Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:43

Gülxani Pənah. Mosu


(Hekayə)

Mosu dinməzcə qabaq ayaqlarını irəli uzadıb, başını ayaqlarının üstünə qoyub, həsrətli baxışlarını küçə qapısına dikmişdi.

İlk dəfə bu həyətə gəldiyi günləri xatırlayırdı. Xəyal onu çəkib çox-çox uzaqlara aparırdı.

Taleyi heç vaxt üzünə gülməyən Mosu köhnə fermanın həyətindəki ot taylarının arasında dünyaya göz açmışdı.

Göz açdığı dünyanın qayğılarından xəbərsiz Mosu gecələr anasının qoynuna sığınıb yatardı.

Hər gün anası harayasa qaçardı, gələndə ağzında heç nə gətirməzdi, ancaq əmcəkləri südlə dolu olardı, balaca küçüklərini sevə-sevə, oxşaya-oxşaya doyuzdurmağa çalışardı.

Qarnı doymayan küçüklərini əzizləyər, onlara o qədər məhəbbət göstərərdi ki, bütün qardaş-bacıları kimi Mosu da bu sevginin içində yarı ac-yarı tox olduğunu tamamilə unudardı.

Hər axşam isə analarının pəncələri, qucağı arasına sığınıb, onun verdiyi azacıq istidə elə möhkəm uyuyardılar ki, səhərin nə vaxt açıldığını, analarının erkən qalxıb, ehmalca onların arasından çıxıb, yem dalınca necə getdiyini duymazdılar.

Özünü ora-bura vurub, qarnını doyuzdurub, geri qayıdar, yanına qaçan, ananın üstünə zingildəyə-zingildəyə atılan balaları başıyla, ayaqlarıyla oxşayar, səslərini kəsər, başına yığıb onları əmizdirərdi.

Mosu ilk sevgini anasından gördü və sonra göz açdığı dünyanı sevdi, dünyaya gəlişindən məmnun olan Mosu həyatı, yanlarından ötüb-keçən insanları bəzən onların qabağına gətirib çörək, yem qırıqlarını atan uşaqları da sevməyə başladı.

Yavaş-yavaş Mosu dərk edirdi ki, onu da sevirlər…

Lakin tezliklə balaca Mosu görünməmiş bir dəhşətli faciə ilə qarşılaşdı. Bir səhər yerindən qalxanda qardaş-bacılarının hay-həşirini, anasının isə yanı üstə yerə yıxılıb qaldığını gördü.

Bu səhər ana onları oxşamırdı, balalar bir tərəfdən onu beyməzdəyir, -qalx, qalx,- deyib zingildəyirdilər.

Mosu yerə sərilmiş anasına yaxınlaşdı, o da zingildədi, quyruğunu buladı, üzünü anasının üzünə sürtdü, amma bu mehribançılığın müqabilində anasını daş kimi hərəkətsiz gördü, qardaş-bacılarının hay-həşiri içərisində Mosunun iniltisi eşidilməz oldu.

Onların səsinə yaxınlaşan kişilərdən biri:


- Köpəkoğlunun qancığı eşikdə toyuq-cücə qoymadı, daşıdı, apardı, - dedi.

- Ziyanlıq itidi də. Gərək onu əvvəldən gəbərdəydik.

- Bu küçükləri də doldur maşının baqajına, dağdan aşır, at o tərəflərə gəl, bunlar da böyüyüb, anası kimi bizdə sağ-islahat qoymayacaqlar-dedi.
Mosu bir də diqqətlə anasının yarımçıq gözlərinə, yanı yanından keçmiş arıq vücuduna qüssəylə baxdı.

-Can ana, əgər, sən təkcə özünü düşünən olsaydın, yanların belə batardımı?
Küçükləri tutub çuvallara doldurmaq zamanı gəldiyini duyan Mosu özünü qarşıdakı otluğa saldı, otların arasına qısılıb on beş-iyirmi metrdən qardaş - bacılarının başından, qulağından, quyruğundan tutulub necə maşının boş baqajına atıldıqlarına ürək yanğısıyla tamaşa etdi. Mosu tərəddüd edirdi, onlarla birlikdə olmaq arzusunu içində birtəhər boğurdu. Mosu ağlayırdı. Lakin, o başqa cür yaşamaq istəyirdi. Bu yerlərdən ayrılmaq istəmirdi. Bu köhnə samanlıq, oyuq onun üçün daha doğmaydı. Bu istək onun varlığına hakim kəsildiyindən durduğu yerdən tərpənə bilmirdi…

Mosu maşın kənddən çıxıb, xeyli uzaqlaşana qədər yerindən qımıldanmadı.

