Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:44

Faiq Balabəyli "Lənətlənmiş həyat" (Povest)


- Mamed, uçaskovı gəlmişdi.
Arvadı Yetər idi. Həyəti süpürürdü, ərini görən kimi əlini işdən ayırdı.
- Nöş gəlmişdi, bir söz demədi? – Mamed əlindəki un kisəsindən hazırlanan torbanı həyətin bir küncünə tullayaraq soruşdu.
Yetər süpürgəsini həyətin küncünə topladığı zibillərin üstünə atıb təlaşla:
- Dedi ki, ərinə denən, sabah pasportunu da götürüb gəlsin yanıma.
- Neynir az, məni o? – Mamed duruxdu.
- Nə bilim, ay Mamed, qorxdum yaman.
- Qorxma, – dedi Mamed, amma özü də qorxdu.
… Mamed deyilənin adı Məmməddir. Azərbaycanın bütün bölgələrində olduğu kimi onun da gül kimi “Məmməd” adını dəyişib “Mamed” eləyiblər.
Məmməd kasıb bir ailə başçısıdır. Ayrı-ayrı vaxtlarda dörd dəfə həbs olunub. Cəzalarından “kalendar” oturduğu da olub, aministiyaya düşüb azadlığa vaxtından qabaq çıxdığı vaxtlar da.
O, birinci dəfə dava-dalaşa görə həbs olunub. Əsasən gülçülüklə məşğul olan Bakı kəndlərindən birində anadan olan Məmməd elə bu kənddə də orta məktəbdə oxuyub, sonra sürücülük kursunu bitirib. Hərbi xidmətini Uzaq Şərqdə, Sovet Ordusu sıralarında çəkib. Hərbi xidmətdən sonra dırınqalet bir maşında işləyib. İşi də ondan ibarət olub ki, səhər-axşam kəndlərindəki fermadan südü daşıyıb qonşu qəsəbədəki süd zavoduna təhvil versin. Onun dinc həyatı o vaxta qədər sürmüşdü ki, fermada sağıcı işləyən qonşularının gəlininə, ferma müdirinin “dərəni xəlvət görüb”, arxadan cumub qucaqlamasını təsadüfən öz gözləri ilə görmüşdü. İki uşaq anası olan gəlinin əri bir ilə yaxın idi ki, anaşa çəkdiyinə görə həbs olunmuşdu və gəlin fermada işləyə-işləyə həm uşaqlarını, həm qoca qaynata, qaynanasını dolandırır, həm də “zona” – ərinin yanına ayda 1-2 dəfə baş çəkir, ya da “peredaça” yollayardı. Bir sözlə, bu qadın əri tutulandan sonra qadınlığını unutmuş, kişi kimi min bir zəhmətə qatlaşıb çətinliklə də olsa ailəsini dolandırırdı. Başı aşağı işə gedər, başı aşağı da işdən qayıdardı.
Bir dəfə Məmməd səhər evdən işə gedərkən qonşu gəlini maşına dəvət də eləmişdi. Lakin Sənəm – qonşu gəlinin adı belə idi – maşına minməmişdi. Məmməd də buna çox sevinmişdi. “Başsız qadındı, görənlər nə fikirləşərlər”- deyə ürəyindən keçirmişdi.
Həmin gün – 1985-ci ilin may ayında Məmməd ferma müdirinin xəlvəti Sənəmi qucaqladığını, Sənəmin onun əlindən çıxaraq bu namussuzun üzünə tüpürdüyünü gözləri ilə görəndən sonra düz-dünya başına fırlanmış, qaçaraq müdirin ağzının üstünə elə bir kəllə vurmuşdu ki, zərbənin ağırlığından özünün də gözlərinə qaranlıq çökmüşdü. Ferma müdirinin ağzı-burnu özünün murdar qanına, üstü-başı cins inəklərin yaş, təzə peyininə bulaşmışdı. Hay-küyə fermanın başqa işçiləri də tökülüb gəlmişdi. Ferma müdirini Məmmədin əlindən güclə almışdılar. Davanın isə o vaxt nəyin üstündə baş verdiyini üç nəfərdən savayı heç kəs bilməmişdi. Novruzu (müdirin adı belə idi) yaralarını sarıyıb tibbi yardım göstərmək üçün fermada gecə gözətçisi işləyən qohumu xəstəxanaya aparmışdı.
Səhəri gün Məmmədi fermada görən olma . Maşını başqa sürücü sürürdü. Sahə müvəkkili fermaya gəlib hadisənin şahidlərindən izahat alanda isə məlum olmuşdu ki, Məmmədi gecəynən aparıblar.
Məhkəmədə Məmmədin üzünə duranlar, onun dalaşqan olduğunu deyənlər də tapılmışdı. Görəndə salam verib salam aldığı xidmətindən yararlandıqları, müdirin ağır təbiətli adam olduğunu, Məmmədin isə yetənə yetib, yetməyənə daş atdığını da dilə gətirmişdilər.
