Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:58

Nərmin Kamal. Stakattolar, Qəzetçi, Reklam, Burulğan, Qadın ilk dəfə...


Stakattolar

***

Uşaqlar Ramstor mağazasında
pul satıldığına inanırlar
Oranın sahibi Alparslan bəy gülür buna
Öz-özlərinə nə isə danışırlar
eşidilmir
Böyüyəndə quyruqları çıxacağına
hamının quyruğu olduğuna
və onu əlbisə altında gizlətdiyinə əmin edəndə
ağlayırlar
gözlərini sabunlamadan yuyanların
saçlarını yolmadan darayanların
boynundan sallanmağa hazırdırlar
Balaca ürəklərində süni nəzakətlərimizin
yanaq çimdikləmələrimizin
ancaq yanlarına vurmaq haqda məsləhətlərimizin
və digər axmaq hərəkətlərimizin
xatirəsini saxlayırlar

***

Deyirlər, narkotik belə itirib
əvvəlki keyfiyyəti
Bir doz heroindən bir üfürümə aldığın həzzi
indi üç dozdan
ala bilmirsən
Qatqılı heroin bir yana qalsın,
öz əlinlə evin dalında əkdiyin
çətənənin həşişi belə,
xaşxaşın hələ buxara qoyulmamış mayesilə
qarışdırmasan
qaldırmır adamı
göyün yeddinci qatına
əvvəlki kimi
Polislər narahat olmasın
- deyir həz əhli,
daha hazırlamasınlar min əməliyyat
təhlükəsi yoxdur gənclərin

***

İlk siqaretini bölüşən məktəb qaçaqları
ilk öpüşmənin ləzzətini duyan litse qızı
partalardakı söyüşlər
divarlardakı üstəgəlli sevgilər
pəncərə qıraqlarındakı yarımçıq perajkilər
Təhsil Nazirliyinə tabe deyillər

***

Xahiş edirəm, inciməyin
cənab Ağayev,
əlinizin altında işləyən qadınlar
daha istəmirlər gizlətmək bəzi günlər
sizə yazdıqları icazə ərizələrində
əsl səbəbi bəhanələrlə
Əmək Məcəlləsindəki
üstüörtülü xəstəlik bəndləri kimi də deyil,
onlar
ap
açıq yazmaq istəyirlər gözəlliklərini

***

Axşam külək qalxdı
adlarımızı
mənasız əhvalatlarımızı
allahdan arzularımızı
yazdığımız çərpələngi apardı
Pərdələri və ətəklərimizi qaldırdı
Hamı dedi:
bir bax, bax:
yay da qurtardı

***

Bəzi şeylərin
vaxtı gəldi artıq
türmələrdəki insanları
qəfəslərdəki heyvanları
açıb buraxmağın
barmaqlarının ucuyla
pəncərələrin nəminə yazdığın adı silməməyin
ya da açıb ağartmağın
zamanı gəldi artıq

***

Mənim fantazim Allahınkından
daha güclü olardı
Kəndləri daha gözəl
Şəhərləri daha pakizə yaradardım
Dənizləri daha əngin
Gözləri rəngbərəng
Qızları daha xəfif
Kişiləri böyük
Yetimləri daha boynubükük
Amerikanı daha əlçatmaz
Uşaqları daha yaramaz
Qəhvəli südü daha ləzzətli
İnsanlara qızıldan daha gözəl
əşyalar düzəltməyi öyrədərdim
tez-tez açarlarını oğurlayıb zarafat edərdim
Allahdan xeyirxah olardım
tez-tez möcüzə qismət edərdim insanlara
köpəklərin qabağına
tez-tez sümük çıxarardım

***

Novxanı qəbirstanlığında
evcik-evcik oynayır uşaqlar
Hər qəbrin üstü birinin evidi
Lotu Bəxtiyarın qəbri
ən gözəl malikanədir onlar üçün
Ətraf qəbirlərin üstündəki əşyaları
və gülləri
daşıyırlar "ev"lərinə
Silirlər güzgü dedikləri başdaşlarını
Qonaq gedirlər bir-birinin "ev"inə
Mən qoyunlarımla keçəndə gördüm onları
qoyunlarıma da təəccüblü gəldi
çəmən olmayan yerdə dayanmaq
Qəbirlərin içindəki keçmiş insanlar
gülürdülər yəqin buna
Özlərini güclə saxlayırdılar
qalxmaqdan
qucaqlayıb oxşamaqdan "ev sahibləri"ni