Uzun müddət anasının ölüsünün bir çuvala salınıb, balalarıyla birlikdə baqaja atılıb aparılması səhnəsi Mosunun gözünün qabağından getmədi. Yerində donub qalmış Mosu o zaman özünə gəldi ki, başına yığılmış üç-dörd uşaq ayaqlarıyla onu yungülcə təpikləyirdi. Mosu dözürdü. Səbrlə dözürdü. İçində aldığı yaraların zərbələri bu zərbələrdən qat-qat ağır idi. Birdən uşaqların biri ona lap yaxınlaşdı:

-Dəyməyin, tutan küçük döyül, görmürsünüz necə ağıllı gözləri var. Mən götürürəm onu.
Uşaq Mosunu qucağına alıb həyətlərinə gətirdi, çəmənliyə qoydu. Nənəsini səslədi:

-Nənə, ay nənə.

-Nə var, bala?

-İt gətirmişəm. O, mənim itim olacaq.

-Başın xarab olub? İt mənim nəyimə gərəkdir? Apar rədd elə, səni gəlib aparacaqlar, sonra mən bu iti neyləyəcəm, hə? Yox, yox, apar, hardan gətirmisən, orada qoy.

Mosu hiss etdi ki, nənənin səsi uşağı qorxuzdu. O qaçıb küçəyə çıxdı, dayandı, bir an hara gedəcəyini bilmədi. Bu zaman uşaq içəridən çıxıb Mosuya yaxınlaşdı, çöməlib onun başını sığalladı, qayğılı-qayğılı dilləndi:

- Ay yazıq, mən çıxıb gedəcəm. Bəs səni neynim?

Mosu diqqətlə uşağa-rastına çıxan bu mehriban, balaca uşağa baxırdı. Arabir onun əl-ayağını yalayır, üzrxahlıq edirdi.

Uşaq Mosunu götürüb evlərinin yanındakı o köhnə fermanın həyətindəki həmin samanlığa gətirdi, qucağından yerə qoydu. Yaxınlıqda oynaşan uşaqlar Mosunu dövrəyə aldılar. Onu təpiklədilər. Uşaq onlardan birini arxaya itələdi:

- Toxunmayın ona, - dedi və qəzəblə - heç bilirsiniz siz necə böyük səhv edirsiniz. Şəhərdə belə ağıllı küçükləri evlərdə bəsləyirlər…

Uşaqlardan biri onun sözünü ağzında qoydu:

- Əyə, mənə də yox də. Şəhərdə nənəmgilin domunun altına girib orda gecələyən itlərin maşınlara necə doldurulduğunu, qaçanları necə güllələdiklərini, maşının dalına atıb apardıqlarını öz gözlərimlə görmüşəm. Kimə dərs keçirsən?

Uşaqlardan biri onların mübahisəni kəsmək istədi:

- Gəlin gedəyin oyunumuzu davam etdirəyin. Bu itlərə hamı eyni cür münasibət bəsləmir. Xaricdə heyvanlarla lap insanlar kimi rəftar edirlər, onları həkimə aparırlar, mağazalarda onlar üçün xüsusi ərzaq satılır, hətta onların öz qəbrstanlıqları da var.

-Əşi, sən anqliyski doqlardan, nemeslərin avçarkalarından danışırsan. Bunu onlara tay edirsən? Bunun anası qancıq qonum-qonşuda toyuq-cücə qoymadı, elə bizim özümüzün neçə cücəsini tələf eliyib. Sən də buna it deyirsən?- deyib Mosunu ayaqlarının ucuna alıb kənara atdı.

Mosu təpiyn ağrısını duymadı, fikri o evlərdə saxlanılan üzünü ömründə görmədiyi həmcinslərinin yanında idi. Deməli, dünyada xoşbəxtlər də az deyil.

