Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:45

Sevinc Pərvanə. Kəpənək, Poeziya, Mazoxist, 26-lar


















Kəpənək

onsuz da
rastına çıxan
hər qadında
məndən bir az tapıb
məni itirəcəksən.


26-lar

hər dəfəsində daha çox sevməyə
can atan birisi
aldandığını bilərək də
sevdiyinə inandırdı özünü...
və hər yeni ayrılıq
az qala intiharla bitəcəkdi
yeni bir eşqin sevinci
köhnə dərdləri unutdurdu hər dəfə...
sevdiyim oğlanların sayını öyrənəndə
heyrətdən gözləri bərələn dostum:
- «iyirmi altıya çatdırıb güllələyərsən onları»-
demişdi,
növbəti aldanış dostumla baş verdi
o, iyirmi altıncı idi.


Mazoxist

bu qədər laqeyd görməmişdin
məni deyilmi?
mətbəxdə soyduğum soğanın acısından
ağladığımı zənn etdin yaxşı ki...
dəhlizdə qapı çırpılan anda
əlimi doğradı bıçaq
elə hirslə sordum ki, öz qanımı
artıq sevdiyim bir dad...
qan uddum, qan...


Poeziya

***

spid-ə yoluxub
insanların arasına soxulacağam
gözəgörünməz bakteriya kimi
dolaşacağam aralarında
udduqları havaya
yedikləri çörəyə hopacağam
ən pislərini
və ölümə layiqlərini seçəcəyəm
yataqda partnyor kimi …

deyingən qadınların
ərlərini yoluxduracağam
uşaqlardan gen qaçacağam
Tanrı daha ağıllı bir şey
düşünə bilməzdi
mənə bu xəstəliyi göndərdiyi qədər



***

daha qoruyucu vasitələrə
etibar etmək olmur…
burnundan gətirir alınan həzzi
növbənöv xəstəliklər adamın

reklamlar yalançı
rezin geyimlər etibarsız
cırılanı deşiləni olur
cürbəcür xəstəliklər tapır-
adamda həkimlər
adları da bir-birindən qəliz
trepit
trixamoniaz
sifilis…
qulaqlarınızı çəkin
gəlib tökülsün kefiniz

Tanrı bircə cənnət vermişdi
bu dünyada insana
onu da tökməkdə gözümüzdən
yavaş-yavaş



niloş üçün

səni istəmirdim
sevirdim amma
belə bir ölkədə
bu insanların arasında
yaşamanın zor olduğunu
bilirdim qızım
yüzlərcə dəfə anama
"məni niyə qız doğdun,
oğlan yox" - bağırmışdım
cavab tapa bilməmiş
sadəcə ağlamışdı qadın
"elə bilirsən
mən özüm xoş gün görmüşəm?!" - deyə

mən necə haqq qazandıracam özümə
bilmirəm qızım
amma indidən
səni nələr gözlədiyini
söyləməklə
azaltmaq istəyirəm günahımı
bəlkə bicdi də dedilər
ünvanına hətta

yadımdadı
atam balaca qardaşımın
oğlu olmadığını bəhanə edər
döyərdi anamı hamiləykən
amma uşaq
atamın əkiz qardaşı kimi
özünə bənzəyirdi doğulduğunda
hərdən
atana oxşamazsan deyə
qorxu da dolurdu içimə
elə bir ölkədə yaşayırıq ki
şübhəylə yanaşır
ana belə öz övladına

18 yaşımadək
özgə valideynlərimin olduğuna
nə zamansa gəlib məni alacaqlarına
inandırmışdım özümü
atan daha çox sevmişdi səni
etiraf edirəm
sən bətnimdəykən
qulaq verər
dinlərdi qəlb döyüntülərini
seyr edərdi
havasız bir şar içindəymiş kimi
çırpınıb əl-qol atmalarını
səhərlər mənimlə bir oyandığını belə
hiss edər
sevinərdim mən də...
sən sevinc kimi
içimi qıdıqlarkən
amma həm də bir hüzn
dolurdu qəlbimə
birdən qız doğularsan deyə
səninçün qorxurdum
və səndən utanırdım qızım
bilirəm
gün gələcək
eşqlər yaşayacaqsan
seviləcəksən də
atılacaqsan da
azadlığına barmaq uzadanlar da olacaq
atanı qısqanacağam sənə
amma birtəhər bölüşərik qızım
dərd etməyəcəyəm
onun həyatında ikinci qadın
olduğunu