***

Elan verəcəyəm qəzetlərə
sevgilimi görənlərin nəzərinə
onu mənə qaytaranlara canımı verəcəyəm:
Kimə müsbət ikinci qrup qan lazımdı?
Aranızda serroz olanı varmı?
Utanmayın bu əyyaşlıq xəstəliyi deyil təkcə
Atatürkü də serroz öldürüb
Sevgilimi bir kərə görmək üçün
qaraciyərimi bağışlamağa hazıram
daha içməyəsiz təzə ciyərinizlə
Ağciyər mədə dalaq
nəyə ehtiyacınız var
alın götürün
paylayıram
Əl ayaq dil
dilimin bir işin deyim:
transplantasyondan sonra
duzu sevməyəcəksiniz
Dəriniz qocalıb?
götürün mənimkini
göz bəbəklərimi
ətimi səsimi nəfəsimi
təki kəsin dərdimi

***
Sevgiliniz atanda sizi
ürəyiniz bulananda kədərdən
təhqir olunanda gözünüzün içinə kimi
canınıza üşütmə salanda
qarşıda böyük illəri tək yaşamaq
Buna dayanmaq istəyirsizsə bir az asan
çarəni uzaqda axtarmadan
yubanmadan
dəyişin ayaqqabınızı
Sağ ayaqqabını sol ayağa geyinin
Sol ayaqqabını sağ ayağa
Yol gedin durmadan
Elə narahatlıq verəcək ki ayağınıza
Kirəclənmə gələcək ki
tərlikdən damarlarınıza
Hər dərdə dözmək
nə qədər asandı bunun yanında

***

Gəl gedək
Qoy gələn dəfəyə qalsın
QAZ-31-412 nömrəli maşının
vurub öldürdüyü adamdan
bu gizlədilmiş cinayətdən danışmaq
Qəza törədənin
dünənki zibillərin dəhlizdə qalıb
iy verdiyi Xaqani 25 ünvana
sığındığını demək borc olsun
Dəniz ilbizi ovlanan sahillərə gedək
Qəsəbə darvazaları bağlanmamış
çataq içəri girək
Bir nohura əyilib yuyaq əl-üzümüzü
Palçıqlı sularda çap-çap edib
corablarımızı sevincimizə qurban vermək istəsək də
dözək
Oyatmayaq qəsəbə işıqlarını
Susaq və yeni həyata başlayaq