Mosu fikirlər içərisində o gecəni samanlığın içində keçirdi. Tənha, soyuq samanlıqda doğmalarının hənirtisini, anasının hərarətini duymayan Mosu ömrünün ən əzablı, ən ağır, acı gecəsini keçirdi. Hər gözünü yumanda gözlərinin önünə çöllərə tökülmüş qardaş-bacısı gəldi. Bir az təskinlik tapdı ki, o heç olmasa öz yuvasındadır. Bəlkə o yazıqlar heç girməyə bir ağac koğuşu da tapmayırlar...

Mosu kədərlənirdi, kədərləndikcə üşüyürdü, üşüdükcə titrəyirdi, titrətməsi artdıqca zingildəyirdi…

Yazıq-yazıq ümidsizlik içərisində gözlərini yuman Mosu yuxuda gördü ki, onu zəngin bir evə gətirdilər və bu evdə başqa bir Mosuya bənzəyən it yaşayır, altına fərməşlər döşənib, qarşısına ən ləziz yeməklər qoyulub, hansı ki, bu yeməkləri Mosu həyatında ilk dəfə idi ki, görürdü.

O, elə iştahla, ləzzətlə yeyirdi ki, Mosunun ağzı sulandı. Pəncəsini irəli uzatmaq istəyəndə it mırıldandı:

-Rədd ol burdan, bu sənin xörəyin deyil.

Onu bu evə gətirən adam aralığa girdi və Mosunun başını sığalladı:

-Yox, dostum, sən belə əliuzunluq etsən, heç bir şey qazana bilməyəcəksən. O, buralı deyil, yeməyini də özüylə xaricdən gətirib. Gərək ona güzəştə gedəsən, nə olsun ki, səni bura gətirmişəm, sən də onunla bu dəbdəbəli evdə yaşamalısan. Bir şeyi unutma ki, ona həmişə güzəştə getməlisən, əks təqdirdə yeməklərini də yığıb gedəcək, sən yenə ac-yalavac qalacaqsan. Qabağına nə atsa, ona qane ol. Yoxsa, məni də özün kimi hörmətsiz edərsən.

Mosu sahibinin dediklərinə fikir verməyib itin üstünə cumdu, bir andaca onu bu evə gətirən adam Mosunu boğazlayıb soyuq, qarlı asfalt küçəyə atdı. Şaxta Mosunun canına işləyirdi. Mosu nədənsə yerindən tərpənə bilmirdi…

Mosu gözlərini açanda günəş dağların arasından yavaş-yavaş qalxırdı.

Bu Mosunun tənha keçirdiyi ilk gecə oldu. Acından qarnı quruldayan Mosu yuvadan çıxdı. Fermada qızğın iş gedirdi, sağıcılar süd qablarını maşınlara yükləyirdilər. Mosu qorxa-qoxa onlara yaxınlaşdı, zingildədi, dal ayaqları üstündə çöməlib onlara baxdı. Sağıcı qadınlardan biri :

-Bu yazıq küçük necə olacaq? Anasını da öldürdülər. Dişi də yox ət tuta.

Onlardan biri torpağın üstündə bir çala düzəltdi, ora bir az süd tökdü, Mosunu o çalanın yanında qoyub uzaqlaşdı.


Mosu o tərəfə-bu tərəfə baxdı. Sonra südü iylədi, bir dil atdı. Aclığını hiss etdi, hər şeyi unutdu, çalaya tökülmüş südü son damcısına kimi yaladı. Sonra yuvasına qayıtdı. Oradan dişarı çıxmadı. Axşamüstü yenə o qadınlara yanaşdı.

Bu dəfə ona köhnə bulaşıq bir nimçədə süd tökdülər. Mosu incimədi, qismətinə boyun əydi, südü içib öz yuvasına döndü.

Mosu bir müddət burada yaşadı, bir kimsənin toyuğuna, cücəsinə yaxın düşmədi, qazanına baş soxmadı, sümsük tulalar kimi həyətlərə dadanmadı.

Bir səhər onun başına kəndir keçirib bir həyətə gətirdilər. Bu qaradinməz, qara zəhmli kişinin ürəyi çox yumşaq idi.

