Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:46

Günel Mövlud. Kamikadze anası, Qürbət


Kamikadze anası

indi bizim yerlərdə
artıq axşamüstüdür
sən atamın ayaqlarını yuyub
əllərini qurulayırsan…
bilirsən yadıma nə düşür –
sən balaca qardaşıma hamiləydin
gecələr sən yuxulu olanda
atam sənin sürüşmüş yorğanınla
təkcə qarnını örtərdi

insanlar heç bir fədakarlığa dəyməz –
bunu indi bilirəm
sizin dava-dalaşlarınızın səbəbinisə ta körpəlikdən…
atam sənin üstünə qəzəblə bağıranda
bir şeyi dəqiq bilirdim –
yalnız xəyanət
kənd kişisini belə qəzəbləndirə bilərdi
kişilərsə heç vaxt anlamayacaq ki
qadının qollarını açıb
sevdiyi kişini qucaqlaması xəyanət deyil
onlarsa sədaqəti təkcə qadından
və ancaq yataqda tələb eləyirlər
ailə –
dəniz görüntüsüylə başlayan
səhra filmi kimidir, ana,
sənsə məni kəndə çağırırsan –
evlən deyə…
küçədə pırtlaşıq saçlı qarı
mənə laqeydliklə baxanda
mən sənin qızılı qıvrım saçlarını
necə məhəbbətlə daradığını xatırlayıram –
təəssüflə…
yox sən kamikadze anası ola bilməzsən
onları tumarlı qadınlar böyütmür!
mənsə o qədər gücsüzəm və
səni o qədər çox sevirəm ki
ölümünü arzulayıram, ana
sən nə qədər ki sağsan
sərhəd kimi dayanmısan
edə biləcəyim
bütün qəhrəmanlıqların qarşısında…


Qürbət

sənə məktub yazdığım gecələr
darıxdığım gecələrdir
və belə gecələrdə siqaret və pəncərə
artıq effektsiz bir dərmandır darıxmaqlara
mən belə gecələrdə
pəncərəsindən hansı mənzərənin göründüyünü
xatırlamayacağım bir sevgili arzulayıram
qınama məni –
sevgilər heç olmasa
tüstülü, sərxoş gecələrə bəraət verməyə
yaraya bilir!
mənsə təkəm…
qapımı kimsənin döyməyəcəyini bilə-bilə
hər səsə səksənirəm və
ümidlə qapını açıram…
yadındamı
həmişə nənəmi danlayardıq –
hər şeylə maraqlandığına və
hər səsə səksənib qapıya qaçmağına görə…
öz kasıb dünyasını
kənar söz-söhbətlərlə dolduran o qarı
qocalığı boyu kimisə gözləyirmiş
sən də məni gözləyirsən
və harada olduğumu yazmadığıma görə
qınayırsan məni
nə fərqi var
vətən olmayan bütün yerlərin bir adı var, ana, -
qürbət!

Alatoran, 2004
XS
SM
MD
LG