Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:05

Jurnalisti necə azad etməli


Martın 15-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) konfrans zalında Eynulla Fətullayevin hüquqlarını müdafiə komitəsinin toplantısı keçirildi. Toplantıda hüquq müdafiəçiləri, vəkillər və jurnalistlər iştirak edirdi. Onlar Eynulla Fətullayevin saxlanma şəraitini, səhhətini və onun azadlığa buraxılması yollarını müzakirə etdilər.

Vəkil Anar Qasımov bildirdi ki, Eynulla Fətullayev 1 saylı cəzaçəkmə müəssisəsində özünün iradəsinə uyğun olaraq karserdə saxlanılır: Karserə salınan şəxs orada 30 gündən artıq saxlanıla bilməz. Bu baxımdan, müddət bitdikdən sonra Eynulla Fətullayevin səhhətinin necə olacağı sual altındadır. Anar Qasımovun sözlərinə görə, yarımzirzəmi, rütubətli şəraitdə saxlanması Eynulla Fətullayevin sağlamlığına təsir göstərib.

“ƏFV EDİLSƏ, MƏMNUN OLARIQ”

Vəkil dedi ki, Avropa Şurasının Nazirlər Kabinetinin Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı 2 dəfə çıxardığı qərarlar icra olunmadıqdan sonra onun azadlığa buraxılması üçün 3 yol qalıb. Bunlardan birincisi, Novruz bayramı ərəfəsində prezidentin onu əfv etməsidir: “Eynulla Fətullayev özünü təqsirli bilmədiyi üçün əfv ərizəsi yazmaq fikrində olmasa da, prezidentin onu müraciətsiz də əfv etməsi mümkündür. Azərbaycan təcrübəsində olub ki, şəxs əfv ərizəsi yazmadan əfv olunaraq azadlığa çıxıb. Novruz bayramı ərəfəsində belə bir hal olarsa, biz bundan məmnun olarıq”.

ÜMİD YENƏ ALİ MƏHKƏMƏYƏDİR

Vəkilin sözlərinə görə, ikinci ümid Ali Məhkəməyədir. Eynulla Fətullayevin narkotik maddə işiylə bağlı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib. Vəkil ümid edir ki, Ali Məhkəmə Avropa Şurasının Nazirlər Komitəsinin qərarında deyildiyi kimi, Eynulla Fətullayevin cəzasını şərti cəzayla əvəz edə bilər.

Vəkil dedi ki, üçüncü yol jurnalistin cəzasının dəyişdirilməsidir: “May ayının 6-da Eynulla Fətullayevin narkotika işiylə bağlı çəkdiyi cəzanın 1/3 hissəsi başa çatır. Bu halda Eynulla Fətullayev cəzasının çəkilməmiş hissəsi daha yüngül cəzayla əvəz oluna bilər”.

KİM DOĞRUDUR, KİM YALAN...

Tədbir iştirakçıları Eynulla Fətullayevin azadlığa buraxılması ətrafında fikir mübadiləsi apardıqdan sonra qərara aldılar ki, müraciət hazırlansın və martın 16-da prezidentə göndərilsin.

Eynulla Fətullayevin atası Emin Fətullayev də hesab edir ki, oğlunun azadlığa çıxması üçün birbaşa prezidentin müdaxiləsi olmalıdır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov martın 15-də AzadlıqRadiosuna bir daha deyib ki, Eynulla Fətullayev karserdə yox, təkadamlıq kamerada saxlanılır: “Müraciət edib ki, həyatına təhlükə ola bilər, öz xahişi ilə təkadamlıq kamerada saxlanılır. Saxlanma şəraitində heç bir problem yoxdur”.

Mehman Sadıqov vəkillərin informasiyaları şişirtdiyini bildirib. Vəkil Anar Qasımov isə deyir ki: “Mən cəzaçəkmə müəssisəsinə daxil olarkən müəssisənin bütün yerlərinə daxil olmaq hüququm olmur. Eynulla Fətullayevlə vəkillərin görüşü üçün ayrılmış xüsusi otaqda görüşürəm. Eynulla Fətullayev deyir ki, onu yarımzirzəmi tipli karserdə saxlayırlar, mən də onun dediklərinə istinadən danışıram”.
XS
SM
MD
LG