəbbüsləri - Azərbaycan» layihəsi 2010-cu ilin fevralında başlayıb. Layihənin ideya müəllifi mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyasıdır. Yerli icraçısı Jurnalistlərin Həmkarlar İttifaqıdır. 2012-ci ilə qədər davam edəcək layihəyə Avropa ittifaqının Azərbaycan nümayəndəliyi 370 min avroya yaxın maliyyə ayırıb. Konfransda müstəqil mövqeyləri ilə seçilən bəzi jurnalist təşkilatları iştirak etmirdilər.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası alıb. 2010-cu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Fətullayevin həbsinin əsassız olduğunu bildirib, Azərbaycan hökümətindən jurnalisti dərhal azadlığa buraxmağı, ona təxminən 28.000 avro kompensasiya ödəməyi tələb edib.

2009-cu ilin dekabrında isə 12 saylı cəzaçəkmə müəssisəsində Fətullayevin üzərindən narkotik maddə tapıldığı elan olunub. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. İndi o həmin ittihamla həbsdədir.
XS
SM
MD
LG