Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:06

«Artıq bundan sonra müxalifət xalqdan nə istəyir, bu mənə çatmır»


YAP üzvü, deputat Kamilə Əliyeva AzadlıqRadiosunun suallarını cavablandırır.

- Kamilə xanım, son günlər kütləvi aksiyalar yenidən gündəmə gəlib. 11 martda gənclər etiraz aksiyası keçirdilər, sonra martın 12-də Müsavat partiyası etiraz aksiyası keçirdi. Azərbaycan Xalq Cəbhəsi partiyası da aksiya keçirməyə qərar verib. Bu gün Bakı Dövlət Universitetində gənclərin aksiyası gözlənilirdi. Sizcə bu aksiyalar təsadüf zənciridir, yoxsa bu bir reallıqdır ki, ictimaiyyətin etiraz etməyə səbəbi var? Bir deputat kimi bu aksiyaları necə qiymətləndirirsiniz?

«BİR QRUP MÜXALİFƏTÇİ BU RESPUBLİKADAN, BU XALQDAN NƏ İSTƏYİR?»

- Əvvəla bu başdan bildirim ki, mənim bu aksiyaların keçirilməsinə münasibətim çox pisdir, mənfidir. Bu bir ovuc müxalifətçinin respublikamızın inkişafını görə bilməməsi, onu gözü götürməməsi səbəbindən irəli gəlir. Mən deməzdim bu kütləvi xarakter daşıyır. Bu bir ovuc müxalifətçinin təşəbbüsü ilə törədilən aksiyadır. Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı həm daxili, həm xarici siyasəti gözü götürməməkdir. Bu həm iqtisadi, həm siyasi, həm də bütün islahatlara qarşı keçirilən bir aksiyadır. Yəni aksiyaların keçirilməsində onlar bilərəkdən bir qrup gənclərdən istifadə etmək istəyirlər. Ancaq Azərbaycanda gözəl gənclərimiz var. Qüdrətli respublikamızın ağıllı, savadlı, dərrakəli gəncləri var. Mən də bir təhsil işçisi olaraq, Bakı Dövlət Universitetinin professoru kimi tələbələrlə, həmin gənclərlə bilavasitə ünsiyyətdəyəm, onların savadını da, ağlını da görürəm, fikirlərini də bölüşdürürəm. Siz dediniz Bakı Dövlət Universitetində aksiya gözlənilir, mən bir az olar ki, universitetdən qayıtmışam. Heç kəs belə bir aksiyaya təşəbbüs də göstərməyib. Heç 5 nəfərdən, 10 nəfərdən ibarət də bir dəstə də görmədim ki, deyim onlar nəyə isə hazırlaşırlar. Bu fikirdə də deyillər. Mən onlarla ünsiyyətdə olduğum üçün bunu bir daha deyirəm. Mən bunu başqa cür yozmuram, yoza da bilmərəm. Ona görə ki, görün prezidentimiz necə gözəl islahatlar aparıb. Biz axı həmin o müxalifətin də rəhbərlik etdiyi vaxtlarda yaşamışıq. Xalqın gözü tərəzidir. Xalq özü daha yaxşı fərqləndirə bilir.

Bütün dünyada bizim respublikamıza, onun prezidentinə qibtə edirlər. Mən yenə başa düşə bilmirəm ki, bir qrup müxalifətçi bu respublikadan, bu xalqdan nə istəyir?

-Gənclər elan etmişdi ki, martın 14-də BDU-nun qarşısında aksiya olacaq və universitetin qarşısında çoxsaylı polis əməkdaşları olub. Bu ehtiyyatlılıq nə ilə bağlıdır? Bəlkə o gənclərin deməyə bir sözü var? Bəlkə əvvəlcə onları dinləmək lazımdır?

«SÖZLƏRİ VARSA BİLDİRƏ BİLƏRLƏR»

- Düzü mən martın 14-ü unversitetdə həyət tərəfdən çıxdım ki, baxım görüm nəsə varmı? Mən orada polisə rast gəlmədim. Dərslər normal keçirilir. Mənə elə gəlir ki, bunu müəyyən qüvvələr özləri əvvəlcədən nəsə hazırlaşdırmaq məqsədi ilə ediblər. Tələbənin nə sözü varsa, yığışmağa ehtiyacı yoxdur. Mən başqa bir səbəb görmürəm, tələbələrin yığışmasına. Tutaq ki, əgər nəsə bir narazıçılıqları varsa, bizim rektorumuiza müraciət edə bilərlər. Bunun üçün rektorun otağının qarşısında da yığıla bilərlər. Bunun üçün heç mütləq deyil ki, çölə çıxıb, aksiya etsinlər. Sözləri varsa bildirə bilərlər. Yenə də o bir ovuc müxalifətçi tərəfindən hazırlanan bir şeydir.