Hakimin: – “Müdiri niyə döyürdün?” sualına Məmməd:
- Özü yaxşı bilir, – demişdi.
Elə Novruz da hakimin eyni sualına eyni cavabı vermişdi:
- Nə bilim, möhtərəm hakim, mən onun ürəyinə girməmişəm ki, onun yumruğunun, təpiyinin altına düşmüşəm. Niyəsini özü yaxşı bilər, – demişdi.
Məmmədin həbsxana həyatına beləcə start verilmişdi. Şüvəlan türməsindən sonra onu İslah Əmək Müəssisəsinə yollamışdılar. Dörd illik həbsxana həyatını günə-gün oturmuşdu. Çöldə – “volyada” (yəni azadlıqda) bilmədiyi, xəyalına belə gətirmədiyi biclikləri burda öyrənmişdi. Bu dörd ilin ərzində Məmməd paqonlulardan insanlara və insanlığa nifrət görmüşdü. Görmüşdü ki, burada insanın bir qara qəpik dəyərində qiyməti belə yoxdur. Nəzarətçilər, operlər dustaqla insan kimi yox, heyvan kimi rəftar edir. İnsan şərəfini, ləyaqətini tapdalayır, onlara ürəkləri istəyən işgəncəni verir və bundan ləzzət alırlar…
İndi arvadı: – “uçaskovı gəlmişdi, səni soruşurdu, pasportunu da götürüb məntəqəyə gəlsin” – dedikdə ürəyində nə isə qırıldı elə bil.
“Nə işdi, görəsən, bu, məni neyləyir? Bu “itlər” məndən nə vaxt əl çəkəcəklər?” – deyə düşündü. “Qoymazlar adam kimi yaşayaq da”.
Məmməd balaca həyətdəki tut ağacının altındakı dəmirdən düzəlmiş stolun arxasında oturdu. Arvadını hayladı:
- Az, Yetər, mənə çay ver.
Yetər mətbəxdə idi. Çay tədarükü görürdü. Bir azdan stəkan-nəlbəkini gətirib stolun üstünə qoydu:
- Çayı dəmə qoydum, su qızdırmışam, dur keç hamama, su töküm yaxalan, yaman gündəsən, – dedi.
- Yuyunaram da, atlı qovalamır ki, – dedi Məmməd. Sonra da əlavə etdi, – Hanı uşaq, gözümə dəymir.
- Qonşudadır, dedim əlimdə işim var, apardım qoydum Məsməgilə.
- Get, qızı gətir!
- Yuyun də bir, it günündəsən, – arvadı canıyananlıq etdi.
- Get, qızı gətir, dedim sənə.
Arvadı həyətdən çıxdı.
“Nə işdi axı, nə olub görəsən? İndi nə etmişəm axı? Səkkiz aydı da çıxmışam çölə. Cəmi 13 ay görmüşəm qızımı. Beş aylıq idi, tutub basdılar qoduqluğa.
Məmməd ayrı-ayrı vaxtlarda həbs olunduğu günləri gözlərinin qabağına gətirdi. Bunlardan üçündə günahı yox idi. Birinci dəfə adam döymüşdü, bu məsələdə özünü qismən günahkar bilirdi. Hansı ki, elə indinin özündə də bu hadisə yadına düşəndə özünə haqq qazandırırdı, bəraət verirdi. Əgər yenə də belə bir namussuzluğun şahidi olsa idi, dayanmazdı. Yumruğunu işə salardı. Baxmayaraq ki, o illərin gücü, qüvvəsi indi onda yox idi. Amma təpəri, qeyrəti elə həminki idi canında qalmışdı. İkinci dəfə idarə etdiyi maşınla qəza törətmişdi və buna görə də üç il azadlıqdan məhrum olunmuşdu. Üçüncü dəfə isə işlədiyi bazadan edilən oğurluğun ağrısını çəkməli olmuşdu.
“Ha qışqırdım, ha ağladım, ha yalvardım, mənim nə günahım var, deyin bilim də, dedim. Dedilər ki, işlədiyin idarədə yeyinti olub, bilib deməmisən, sirri saxlamısan. Axı mən kim idim ki, sirr biləm, sirr saxlayam, adi gecə gözətçisi idim də. Mən hara, idarədə baş verən yeyintilərdən xəbərdar olmaq hara? Müdir idi gəlirdi, gedirdi, mənimki də qapını açıb-bağlamaq idi. Ta nə bilim, bu kopəkoğlu hər gəlib gedəndə maşına yüklətdiyini, bazadan çıxartdığını oğurlayırmış. Bəs axırı nə oldu? Niyə həmin müdiri basmadılar qoduqluğa? Bəs o “Kamaz”ın sürücüsü, sonra elə o oğurluq malı alanlar harda qaldı? Elə mən yazığı, iki nəfər də fəhləni damladılar bu qancıqdan süd əmənlər, itin belindən gələnlər. İndi neyləmişəm axı? Niyə qoymurlar hamballıq eləyim, yaşayım tək balam üçün? Bunların balası yoxdurmu görən?, Bunları ana doğmayıbmı? Bəlkə elə doğrudan da qancıq itin əmcəklərini sortuqlayıblar?”