Mosunu özüylə arabir meşəyə, mal, qoyun növbəsinə aparırdı. Ağıllı, qoçaq, qanıq bir it olduğunu görüb onunla yaxşı rəftar etməyə başladı.
Hər gün Mosunu doyunca yedizdirərdi, qabağına toyuq-cücə ətindən başqa nə desən qoyardı. Arabir Mosunun başını sığallayardı:

-Neyləyim, sənə toyuq-cücə sümüklərini verə bilmərəm. Dadanarsan buna, bizdə toyuq-cücə qoymazsan. Yaxşısı budur bunun dadını bilmə.

Mosu incimirdi. Mosu bəxtiyar idi. Mosu xoşbəxt günlərini yaşayırdı. Dünyanın ən gözəl günlərini görürdü Mosu. Sahibi ona yaxşı bir ev də tikmişdi.

Mosu belə xoşbəxt, bəxtiyar günləri yaşadıqca qorxurdu. Nə isə ürəyində birdən qısılırdı, baqaja doldurulub aparılan qardaş-bacılarının gününə acıyırdı, öldürülmüş anası gözlərinin qabağına gələndə ürəyi göynəyirdi.

Mosunun xoşbəxtliyi uzun çəkmədi. Bir səhər həyətə bir yad kişi, bir qadın gəldi. Söhbətlərdən Mosu başa düşdü ki, sahibi tezliklə bu həyət- bacanı satıb, şəhərə köçmək istəyir. Mosu anladı, duydu. Mosu həyətə, evə göz gəzdirən yeni ev sahiblərinə hürdü. Sanki: - Çıxın gedin buradan, xoşbəxt günlərimi əlimdən almayın.- deyirdi.
Yad qadın Mosudan qorxsa da kişi arabir Mosuya nəzər salır, onun könlünü alırdı:

-Nə yaxşı itdir bu.

Sahibi onun dediklərini təsdiq etdi:

-Hə, çox ağıllı itdir, bütün həyət-bacanı qoruyur. Quş quşluğuynan bu həyətə girə bilməz.


Sonra onlar getdilər. Mosu qəm dəryasına qərq oldu, acı xatirələr yaxasından əl çəkmədi.

Bir müddətdən sonra ev sahibi evin əşyalarını üstü örtülü bir maşina doldurdu. Açarı onları yola salan qonşulardan birinə verdi və tapşırdı ki, yeni ev sahibinə versinlər. Bildirdi ki, onlar bir azdan gələcəklər.

Ev sahibi arabir Mosunun başına sığal çəkirdi, amma heç nə demirdi.

Maşın həyətdən çıxdı. Kişi çəkib darvazaları örtdü. Yenidən həyətə girdi. Mosu qapının ağzında həsrətli baxışlarla sahibini süzürdü. Onun ayaqlarına, çəkmələrinə başını sürtmürdü. Donuq baxışlarıyla ona baxırdı: Sanki: -Məni kimə tapşırıb gedirsən?- deyirdi.

Ev sahibi sanki onun ürəyindən keçənləri duydu:

-Sən yenə bu həyətdə qalacaqsan, yeni sahibini gözlə. Mənə necə etibarlı olmusan, onlara da elə ol. Səni şəhərə apara bilmərəm. Dörd divarın içində səni saxlaya bilmərəm. Amma bura sənin öz yerindir. Səni qonşular, kənd tanıyır. Ziyan verən deyilsən. Bir tikə çörəyi səndən heç kimsə əsirgəməz.

Ev sahibi onun üz-gözünü tumarladı. Cibindən iki parça yumşaq çörək tikəsini çıxardıb onun qabağına qoydu. Mosu gözucu da olsa çörəyə baxmadı.

Sahibi gedəndən xeyli sonra onun qapıya dikilmiş intizarlı baxışlarına son qoyuldu. Qapının arxasından dayanan maşının səsi gəldi. Sonra küçə qapısı açıldı. Kimsə əl salıb cəftəni açdı, içəri keçmək istədikdə Mosu bir-iki ağız hürdü. Gələn adam yerdən bir daş götürüb Mosuya tərəf tulladı:

-Əşi, itil burdan.

Mosunun qulağına tanış bir səs gəldi.

-İti hirsləndirmə, a şofer qardaş. O sən deyən itlərdən deyil.

-Nədir, nemeski afçarka zaddır, bəyəm.?

