Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Həyat Şəmi. Bürkülü şəhər, İki sevgi, Körpəm...


Bürkülü şəhər


Şəhər quruyur dənizin qırağında,
gecələri quru,
küçələri quru,
daşları quru,
sakinləri quru,
başları quru gördükcə
boğazım quruyur…
«Bir az sərin su verin şəhərə!»…

Şəhər quruyur dənizin qırağında
Dəniz buxar yollayır Göyə:
«bir az yağış göndər!»
Suyu azalır dənizin,
nefti azalır, qazı azalır,
Hər şeyi ən azı azalır…

Şəhər quruyur dənizin qırağında,
hamı qaçıb dənizə girir,
qurumaq istəməyənlər hər yerdə gözə girir…
Göz yaşı qurumur neçə-neçə gözlərdə.
Şəhər quruyur şəhərlilərin içindən,
Kənddən kəndçilik gətir
özünlə gəzdirməyə.

Şəhər quruyur dənizin qırağında,
Qız Qalası quruyub qalıb,
Dəniz çəkiləndən…
Şəhərdə qızlar qarıyıb qalıb,
sevdikləri “öləndən”.
Şəhər quruyur içindən,
«İçəri keçin, İçəri Şəhərə,
daşı daş üstə qoymayan cənab əcnəbi!»
Qalxır göbələk binalar,
cız-cız, lək-lək binalar…
Şumlanır ağaclar,
Şəhər qırılır ağacların içindən,
qırılır acların içindən…

İllər ötür…
Şəhər qurulur dənizin qırağında,
ən hündür yerdən baxanda görürəm.
Kənddən bir az da gənclik gətir
bu qoca Şəhərə.


Körpəm

Keçmişlə gələcəyin arasında
gözləyirəm səni,
sən yoxsan…
Arzularım var,
varım, yoxum var,
sən yoxsan, yox.

Ətrin gəlir
nəfəsini içinə çəkmiş divarlarımdan,
səsin yaşayır otağımın sükutunda,
mışıl-mışıl yatırsan:
-ikisi var imiş, biri yox imiş.
Sən yoxsan, yox!

Yer tapa bilmirəm özümə,
göylə yer arasında,
sənsizlik sıxır məni,
məkanım, zamanım məlum,
həmişə bu gündəyəm-
keçmişlə gələcəyin arasında.

Elə gözəlsən,
gözüm qamaşır çilçirağa baxdıqca…
tələsirəm vaxtım azaldıqca,
sənin də
vaxtsız gələcəyini bilirəm,
sən yoxsan…
özündən əvvəl gələn adın var,
yolunu gözləyən qadın var -
mən varam, atan var…
sən yoxsan.

Burnumda qoxun,
əllərimdə sığalım darıxır.
Bəsdi yolunu gözlədiyim,
bəsdi daha gəlmədiyin,
bəsimdi, hər şey bəsimdi…

Keçmişlə gələcəyin arasında
gözləyirəm səni,
sən yoxsan
gələcəkmisən?


Şuşada vurulan vertolyot

Ürəyin yandımı, yandımı için,
odun çıxdımı, çıxdımı ruhun,
külün qaldımı, qaldımı yadında vurulmağın,
Şuşada vurulan vertolyot.

«Uşaq» idim onda,
qəşəng idim onda,
yana-yana düşən sən də qəşəng idin.
elə baxırdım,elə bilirdim fişəngsən,
Şuşada vurulan vertolyot.

Bilərdinmi obyektiv “Xəbərçi”
verəcək vurulmaq xəbərini,
xəbərin oldumu özündən?
Şuşada vurulan vertolyot.

Çıxdı ruhun tüstü kimi,
uçdu uçduğun göylərə.
Eləmi, ulu göylər,
Yağmurlu, sulu göylər,
Vurğun vertolyotların
Eşqiylə dolu göylər.

Dağına, dumanına,
qırmızı koftası,
yaşıl tumanına,
azadlıq gumanına -
Şuşaya vurulmuşdu,
Şuşada vurulan vertolyot.

Kərəm olub
düymə-düymə açdın sevgini,
yana-yana qaçdın göydən,
qaça-qaça düşdün göydən
alma misali…
Şuşada vurulan vertolyot,
mən də bir gün vuruldum
ürəyimdən…


İki sevgi


Niyə gözündəki sevgi,
dilinə düşmədi,
gözündən düşdü, gecə gözlüm?

Ona oxşayan nəğməni
o qədər sevdin ki, nəğməsiz,
sürüşdü o nəğmənin notu,
xaric getdi…

Taxdığın üzük
barmağını yox,
ürəyini sıxdı,
Tanrı hara baxdı?

Üzündəki gülüş
şirin-şirin dağıldı,
acı-acı ağladın?
Şirinliyi havaxta saxladın?

Çiçəyi burnundaykən
duymadılar səni,
soldun, çiçəyim?

Onun yolunu gözlədin.
özünü gözləmədin,
gözləyənim?

Mesajları unutmayıb
barmaqların,
unudulanım?

Onun şəhərini,
şəhərin kimi,
səhərini səhərin kimi sevdin,
səhərim!

Sənə yazdım bu şeiri,
sənə…

Sonunda…
gözündən iki sevgi düşdü:
biri sənin,
biri... heç kimin.

"Körpü"
XS
SM
MD
LG