Və bu ağrı ilə düz 4 il bağlı qapılar arxasında can çürütmüşdü. Yaxşı ki, o zaman hakimiyyətə yenidən qayıdan Heydər Əliyev dustaqlara aministiya vermişdi. Və bu aministiya aktı ona da şamil olunduğuna görə cəzasının qalan 2 ilindən vaxtından qabaq azad olunmuşdu. Bu üç dəfə həbs olunmaq üst-üstə 11 il azadlıqdan məhrum olmaq demək idi. Bu 11 ildə onun insanlara inamı, etibarı azalmışdı. Bu 11 ildə Məmmədin gördüyünü heç fələk də görə bilməzdi. Heç Allahın da xəbəri yox idi bu 11 ildə onun və onun kimilərin başına gətirilənlərdən. Əgər Allahın xəbəri olsa idi, heç olmasa bir dəfə, cəmi bircə dəfə özünün yaratdığı ən ali varlığa rəhmi gələrdi. Yox idi Allahın Azərbaycan türmələrində baş verən hadisələrdən xəbəri. Allahın bu bağlı qapılar, hündür, qalın divarlar, tikanlı məftillərlə əhatələnən, adına “zon”, islah-əmək koloniyası, türmə, zindan, qazamat deyilən yerlərdən və buradakı nəzarətçilərdən, DPENK-lardan, operlərdən xəbəri olmayıb. Bura şeytanın və şeytanabənzərlərin nəzarətində olub həmişə.
Məmməd 4 dəfə həbs olunmuşdu. Və üst-üstə 17 il həbsxana həyatı yaşamışdır. Onun bu 17 illik məşəqqətli həyatı ona bir dərs, bir məktəb olmuşdu. Əslinə qalsa elə içəri də çöl kimi idi. Kimin pulu, adamı vardısa, yaxşıca dolanırdı, yaşayırdı özü üçün. Kim ki, kimsəsiz idi, yanına gəlib gedəni yox idi, günü göy əskiyə bükülürdü. Məmməd o günlərə qayıtmaq istəməsə də, o günləri unuda da bilmirdi. Axı, necə unuda bilərdi?! Ömrünün 11 ilini bağlı qapılar arxasında keçirmişdi.
Məmmədi yandıran, onu daha çox narahat edən dördüncü dəfə həbs olunması idi. Bu dəfə doğrudan da heç nədən tutmuşdular bədbəxti. Üzünə durmuşdular, işverənlik etmişdilər yazıq Məmmədə. Onu ən çox yandıran da axırıncı “srok”unda onunla birlikdə “balanda” yeyən, bir-birlərinin dərdlərinə şərik çıxıb, ortaq olduğu Ağamirzənin “dustağı” olması idi. Ağamirzə ilə “xlebnik” olmuşdu, çörək kəsmişdi. İçəridə hər adamla “xlebnik” eləmək olmur. Xasiyyəti, əqidəsi ürəyincə olanla oturub-durursan. “Xlebnik” sənin ən yaxşı dostun, sirdaşın olur. “Xlebnik” olduğun adamın “ÇP”-si sənin “ÇP”-en sayılır. Bəzən onun günahlarını yumaq üçün, onu “təmizə” çıxarmaq üçün enerji sərf edirsən.
Azadlığa çıxdıqdan sonra da Ağamirzə ilə tez-tez görüşərdilər. Hətta Ağamirzə Məmmədin toyunda da iştirak etmişdi, gediş-gəlişləri vardı. Məmməd ailə qurduqdan sonra özünə bab iş də tapmışdı. “Proflaktoriyada” dəmirçi işləyirdi. Qazancı pis deyildi. Ağamirzə tez-tez onun yanına gəlirdi. Çox vaxt da “hallı” olurdı. Məmməd ona çox demişdi ki, çəkil bu yoldan, zəhrimardan az istifadə et. Ağamirzə həmişə deyərdi ki, bu dəfə axırıncıdır. Sonra da dünyanın ən defisit söyüşünü söyərdi: – Mənim damarımı deşənin…
Bir gün də gəlib Məmmədə balaca bir bükülü verdi.
- Qardaşımsan, bunu gəlib səndən istəsələr verərsən.