Qəzetçi

O yatmaq istərdi səhərləri doyunca
Canından illərin yorğunluğu çıxınca
amma yatmayacaq
Saaat 8.30-da
evi sökülənlərin
heç kimə yetməyən şikayəti
və dərdi gözləyir onu
Məmurların əvəzinə
tuturlar qəzetçinin qolunu
Niyə belə edirsiz deyirlər
Niyə belə edir dövlətiniz?
Saat 12 qəhvəsini buraxdı
toplantıya tələsdi qəzetçi
Yeni tanışlıqlar yeni dərdlər
Əcəba Vartan Oskanyan bunu nədən demiş ola bilər?
O günorta yeməyini
yolda da yeyə bilər
saat 14-də
Bakıya gələn erməniləri qarşılamaq gərək
Sormaq gərək onlardan ki
nəyə gülürsünüz
Saat 16-da
QAT-ın edəcəyi etirazın xeyri varmı?
səndə artıq qələm varmı?
Həftəyə bir dəftərçə
Günə bir qələm
yeni xəbərlərə tükədir həyatını
Bir gün əvvəlki xəbər
bu gün lazım deyil kimsəyə
Bir il əvvəlki gündəmlərə görə aldığı təşəkkürlər
bu gün onu deyənin belə yadına düşməz
Sənin yazdığın bir Bakı-Ceyhan xəbəridir
əsər deyil ki, qəzetçi
Amma bunu düşünmə, qəzetçi
Belə fikirlər işinə çox təhlükəli
Bənzəri sabun köpüyüdür işinin
Üfüq qədər yorucu həyatının
dəyəri aylıq maaş qədərdirmi
Terror yazısını yuxarı at
Cəsarətin ən yüksək həddində
həyatını təhlükəyə atıb çəkdiyin fotoların
ömrü bir gün olacaq
küçə tualetlərinə tullanacaq
tapdanmağa bulanmağa
Sən bunları düşünmə
düşünmə heç vaxt, qəzetçi
Başını qarışdır dolların qalxan qiymətinə
Xəzərin bölünən dibinə
və bölünməyən səthinə
İşıqların tez-tez sönməsinə
Qələmin yalan yazmadı
vicdanın təmiz təqdim etdi doğrunu
insanlara deyə
qürur duy
Hər şey ola bilər
İncitdiyin şairin ölüm xəbəri gələ bilər
Bir millət vəkili
sözünü təhrif etdin deyə
hədələyə bilər
Qorxma, qəzetçi
Özünə gəlmək üçün
Bir ay dincəlməyə belə qalxma
İşin zəncirdir
itirərsən olayların əvvəlini
Dönəndə Əmlak Komitəsi deyərsən
Gülərlər sənə
Bu bir həftədir nazirlik oldu deyərlər
Ermənistan yenə pozdu atəşkəsi
Bu neçənci xəbərdir
Bu neçənci yenədir
Müxalifətin daş basqısı necə son qoydu hər şeyə
Necə oldu ki
sənə dediyi sözü
dandı Dürüstlük Partiyasının sədri
Yazını çapa gedən qəzetdən çıxarmağa
necə nail oldu vəkil
Necə oğurlatdı
çəkdiyin fotoları hərif
Cavab tapmağa çalışdığın suallara
verdiyin yorumlar
sadəlövhdür, qəzetçi
Yalnız evə dönəndə
qaldırıb göz qapaqlarını
hava rənginin
uğradığı dəyişikliyi gördü qəzetçi
ürək dolusu nəfəs aldı
Nəfəsin tam ortasında
drrrut drrut
Alo
səhər 7-də ədliyyəçilər türmələri gəzdirəcək sizi
Qəzetçi mətbəxə girdi
axşam yeməyi başladı
Onu şam süfrəsinə dəvət etmiş
rəisi xatırladı
Qələmi satılar deyə
imtina etdiyi şam yeməyi

Xəbərin var, deyir ailəsi
Camaatı çıxarmaq istəyirlər evindən?
Var deyir qəzetçi,
xəbərim var
Xəbərin var
Ermənistan yenə pozub atəşkəsi?
Var deyir,
üç yaralımızdan xəbərim var deyir qəzetçi
Ömür gedir, qəzetçi
Xəbərlərə qarışıb gedir
Nə olacaq bunun sonu
Dərd eləmə
Xəbərin bol olsun, qəzetçi


Reklam

"Maksim" restoranının
qarsonlarını bəyənirəm
Onlar
düzüb gedərkən masanıza
sifarişinizi
saxta təbəssüm gətirib
nuş olsun demirlər
Bilirlər bu sözün bizim kimi insanlarda
iştah deyil
ikrah oyatdığını
Tək qarsonlarını yox
başqa şeylərini də bəyənirəm
Bütün restoranlar
Diskatekavariyaya vurulduğu vaxt
Burda hələ də
Kulionu dinlədirlər müştəriyə alçaq səslə
Operanı kasetdə dinləyənlərin yeri deyil bura
Üstəgəl aşbazlarının adı Jasmindir
18 cür qayğanaq bişirir dediyinə görə
Bura yumşaq dəridən ayaqqabı geyən
ispanlar gəlir ki
özləri ayağındakılara
moccasin deyirlər
Bizim əsərləri satılmadığından
məmur puluna yaşayan yazıçıları
görməzsən burda
Yunanlar Prometey və Odiseyin
şişirdilmiş qəhrəmanlar
olmasından danışırlar
canoe (qayıq) bölməsində
Bura rahatca itlərini də gətirir insanlar
Allahın vəfalı bəndələri üçün də
Menyü var masaların üzərində
Elə də bahalıq deyil "Maksim"də
Gündə 40 min verirlərsə əməyinə
rom da brendi də içə bilərsən
Bundan çox olursa cibində
Meksika cücəsindən çığırtma yeyərsən
Burda bizim hər cümləsində yanlış olan
qəzetlər olmur masaların üstündə
Başqa qəzetlər olur, canım mənim
O qəzetlər ki
həz verir əlini sürtmək belə
işi gətirənlərdən
və gətirməyənlərdən yazır
vergi ödəyənlərdən
ödəməyənlərdən yazır
quşların sürü-sürü köçə başlamasından
"Maksim" kimi yerlərin
cana xeyirli olmasından yazır
hamınızı dəvət edirəm
Bezmədinmi sənə baxan
bütün gözlərin qara və mənalı olmasından
şəxsən mən bezmişəm
zatən ona görə bura gəlmişəm
Amma reklam olmasın deyə
demirəm bu aləm hardadır
hansı "Maksim"də
üç "Maksim" var şəhərdə.


