Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:47

Balaş Azəroğlu "Behişt-Zəhra"


əzizlərimin Tehrandakı qəbri başında


Ölmədim ey tanrı çox şükür sənə,
Bir ömür ayrılıq dərdini gördüm.
Ata, kəndimizdə tapmadım səni,
“Behişti-Zəhra”da qəbrini gördüm.

Başdaşın yox idi sinədaşına,
Axıtdım gözümdə yaş gilə-gilə.
Nə etmək taleyin hökmü beləymiş,
Burda görüşeydik gələk səninlə.

Demişdin mən sənsiz ölə bilmərəm,
Mən də inanmışdım bu həqiqətə.
Mən ki, deməmişdim gələ bilmərəm,
De, kim inanardı belə qürbətə.

Əcəlmi qəflətən haqladı səni?
Ya verdiyin vədi tez unutmusan,
Vüqarı dünyaya sığmayan atam,
Bu daşın altında necə yatmısan?

O həsrət gözlərin yollarda qaldı,
Bir ömür dünyanın acısın daddın.
Səlim qışlağında dünyaya gəldin,
“Behişti-Zəhra”da torpaqda yatdın.

Bu qürbət şəhərdə, bu qurbət eldə,
De niyə tək qoydun Zəhra ananı.
Ayrılıq əlində qəddi əyilən,
Səninlə bir yerdə o da yananı.

O, fani dünyada sənsiz qalmadı,
Tək dözə bilmədi yəqin fərağa.
Gətirib beş addım səndən kənarda,
Onu tapşırdılar qara torpağa.

Sən getdin, arxanca anam da getdi,
Ümidim qalmadı daha heç kimə.
Mənim də ömrümün qürub çağında,
Yetimliyin tozu qondu üstümə.

Tək qaldım qürbətdə...
Dostlar, tanışlar,
İçimdə qövr edən dərdi bilmədi.
Düşündüm Tehranda dedilər yəqin
Atanın yasına oğul gəlmədi.

Yolumu tikanlı məftillər kəsdi,
Yolumu silahlı adamlar kəsdi.
Məni danlamayın Allah eşqinə,
Özümün bu dərdim özümə bəsdi.

İndi gəlib çıxdım bu da bir dərddir,
Qəbir daşlarına əyilir başım.
Əlimdə olanlar əlimdən getdi,
Daha son təsəllim, axan göz yaşım.

Taleyim beləymiş ata, nə etmək,
Sizi son mənzilə yetirmədim mən.
Dünyanın (illərin) dərdini çiynimə aldım,
Sizin tabutuzu götürmədim mən...

1992
XS
SM
MD
LG