Məmməd əvvəlcə razı olmadı. Ağamirzə çox üz vurdu. Axır ki, dustaq yoldaşının saqqızını oğurlaya bildi. Öpüşüb ayrıldılar. Heç bir saat keçmədi ki, Məmmədə iki nəfər yaxınlaşdı. Ağamirzənin adını verib bükülünü götürüb getdilər. Səhərisi gün “Qorotdel”in uşaqları Məmmədi işdən “qol-qıç” eləyib apardılar. Bu həbsinə qədər oturduğu on bir ili sən demə adam balası kimi başa vurmuşdu. Ağamirzənin dustağı olandan sona günə-gün yatdığı altı ili isə məşəqqətlə başa vurdu. Özü də günə-gün, “ot zvanka, do zvanka” içəridə oldu…
… Həyətin küçəyə açılan qapısı açıldı. Qızı Məmmədin üstünə qaçdı.
- Ata, məni qoyma məktəbə gedim.
- Niyə, qızım?
- Getmək istəmirəm.
- Yox, qızım, oxu, böyüyüb həkim olarsan, mənə iynə vurub sağaldarsan, axı mən xəstəyəm.
- Onda mənə təzə don al, ayaqqabı al.
Məmməd gözlərini qızından gizlədi. Həyət qapısının arxasında qonşu arvadlarla söhbət edən arvadını hayladı:
- Az, Yetər, keç içəri də, bir.
Arvadı həyətə daxil olanda isə:
- Get, dəyişəyimi gətir, – dedi.
Hamama keçdi. Arvadı bir vedrə isti su ilə ardınca hamama gəldi. İki böyük qazanda suyu ilıqladı etdi. Su tökdü, Məmməd yuyundu. Hisdən-pasdan təmizləndi. Bədənini qurulaya-qurulaya yenə də arvadına tərəf döndü, bir qədər əvvəl verdiyi sualı təkrar etdi:
- Az, bilmədin məni neynirdi bu uçaskovı?
- Hardan bilim ey, xalxın kişisi ilə çənə-boğaz olan döyüldüm ki, başıma xeyir.
- Yaxşı çıx, çayı gətir, az danış – Məmməd hirsini arvadına tökmək istədi.
Ardı var
Məmməd hələ də həyətdə, tək ağacın altında, dəmir stolun arxasında oturmuşdu. Qızı dərslərini hazırlayırdı. Arvadı hamamda çirkli paltarları yuyurdu. “Ayə, bu köpək uşağı məni neynir axı?” fikiri onu rahat buraxmırdı. “Mən kimə nə etmişəm? Kimin toyuğuna daş atıb, kiş demişəm?”
Məmməd qorxurdu, çox pis qorxurdu. Yaxşı bilirdi ki, bunlara etibar yoxdu. Bu “sistem” işçiləri yazığın, məzlumun qənimidirlər. Birdən küllükdən qızıl tapmış kimi sevindi: “Bəlkə nə isə iş gördürəcək? Həyəti-bacanı süpürdəcək. Nə yaxşı olardı”.
Gözünü yumdu. “Prima”nın tüstüsünü ciyərlərinə qədər çəkdi. Nəfəsini dərmədi. Elə bil tüstünün çölə çıxmağından qorxurdu. Ağzını açanda gözlərini də açdı. İçərisinə çəkib “dustaq” etdiyi ucuz “Prima” siqaretinin tüstüsünü “azadlığa” buraxdı: “Kişinin “dustağı” olmaz, bu tüstünü niyə udum” – deyə düşündü. Boz tüstü burula-burula Məmmədin ağzından və burnundan çölə çıxdı. Gözlərinin qarşısından “nazlana-nazlana” havaya qalxdı. Tüstünü yenidən ciyərlərinə çəkirmiş kimi dərindən nəfəs aldı. Siqaret tüstüsünün o tərəfindən Ağamirzənin bom-boz sifətini – oğraşlıq yağan sifətini gördü. Nİfrətlə tüpürdü. “Oğraş! Məni məhv elədi. Biqeyrət…” – dedi. Həmin hadisənin üstündən altı il, səkkiz ay keçmiş o günü bir də xatırladı. “Qorotdel”in uşaqları əvvəlcə onu KPZ-yə saldılar. Bir saatdan sonra çıxarıb müstəntiqə təhvil verdilər. Müstəntiq stolun arxasından durub var-gəl etdi. Gəlib düz Məmmədin qarşısında dayandı:
- Ə, qoduq, camaatın balasını niyə zəhərləyirsən?
- Neynəmişəm ki, nəçənnik? – Məmməd titrək səslə soruşdu.
- Neynəməmisən, ə, qoduq oğlu qoduq.
Məmməd bozardı:
- Söyüş söymə, nəçənnik, ayıbdı.
Müstəntiqin şilləsi Məmmədin qulağının dibində şappıldadı.