- Siz dediniz ki, bir ovuc müxalifətçinin qarışıqlıq yaratmaq istəyi ilə bağlıdır bu baş verənlər. Doğrudanmı Azərbaycanda etiraz edilməli bir şey yoxdur? Bu ilin əvvəlindən Azərbaycan hökuməti korrupsiya ilə mübarizə elan edib. Bəlkə həmin o gənclərin də, müxalifət partiyalarının da bununla bağlı bir təklifləri var, bir fikirləri var. Axı hökumət özü də etiraf edir öz qüsurlarını. Bəlkə onları da dinləmək lazımdır?

«BİZ HAMIMIZ PREZİDENTİMİZƏ DƏSTƏK OLMALIYIQ»


- Müxalifətin elə bir sözləri varsa, onların da Milli Məclisdə təmsil olunan nümayəndələri var. Qoy normal vəziyyətdə, normal şəraitdə öz sözlərini desinlər. Hər hansı bir sözü demək üçün mütləqdimi bu sakitliyi, insanların şəhərdə rahatlığını pozsunlar? Çox vaxt bu aksiyalarla əlaqədar xalqın da arasında qorxu hissi yaranır ki, vay birdən mən çıxaram, orada kimlərsə yığışıb, orda nəsə ola bilər. Bax bu təlaş nəyə lazımdır. Onlar üçün xüsusi yer yaradılıb da. Niyə onlar məhz mərkəzdə, insanların daha çox olduğu yerdə, hər şey pozulmalı, nəqliyyatın gedişi pozulmalı, xalq arasında təşviş yaranmalıdır? Sözü varsa onlar üçün normal şərait yaradılır, buyursunlar təkliflərini desinlər. Bunun üçün qarmaqarışıqlıq yaratmaq nə dərəcədə qanuna uyğundur? Qanun var, respublikamızda gözəl qanunlar qəbul olunub, bizim gözəl qanunvericiliyimiz var. Prezidentimiz tərəfindən də müəyyən məsələlərə qarşı mübarizə aparılır və xalq tərəfindən bunlar çox gözəl qarşılanır. Biz hamımız prezidentimizə dəstək olmalıyıq. Bu işdə ona yardımçı olmalıyıq. Biz ona kömək etməkdənsə hər hansı bir qüvvələr tərəfindən təbliğat xarakterli nəsə yaratmaq, münaqişələr yaratmaq, nəyə lazımdır, kimə lazımdır? Pisdir bəyəm? Əmin-amanlıq şəraitində yaşayırıq, uşaqlarımız sərbəst küçəyə çıxırlar, heç bir narahatlığımız yox. Bütün dünyada bəhran olan dövrdə Azərbaycanda belə böhran özünü göstərdimi? Yox. İnsanlar normal yaşayır. Axı bütün bunları törətməkdə məqsəd nədən ibarətdir? Aydındır onların məqsədi. Onlar gözü götürməməzlikdən inkişafımıza zərbə vurmağa, prezidentimizi gözdən salmağa çalışırlar. Axı xalq üçün fikirləşmək lazımdır. Bir qrup gənclərimizdən istifadə edib, bunları törətmək nəyə lazımdır axı?

- Siz dediniz ki, xalqı qorxudurlar, narahat edirlər. Qarşı tərəf də deyir ki, bu aksiyalarda polis həddən artıq zorakılığa yol verir. Bunun özü də vətəndaşa qarşı yolverilməzdir. Siz də bir millət vəkili kimi polisin zorakılığını qəbul etməzsiniz? Buna münasibətiniz?


«ONLAR ŞƏHƏR MƏRKƏZİNDƏ MİTİNQ ETMƏKLƏ...»