-Heç, sənin o nemeski avçarkandan az qanıq deyil.

Mosu o gün gələn yad kişinin səsində bir doğmalıq hiss etdi. Kişi içəri keçib, ehtiyatla qapını açdı, maşın həyətə girdi. İçəridən tökülən iki-üç balaca uşaqlar Mosuya baxırdı. Mosu hiss etdi ki, uşaqlar ondan qorxurlar. Yavaşca öz yuvasına tərəf getdi.

Uşaqlardan birisi:

-Bu heç hürmür.

-Deyəsən adamı tutmur.

-Atam demədi ki, həyətdə yaxşı bir it var. Bu elə yəqin Mosunun özüdür.

-Ata, bu Mosudur?

-Hə.

-Bəs niyə onun sahibi onu burada tək qoyub gedib?

-Çarəsi nəydi. Söz vermişəm ki, Mosu bu həyət- bacada qalacaq. Onunla yaxşı rəftar edin.

Maşından tökülən ev əşyaları içəri daşındı. Sonra yeni ev sahibləri oturub çörək yedilər.

Kişi qabda qalan toyuq soyutmasının sür-sümüklərini çörək qırıntılarıyla birlikdə Mosuya aparanda oğlunu səslədi:

-Gəl, aparaq bunu Mosuya verək.
Mosu onların gəlişini duydu. Qabağına tökülənlərin içindən çörək qırıntılarını, pendir qırıqlarını seçib yedi. Toyuğun ətinə, sümüyünə dilini vurmadı. Mosu ətin tamını duydu, lakin yemədi. Bu Mosuya qadağan edilmişdi. Əslində isə heç kim Mosunun qəlbindən xəbərdar deyildi….

Yavaş-yavaş uşaqlar da Mosuya öyrəşdilər. Onun boğazına kəndir keçirmədilər. Mosunun qorxusundan həyətə bir quş da səkə bilməzdi. Mosu bu ailənin də ona mehribanlığını duydu. Onların etibarını qazanmış Mosu yenə xoşbəxt idi və ilk sahibini unutmasa da yeni sahiblərini də sevməyə başlamışdı. İndi ona bir nəfər yox, bütün ailə mehribanlıq göstərirdi. Mosu yenə xoşbəxt idi, dünyanın bəxtəvəriydi.

Amma…

Mosunun yaşadığı həyət dağın döşündə, meşəliyin kənarında idi. Mosu hər gün o meşəyə baş vururdu, gəzirdi, dolanırdı, qayıdırdı. Meşənin içərisindən Keçəl Dağ deyilən yaylağa qoyun sürüləri aparılırdı. Arandan gələn sürülər bu yaylağa qalxırdı. Bir gün Mosu sürünün yanında gedən bir cinsini gördü. Yolun kənarında dayanıb, iki ayağı üstündə çöməlib oturan Mosu ona xeyli baxdı. O da Mosuya baxdı və bu baxışlar

Mosunun qəlbini isindirdi.

Sürü ondan uzaqlaşana qədər Mosu yerindən tərpənmədi, sanki mıxlanıb qalmışdı. Nə qədər vaxt keçdiyini duymayan Mosu bir hənirtiyə dikəldi, qulaqlarını şəklədi və gözlərinə inanmadı. Onlar dostlaşdılar.

Onlar həyətin başındakı çəmənliyin arxzasında görüşürdülər.

Yavaş-yavaş Mosu hiss elədi ki, tezliklə ata olacaq. O, hər gün sahibinin ona verdiyi yeməyin bir hissəsini gizlincə tayına aparardı. Ev sahibləri də hiss eləmişdilər. Hətta Mosunu qara sevgilisiylə bir neçə dəfə o çəpərin həndəvərində bəxtiyarlıqla oynadıqlarını da görmüşdülər. Balaca dostları bunu valideynlərindən gizli saxlayırdılar. Çünki qonşular söylənirdi ki, Mosu özüylə bir iti bura dadandırıb, qonum-qonşunun toyuq-cücəsi yoxa çıxır. Ona görə də qorxurdular ki, Mosunu da, onu da aparıb başqa kənddə azdırarlar.