- Ə, səni bilirsən neyləyərəm? Cavab qaytarırsan, ə, mənə? Petuxun biri petux.
Məmməd buna dözə bilməzdi, elə dözmədi də:
- Petux sənsən, sənin atandı, nəslində nə qədər sənin kimi nakişi var, hamısıdı.
Müstəntiq vururdu, Məmməd söyürdü. Sonra iki serjant Məmmədi sürüyə-sürüyə “podvala” apardı. Məmməd bu vaxta qədər üç dəfə tutulmuşdu. Amma beləsini görməmişdi. “O biri müstəntiqlər adam balası idilər, buna baxanda. Belə istintaqmı olar?!. Axı mən nə etmişəm? Kimi zəhərləmişəm axı mən? Heç danışığını da bilmir. Söyüş söyür, döyməyi cəhənnəm, axı bir söyüşün üstündə illərlə həbsdə yatanlar var. Bu köpək uşaqları o qədər onun-bunun qabağında küçüklənirlər, simalarını itirirlər, elə bilirlər ki, hamı bunların tayıdır”.
Məmmədin belə fikirləşməyə haqqı var idi. Ömrünün üçdə birini türmədə, islah-əmək koloniyalarında keçirmişdi. Dəfələrlə şahidi olmuşdu ki, dustaqları incidən zabitlər, nəzarətçilər rəislərinin qabağında it küçüyü kimi quyruq bulayır, rəislərin söyüşlərini qəbul edir. Kişilikləri, şəxsiyyətləri çatmır ki, mənliklərini qorusunlar. Elə polisdə də belələrini çox görmüşdü. Rəisin söyüşlərini, təhqirlərini analarının südü kimi qəbul edənlər, sanki acıqlarını yazıq dustaqlardan çıxırdılar.
Bu dəfə Məmmədin qismətinə düşən müstəntiq də deyəsən belələrindən idi. Gecə saat ikidə Məmmədi yenidən müstəntiqin otağına apardılar. İçəridə müstəntiqdən savayı daha iki nəfər vardı.
Məmməd qapıya yaxın divara söykəndi.
- Gəl, ə, bura. Otur görüm.
Müstəntiq qanlı-qanlı Məmmədi aşağıdan yuxarı süzdü. Məmməd stola yaxınlaşdı.
- Dayan!
Məmməd dayandı.
- Dibdəki butulkaları görürsən?
Məmməd müstəntiqin baxışlarının dikildiyi tərəfə baxdı.
- Görürəm, – dedi.
- Razmerini özün seç.
Müstəntiqin baxışlarından dünyanın bütün alçaqlığı yağırdı:
- İstintaqa səmimi olmasan, səni butulkaya oturdacağam.
- Ayıbdı, yoldaş nəçənnik.
Məmmədin sözü ağzında qaldı.
Qapıya yaxın yerə oturanlardan biri təpiklə onun böyrünə zərbə vurdu.
- Bu nə danışıqdı, ə, yaramaz köpək oğlu? Bilmirsən sənin ananı…
Məmməd ardını eşitmədi. Qulaqları uğuldadı. Sifətinə, boynuna tər gəldi. Böyrəyinə dəyən təpiyin ağrısı canından çıxdı. Heç bir ağrı hiss etmədi. Yekəpər, idmançı bədənli, əzələli polisin ağzından çıxan söyüşün ardını belə eşitmədi. Ona elə gəldi ki, sanki bütün bunları gözü ilə gördü. Qoca, dərddən beli bükülmüş, saçları ağarmış anası sanki otaqda idi və hər gün anaları rəisləri tərəfindən azı on dəfə, həbs etdikləri insanlar tərəfindən yüz dəfə söyülənlərin əllərində çapalayır. Bu insanlar növbə ilə yazıq qadına təcavüz edirlər. Gözlərini yumdu. Xeyri olmadı.
- Sənin doğanını, əkənini gözünün qabağında… – bu dəfə Məmməd söydü.
Söyüşü tamamlaya bilmədi. Üçü də döyürdü. Başına, qarnına, kürəyinə dəyən zərbələrin ağırlığını daha hiss etmirdi. Bədəni keyimişdi. Yoruldular. Əl saxlayıb dinclərini aldılar. Sərin su çıxartdılar soyuducudan. Tövşüyə-tövşüyə içib siqaret yandırdılar. Məmməd bütün bunları divarın küncünə sıxılmış halda, büzüşərək, ağzının, üzünün qanını yalaya-yalaya görürdü.
- Nə baxırsan, ə tülkü oğlu, tülkü? Camaatın balasını nöş zəhərləyirsən, ə, qoduq oğlu qoduq?
Müstəntiqin ağzından köpük yağırdı. Məmməd dinmədi. Müstəntiq göstəriş verdi:
- Qaldırın, oturdun bunu.