Burulğan

Sitəm əriyir dondurmalarda
Hüznlə köklənir pianolar
re re re
Evlər damır yağış yağmayanda da
Qış sərt keçmir  qarğalar qarıldayanda da
Xoşbəxt deyilik hər şey olanda da
Həyatın qanunları itirib qüvvəsini
Burulğana düşmüşük
elə bir burulğana
su da içə bilmirik
fincan düşür əlimizdən
Danışa bilmirik
kiminsə xətrinə dəyir sözümüz
Nəqliyyata minə bilmirik
kiminsə ayağının üstünə çıxır ayağımız
dava düşür
Bu mininci milyonuncu yeməyimiz
yeyə bilmirik onu qaydasınca
çəngəl bıçaq qalmır əlimizdə
nə qadın gəlir nə kişi qonağı
Həmişə şit zarafatlarımıza
qarşılıq verən dostlar
indi qaşqabaq sallayır adi sözümüzə
Nəşələnmək üçün yediyimiz dondurma belə
zəhərlənmə verir
ambulansa möhtac edir
Bəs biz necə yaşamışıq indiyə kimi?
Parka qalxırıq fikrimizi dağıtmağa
oturduğumuz skamya təzə rənglənmiş çıxır
sevimli əlbisəmiz bulaşır
Bəlkə hardasa nə isə ilişib
İşlər qarışıb bir-birinə
Həyat qarışıb.


Qadın ilk dəfə

Qadın ilk dəfə siqaret çəkəndə
kişilər kimi
Alır bir dostunun
masada qalmış qutusunu
siyirir bir dənəsini
qaçır bayıra
çəkilir kor bucağa
nə olacağını düşünmədən
hansı ucdan yandıracağını belə bilmədən
alışqanı filtirə vurur
Qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra tütünlü ucu sınayır
çəyirtkə səsinin müşayiətilə
elə olmurmu, əzizim?
Siqareti iki barmaq arasında tutmaq
kişilər kimi,
xoş gəlmir ona
on barmağıyla qoyur
boyasız solğun dodağına
Burnuna, ağzına, beyninə
sümürəcəyini bilmədən
elmi sübutlara önəm vermədən

O an
acıyır boğazı
Acı - tanıdığı
istiot və soğandan
quru acı
tüstü kəsir nəfəsini
qəhvəyi göynərti,
məxməri və iti
Gözündən yaş axır
Siqareti yerə atır
Baxıb közərməsinə
yanğın çıxacağından
ölürcəsinə qorxular keçirir qadın
közü muncuqlu səndəliylə
tapdalayır
kişilərdən daha ekoloji
əzişdirir
toz edir
Kimsə bir siqaretə bunca ayaq
sərf etməzdi amma
Boğazını arıtlayır
arıtlayır
arıtlayır
yaylığını tapmaq üçün
çantasını axtarır
göynərti qaraya dönür
və qəhərə dönür
boğazdan içəri nəsə sürüşür
hələ də dərdin
belə ovunacağını düşünür,
kişilər kimi
Üstünə boğaz dərdi də gəlir
öləsən, yanasan səni,
ona dərd çəkdirən qüvvə
siqaretin etdiyini düşmən etməz

Qorxur danışmağa qadın
səsinin dəyişəcəyini gözləyir
Əlbəttə, bu olmayacaq
islahatlar
nümayişlər
partlayışlar istəyir,
Bunlar da olmayacaq

Saçı və nəfəsi üç gün tütün qoxuyur
qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra biləcək
siqareti yan tutmaq
lazım olduğunu
və qoxunu
saqqızla gizlətmək yolunu
"Davidoff" adlı ağrıtmayan
qız siqareti olduğunu

Alatoran, 2003
XS
SM
MD
LG