- Onlar üçün xüsusi yer ayrılır öz sözlərini demək üçün. Axı niyə onlar məhz çalışırlar ki, bunu xalqın dinclik şəraitini pozmaqla yerinə yetirsinlər. Sözləri var, təklifləri var, buyursunlar, müraciət etsinlər. Müraciət edəndə onlara yer ayrılır. Getsinlər sözlərini desinlər, təkliflərini bildirsinlər. Onlar şəhər mərkəzində mitinq etməklə yolları kəsirlər, maşınlar dayandırılır. Orada da biz polisin nəzarətini aradan götürmüş olsaq, sabah bədbəxt bir hadisə, hər hansı bir şey olsa ona cavabdeh kim olacaq?

- Həmin gün istər-istəməz qarışıqlıq yarandı və bu gərginliyin yaranmasında polisi də qarşı tərəfi ittiham edirdi.

- Müxalifət çox şey danışa bilər. Onlar onsuz da nə istəyirlər danışırlar. Amma düzgün real qiymət vermək lazımdır. Reallığı görmək lazımdır. Mən demirəm onlar görmür. Onlar görmək istəmirlər sadəcə reallığı və qəbul etmək istəmirlər. Nəyə nail olmaq istəyirlər? Xalq artıq o xalq deyil, yaxşını pisdən ayıran xalqdır. Və görür ki, müxalifətin də hakimiyyətdə olduğu vaxt necə yaşayıb, indi necə yaşayır. Artıq bundan sonra onlar nə istəyirlər bu xalqdan mənə çatmır.

- Hər halda etiraz aksiyası keçirənlər də Azərbaycan vətəndaşlarıdır. Onların da etiraz haqqı var. Onlar da mərkəzi bir meydanda toplaşıb, etirazlarını yarım saat- bir saat ərzində edə bilərlər. Bəlkə bu haqqı onlara tanımaq lazımdır? Onlar da iddia edir ki, şəhərdən kənar onların elektoratı həmin mitinqlərə gələ bilməyəcək. Onlar da istəyirlər ki, etirazlarını daha geniş kütlələr eşitsin. Onların da bu arqumentləri var.

«XALQIN ƏSƏBLƏRİ İLƏ OYNAYIRLAR»


- Onlar çox arqument gətirə bilərlər. Onların göstərdikləri arqumentləri hamısı əsassızdır. Əgər onlar konkret fikirlərini demək istəyirlərsə burda yerin mənası varmı? Harada keçirilməyinin mənası varmı? Əgər sən həqiqətən öz fikrini bildirmək istəyirsənsə sənin üçün nə fərqi var ki, sən şəhərin mərkəzində bildirəcəksən bu təkliflərini, yoxsa sənə ayrılan bir yerdə? Bununla insanların asayişini pozurlar, sakitliyini pozurlar. Çox adamların əsəblərini pozurlar. Xalqın əsəbləri ilə oynayırlar bunlar bura çıxmaqla, müəyyən qayda-qanunu pozmaqla. Əgər onların həqiqətən dəyərli fikirləri varsa, təklifləri varsa, onlar üçün bu sözləri deməyin məkan fərqi olmamalıdır.

- Yəqin ki, hakimiyyət üçün də bunun fərqi olmamalıdır. Dinləyə bilməli idi onları. Şəhərkənarında olsun, mərkəzində olsun. Elə deyilmi Kamilə xanım?

- Hakimiyyət də əsas xalqın dincliyini, sakitliyini nəzərə alır. Əmin-amanlığı qorumaq üçün. Onlar şəhərdə aksiya törədib nəsə edə bilərlər. Yolu kəsirlər, maşınlar gəlir, yolu keçmək istəyirlər, o tərəfə qaçırlar, bu tərəfə qaçırlar. Özü də orada nə qədər insan var axı? Öz adamları, öz ətraflarında qohum-əqrəbalarını yığmaqla buna da belə bir ad qoyurlar ki, gənclər belə bir aksiya keçirmək istəyir. Nə bilim xalq belə bir aksiya keçirmək istəyir. Amma araşdırma aparsanız, görərsiniz ki, həmin aksiyada iştirak edənlər elə özlərinin ətrafında olan qohum- əqrəbalarından başqa bir xalq nümayəndələri deyil.

Vallah uşaqların bu dəqiqə fikirləri öz dərslərində, təhsillərindədir. Ağıllı gəncliyimiz var, ağıllı gənclərimiz var və onlar ancaq öz düşüncələri,öz savadları ilə hərəkət edirlər. Onlar o bir qrup müxalifətçinin arxasınca düşüb belə mənasız mitinqlərə qoşulmurlar.
XS
SM
MD
LG