Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:10

Elxan Zal Qaraxanlı. Yosun yorğunluğunda su, Mən xeyli yalnız


Yosun yorğunluğunda su

Yarpaqların altından axırdı su,
Bəlkə də, heç yarpaqlar yox idi,
Ləpələr üstündə uyuyan rüzgar,
Yosun yorğunluğunda
Rəsmini düzürdü duyğuların,
Narın-narın ağlamsınan bir qız
Lilli təbəssümündə suların
Dönmüş baxışını relsə qoymaq istərkən
Sivişib getdi qatar,
Və cırcıramalar
Bir blüz çaldılar axşam ağzında,
Lap şeytana yanğı,
Sözün düzü,
Blüzü xoşlayır şeytan,
Qız öpüşü xoşlayan kimi,
Blüz sədaları altında gedir qatar,
Və ləpələr üstündə uyuyan rüzgar
Yarpaq saraldır budaqlarda
Həsrətdən qolay,
Ay, Ay, can soyudan Ay,
İşpallar üstünə əzilib atılan bir salfet,
Üzü Şəhərə gedir qatar,
Şəhərdən məktub gətirir internet,
Ləpələr üstündə uyuyur rüzgar,
Titrək pıçıltıları
Sıraya düzdükcə bilgisayar
Ekran narın-narın ağlar,
Və yosun yorğunluğunda su,
Burnunda odekolon qoxusu
Axar barmaqları altından
Lilli təbəssümlü qızın.

2001


Mən xeyli yalnız

Dönməz geri uçsan
Qıvraq və şən bir qut.
İzsiz qaranlığa
Qanad çalır berkut.

Çılğın, dəli bir hal
Göylər boyu qurnaz.
Düşər uçaqlardan
Göy çətri açılmaz.

Ömrün kadrları
Axır altında hız.
Mən xeyli yalnızam,
Sahil daha yalnız.

2002


Alatoran
XS
SM
MD
LG