Hərəsi bir qoluna girdi. Qoltuğunun altından qaldırıb stolda oturtdular.
- Hə, de görüm kanapiləni kimdən almışdın, kimə satacaqdın? Bu işlə nə vaxtdan məşğulsan? Səmimi olsan nəzərə alınacaq. – Müstəntiq irişə-irişə Məmmədə yaxınlaşdı: – Yoxsa sözüm sözdü, butulka məsələsi.
Məmməd heç zaman narkotikadan istifadə etmədiyini, onun alveri ilə məşğul olmadığını desə də, ona inanan kim idi?!
- Yaxşı sən sən ol, mən də mən. Hələ heç bir köpək oğlu mənim əlimdən qurtara bilməyib. Aparın bunu.
İstintaq başa çatana kimi hər gün Məmmədi axşamlar kameradan çıxarıb müstəntiqin yanına apardılar. Döydülər, söydülər, təhqir etdilər. Məmməd insanlardan, insanlıqdan iyrəndi. Gündüzlərin sorğu-sualı, hədə-qorxu, söyüşlə təhdid edilsə də, döymək, zor tətbiq etmək yox idi. Məmməd axşamın düşməsini istəmirdi.
Bir dəfə Ağamirzəni gətirdilər. Məmmədə “bu adamı tanıyırsanmı?” deyə soruşdular. Məmməd “hə” dedi – “Münasibətimiz yaxşıdır. Bir “zon”da cəza çəkmişik. Yaxşı oğlandır”.
“Yaxşı oğlan” olan Ağamirzə də Məmmədi tanıdığını, mütəmadi olaraq ondan “mal” aldığını, bəzən birlikdə “hallandıqlarını” dedi.
Məmmədin ağzında dili qurudu, az qala ürəyi dayanacaqdı. “Nə danışırsan, Ağa, mən sənə nə vaxt “mal” vermişəm”, – demək istədi, amma dili söz tumadı, udquna-udquna qaldı.
- Nə oldu, alə, dümbələy, bə deyirdin heç nədən xəbərin yoxdur? O biri “kliyentlərini” də çağıraq, ya nə var danışacaqsan?
Məmməd nə danışası idi axı, Ağamirzənin yalandan üzünə durmasını, onu narkotik maddələrin istifadəsində və yayımında təqsirli bilənlərin sözünü deməsini başa düşə bilmədi.
- Mənə nöş “padatkoz” baxırsan, alə? Kişi ol, alə, nə vaxtdan bunlara işləyirsən, “ponimoyluq” eləyirsən?
- Mamed, sən nə həyasız adamsan, mənə mal göstərmədin? Demədin adam tap verək? İndi dolaşmısan, boynuva al də, – bunları Ağamirzə deyirdi.
Sonra da gözlərini müstəntiqə dikirdi. Müstəntiq ağır-ağır ayağa qalxıb seyfdən balaca bir bükülü çıxartdı.
- Ala, Ağamirzə, burda iki “çet” mal var, vur halal xoşun olsun. İndi isə sürüş burdan.
- Naçannik, bəs “qaradan” verməyəcəksən?
- Hələ bunu vur, sonra baxarıq.
Məmməd onda başa düşdü ki, Ağamirzəni sındırıblar, 1-2 “çet” heroin verib nahaqdan üzə durğuzurlar. “Kimə etibar edəsən”, deyə fikirləşdi. Bu boyda haqsızlıq olar? Mən ki, başımı aşağı salıb özümün baltalanmış həyatımı yaşayıram. Bəs bu nə işdir, bunlar niyə mənim üzümə durub, şərləyib tutdururlar: “Ağamirzə ki, məni yaxşı tanıyır. Hələ toyumda da iştirak edib. Beş aylıq körpə qızımın əmisi idi, guya o. Yazıq anam demişdi axı, sənin bu dostundan gözüm heç su içmir. Uzaq olmağımı istəyirdi yazıq arvad, ondan. Çörək kəsmişdik, and içmişdik, axıra qədər qardaşıq-demişdik. Bə bu nə qardaşlıqdır, ə, bu elədi. Evimdə yediyi çörək bunu tutmayacaqmı? Görəsən, mən doğulanda kimin qarğaşasına tuş gəlmişəm, məni kimin qarğışı tutub. Kimə pislik etmişəm axı? Bir körpəm var heç olmasa məni ona, o tifilin adına bağışlasınlar. Axı, mən hardan narkotika alverçisi oldum? Səhərdən axşama qədər dəmir-dümürnən eşələnirəm. İndi-indi özümə gəlirəm. Bu oğraş Ağamirzə niyə belə iş tutdu”
Müstəntiqin səsi onu fikirdən ayırdı:
- Dur oxu, mübarək imzanı at. Üzləşmədi.