bəlkə
səni məndən daha çox sevdi
ömrün boyu
Fransada doğulmadığın üçün
bəxtini söyəcəksən
dilinlə qarnıma şiş batıracaqsan
bu məmləkətdə çürüyəcəksən
mən də qarşına səddlər hörəcəyəm
anan tək səhvlər etməyəsən
azadlığı bir o qədər sevməyəsən deyə
çünki
bu məmləkətdə
azadlığı sevmək
ağrını-acını
təhqirləri
dadmaq demək
bəlkə atan bir xristian
ya bir zənci olsaydı
sən daha xoşbəxt doğulardın qızım
bağışla!
səni özüm kimi birisindən doğurdum
və yalnız sevgidən…
başqa heç bir şeyə
gücümüz yetmədi
sənə vermək üçün qızım

bilirəm bir gün
səni bu xaraba məmləkətə
gətirməmin hesabını
soracaqsan məndən
amma bunu da bil
dünya geniş mənim balam
nə qədər sədd çəksəm də
qollarımla qarşına
uf demədən
çək anana qılıncı
səni azadlıq gözləyir
dənizlərin o tayında



***

bulvardakı
tualetlərdən birinin
qadınlar üçün olan hissəsində
pulyığan qadının
elə oradaca yaşadığını hiss etmişdim
bu, girişdəki darısqal yerdə
yaşam üçün lazım olan
bir para şeylərdən
bəlli olmuşdu mənə…
divarın dibinə qoyulmuş
çarpayıda uzanıb
küncdəki televizorda
brilliant dadaşovanın
"dünyanı gözəllik xilas edəcək"
verilişini seyr edən qadın
gözucu baxmışdı
stolun üstünə atdığım 500 manata…
tualet otağına keçdiyimdə isə
zənnimin məni aldatmadığına
təəssüf və təəccüb etdim bir xeyli
divarın dibində
üst-üstə qalaqlanmış yorğan-döşək
bir neçə içi dolu zənbil
təknə
ən üstdə isə yaşıl bir uşaq ayısı vardı…
geri dönmək istəsəm də
növbəti tualetədək olan məsafəni
və verdiyim 500 manatı
göz altına alıb
bir daha yolumu
burdan salmayacağımı qət edib
mütləq
o qadın barədə yazacağım qərarına gəldim
sonralar bu hisslərim soyumuş
və "olar belə şeylər"- düşünüb
unutmuşdum da…
amma doğrusu
azneft meydanından bulvara düşəndə
önümə çıxan
birinci tualetin yanından
düz keçərdim
yanğın düşsə də…
günlərin birində
qanunsuz tikili adıyla
evlərimiz söküləndə
salamat qalmış hamam-tualetdə
yaşamalı oldum ay yarım…
qonşumuz - "sizin ev qəşəng uçub" -deyirdi…
yəni bərpası asan olacaqdı
izn versəydilər…
hə… o günlərdə
o qadını andım
hər dəfə yaşadığım tualetə oturanda…
düşünürəm ki
nə yaxşı tanıyırdım o qadını
onun taleyini yaşamadan öncə…
yoxsa daha çətin olardı
sevinirəm rastlaşdığımıza
bulvardakı tualetlərdən birində
yaşayan o qadınla…



***

hər dəfə
səninçün bişirdiyim
xörəyin bu qədər
duzlu olmasından
şikayət edirsən…
amma xəbərsizsən
mətbəxə çəkilib də
səssiz-səssiz ağladığımdan
soba başında
axşam-səhər…



***

sən bütün əzalarımdasan
hüceyrələrimdəsən…
ürəyin ürəyimdə
gözlərin gözlərimdə
kiçik beyninsə
qafamda yerləşir…
sənin yerinə də sevə
dünyaya gözlərinlə baxa
kiçicik beyninlə düşünə bilirəm-
uşaq kimi yəni

bax indi məni sevdiyini də
haqqımda nələr düşündüyünü də
deyə bilərəm
balaca beynini işlətdiyindən əminəm
səni sevirəm…
bu üzdən də
təkcə bətnimdən doğmayacağam səni…
körpəcə bir mələk ruhu gəzdirirəm
sağ çiynimdə
getdikcə ona bənzəyirəm…

Alatoran, 2004
XS
SM
MD
LG