Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:20

Çingiz Əlioğlu. Mən şeirimin çoxunu


Mən şeirimin çoxunu
Gəzə-gəzə yazmışam.
Hər kəlmənin üstünə
Əsə-əsə yazmışam.

Xoşlamadım hap-gopu…
Hər sözə qanım hopub!
Canımdan can qoparıb
Kəsə-kəsə yazmışam.

Yandırmışam özümü…
Hər söz ocaq közümü?!
Gödək edib sözümü,
Kəsə-kəsə yazmışam.

Baxmadım qışa-yaza,
Qələm naşı, dil qısa…
Sözdə lay qaza-qaza,
Aza-aza… yazmışam.

Çox çaşmışam qarıxıb,
Söz dizimi xıxırdıb!
Gah özümdən darıxıb,
Bezə-bezə yazmışam.

Bağlamadım bel yada,
Doğmam kaman, tar ya da!
Dil dediyin dəryada
Üzə-üzə yazmışam.

Dar mühit qəfəsini
Odlayardı nəfəsim!
Düşünmə ki, səsimi
Qısa-qısa yazmışam.

Hər bir misram mismardı, –
Mənə dəmir, mis ramdı!
Sözü döyüb israrla,
Əzə-əzə yazmışam.

Demə Çingiz qocalıb,
Murazından öc alıb.
Mən zirvəyə ucalıb,
Süzə-süzə yazmışam.

P.S.

… Şeir xudam, mən bəndə!
Şairdən söz düşəndə
Yada salın ki, mən də
Nəsə, nəsə yazmışam…

Avqust, 2008.
XS
SM
MD
LG