- Heç nəyə qol çəkməyəcəyəm.
- Özün bilərsən. Şahidlərin ifadəsi qarşısında nə edəcəksən, ay bədbəxt?

***

- Mamed, nə yaman fikrə getdin? Yoxsa nəsə pis bir şey ola bilər, hə?
- Nə olacaq, az? – Məmməd onu fikrindən ayıran arvadına tərəf döndü. – Qız neynəyir?
- İçəridədir, dərslərini hazırlayıb qurtarıb, televizora baxır.
Məmməd qızını fikirləşdi: “Məni pis yollardan, qazamat qapılarından çəkindirsə bu uşaq çəkindirəcək”.

***

Məmməd doğrudan da şahidlərin ifadəsi qarşısında heç nə edə bilmədi.
Düz altı il Ağamirzəni və Ağamirzəni onun üzünə durğuzanları söydü. Bu altı ildə elə bir gün olmadı ki, müstəntiqin oğraşlıq yağan gözlərinə xəyalən tüpürməsin, onun üzünü belə görmədiyi, adını belə bilmədiyi anasının əmcəyini söyməsin. Deməsin ki, ay qancıq, bu nə oğul idi doğub, əmizdirmisən.
Düz altı il o gün olmadı ki, dövlət ittihamçısının təkəbbürlü, soyuq baxışının altında, xəyalən də olsa, qıvrıla-qıvrıla qalmasın və həmin prokurorun nəslinin bütün zərif məxluqlarını müstəntiqin anasına söydüyü söyüşə ortağ etməsin.
Məmməd bu qədər binamusluq, bu qədər qəddarlıq görməmişdi ömrünün bu otuz yeddi ilində. Baxmayaraq ki, bu vaxta qədər üç dəfə dustaq həyatı yaşamışdı. Və bu üç dustaqlıq həyatında dəfələrlə insana, insanlığa yaraşmayan hərəkətlərin şahidi olsa da, heç zaman bu dəfəki kimi olmamışdı. Bu dəfə o, həbsxana küncünə “narkuşa” kimi tolazlanmışdı və dəfələrlə nəzarətçilərin təhqirləri ilə üzləşmişdi. Məmmədin “srokunu” “bedalaqa” kimi başlaması onun faciəsi idi.
Nəzarətçilərin, əməliyyat işçilərinin, “DPNK”-ların dustaqdan pul almalarının müxtəlif yolları var idi. Məmməd o qədər kasıb idi ki, ondan heç cür pul ala bilmirdilər. Yastığının altından “çıxan” parnoqrafik şəkilləri, iti uclu, kəsici tiyəsi olan dəmir parçası, kartı, qadağan olunmuş müxtəlif qəzetləri, şpris, “mal” bişirmək üçün şüşə qab – “puzuryok” və daha nələr cəzaçəkmə müəssisəsinin əməkdaşlarının köməyinə yetib məqsədlərinə çatdırmamışdı.
Məmməd “bedalaqa” idi. O dərəcədə “bedalaqa” idi ki, başqa məhbuslardan tapılan şprits və “puzuryoka” görə 200-300 dollar alırdılarsa, ondan Allahın qara köpüyünü – bir “məmməd”ini belə almaq mümkün deyildi. O, kasıb idi. Kasıb olduğuna görə də hər ay “daxili qaydaları pozur” deyə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən cəzalandırılırdı. Elə ay olmazdı ki, Məmməd “karsa” göndərilməsin. “Kars”da isə qolu zorlu, vicdanları çirkli nəzarətçilər və zabitlər tərəfindən “press” edilib qan tüpürənə qədər döyülməsin.
- Ayə, bunun nə möhkəm canı varmış, itin əmcəyindən süd əmib deyəsən, – deyirdilər.
Məmmədin içi-içalatı salamat qalmamışdı. Onun bədəni əsgər poliqonu idi elə bil, gəlib-gedən təpikləyirdi. Amma sınmırdı Məmməd, söyüşə söyüşlə cavab verirdi. Əl qaldıra bilmirdi. Başa düşürdü ki, aqibəti daha pis ola bilər. Ona “çöl” lazım idi. Çıxıb ailəsinin – tək övladının yanına getmək istəyirdi. Ona elə gəlirdi ki, bədəninə dəyən təpiklər, başına-gözünə çırpılan rezin və taxta zopalar həm də balasının – ciyərparasının üzünə-gözünə çırpılır. Onun yollarına, gələcək taleyinə dəyir və bu təpiklər, zopalar balasının alın yazısını yazır, tale yollarını cızır.
“Mən onların yanına sağlam qayıtmalıyam, mən onlara lazımam, tək qadın körpə uşaqla nə edəcək axı. Bu ölkədə yiyəsi olmayan itə heç selbə də atmırlar. Pulu olmayanın üzünə heç tüpürmürlər də”.
