Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:49

Gülxani Pənah. Gözümlə görmədim, Ağlayır...


GÖZÜMLƏ GÖRMƏDİM…


Gözümlə görmədim ceyran sürüsün,
Eşitdim mən bunu ağ kağız üstə.
Deyirlər bir zaman bax bu çöllərdə,
Ceyranlar yaşarmış eh, dəstə-dəstə.

Ceyranlar oylağı olmuş bu yerlər,
İndi izinə də həsrət qalıbdı.
Ovçular amansız olur deyirlər,
Onunçün ürəyim qəmə dalıbdı.

Bu yaşıl meşələr, bu yaşıl düzlər,
Ceyranlar oylağı olmayacaqdır?!
Baharın ən gözəl dürlü çağında,
Bircə yol qonağım olmayacaqdır?

Sən şair Vurğunun şah əsərisən,
Çoxları olubdu hüsnünə heyran.
Qəddini qıranın qəddi qırılsın,
Bu çöllər, bu düzlər sənindi, ceyran.


AĞLAYIR

Qış gedib, yaz gəlir, gülür təbiət,
Yenə ürəyimi yaza bağladım.
Dağlarda bənövşə qalıbdır həsrət,
Sevən ürəklərə, andım, ağladım.

Hər gecə yuxuma girir bağlarım,
Almalı, gilaslı güllü bağlarım.
Obalı, ocaqlı ötən çağlarım
Sinəmdə həsrətdən dastan bağlayır.

İndi o yerlərin gülməyir üzü,
Tikandır, qanqaldır yamacı, düzü.
Bilirəm qalıbdır yollarda gözü,
Mənim tək o yollar, düzlər ağlayır.

Təkcə mən deyiləm bu dərdi çəkən.
Gizlində ağlayıb, göz yaşı tökən,
Qocalıq gəlməmiş dərd belin bükən,
Didərgin damğası alan ağlayır.

Dağlar da dumandan geyib donunu,
Yetimtək elə bil əyib boynunu.
Başına açılan min bir oyunu
Görəndən dağlarda sonam ağlayır.

Gülxani bu dərdlə necə barışsın,
Alovsuz, ocaqsız yansın, alışsın.
Yaxşısı budur ki, yansın, qarışsın.
Torpağı görməsin talan, ağlayır.

gulxani.net
XS
SM
MD
LG