Bir müddət keçdi. Mosu artıq beş-altı küçüyün atası idi. O, tamamilə hər şeyi unutmuşdu. Meşəyə qaçır, dovşandan -zaddan tutub yuvaya gətirir, qara qancığı yedizdirirdi ki, balalarının doyunca südü olsun.

Mosu arabir qonşuların gileyini eşidirdi. Bir-birisinin yağlı toyuqlarını gizlincə oğurlayıb kəsib yeyənlər bütün günahlarını Mosunun, onun "ailəsinin" üstünə atırdı.

Mosunun sahibi isə bu işə məətəl qalmışdı. "Bu toyuq-cücə onun həyətindən niyə itmir? Mosu doğrudanmı belə ziyankar olmağa başlayıb"?

Sahibi üçün bu it əsl vəfalı dost idi.

Qonum-qonşuların dedi-qodularından bezən ev sahibi Mosunu zəncirə saldı. Sahibinə tabe olan Mosu zəncirdə bütün günü zingildəyirdi, balalarını, ac ananı yadına salıb peşimançılıq içərisində boğulurdu.

İki gün Mosunu zəncirdən açmadılar. Üçüncü gün uşaqlar Mosunun zəncirdə qalmasına dözməyib onu açıb buraxdılar. Mosu balalarının yanına qaçdı. Gördüyü səhnə Mosunu dəhşətə gətirdi. Qara qancıq bir toyuğu sökürdü, balaları isə onu əmirdi. Mosu bir-iki ağız hürdü. Qara qancıq töhmətedici baxışlarla Mosunu süzdü və onun gəlişinə sanki sevinmədi. Mosu onların qarşısında etibarını itirmişdi.

Mosu çevrilib getdi. Bütün günü öz yuvasından çıxmadı.

O biri səhər qonşular yığılıb kolluğu yardılar. Qara qancığı, balalarını tutub çuvala yığdılar, harayasa apardılar. Qonşulardan biri onun özünə bənzəyən bir balaca Mosunu götürdü:

-Bunu mənə verin. Mosuya oxşayır. Onun özü kimi qanıq olacaq - dedi və götürüb apardı.

Mosu dünyanın ən bədbəxtı oldu. Mosu bir müddət heç nə yemədi. Heç yerə getmədi. Qəm dəryasında üzdü.

Bir neçə gündən sonra yavaşca durub balasının arxasınca getdi. Bala Mosu həyətdə yerdə uzanmışdı. Mosu çəpərin arxasında bir qədər dayanıb ona baxdı, uşaqlığı yadına düşdü. Mosu hər şeyi unudub, yavaşca həyətə girdi. Həyətə girməyi ilə qonşunun yaba əlində onun üstünə cummağı bir oldu:

-Köpək oğlunun iti. Gəlmisən toyuq-cücə aparmağa.

Mosu tərpənmədi. Yabanın iki dişi artıq onun boğazında idi.

Mosu xırıldaya-xırıldaya qarşısında o yana - bu yana qaçan balasına baxırdı. Qonşuların hay-küylə onun üstünə tökülüşməsini artıq unutmuş Mosu canının hayında idi.
Sahibi onu götürüb həyətə gətirdi. Yarasına yod tökdü:

-Ay heyvan, səni ora balan çəkib aparmışdı. O qanmazlar səni başa düşə bilməzdilər….
Mosu yarı açıq gözləriylə onun ətrafında dayanıb göz yaşı tökən balaca dostlarına baxırdı.

Axşam sahibi aparıb onu yuvasına qoysa da, Mosu gecə sürünüb yuvadan çıxdı, yavaş-yavaş hasarın altından bağ tərəfə keçdi, sürünə-sürünə qara qancıqla keçirdiyi xoşbəxt günlərin şahidi olan kolluqdakı dağılmış yuvaya girdi.

Mosu ömrünün son anlarında yenə anasının yerə sərilmiş ölüsünü, maşina doldurulan qardaş-bacılarını, kisəyə salınıb aparılan balalrını, qara qancığı gözləri önünə gətirdi.

Qara qancığın bəxtiyarlıqla balalarını əmizdirməsini gözləri önünə gətirdi, gülümsədi, gözündən yaş axdı, bir az keçdi, o yaş qurudu, Mosunun cəsədi orada qaldı.

gulxani.net
XS
SM
MD
LG