Məmmədə imkanı olduqca “qrev” eləyən dustaqlar da vardı. Onun “it”lərin qarşısında sınmaması, özünü ləyaqətlə aparması, bir qarın yeməyə, bir udum acı siqaret tüstüsünə görə əyilməməsi yaxşı oğlanların diqqətindən yayınmamışdı. Cəzalarını “kalendar” çəkib gedənlər, “üçdə birə” düşüb cəza növlərini dəyişdirənlər, əyinlərinin paltarlarını, ayaqqablarını ona göndərirdilər. Görüşə çıxan dustaqlardan siqaret alıb verənlər də olurdu. Götürürdü, təşəkkür edirdi, amma heç vaxt özü istəməzdi. İmkanlı, “panyatkalı” oğlanlar hərdən ona “məmə yeməyi” də göndərərdi. Onda ağzı dada gələrdi. Müəssisənin yeməkxanasının iylənmiş balandasından “cana doymuş” mədəsi rahat nəfəs alırdı onda.
Məmmədin “görəsən Ağamirzə məni niyə tutdurdu” sorğusunun cavabını onların hər ikisini “köhnədən” tanıyan, birgə qazamat həyatı yaşamış olduqları “Molla” ləqəbli “straqaç” belə izah etmişdi:
- Alə, bə bilmirsən “narkuşaların” sınması iki vur ikidir? Pul yox, lomka da dağıdır içini. Ananın, bacının, arvadın, gəlinin qır-qızılını satıb qurtarıb. “Mal” vurur, ilişəndə də verib canını qurtarır. Belələri, pul ki tükəndi, dönüb olur “qəhbə”, başlayır iş verməyə. Müqabilində bir-iki çimdik “qaradan”-zaddan verirlər, o da ağulanır. Əsasən imkanlı adamların balalarını tora salırlar. Amma bəzən də elə olur ki, kimsə tutulmalıdır. Axı bunların da böyüyü var, sistem işçilərini deyirəm e, bax onların böyüyü deyəndə ki, alə, bə narkomandan-zaddan nöş tutmursuz – yuxarılara dalajit eləməlidir də – bax, onda sənin kimilər yada düşür və gedirsüz fələyin cənginə, özü də çala-çala. Hə, bax, onda Ağamirzə kimi alçaqlar işə cəlb olunur. Onlar da neynəsin, bir yandan lomkaları, o biri yandan da adam tapa bilməsələr, məcburdular öz boyunlarına götürsünlər. Elə ona görə də bu “statya” ki var, sənə veriblər, çıxsan da səni bunnan genə də dala qaytaracaqlar. Nöşün? Ona görə ki, narkomana inam, etibar yoxdur, o ha desin bu yoldan çəkinmişəm, inananın zatına lənət. Narkomanlığın “rasçotu” yoxdu, qədeş, “otpuskası” var. Yəni onlar bir 10-15 gün iynələnməsin, sonra elə “draznit” olacaq, lap anasını da satar, bə nədi? Əlbəttə hamısı yox. Yaxşılarından iraq, söhbət “qəhbə postupkası” edənlərdən gedir.
Sonra da Məmmədə bir qutu siqaret verib:
- Ala, qədeş, çəkinmə, ehtiyacın olsa, bir şeyə “nujdan” olsa deginən, – demişdi.
Məmməd Ağamirzəni sonralar görə bilmədi ki, soruşsun:
- Nöşün belə etdin, sənə nə pisliyim keçmişdi?
Amma bir dəfə “çentralnıdan” (məhbuslar üçün nəzərdə tutulan mərkəzi xəstəxana qısaca belə adlanır) gələnlərdən biri demişdi ki, Ağamirzə qonşu cəzaçəkmə müəssisələrinin birindədir. Və sən demə onun orada bir neçə “dustağı” varmış. “Razborkası” olub, işverənliyi sübut olunub və yaxşı qardaşlar tərəfindən “vurulub”. Qorxusundan bir neçə dəfə özünü “bağlatdırsa” da elə “karsda”ca onu “apartaçenni” edib “şponkanın” altında yer ayırıblar.
Ağamirzə kimisinin axırı elə belə də olmalı idi. Özü bir adam deyil, gör neçə-neçə cavanı bədbəxt edib, həyatlarının puç olmasına səbəbkar olmuşdu.
- Məni məhv elədilər, biqeyrətlər. Belə oğraşlıqmı olardı, bunlar elədilər. Mənim axı narkotika ilə heç vaxt aram olmamışdı. Hələ utanmadılar da, itin belindən gələn müstəntiqlər mənə tiryək də təklif etdilər, götür lomkan olanda atarsan, – dedilər. Amma anamı söyürdülər, təpikləyirdilər məni, oğraşlar.

davamı
XS
SM
MD
LG